Məhkəmə qərarları › İş №2(103)-7765/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7765/2021

28.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7765/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdehə qarşı “yaşayış evinə müdaxilənin, müvəqqəti tikilinin qanunsuz hesab edilməsi, kommunal xətlərin bərpa edilməsi, qanunsuz tikilinin sökülməsi və s” tələbinə dair iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3166/2021, 02 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı X1 Cavabdehə qarşı “yaşayış evinə müdaxilənin, müvəqqəti tikilinin qanunsuz hesab edilməsi, kommunal xətlərin bərpa edilməsi, qanunsuz tikilinin sökülməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0,0530 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 183,30 kv.m-lik fərdi yaşayış evində söküntü işlərinin aparılmasının, söküntü və ya digər məqsədlə mülkiyyət hüququ ilə iddiaçıya məxsus 0,0530 ha torpaq sahəsinə daxil olmalarının, Cavabdeh MMC-yə, onun aidiyyəti şəxslərinə, eləcə də digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işdə olan foto və video materiallardan da görünür ki, iddiaçının (İddiaçı) xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,0530 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 183,30 kv.m-lik fərdi yaşayış evi hasara alınmışdır. Hazırda da həmin ərazidə söküntü işləri gedir. Cavabdehin məqsədi iddiaçıya məxsus əmlakı ucurdaraq sökmək, yerində qanunsuz olaraq hündürmərtəbəli yaşayış binasının tikintisinə nail olmaqdır. Orda gedən söküntü işlərin sürətini və söküntünün artıq iddiaçının evinin divarınadək gəldiyini nəzərə alsaq cavabdeh niyyəti və məqsədi ən qısa zamanda iddiaçının əmlakını uçurtmaq (sökmək) və ərazini ələ keçirməkdir. Həmin ərazidə iş aparan şəxlər iddiaçıya aşkar şəkildə iddiaçıya məxsus ərazini sökəcəklərini aşkar şəkildə bəyan etmişlər. Xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsinin və evinin hasara alınması bir daha deməyə əsas verir ki, cavabdeh bu qanunsuzluğu hər an törədə bilər.Ona görə də iddiaçı hesab edir ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsi üzrə bir sıra təmini tədbirlərinin görülməsi məqsədilə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0530 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 183,30 kv.m-lik fərdi yaşayış evinə münasibətdə müəyyən hərəkətlərin təxirə salınmadan cavabdehə qadağan edilməsi ilə bağlı müvafiq tədbirlər görülməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3166/2021, 02 iyun 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində söküntü işlərinin aparılması, söküntü və ya digər məqsədlə mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsinə daxil olmaları və tikinti işləri aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan olunması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini və iddia təmin tədbiri barədə ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə birtərəfli qaydada ərizəni təmin etməklə cavabdehin qanuni mənafeyini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, İddiaçı tərəfindən iddianın təmin edilməsi tədbirini əsaslandıracaq kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddia tələbinin xahiş etdi hissəsi ilə iddianın təmin tədbiri barədə ərizənin xahiş etdi hissəsində qeyd edilənlər oxşar və yaxın məzmunludur və məhkəmə hazırki ərizəni təmin etməklə öncədən əsas iddia tələbinə qiymət vermişdir. Bu isə qanunverciliyin tələbləri ilə zidiyyət təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3166/2021, 14 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158-ci maddəsinə görə, iddianın təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və ya başqa şəxslərə qadağan edə bilər (maddələr: 158.1.1, 158.1.2, 158.1.3). İddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olmasını və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı Cavabdehə qarşı “yaşayış evinə müdaxilənin, müvəqqəti tikilinin qanunsuz hesab edilməsi, kommunal xətlərin bərpa edilməsi, qanunsuz tikilinin sökülməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin ünvan 1 ünvanında yerləşən 0,0530 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 183,30 kv.m-lik fərdi yaşayış evində söküntü işlərinin aparılmasının, söküntü və ya digər məqsədlə mülkiyyət hüququ ilə iddiaçıya məxsus 0,0530 ha torpaq sahəsinə daxil olmalarının, Cavabdeh MMC-yə, onun aidiyyəti şəxslərinə, eləcə də digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalı, onun nəticəsində tətbiq edilən tədbirlər tərəfin mülkiyyət (əmlak) hüququnun qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu mənada birinci instansiya məhkəməsi işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində söküntü işlərinin aparılması, söküntü və ya digər məqsədlə mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsinə daxil olmalarının Cavabdeh MMC-yə və digər şəxslərə qadağan olunması barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi qanunun tələbinə uyğundur və məhz iddianı təmin etmə institutunun məqsədlərinə xidmət edir. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaya mahiyyəti üzrə baxılana qədər qeyd olunan fərdi yaşayış evində söküntü işlərinin aparılması, söküntü və ya digər məqsədlə mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsinə daxil olmaq iddiaların gələcəkdə təmin edilməsi halında qəbul olunacaq məhkəmə aktının icrasının mümkünsüzlüyünə yol aça, habelə tərəflər, həmçinin digər şəxslər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər; belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Göründüyü kimi şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tikinti işləri aparılmasının da Cavabdeh MMC-yə və digər şəxslərə qadağan olunması qənaətinə gəlmişdir, lakin iddiaçı tərəfindən verilmiş iddia təmin tədbiri barədə ərizədə belə bir xahiş olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş şikayət qərardadın ləğvinə yönəldiyindən şikayət qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qərardadı - işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tikinti işləri aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan olunması hissəsində ləğv edilməli, qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3166/2021, 02 iyun 2021-ci il tarixli qərardadı - işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tikinti işlərinin aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan olunması hissəsində ləğv edilsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar