Məhkəmə qərarları › İş №2(103)-776/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-776/2025

06.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-776/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı mülki iş (Açar sözlər: «işəgötürən tərəfindən intizam tənbehinin verilməsi ilə əmək müqaviləsinin ləğv edilməsi əsası ilə digər əsasların fərqi, intizam xətasının sübuta yetirilməməsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının X5 nümayəndələri X6 və Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2024 saylı, 01 oktyabr 2024cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının X5 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Azərbaycan Respublikasının X5 “Azərbaycan Respublikasının X11ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrinin: 1-ci bəndinə və 1.3-cü yarımbəndinə görə Agentliyin aparatının və regional bölmələrinin bütün əməkdaşlarının fərdi və kollektiv qaydada mükafatlandırlması, maddi yardımın verilməsi, intizam tənbeh tədbirinin tətbiqi, yazılı və ya şifahi xəbərdarlığın edilməsi, o cümlədən bununla bağlı əmrlərin imzalanması Azərbaycan Respublikasının X11 sədrinin müstəsna səlahiyyətlərinə aiddir. 2-ci bəndinə və 2.1-ci yarımbəndinə görə bu əmrin 1.1-ci bəndi nəzərə alınmaqla, Agentliyin Aparatının və regional bölmələrinin inzibati və yardımçı vəzifələri üzrə işə qəbul (təyin), başqa işə keçirmə, işdən azad etmə (xitam), əmək münasibətləri şərtlərinin, hüquq və vəzifələrin dəyişdirilməsi, o cümlədən bununla bağlı əmək müqavilələrinin, əmrlərin və digər sənədlərin imzalanması Agentlik sədrinin müavini X4 həvalə edilmişdir.

2. Azərbaycan Respublikasının X11 ilə İddiaçı arasında bağlanmış 1483 nömrəli, xx.xx.2023cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır.

3. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Qida X2 nəzarət sektorunun müdiri Elçin Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, İddiaçı işlədiyi müddət ərizində 2023-cü ilin mart ayında Novruz bayramı ilə əlaqəli Kazımov Kazımdan 50 manat, 2024-cü ilin yeni il bayramında Rövşən 50 manat verib. Bundan əlavə 2023-cü ilin yeni il bayramında Əmin bazar tərəfindən 50 manat verilib. İzahatı özü yazmış, imzası ilə təsdiq etmişdir. Həmçinin, İddiaçı bağışlanmasını, azyaşlı övladının olmasını, cavan olduğunu, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Nə etmişdirsə, ehtiyac ucbatından etdiyini, himayəsində ağır xəstə olduğunu bildirmişdir.

4. Azərbaycan Respublikasının Qida X1 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 2024-cü il 14 may tarixli 9 nömrəli Protokolundan görünür ki, Agentliyə daxil olmuş müraciət əsasında Daxili nəzarət sektoru tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı, Sabirabad rayonunda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər aparılmış, Agentliyin X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamlar olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X13 (VÖEN **********) və Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X21 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı izahatında ona adıçəkilən sahibkarlardan deyil, digər sahibkarlıq subyektlərindən müxtəlif bayram günlərində üç halda, hər dəfə 50 (əlli) manat olmaqla pul verildiyini bildirmişdir. Təqdimatda adıçəkilən əməkdaşın yol verdiyi nöqsan ölkədə Agentliyin regionlarda həyata keçirilən nəzarət tədbirlərinə kölgə salmış, Agentliyin mənafeyinə xələl gətirmişdir.

5. Azərbaycan Respublikasının Qida X1 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 2024-cü il 14 may tarixli 9 nömrəli Protokolundan görünür ki, Agentliyə daxil olmuş müraciət əsasında Daxili nəzarət sektoru tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı, Sabirabad rayonunda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər aparılmış, Agentliyin X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamlar olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X13 (VÖEN **********) və Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X21 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı izahatında ona adıçəkilən sahibkarlardan deyil, digər sahibkarlıq subyektlərindən müxtəlif bayram günlərində üç halda, hər dəfə 50 (əlli) manat olmaqla pul verildiyini bildirmişdir. Təqdimatda adıçəkilən əməkdaşın yol verdiyi nöqsan ölkədə Agentliyin regionlarda həyata keçirilən nəzarət tədbirlərinə kölgə salmış, Agentliyin mənafeyinə xələl gətirmişdir.

6. Azərbaycan Respublikasının X5 3-2K-228 №-li xx.xx.2024-cü il tarixli işdən azadetmə haqqında əmrindən görünür ki, Agentliyə daxil olmuş müraciət əsasında Daxili nəzarət sektoru tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Sabirabad rayonunda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər aparılmış, Agentliyin X10 Qida Təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamların olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X13 (VÖEN **********) və Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X21 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. F. Əliyev izahatında ona adıçəkilən sahibkarlardan deyil, digər sahibkarlıq subyektlərindən müxtəlif bayram günlərində üç halda, hər dəfə 50 (əlli) manat olmaqla pul verildiyini bildirmişdir. Qeyd olunanları və fəaliyyətində qanunvericiliyin tələblərini pozaraq, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində ona edilən maddi təklifi qəbul edərək, habelə bu barədə birbaşa rəhbərinə məlumat verməyərək, Agentliyin qanuni mənafeyinə ciddi xələl gətirdiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X11 haqqında Əsasnamənin 5.5.10-cu yarımbəndini və Agentlik sədrinin “Azərbaycan Respublikasının X11ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 noyabr tarixli U/154 nömrəli əmrinin 2-ci bəndi rəhbər tutularaq Agentliyin X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı 2024-cü il 16 may tarixindən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, Aparatın Maliyyə və təminat şöbəsinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətinin istifadə edilməmiş 20 (iyirmi) təqvim günü üçün pul əvəzinin İddiaçı ödənilməsinin təmin edilməsini və bu əmrdən irəli gələn məsələləri həll etməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 72-ci maddəsinin “e” bəndləri (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək faəliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə) Agentlik sədrinin müavini Əziz Şərifovun 2024-cü il 13 may tarixli D2/28/002734 nömrəli elektron məruzəsi, X9 İttifaqı Komitəsinin Qərarı və İddiaçı izahatı olmuşdur. Əmr Sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən imzalanmışdır.

7. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 3- 2K-228 nömrəli, xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır.

8. Azərbaycan Respublikasının X11 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli “Əmək kitabçasının təhvil alınması barədə” məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsindən təhvil alınması barədə məlumat verilmiş, əmək kitabçasının poçt vasitəsilə göndərilməsi üçün yazılı müraciət edilməsi xahiş edilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli 3-2K-228 nömrəli əmrinin surəti məktuba əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı əmrin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının X11 tərəfindən qəbul olunmuş 15 may 2024-cü il tarixli, 3-2/K-228 nömrəli əmrin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə - Azərbaycan Respublikasının X5 X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə işə bərpa olunması və iddiaçıya 15 may 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqısının hesablanıb cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Tələbdə göstərilib ki, İddiaçı uzun müddətdir Azərbaycan Respublikasının X5 X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışmışdır. 2024cü ilin may ayının əvvəllərində İddiaçı Azərbaycan Respublikasının X5 Bakı şəhərində yerləşən əsas binasına dəvət edilmişdir. Orada Agentliyin əməkdaşları tərəfindən idddiaçının işində nöqsanlar aşkar olunduğu bildirilmişdir. Nöqsanların nədən ibarət olduğu soruşulduqda isə iddiaçıya işlədiyi rayonda guya onun tərəfindən sahibkarlardan pul alması ilə bağlı ittihamlar bildirmişlər. Məsələ ilə bağlı mübahisə yarandıqda isə Agentliyin əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalmışdır və iddiaçıya məcburən işdən azad olunması ilə bağlı ərizə yazdırmışlar. Daha sonra 15 may 2024-cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər. İddiaçının işdən azad olunmağı ilə bağlı əmrin əsaslandırılması qanunsuzdur və qərəzli xarakter daşıyır. Belə ki, əmrə əsasən guya iddiaçı xidməti vəzifəsinin icrası ilə əlaqədar Agentliyin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Halbuki, həmin əmrdə qeyd edilən hallar həqiqətə uyğun deyil, fəaliyyəti dövründə öz peşəsinə vicdan və məsuliyyətlə yanaşmışdır. Əmrdə qeyd olunduğu kimi Agentliyin qanuni mənafeyinə heç bir xələl gəlməmişdir. Bu tip əmrin verilməsi və iddiaçının işdən azad olunması ona qarşı rəhbərliyin qərəzli mövqeyi olmuşdur. İş üzrə cavabdehin qəbul etdiyi əmr ƏM-nin 72-ci maddəsinin e bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) istinad edilərək qəbul edilmişdir. Hazırki halda kobud səhvlərin və hüquq pozuntuların nədən ibarət olması öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Qida X2 yoxlaması əsasında sahibkarlardan alınan izahat bu tip əmrin qəbul edilməsi üçün yetərli ola bilməz, bununla bağlı qanuni qüvvəyə minmiş qərar olmalıdır. İddiaçının özü tərəfindən yazılan izahat da hədə-qorxu altında yazılmışdır. Bundan başqa izahatı alınan sahibkar Musa Soltanov ümumiyyətlə qida sektrounda çalışmır, taksi fəaliyyəti ilə məşğul olur.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilərək Azərbaycan Respublikasının X5 xx.xx.2024-cü il tarixli, 3-2k228 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Azərbaycan Respublikasının X5 X10 “qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Azərbaycan Respublikasının X11ndən tutularaq İddiaçı ödənilməsi; mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının X11ndən alınaraq İddiaçı verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materialları araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının X11 işçi və işəgötürən olmaqla əmək münasibətlərinin tərəfi olmuşlar. 1483 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək Müqaviləsi ilə İddiaçı X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikasının X11 tərəfindən aparılmış araşdırmalar nəticəsində İddiaçı ictimai iaşə obyektlərinin rəhbərləri X7 və X15 dövri olaraq pul aldığı məlum olduğuna görə iddiaçı Agentliyə dəvət olunmuş və izahat alınmışdır. İddiaçı yazılı izahatında ona Kazımov Kazım, Rövşən və Əmin bazar tərəfindən 50 manat (hər birindən) verildiyini bildirmiş, məhkəmə iclasında isə həmin izahatı məcburi olaraq ona yazdırdıqlarını, könüllü iradə ifadəsi olmadığını iddia etmiş, həmçinin, Kazımov Kazım adlı şəxsin ümumiyyətlə mövcud olmadığını, izahatda bilərəkdən elə yazdığını qeyd etmişdir. İddiaçı izahatında ona pul vəsaitinin verildiyini qeyd etsə də, həmin pul vəsaitinin hansı məqsədlərlə verilməsi, qarşılığında iddiaçının öz vəzifə səlahiyyətlərindən istifadə edərək pul verən şəxslərə nə vəd etməsi barədə qeyd edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl məsələ araşdırılmamış, iddiaçının pul vəsaitini alması qarşılığında hansı hərəkət və ya hərəkətsizlikləri etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda Vüqar Ələkbərov və Musa Sultanov tərəfindən Agentliyə edilmiş müraciəti təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Şahid qismində cəlb edilən Vüqar Ələkbərov sahibkar olduğunu, iddiaçının onu iki dəfə cərimə etdiyini, cərimənin birini ödədiyini və iddiaçıya heç vaxt pul vermədiyini bildirmişdir. Şahid qismində cəlb edilən Musa Sultanov da sahibkar olduğunu, işlərə uzaqdan nəzarət etdiyini, iddaçının ondan heç vaxt pul tələb etmədiyini, nə vaxtsa cərimə olunduğunu, lakin nə vaxt və hansı məbləğdə cərimə edildiyini xatırlamadığını bildirmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, müvafiq əmr Azərbaycan Respublikasının X5 sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının X11ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əmrlərin imzalanması Agentliyin sədrinin müstəsna səlahiyyətinə aiddir. Sədr müavininin isə işdən azad etmə (xitam) ilə bağlı əmrləri imzalamaq səlahiyyəti vardır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi intizam tənbehi növlərindən biridir (Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi). Yəni, Agentliyin sədri işçilərə intizam tənbeh tədbirinin tətbiq edilməsi kimi məsuliyyətli bir vəzifəni öz müstəsna səlahiyyətində saxlamışdır. Eyni zamanda, əgər Agentliyin sədri intizam tənbeh tədbirinin tətbiq edilməsi səlahiyyətini öz müavininə həvalə etsəydi, həmin səlahiyyəti hansı səbəbə görə həmin şəxsə həvalə etdiyini əsaslandırmalı idi (Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsi). Halbuki, cavabdehin nümayəndələrindən dəfələrlə sədr müavininin intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinin olub-olmaması barədə sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilsə də, başqa əmrin olmadığı bildirilmiş, yalnız xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmr məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Qida X1 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclas protokolunda (əmrin verilməsinə əsas olan sənədlərdən biri) iddiaçının yol verdiyi nöqsanın Agentliyin regionlarda həyata keçirilən nəzarət tədbirlərinə kölgə salmış olduğu və Agentliyin mənafeyinə xələl gətirildiyi qeyd edilmişdir. X14 Komitəsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə razılıq verərkən iddiaçının hərəkət və ya hərəkətsizliklərini, onun nəticələrini ətraflı araşdırmamış, müəssisənin mənafeyinə hansı formada xələl gəlməsini aydınlaşdırmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr səlahiyyətli şəxs tərəfindən imzalanmamış, əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçinin (iddiaçının) hərəkət və ya hərəkətsizlikləri ətraflı araşdırılmamış (pul verilibsə belə, işəgötürən o pulun hansı məqsəd ilə verildiyini aydınlaşdırmalı idi), müəssisənin mənafeyinə hansı formada ziyan dəyməsi müəyyən edilməmişdir. Yəni Azərbaycan Respublikasının X5 3-2K-228 №-li xx.xx.2024-cü il tarixli işdən azadetmə haqqında əmri qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Buna görə də, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının X5 xx.xx.2024-cü il tarixli, 3-2k-228 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının X5 X10 “qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının X11ndən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə qətnamə qəbul edərkən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməlidir. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərkən məhkəmə iddia ərizəsində belə bir tələbin olub-olmamasından asılı deyildir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Azərbaycan Respublikasının X11 apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddiaçının izahatında qeyd etdiyi şəxslərdən olan Əmin bazar hazıda Biləsuvar rayonunda mövcud olan bir yerin adıdır. Bundan başqa, Kazımov Kazım adlı şəxsin hazırda VÖEN məlumatına əsasən, onun Biləsuvar rayonunda olmaması belə bir şəxsin həmin vaxtda həmin rayonda fəaliyyət göstərmədiyini ehtiva etmir. Əvvəla, məhkəmənin bu yanaşması qanuni və hüquqi əsaslara söykənməyən səthi mülahizələri ehtiva edir. Belə ki, Agentlik tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcud olan, İddiaçı məxsus xx.xx.2024-cü il tarixli izahatda qeyd edilir: "işlədiyim müddət ərzində 2023-cü mart ayında Novruz bayramı ilə əlaqəli Kazımov Kazımdan 50 manat, 2024-cü il yeni bayramında Rövşən 50 manat verib. Bundan əlavə 2023-cü ilin yeni il bayramında Əmin bazar tərəfindən 50 manat verilib. Xahiş edirəm məni bağışlayasınız, azyaşlı övladımı, cavan olduğumu, ailə vəziyyətimi nəzərə alasınız. Biləsiniz ki, nə etmişəmsə, ehtiyyac ucbatından etmişəm. Himayəmdə ağırxəstə olub". Bu ifadənin özü İddiaçı hansı məbləğlərdə pul vəsaitini mənimsədiyini və həmin pul vəsaitlərini hansı məqsədlər üçün aldığını etiraf edir. İddiaçı izahatla bağlı məhkəmədə izahatın özü tərəfindən yazıldığını da etiraf etmişdir. Məhkəmədə şübhəyə yer qalmayacaq şəkildə pul vəsaitlərinin İddiaçı tərəfindən mənimsənildiyi və səmimi peşmançılığı qeyd edilməsinə baxmayaraq, məhkəmə buna hüquqi qiymət vermədən və ya hansısa başqa səbəblərdən sözügedən halları əsaslandırıcı hissəsdə qeyd etməmiş və sırf iddiaçının öz ifadəsində qeyd etdiklərindən fərqli şəkildə "izahatın məcburi şəkildə yazılmasını və iddiaçının könüllü iradə ifadəsinin olmadığını" müəyyən etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının X5 nümayəndələri X12 və Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdilər.

15. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 2 (3-cü bəndi). Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 9 (“q” bəndi). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Maddə 11.1 (“b” bəndi). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 12.1 (“b” bəndi). Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83.1(xx.xx.2024-cü ilədək qüvvədə olan redaksiya). 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83. 2(xx.xx.2024-cü ilədək qüvvədə olan redaksiya). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Maddə 188.2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Maddə 188.3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

25. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

26. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin(bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarla əlaqədar, yəni 72-ci maddənin e) bəndi ilə - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız iddiaçı tərəfindən xx.xx.2024-cü ildə yazılan izahat mövcuddur. Bu izahatın hansı vəziyyətdə yaxud şəraitdə yazılması iddiada göstərilmişdir. Məhz bu izahata əsasən iddiaçıya ən ağır intizam tənbehi verilməsi üçün ən azından onda göstərilənlərin həqiqiliyi yoxlanılmalı və təsdiq edilməli idi. Ancaq cavabdeh tərəfindən nəinki həmin halların həqiqiliyinin yoxlanılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilmiş, üstəlik izahatda adı qeyd olunan şəxslərin varlığı yaxud şəxsiyyəti belə müəyyən edilməmişdir. Düzdü apellyasiya şikayətində iddiaçının izahatında qeyd etdiyi şəxslərdən “Əmin bazar”ın Biləsuvar rayonunda bir yeri adı olduğu, eləcə də İmişli rayonunda X18 adlı qida subyekti kimi fəaliyyət göstərən və X22 adında dənli bitkilərin becərilməsi ilə məşğul olan sahibkarların mövcud olduğu qeyd edilmiş, Rövşən adlı şəxs barədə isə heç bir məlumat göstərilməmişdir. Ancaq bu şəxslərin iddiaçının əmək funksiyasını yerinə yetirməsi ilə əlaqədar hansı münasibətlərdə olmasına yaxud bu cür münasibətlərdən kənar digər hansısa formada əlaqəli olduğuna dair şikayətdə bir söz belə göstərilməmişdir. Demək ki, iddiaçının izahatını məcburi şəkildə yazdığı və könüllü iradə ifadəsi olmadığı barədə dəlilləri də açıq-aşkar təsdiq edilmiş olur. Bu cür vəziyyətdə cavabdehin iddiaya etirazı ümumiyyətlə başadüşülən olmamışdır. Çünki bu halları, yəni etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür, ancaq cavabdeh tərəf bu halları sübut edə bilmir.

27. Apellyasiya şikayətinin dəlillərində Agentliyin Daxili nəzarət sektorunun araşdırması zamanı iddiaçının şifahi şəkildə ona pul verən sahibkarların adını deyil, digər 3 sahibkarın adını(Kazımov Kazım, Rövşən və Əmin bazar) qeyd etdiyi göstərilmişdir. Göründüyü kimi, bu dəlillərlə cavabdeh tərəf də qəbul edir ki, iddiaçının izahatında adlarının qeyd etdiyi şəxslər mövcud olsa belə onlarla münasibətdə əmək fəaliyyəti zamanı hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. Əks halda şikayətdə araşdırmaları zamanı iddiaçının başqa sahibkarlardan, o cümlədən Vüqar Ələkbərovdan rüblük olaraq pul aldığı göstərilməzdi. Baxmayaraq ki, iddiaçıya ən ağır intizam tənbehinin verilməsinə dair əmrdə əsas kimi onun izahatında göstərdiyi məlum olmayan şəxslərdən 3 halda qanunsuz pul alması ilə yanaşı, Sabirabad şəhərində yerləşən digər 2 sahibkar- X16 və X17 dövrü olaraq pul aldığı da göstərilmişdir, ancaq sonuncu 2 sahibkardan pul alması barədə iddiaçının heç bir izahatı olmamış yaxud cavabdeh tərəf belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin şəxsləri də şahid qismində dindirmiş və onlar iddiaçıya heç vaxt pul vermədiklərini, əksinə iddiaçı tərəfindən cərimə olunduqlarını, iddiaçının onlardan pul tələb etmədiklərini göstərmişlər. Cavabdeh tərəf isə şahidlərin məhkəmədə verdikləri ifadələri ilə əməkdaşları tərəfindən araşdırma zamanı şifahi sorğularına verdiyi cavabların fərqli olduğunu, yəni şahidin məhkəmədə həqiqəti söyləmədiyini, iddiaçının özünün izahatında sahibkardan 300 manat aldığını və cərimə ödənişini həyata keçirdiyini etiraf etməsini şikayətdə göstərir. Əvvəla, iddiaçının sahibkardan 300 manat alıb cərimə ödənişi həyata keçirməsinə dair cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Düzdü apellyasiya şikayətinə iddiaçının adından belə bir izahat yazıldığına dair sənəd əlavə edilmişdir(bax.i.v.140-142). Lakin iddiaçının həmin izahatı imzalamaqdan imtina etməsi və tarix qoymaması da iradəsinə uyğun yazılmadığına və məcburi(diktə ilə) yazılmasına cəhd olduğuna dəlalət edir. Əks halda həmin izahatın məzmumunda iddiaçının əmək fəaliyyəti zamanı hüquq pozuntusuna yol verməsinə dair etirafı olmamasına baxmayaraq onu imzalaya da bilərdi. Bununla yanaşı, şahidlərin məhkəmə iclasında bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə iltizama qol çəkdikdən sonra verdiyi ifadəsinin, cavabdeh qurumun əməkdaşlarının apardığı araşdırması zamanı şifahi sorğusuna verdiyi “cavabdan” məhkəmənin daha mötəbər qiymətləndirməməsini necə təsəvvür etmək yaxud qəbul etmək olar. Əlbətdə ki, bu yanaşma ritorik sual kimi səslənsə də cavabdeh tərəf şikayətində bu cur dəlillərdən istifadə edərkən buna qarşı yaranacaq əks arqumentlərə də cavab verməyə hazır olmalı və ya belə bir cavabları var idisə bunu elə şikayətində də göstərə bilərdi, lakin göstərməyib, demək ki, bu cür arqumentlərin olması da mümkün deyildir. Ona görə də şahid Vüqar Ələkbərovun iddiaçını tanıması və ona cəriməni ödəməyi xahiş edəcək qədər yaxşı etibar etməsi barədə dəlillər də qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir.

28. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı qeyd olunur ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur. Bu əsalardan biri də tərəflərin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları isə həmin Məcəllənin 70-ci maddəsində göstərilib. Bu maddədə 6 əsas nəzərdə tutulub. Bunlardan biri “ç” bəndidir, hansı ki, Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində həm də ən ağır intizam məsuliyyəti və intizam tənbehi növü kimi nəzərdə tutulub. Deməli, əmək müqaviləsinin ləğv edilməsi, o cümlədən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından 70-ci maddəsinin “ç” bəndi həm də intizam tənbehi növü olduğuna görə əmək qanunvericiliyi bunu fərqləndirmişdir. Başqa sözlə, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi yalnız intizam xətası törədildiyinə görə, üstəlik ən ağır intizam tənbehi tətbiq edilməklə baş verir. Azərbaycan Respublikasının X11 də “Azərbaycan Respublikasının X11ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrində (1-ci bənd və 1.3-cü yarımbənd) Agentliyin aparatının və regional bölmələrinin bütün əməkdaşlarının fərdi və kollektiv qaydada mükafatlandırlması, maddi yardımın verilməsi, intizam tənbeh tədbirinin tətbiqi, yazılı və ya şifahi xəbərdarlığın edilməsi, o cümlədən bununla bağlı əmrlərin imzalanmasını Azərbaycan Respublikasının X11 sədrinin müstəsna səlahiyyətlərinə aid etmişdir. Bu səlahiyyəti cavabdeh qurum özü müəyyən etmişdir. Düzdü qeyd olunan əmrdə (2-ci bənd və 2.1-ci yarımbənd) bu əmrin 1.1-ci bəndi nəzərə alınmaqla, Agentliyin Aparatının və regional bölmələrinin inzibati və yardımçı vəzifələri üzrə işə qəbul (təyin), başqa işə keçirmə, işdən azad etmə (xitam), əmək münasibətləri şərtlərinin, hüquq və vəzifələrin dəyişdirilməsi, o cümlədən bununla bağlı əmək müqavilələrinin, əmrlərin və digər sənədlərin imzalanması Agentlik sədrinin müavini X4 həvalə edildiyi göstərilib. Ancaq yuxarıda qeyd olunduğu kimi Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsinin, o cümlədən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin (işdən azad etmə (xitam), 70-ci maddədə 6 müxtəlif əsası nəzərdə tutulub. Agentlik intizam tənbehinin tətbiqi nəticəsində 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsini müstəsna olaraq sədrin səlahiyyətinə aid etmişdir. Bu cür əmək müqaviləsinin ləğv edilməsi isə digər əsaslarla olan ləğv etmədən fərqlənir. Bu cür olmasa idi Agentlik əmrin 2.1-ci yarımbəndində qeyd olunan vəzifədə işləyən şəxslərin, o cümlədən iddiaçının da intizam tənbehinin tətbiqi nəticəsində əmək müqaviləsinin ləğv edilməsi səlahiyyətini sədrin müavininə həvalə edilməsini xüsusi olaraq qeyd edərdi. Ancaq etməyib, demək ki, bu cür səlahiyyət sədr müavininə verilməyib yaxud verilməsi məqsədə müvafiq olmayıb. Ona görə də apellyasiya şikayətinin dəlillərində sədr müavinin iddiaçının işdən azad etmə (xitam), kimi səlahiyyətlərinin olduğunun israr edilməsi əsaslı sayıla bilməz. Çünki cavabdeh tərəf bu cür dəlillərlə əmrin həmin müddəalarının yanlış təfsir etməyə cəhd etməsi uğursuz görünür. Burada iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən kimi sədr müavininin qeyd olunması da heç nəyi dəyişmir. Çünki Agentlik qeyd olunan əmrdə sədr müavininə belə bir səlahiyyət vermişdir. Bu hal həm də mübahisə predmeti olmadığından müqayisə üçün də, (yəni sədr müavini iddiaçını işə götürübsə işdən də azad edə bilər prinsipi) uğursuz hesab edilir. Ona görə də birinci instansiya məhkəməsinin bu hissə üzrə, o cümlədən Əmək Məcəlləsinin 188-ci maddəsi üzrə apardığı hüquqi dəyərləndirmə də düzgün olmuşdur.

29. Göstərilənlərdən əlavə, cavabdeh qurumun X19 tərəfindən iddiaçının barəsində Sabirabad rayon prokurorluğuna apellyasiya şikayətində göstərilən dəlillərlə əlaqədar, yəni, Sabirabad rayonunda fəaliyyət göstərən bəzi sahibkarlardan Regional bölmə tərəfindən həyata keçirilən yoxlamalar və monitorinqlərdən azad olunmaları, həmçinin xidmət üzrə himayədarlıq göstərməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə müraciət əsasında araşdırma aparılmış və nəticəsi olaraq 18 oktyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşə əlavə edilmiş həmin qərarın məzmunundan aydın olur ki, bu müraciət əsasında iddiaçının barəsində cinayət təqibi qaydasında da araşdırma aparılmış, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə göstərilən və digər sahibkarların izahatı alınmış, onların hər biri iddiaçıya pul vermədiyini və pul verilməsində vasitəçilik etmədiyini, iddiaçının onlardan pul istəmədiyini və tələb etmədiyini göstərmiş, həmçinin iddiaçı izahatında göstərdiyi sahibkarların xəyali şəxslər olduğunu bəyan etməsinə baxmayaraq, araşdırma zamanı onların şəxsiyyəti də müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının barəsində əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə göstərilənlər cinayət təqibi zamanı aparılan araşdırma zamanı təsdiq edilməmiş və əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bu faktın özü də birinci instansiya məhkəməsinin hazırkı mülki iş üzrə düzgün nəticəyə gəldiyini bir daha təsdiq etmiş oldu.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar