Məhkəmə qərarları › İş №2(103)-7765/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7765/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7765/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ("xxxx" MMC-ni üçüncü şəxs qismində cəlb etməklə) “kredit müqaviləsi üzrə Kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP№-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, m 102 (yeni qaydalarla: ünvan 1 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Maraqlı şəxs MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********83021 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 205425.78 (iki yüz beş min dörd yüz iyirmi beş manat 78 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 18.181,43 (on səkkiz min bir yüz səksən bir manat 43 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 6.399,47 (altı min üç yüz doxsan doqquz manat 47 qəpik) manat məbləğində penya, cəmi 230.006,68 (iki yüz otuz min altı manat 68 qəpik) manat və xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat ASC «Xalq» Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 520,01 (beş yüz iyirmi manat 01 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc Cavabdeh iddiaçının xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellayasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adıçəkilən iş üzrə iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia məhkəmə aidiyyətinin pozulması ilə verilmişdir. Belə ki, qeyd edilən mülki iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Mübahisənin kökündə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün götürülmüş kredit məbləği dayanır. Yəni həm iddiaçı həm də borcalan hüquqi şəxslərdir. Belə olan halda qeyd edilən iddia tələbinə Mülki Prosessual Məcəllənin 26-cımaddəsinin tələbləri baxımından Kommersiya Məhkəmələrində baxılmalıdır. Odur ki, qeyd edilən mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada və məzmunda tərtib edilmədiyindən, qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, şikayətə apellyasiya icraatı qaydasında baxılması qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2 və 24.3-cü maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 32.1, 32.4 və 32.5-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (269.3). Bu Məcəllənin 403-1.1 və 403-1.2-ci maddələrinə görə işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. İşin faktiki halları belədir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizənin rədd edilməsi qərardadından verilmiş şikayəti birbaşa kassasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Halbuki birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qəbul olunmuş 9 iyul 2019-cu il tarixli, 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə dəyişiklik edilmişdir. Məcəlləyə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin işi Bakı Apellyasiya Məhkəməsinə göndərməklə mülki prosessual qanunvericiliyin müvafiq qaydalarına riayət etmədiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə apellyasiya baxışı üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş, şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verildiyi təqdirdə, kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 269.3, 360, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.1- 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verildiyi təqdirdə, kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar