Məhkəmə qərarları › İş №2(103)-7760/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7760/2021

13.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7760/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Rauf Nəsirovun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, Cavabdeh ASC-nin direktoru tərəfindən verilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə ilə xitam verilməsi barədə 30.03.2021-ci il tarixli, 06/267 nömrəli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - sahə rəisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikaytinin əsassız olduğu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının cavabdeh təşkilatda tutduğu vəzifə belə göstərilib: İEM-X X1 Sahəsi, 4-cü sahədə i/m və i/ş üzrə rəis. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmr onunla əsaslandırılıb ki, iddiaçı istehlakçıların haqlı narazılığına səbəb olaraq əmək funksiyalarını kobud şəkildə pozub. Pozuntu kimi 2 hal göstərilib: 1) iddiaçı xidməti ərazidə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün əməli tədbir görməyərək su itkisinə yol verib; 2) iddiaçı su itkisinin qarşısının alınması məqsədilə aidiyyəti üzrə məlumat verməyib. Lakin birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçının əmək funksiyalarını kobud şəkildə pozması sübut olunmur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Ona görə də əmək müqaviləsinin ləğv edilməsi 70-ci maddəsnin “ç” bəndinin göstərişinə uyğun sayılmır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsindən görünür ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət və əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi intizam tənbehinin ayrı-ayrı növləridir. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bu qayda Əmək Məcəlləsinin 189-cu maddəsində müəyyən olunub. Lakin iddiaçıya eyni əmələ görə əvvəlcə (18.03.2021-ci il tarixli əmrlə) sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, bundan 12 gün sonra isə (30.03.2012-ci il tarixli əmrlə) əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilib. Hər iki əmrin əsaslandırmasını və əmrlərin verilməsi üçün istinad olunan sənədləri müqayisə etdikdə müəyyən olunur ki, onların hər ikisi eyni əmələ görə verilib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsi dəyişirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar