Məhkəmə qərarları › İş №2(103)-7770/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7770/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7770/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Accesbank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2674/2016 №-li 08 dekabr 2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər İddiaçı, X1 və X5 müştərək qaydada 26R000004898 saylı kredit razılaşması üzrə 22.286,88 ABŞ dolları əsas borc, 6898 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 31.184,88 ABŞ dolları, 26R000005166 saylı kredit razılaşması üzrə 14.353,37 ABŞ dolları əsas borc, 3201,60 ABŞ dolları faiz borcu, 1400 ABŞ dolları cərimə olmaqla, cəmi 18.954,97 ABŞ dolları, ümumilikdə 50.139,85 ABŞ dollarının, habelə bildirişlərin qeydə alınmasına görə 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Maraqlı şəxs QSC-nə ödənilməsi, ipoteka predmeti İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına cavabdeh İddiaçıya olan borcunun ödənilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası satıldıqdan sonra 1 ay ərzində İddiaçı və X3 həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir.

2. “X4” MMC-nin 18 may 2018-ci il tarixli 62 №-li Hərracın yekunları barədə protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18 may 2018-ci il tarixli müqaviləyə əsasən Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2674/2016 №-li 08 dekabr 2016-cı il tarixli icra vərəqəsi və Kürdəmir rayon İcra və probasiya şöbəsinin 449/1 №-li 09 fevral 2018-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası 63.750 manata Maraqlı şəxs QSC-yə satılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh MMC-yə (Maraqlı şəxs QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının hərracı barədə 18 may 2018-ci il tarixli, 62 №-li protokolun etibarsız hesab edilməsi və həmin əmlaka dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli 2(041)-2674/2016 №-li qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra hərəkətləri Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh təşkilat “X4” MMC-nin 18 may 2018-ci il tarixli Hərracın yekunları barədə 62 №-li protokolundan açıq-aydın görünür ki, cavabdeh təşkilat qətnamə qanuni qüvvəsini almamış, məhkəmə prosesləri getdiyi vaxt ona xəbər vermədən Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin 449/1 №-li 09 fevral 2018-ci il tarixli məktubuna əsasən ona məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının hərracını keçirmişdir. Cavabdeh tərəfindən ona məxsus olan sözügedən qeyriyaşayış binasının ilkin qiyməti "xxxx" MMC tərəfindən 06 dekabr 2017-ci il tarixli hesabata əsasən ilkin hərrac 15% endirilməklə təkrar hərrac keçirilmiş, lakin alıcı olmadığından hərrac baş tutmamışdır. Maraqlı şəxs QSC-nin 17 may 2018-ci il tarixli məktubuna əsasən (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə istinadən) ipoteka predmeti 25% aşağı qiymətlə tələbkara qaytarılmışdır. Bundan sonra həmin əmlak tələbkar Maraqlı şəxs QSCnin balansına qəbul edilmişdir. Göründüyü kimi, ona məxsus olan sözügedən qeyri-yaşayış binası ilə bağlı hərracın keçirilməsi haqqında 18 may 2018-ci il tarixli 62 №-li protokol qanunvericiliyin tələbləri pozulmaqla təsdiq edilmiş və bu səbəbdən də həmin protokol etibarsız hesab edilməli, hərracın nəticələri ləğv edilməklə, əmlak yenidən qiymətləndirilməli və yenidən hərrac keçirilməlidir. Belə ki, hərrac təşkilatçısı hərracın keçirilməsi vaxtı müəyyən edilərkən onu lazımi qaydada məlumatlandırmamış, hərrac keçirilən zaman ipoteka predmetinə dair münasibətinin bildirilməsinə lazımi şərait yaradılmamışdır. Bununla da “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydaları haqqında müddəaları pozulmuşdur. Hərrac keçirilən zaman ona məxsus əmlakın həqiqi bazar dəyəri, tərəfindən aparılmış yaxşılaşdırma və yenidənqurma işlərinin həqiqi dəyəri nəzərə alınmamış, nəticədə əmlak həqiqi dəyərindən də aşağı məqsədyönlü şəkildə tələbkara təklif edilmişdir. Cavabdeh şirkət protokolda qeyd edir ki, 18 may 2018-ci il tarixdə tələbkarın 17 may 2018-ci il tarixli, 6956 №-li məktubu əsasında əmlakın qiyməti 25% aşağı salınaraq tələbkara qaytarılmışdır. Halbuki, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi 16 avqust 2018-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi hərrac keçirilən zaman bu fakt nəzərə alınmamışdır. Hesab edir ki, iddiaçı iddia ərizəsində öz vəsatətini də göstərə bilər. Belə ki, Kürdəmir rayon İcra və Probasiya Şöbəsi də üçüncü şəxs qismində işə cəlb olunmalıdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iddiaçının hazırkı tələbi üzrə əldə etmək istədiyi nəticə hərracın etibarsızlığına və çıxarışın ləğvinə nail olmaqdır. Ona görə də hazırkı mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi əmlakın hərrac vasitəsilə alqı-satqısı zamanı ehtimal olunan hüquqlarının pozulmasından 2019-cu il tarixdən, yəni əmlaka dair hərracın nəticələrinin etibarsızlığı barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırdığı vaxtdan məlumatlı olmuşdur. Belə ki, mülki işdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2873/2019 №-li 24 iyul 2019-cu il tarixli qərardadına əsasən (hakim Kəmalə Əmirxanova) iddiaçının mülkiyyətində olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının bazar qiymətinin müəyyənləşdirilməsi müstəqil qiymətləndirici "xxxx" MMC-nə həvalə edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 oktyabr 2019-cu il tarixli QXM 280/M №-li qiymətləndirmə rəyinə əsasən Kürdəmir rayonu Xırdapay kəndində yerləşən qeyri-yaşayış binasının 31 oktyabr 2019-cu il tarixə bazar dəyəri 201.000 manat müəyyən edilmişdir. Daha sonra iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-119/2020 №-li 22 yanvar 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, iddiaçı məhkəmə iclasında verdiyi yazılı çıxışlarında hərracın yekunları barədə 18 may 2018-ci il tarixli 62 №-li protokolu 2019-cu ilin mart ayında rəsmi olaraq əldə etdiyini bildirmişdir. Beləliklə iş materialları ilə sübut olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 2674/2016 №-li 08 dekabr 2016-cı il tarixli icra vərəqəsi və Kürdəmir rayon icra və probasiya şöbəsinin 449/1 №-li 09 fevral 2018-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmiş, iddiaçı 2019-cu ilin mart ayında hərracın yekunları barədə protokolu rəsmi şəkildə əldə etmiş və xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın etibarsızlığını mübahisələndirmişdir. Lakin iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-119/2020 №-li 22 yanvar 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmış, həmin tarixdən 23 may 2022-ci il tarixədək olan müddət ərzində iddiaçı icraatın təzələnməsi ilə bağlı məhkəməyə müraciət etməmiş, 23 may 2022ci il tarixdə eyni iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmiş, bununla da əqdin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddəti ötürmüşdür. Məhkəmə o cümlədən iddiaçının istinad etdiyi hallara - “hərrac təşkilatçısının hərracın keçirilməsi vaxtını müəyyən edərkən onu lazımi qaydada məlumatlandırmaması, hərrac keçirilən zaman ipoteka predmetinə dair münasibətinin bildirilməsinə lazımi şərait yaradılmamasına” münasibətdə qeyd edir ki, bu dəlillər iddiaçının Bank qarşısında öz öhdəliklərinin yerinə yetirilməsindən yayınma üçün istinad edilən formal dəlillərdir ki, həmin əsaslara görə hərracın etibarsız hesab edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda, məhkəmə həmin istinad olunmuş dəlillər üzrə əlavə hər hansı araşdırma aparılmasına lüzum görməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, cavabdeh təşkilat "X4" MMC-nin 18 may 2018-ci il tarixli Hərracın yekunları barədə 62 №-li protokolundan açıq-aydın görünür ki, cavabdeh təşkilat qətnamə qanuni qüvvəsini almamış, məhkəmə prosesləri getdiyi vaxt ona xəbər vermədən Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin 449/1 N-li 09 fevral 2018-ci il tarixli məktubuna əsasən, ona məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının hərracını keçirmişdir. Cavabdeh tərəfindən ona məxsus olan sözügedən qeyri-yaşayış binasının ilkin qiyməti "xxxx" MMC tərəfindən 06 dekabr 2017-ci il tarixli hesabata əsasən, ilkin hərrac 15% endirilməklə təkrar hərrac keçirilmiş, lakin alıcı olmadığından hərrac baş tutmamışdır. "xxxx" QSC-nin 17 may 2018-ci il tarixli məktubuna əsasən, ("İpoteka haqqmda" Qanunun 43.7-ci maddəsinə istinadən) ipoteka predmeti 25% aşağı qiymətlə tələbkara qaytarılmışdır. Bundan sonra, həmin əmlak tələbkar "xxxx" QSC-nin balansına qəbul edilmişdir. Göründüyü kimi, ona məxsus olan sözügedən qeyri-yaşayış binası ilə bağlı hərracın keçirilməsi haqqında 18 may 2018-ci il tarixli 62 №-li protokol qanunvericiliyin tələbləri pozulmaqla təsdiq edilmiş və bu səbəbdən də həmin protokol etibarsız hesab edilməli, hərracın nəticələri ləğv edilməklə əmlak yenidən qiymətləndirilməli və yenidən hərrac keçirilməlidir. Belə ki, hərrac təşkilatçısı hərracın keçirilməsi vaxtı müəyyən edilərkən onu lazımi qaydada məlumatlandırmamış, hərrac keçirilən zaman ipoteka predmetinə dair münasibətinin bildirilməsinə lazımi şərait yaradılmamışdır. Bununla da "İpoteka haqqında" Qanunun hərracın keçirilməsi qaydaları haqqında müddəaları pozulmuşdur. Hərrac keçirilən zaman ona məxsus əmlakın həqiqi bazar dəyəri, tərəfindən aparılmış yaxşılaşdırma və yenidənqurma işlərinin həqiqi dəyəri nəzərə alınmamış, nəticədə əmlak həqiqi dəyərindən də aşağı, məqsədyönlü şəkildə tələbkara təklif edilmişdir. Cavabdeh şirkət protokolda qeyd edir ki, 18 may 2018-ci il tarixdə tələbkarın 17 may 2018-ci il tarixli, 6956 №-li məktubu əsasında əmlakın qiyməti 25% aşağı salınaraq tələbkara qaytarılmışdır. Halbuki, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi 16 avqust 2018-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, hərrac keçirilən zaman bu fakt nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İddiaçı məhkəməyə ünvanladığı teleqramda səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə baxılmasının təxirə salınmasını xahiş edib, lakin səhhəti ilə bağlı sübut təqdim etməyibdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

11. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

12. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 21.Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməsə də icra məmurunun sifarişi əsasında "xxxx" MMC-nin 06 dekabr 2017-ci il tarixli hesabatında ipoteka predmetinin dəyəri 100000(yüz min) manat müəyyən edilmiş və ilkin hərraca da ilkin satış qiyməti 100000(yüz min) manatla çıxarılmışdır. İddiaçı bu qiymətdən yaxud digər hallardan narazı idisə ən azından hazırki işdə bunu mübahisələndirə bilərdi. Hazırki tələbinin konkret nədən ibarət olduğu yuxarıda dəqiq göstərilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olması dəlili isə onun yerləşdiyi ərazi, sahəsi və digər hallar nəzərə alınmaqla inandırıcı və ağlabatan deyildir.

22. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada göndərilmiş bildirişi ipoteka qoyanın şəxsən almaması da keçirilmiş hərracdan onun məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün birmənalı əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə qeyriyaşayış sahəsinin hərracın nəticəsi olaraq bankın mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz.

23. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin qeyri-yaşayış sahəsini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına da səbəb olur. Belə ki, işdən də(bax.i.v.51-52) görünür ki, iddiaçı bundan əvvəl eyni məzmunlu iddia tələbi ilə 2019-ci ildə məhkəməyə müraciət etmiş, lakin həmin işin nəticəsində hüquqi marağı olmamış, yenidən 3 il sonra eyni məzmunlu tələblə məhkəməyə müraciət etmişdir. Bu hallar da ona dəlalət edir ki, əslində iddiaçı bu cür vasitələrlə, yəni hüquqdan pis niyyətlə sui-istifadə edərək qanuni qüvvəyə minmiş qətnamənin tam icra olunmasına maneə yaratmaqda davam edir.

24. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2674/2016 №-li 08 dekabr 2016-cı il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılması da işin mübahisəsiz halıdır. Hərracın bu qətnamə qanuni qüvvəyə minməmiş keçirilməsi dəlili də həqiqi olsa belə əsaslı hesab edilə bilməz. Çünki, qətnamə yuxarı məhkəmələr tərəfindən dəyişdirilməmiş saxlanılmışdır. Deməli, bu dəlilin əsaslandığı mənafe, yəni icra sənədinin yuxarı məhkəmələr tərəfindən ləğv oluna biləcəyi imkanı aradan qalxdığı üçün əhəmiyyətini itirmişdir. Buna baxmayaraq iddiaçı həmin qətnamədən gec apellyasiya şikayəti versə də bundan cavabdeh, üçüncü şəxs yaxud sifarişçi icra məmurunun məlumatlı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Demək ki, hərrac keçirilən zaman cavabdeh tərəfindən bu qanun pozuntusuna yol verməsi də təsdiq olunmur.

25. Apellyasiya instansiyası məhkəməsi əqdin etibarsızlığı ilə bağlı müddətin keçdiyinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, bu hal da iddianın bu əsas görə də rədd edilməsi üçün müstəqil əsasdır.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2583/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar