Məhkəmə qərarları › İş №2(103)-777/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-777/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-777/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin icrası, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-3019/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.metrdən ibarət olan, 1 otaqlı, 308 saylı mənzilini Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017- ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verməyi, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbədə, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.metr təşkil edən 1 otaqdan ibarət mənzili təmirli qaydada iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür.

2. Müqavilədə cavabdeh tərəfindən iddiaçıya müvvəqəti yaşayacağı yer üzrə aylıq 250 manat kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul etmişlər.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan xx.xx.2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsinə və İddiaçı məruz qaldığı 13.000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (“Payçı”) ilə Cavabdeh MTK (“Kooperativ”) arasında xx.xx.2017-ci il tarixli, 22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Vətəndaş” (gələcəkdə “Payçı” adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.m ibarət olan,1 otaqlı, 308 saylı mənzilini Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı əsasında ünvan 3 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbədə, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m təşkil edən 1 otaqdan ibarət mənzili təmirli qaydada “Vətəndaş”ın mülkiyyətinə verilməyi öz öhdəsinə götürür və “Vətəndaş”a müvvəqəti yaşayacağı yer üzrə aylıq 250 manat kirayə haqqının ödənilməsini təmin edir. Müqavilə üzrə İddiaçı ümumi sahəsi 41 kv.m ibarət 1 otaqlı mənzil təhvil verilməli olduğu halda, mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdeh iddiaçıya layihədən kənar (təsdiq edilmiş layihədə ümumiyyətlə belə mənzil yoxdur), əlavə ödənişlər edilmək şərti ilə mənzil təklif etməklə müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur. Cavabdehdən nağd şəkildə alınmış kirayə haqqı məbləği 2020-ci ilin noyabr ayına qədər olan dövrü əhatə edir. Lakin cavadbeh 2020-ci ildən etibarən kirayə haqqı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, İddiaçı hər ay kirayə puluna görə 250 manat davam edir.

6. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, İddiaçı ilə cavabdeh "Mahal” MTK arasında olan xx.xx.2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsinə və İddiaçı məruz qaldığı 13.000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan xx.xx.2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi, ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi mümkün olmadığı təqdirdə başqa 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi və İddiaçı məruz qaldığı 13.000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisəli ünvanda yerində müayinə həyata keçirilmişdir. Yerində müayinə zamanı şahid X2 qeyd olunan müqaviləyə əsasən “B” bloku üzrə 1 otaqlı mənzillərin tikintisinin nəzərdə tutulmadığını, “B” blokunun 4-cü mərtəbəsində 2 və 3 otaqlı olmaqla, cəmi 3 mənzilin olduğunu bildirmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3019/2024 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-nın üzərinə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22 saylı müqavilə üzrə ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması, Cavabdeh MTK-dan maddi ziyanın əvəzi olaraq 10.750 manat və ödənilmiş 130 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməli, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilməlidir.

11. Məhkəmə iddia tələbinin “ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi mümkün olmadığı təqdirdə başqa 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia qeyrimüəyyən olduğundan təmin edilməməlidir

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öhdəliyi vaxtında icra etməməklə mənzili təhvil vermədiyi üçün iddiaçı kirayə haqqı ödəmək məcburiyyətində qalmışdır. Müqavilədən görünür ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddət kimi 36 ay müəyyən etsələr də, 36 ayın tamamında mənzil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili kirayə üzrə ödənişlərin 2020-ci ilin əvvəlindən başlayaraq ödənilmədiyini bildirmiş, bunun sübutunu təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilə müddəti qurtardıqdan sonra mənzilin təhvil verilməməsi halı onun kirayə üzrə ödənişləri dayandırması anı kimi də qəbul edilməli, bunun əksini isə cavabdeh müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməməklə təkzib etməmişdir. Belə olan halda 2020-ci il noyabr ayından 2024-cü ilin may ayınadək (43 ay) hər ay 250 manat hesablanmaqla (10.750 manat) Cavabdeh MTK-dan İddiaçı xeyrinə maddi ziyanın əvəzi tutulmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllləsinin 14.1, 21.1 21.2, 385.1, 385.2, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını kifayət qədər araşdırmamışdır. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında layihə üzrə sahəsi 41 kv.metrdən ibarət mənzil ümumiyyətlə mövcud deyil. Bununla bağlı, İddiaçı hələ 2021-ci ildə MTK-nın ofisinə dəvət olunmuş və ona bildirilmişdir ki, yaşayış binasında müqavilədə qeyd olunan qaydada 41 kv.metrdən ibarət yaşayış sahəsinin konstruktiv cəhətdən bölünməsi mümkün deyil və bu səbəbdən də ona binanın 18-ci mərtəbəsində həmin sahənin bölünüb verilməsi və ya bazar qiymətinə uyğun kompensasiya məbləğinin ödənilməsi təklif olunmuşdur. İddiaçı ilə MTK arasında 41 kv.metrdən ibarət sahənin əvəzində pul kompensasiyası verilməsi barədə razılıq əldə olunmuşdur. Pul kompensasiyasının verilməsi isə yaşayış binasının təhvil verilməsindən sonra nəzərdə tutulmuşdur. Bu barədə İddiaçı xx.xx.2021-ci il tarixli ərizəni də Cavabdeh MTK-ya təqdim etmişdir. Bu razılaşmadan sonra İddiaçı kirayə haqqı verilməsi də dayandırılmışdır. Lakin işə baxan məhkəmə işin faktiki hallarını araşdırmadan, ümumiyyətlə yaşayış binasında sahəsi 41 kv.metrdən ibarət mənzilin mövcud olub-olmaması faktını aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. Ən azından işin araşdırılmasızamanı AR Şəhərsalma və Arxitektura Komitəsindən binanın layihəsi tələb olunan və orada sözügedən sahənin mövcud olub olmaması müəyyən edilə bilərdi. Bundan başqa bildirir ki, MTK tərəfindən İddiaçı başqa müqavilə əsasında 41 kv.metr sahə verilmiş digər bina sakinləri ilə də danışıqlar aparılaraq razılıqlar əldə olunmuş və artıq onların bir neçəsi növbəli şəkildə bazar qiymətinə uyğun olaraq mənzillərin əvəzində pul kompensasiyalarını almışlar. Göründüyü kimi, işin faktiki hallarının araşdırılmaması qəbul edilmiş məhkəmə qətnaməsinin də gələcəkdə icrasını çətinləşdirir, ümumiyyətlə isə mümkünsüz edir. Bu isə lüzumsuz əlavə yazışmalara və süründürməçiliyə gətirib çıxarır. Ən azından işin araşdırılması zamanı AR Şəhərsalma və Arxitektura Komitəsindən binanın layihəsi tələb oluna və orada sözügedən sahənin mövcud olub-olmaması müəyyən edilə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında layihə üzrə sahəsi 41 kv.metrdən ibarət mənzil mövcud olmadığından, həmin mənzil sahəsinin əvəzində pul kompensasiyası verilməsinə etiraz etmədiyini, iş üzrə alınmış mütəxəssis rəyi ilə razı olduğunu bildirdi.

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - maddi ziyanın əvəzi olaraq 10.750 manatın cavabdehdən tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 10.500 manat məbləğində müəyyən edilməli, eyni zamanda sözügedən mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmadığı təqdirdə cavabdehdən 112.750 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

24. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik icra edilmiş, Cavabdeh MTK isə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

25. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı təhvil verilməsi qənaətinə gəlsə də, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin mənzil qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə cavabdehdən həmin mənzilin dəyərinin iddiaçının xeyrinə tutulmalı olmasını qətnamədə göstərməmişdir.

27. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərir ki, onun tərəfindən inşa edilmiş yaşayış binasında layihə üzrə sahəsi 41 kv.metrdən ibarət mənzil ümumiyyətlə mövcud deyil, qəbul edilmiş məhkəmə qətnaməsinin də gələcəkdə icrası mümkünsüz olur. İşə baxan birinci instansiya məhkəməsi həmin ünvanda yerində müayinə apararkən də şahid X2 yaşayış binasının “B” bloku üzrə 1 otaqlı mənzillərin tikintisinin nəzərdə tutulmadığını, “B” blokunun 4-cü mərtəbəsində 2 və 3 otaqlı olmaqla, cəmi 3 mənzilin olduğunu bildirmişdir.

28. Cavabdeh apellyasiya şikayətində həmçinin göstərmişdir ki, MTK tərəfindən başqa müqavilələr əsasında 41 kv.metr sahə verilmiş digər bina sakinləri ilə də danışıqlar aparılaraq razılıqlar əldə olunmuş və artıq onların bir neçəsi növbəli şəkildə bazar qiymətinə uyğun olaraq mənzillərin əvəzində pul kompensasiyalarını almışlar.

29. Cavabdehin göstərdiklərindən belə qənaətə gəlmək olur ki, o, iddiaçıya müqavilədə nəzərdə tutulan mənzilin əvəzinə bazar qiymətinə uyğun dəyərinin ödənilməsinə etiraz etmir.

30. Məhkəmə kollegiyası tərəfindən iş üzrə alınmış "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2025-ci il tarixli, MB18/0065 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasında, 4-cü mərtəbədə sahəsi 41 kv.metrdən ibarət təmirli mənzilin bazar dəyəri xx.xx.2017-ci il tarixə 53.300 manat, xx.xx.2020-ci il tarixə 82.000 manat, 2025-ci ilin yanvar ayına 112.750 manat müəyyən edilmişdir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22 saylı müqavilə üzrə ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmadığı təqdirdə, cavabdehdən 112.750 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən maddi ziyanın əvəzi olaraq tutulmalı olan məbləğ hissəsində də dəyişdirilməli, həmin məbləğ 10.500 manat məbləğində müəyyən edilməlidir.

33. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh iddiaçıya müvəqqəti yaşayacağı yer üzrə kirayə haqqı ödəmək öhdəliyini üzərinə götürmüş, həmin öhdəliyin icra edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim etməmiş, müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmiş, apellyasiya şikayətində xx.xx.2021-ci il tarixdən kirayə haqqının ödənilmədiyini etiraf etmişdir.

34. İddiaçı iddia ərizəsində kirayə haqqı olaraq cavabdeh tərəfindən ona ödənilmiş məbləğin 2020-ci ilin noyabr ayına qədər olan dövrü əhatə etdiyini bildirmiş, birinci instansiya məhkəməsi isə 2020-ci il noyabr ayından 2024-cü ilin may ayınadək (iddia məhkəməyə verilənədək) 43 ay üzrə hər ay 250 manat hesablanmaqla, maddi ziyanın əvəzi olaraq cavabdehdən tutulmalı olan məbləğin 10.750 manat olduğunu müəyyən etmişdir.

35. Halbuki, həmin dövr 42 ay edir və belə olan halda cavabdehdən iddiaçının xeyrinə 10.500 manat məbləğində vəsait tutulmalıdır.

36. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə onun arasında mənzilin əvəzində pul kompensasiyası verilməsi barədə razılıq əldə olunduğunu, bu barədə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ərizənin MTK-ya təqdim edildiyini, bu razılaşmadan sonra iddiaçıya kirayə haqqı verilməsi dayandırıldığını bildirsə də, apellyasiya şikayətinə əlavə edilmiş sözügedən ərizədən görünür ki, iddiaçı müqavilədə nəzərdə tutulan mənzilin real bazar dəyərinin ona ödənilməsi xahiş etmiş, o da öz növbəsində həmin mənzildən imtina edəcəyi barədə öhdəlik götürdüyünü bildirmişdir.

37. Göründüyü kimi, iddiaçı mənzilin real bazar dəyərinin ona ödənilməsini, yəni müqaviləyə dəyişiklik edilməsini cavabdehə təklif etsə də, cavabdeh tərəfindən bu təklifin qəbul edildiyi, habelə bundan sonra iddiaçı tərəfindən kirayə haqqından imtina edildiyi barədə müqavilə ilə eyni formada rəsmiləşdirilmiş yazılı razılaşma məhkəməyə təqdim edilməmişdir.

38. İşdən də müəyyən edildiyi kimi, cavabdeh tərəfindən mənzilin dəyəri halhazıradək cavabdehə ödənilməmişdir.

39. Kollegiya göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulan kirayə haqqının ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3019/2024 nömrəli qətnaməsi maddi ziyan tələbi ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh MTK-dan 10.500 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22 saylı müqavilə üzrə ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı təhvil verilməsi mümkün olmadığı təqdirdə, Cavabdeh MTK-dan 112.750 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 500 manat məbləğində vəsait Cavabdeh MTK-dan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar