Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7775/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4978/2023 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin əşyalardan boşaldılması, mənzilə daxil olmağa mövcud maneələrə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən Cavabdeh1 vəkili Vəkil2 tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti səlahiyyətli olmayan şəxs tərəfindən imzalandığından, yəni vəkilin cavabdehin adından şikayəti imzalanmaq səlahiyyətini təsdiq edən etibarnaməsi şikayətə əlavə edilmədiyindən, həmçinin şikayət verənin xahişi (tələbi) mücərrəd olduğundan, rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, eyni nömrəli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 vəkili Vəkil2 tərəfindən eyni qaydada verilən şikayət bu dəfə də prossessual müddətin ötürülməsi, eyni zamanda şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsasları ilə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, eyni nömrəli qərardadı ilə geri qaytarılmış və qeyd edilmişdir ki, müahisələndirilən xx.xx.2023cü il tarixli qərardad Vəkil2 məxsus elektron kabinetə elə həmin tarixdə yerləşdirilsə də, şikayət xx.xx.2023-cü il tarixdə verilmişdir. Cavabdeh1 özünün məhkəməyə müraciət edərək qərardadı şəxsən qəbzə imza edərək xx.xx.2022-ci il tarixində qəbul etməsi prosessual müddətin axımını təzələmir, buna görə də də hesab etmişdir ki, 10 günlük şikayət vermə müddəti ötürülmüşdür. Qeyd edilən qərardaddan Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş şikayət bu dəfə də eyni əsasla (səlahiyyətsiz şəxs tərəfindən imzalama əsası ilə) rayon məhkəmənin eyni nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Sonuncu qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 2(001)-4978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı şikayətlə bağlı işin hallarına münasibət bildirilməsindən öncə mülki mühakimə icraatında nümayəndəliklə bağlı məsələnin aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, mülki mühakimə icraatı zamanı məhkəmədə nümayəndəliklə bağlı məsələlərin tənzimlənməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) Vİ Fəslində nəzərdə tutulmuşdur. Həmin Fəsildə işlərin nümayəndə vasitəsi ilə aparılması(maddə 69), nümayəndə ola bilməyən şəxslər (maddə 71), qanuni nümayəndələr (maddə 72), nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi (maddə 73), nümayəndənin səlahiyyəti (maddə 74) və nümayəndənin səlahiyyətinə xitam verilməsi (maddə 75) ilə bağlı məsələlər tənzimlənmişdir. MPM-ə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliklərə qədər mülki icraatda MPM-in həmin vaxt qüvvədə olmuş 70-ci maddəsinə əsasən Məcəllənin 71-ci maddəsində sadalanan şəxslər istisna olmaqla, hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilərdi. Qeyd olunan dəyişikliyə qədər mövcud məhkəmə təcrübəsi göstərdi ki, mülki mühakimə icraatında nümayəndəliklə bağlı məsələnin, daha doğrusu, məhkəmədə nümayəndə ola biləcək şəxslərin dairəsinin dəqiqləşdirilməməsi, başqa sözlə, fiziki və ya hüquqi şəxslərin məhkəmədə həm yaxın qohum, həm də peşəkar olmayan (qeyrihüquqşünas, təhsilli-təhsilsiz olan, çilingər, rəngsaz, baytar və s.peşə sahibi olan) şəxslər tərəfindən təmsil olunması mülki işlərə baxılmasında olduqca ciddi problemlər ortaya çıxarmışdır. Bu problemlər ilk növbədə iddia ərizələri və şikayətlərin necə gəldi hazırlanması- düzgün tərtib olunmaması, işin uğurluluq ehtimallarının və mövcud məhkəmə təcrübəsinin nəzərə alınmaması, təmsil olunanlara yalan vədlər verilərək aşkar surətdə aldadılması, həmin nümayəndələrin işlərin uğursuz aparılması və sair səhlənkarlıqlar səbəbindən təmsil edilənlərə vurduqları zərərə görə hər hansı məsuliyyət daşımaması, işlərə ağlabatan müddətlərdə baxılmasına əsassız maneələrin yaradılması və bu kimi ədalət mühakiməsinin səmərəliliyinə, eləcə də ictimai fikirdə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirilməsi ilə bağlı olmuşdur. Məhz bu səbəbdən, eləcə də təmsil olunanların təminatlı təmsilçiliyi məqsədi ilə MPM-də nümayəndə ola biləcək şəxslərin dairəsi ciddi şəkildə məhdudlaşdırılaraq, bu hüquq fiziki şəxslərə münasibətdə yalnız təmsil olunanların yaxın qohumlarına, bir də vəkillərə aid edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş xx.xx.2017-ci il 853-VQD№ Qanunla Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərdən sonra MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndələrin dairəsinin yeni qaydalara əsasən tətbiqi qısa bir zamanda, həm təmsil olunanların hüquq və maraqlarının, həm məhkəmə hakimiyyətinin nüfuzunun qorunması, həm də ümumilikdə ədalət mühakiməsinin səmərəliliyinin təmini baxımından, bunun nə qədər zəruri və əhəmiyyətli olduğunu aşkar şəkildə göstərdi. Hazırkı praktika da onu göstərir ki, fiziki şəxslərə münasibətdə məhkəmələrdə nümayəndə kimi onları, bir qayda olaraq vəkillər təmsil edirlər. Prosessual qanunvericiliyə əsasən nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 73-cü maddəsində nümayəndənin səlahiyyətinin qanuna uyğyn olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks olunmalıdır. Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə müvafiq olaraq, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Beləliklə də, müəyyən olunur ki, MPM-ə əsasən şəxsin məhkəmədə nümayədə ilə təmsil olunması təmsil olunanın təmsil edənə verdiyi etibarnamə ilə rəsmiləşdirilir. Bununla belə, prosessual qanunvericilkdə etibarnamənin anlayışı verilməmişdir. Etibarnamənin anlayışı Mülki Məcəllədə verilmişdir. Belə ki, Mülki Məcəllənin 362-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Qeyd edilən Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Məcəllənin 780-ci maddəsinə görə vəkalət alan aldığı tapşırığı bir sıra istisna hallardan başqa, şəxsən özü icra etməlidir. Əgər vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil edibsə (780.1.1), tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəlirsə (780.1.2), icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəlirsə (780.1.3). Yəni qeyd edilən istisna hallarda qanunvericilik vəkalət alana səlahiyyət verir ki, aldığı tapşırığın icrasını digər şəxslərə versin. Həmin normaların məzmumunundan da məlum olur ki, təmsil olunanın təmsil edənə verdiyi vəkalət mahiyyət etibarı ilə tapşırıq müqaviləsi olmaqla, bu vaxt yazılı etibarnamənin olması barədəki göstəriş yalnız təmsil olunanın və təmsil edənin, eləcə də verilən tapşırığın məzmun və həddlərinin müəyyən edilməsi üçün əhəmiyyətlidir. Bu baxımdan, əvvəla qeyd edilməlidir ki, hazırkı mülki işdən göründüyü kimi, İddiaçı, cavabdehlər isə Cavabdeh1 və Cavabdeh2dır, həmçinin də müəyyən olunur ki, cavabdehlər ər-arvaddır. Rayon məhkəməsinin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlərə qarşı iddiası təmin edilmiş, onların-ər-arvadın yaşadıqları mənzilindən çxarılması, mənzilin boşaldılması və mənzilə daxil olmağa yaradılmış maneələrə son qoyulması qət olunmuşdur. Demək ki, qəbul edilmiş qətnaməyə münasibətdə onların hər ikisinin mövqeyi və marağı, ər- arvad olmaqla yanaşı, həm də mülki hüququn müstəqil subyekti olaraq tam da üst-üstə düşür və eynidir. Bundan başqa, mülki işin materiallarında olan və apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2021-ci tarixli etibarnamədən görünür ki, Cavabdeh2 etibar edən, səlahiyyətləri ötürən Cavabdeh1, etibar edilən isə Vəkil2dir. Şikayətə əlavə edilən xx.xx.2023-cü il tarixli ******* saylı orderdən isə bəlli olur ki, Vəkil2 hüquqi yardım göstərəcəyi şəxs Cavabdeh1dir. Beləliklə də müəyyən olunur ki, hazırkı mülki iş üzrə cavabdehlər rəsmi nikahda olmaqla ər-arvaddır, rayon məhkəməsinin qətnaməsi ilə onlara qarşı tələb təmin edilmiş, Cavabdeh2 digər cavabdeh olan əri Cavabdeh1 onu məhkəmələrdə təmsil etmək üçün etibarnamə vermiş, etibarnamədə səlahiyyətlərin üçüncü şəxsə ötürülməsi imkanı nəzərdə tutulmuş, etibarnamədə, eyni zamanda səlahiyyətlərin həm də Vəkil2 verilməsi göstərilmiş, rayon məhkəməsinin qətnaməsindən sonra Cavabdeh1 hüquqi yardımın göstərilməsi üçün Vəkil2lə müvafiq müqavilə bağlamış, bundan sonra vəkil həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytararkən, yuxarıda da qeyd olunduğu kimi, əsasən ona istinad etmişdir ki, şikayəti imzalayan Vəkil2 Cavabdeh1 təmsil etmək hüququ olmamışdır, çünki Cavabdeh1 Vəkil2 onu təmsil etmək hüququnu təsdiq edən etibarnamə işə əlavə edilməmişdir. Zahirən rayon məhkəməsinin istinad etdiyi bu hal əsaslı görünə bilər. Lakin hazırkı işin yuxarıda qeyd olunan və mübahisəsiz olan xüsusi halları, eləcə də nümayəndənin səlahiyyətlərinin etibarnamə ilə rəsmiləşdirilməsində güdülən məqsəd, yəni təmsil olunanın təmsil edənə səlahiyyət verməsinin təsdiqi vasitəsi olması baxımından, məhkəmə kollegiyasının qənaətinə görə, rayon məhkəməsinin həmin mövqeyi əsaslı olmayıb, həddən-ziyadə formal olmuşdur. Çünki hazırkı işdə mənzildən çıxarılmasına dair qətnamədən, Cavabdeh1 məxsusi olaraq apellyasiya mərhələsi üçün ona hüquqi yardım göstərilməsi üçün müqavilə bağladığı Vəkil2 onu təmsil etmədiyini, onun belə bir səlahiyyətinin olmadığını, başqa sözlə desək, vəkilin həmin qətnamədən apellyasiya şikayəti verməkdə ifadə olunan hərəkətinin Cavabdeh1 maraq və iradəsinə uyğun olmadığını güman etmək belə, anlaşılmaz və məntiqsiz olmaqla yanaşı, həm də ağlabatan deyildir. Rayon məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən apellyasiya şikayəti vermək cəhdi uğursuz olduqdan sonra, Cavabdeh1 Vəkil2 onu təmsil etmək səlahiyyətini təsdiq edən (xx.xx.2023-cü il tarixli) etibarnamə (birtərəfli əqd) verməsi faktı da bunu sübut edir. MM-ə əqdlərin anlayışı və növləri, birtərəfli əqdlərdə iradə ifadəsinin etibarlığı, birtərəfli əqdlər üzrə vəzifələr, eləcə də buna dair sair məsələllər tənzimləmişdir. Qanunda təsbit olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (maddə 324.2.). Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir (324.3.). Məcəllənin 324.5-ci maddəsinin tələbinə görə əqdlərdə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı normadakı tələb imperativdir. Birtərəfli iradə ifadəsinin etibarlığı ilə bağlı qanunun tələbi ondan ibarətdir ki, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. (maddə 325.1.). Hətta qanunda təsbit olunmuşdur ki, əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər.(maddə 325.3.).Mülki Məcəllənin birtərəfli əqdlər üzrə vəzifələri müəyyən edən 326-cı maddəsində müəyyən edilmişdir ki, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Məcəllənin 327-ci maddəsində birtərəfli əqdlərin hüquqi tənzimlənməsiilə bağlı göstəriş ondan ibarətdir ki, birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. MM-in tələbləri baxımından təmsil olunanın təmsil edənə etibarnamə verməsi birtərli əqddir. Demək ki, onun təfsiri zamanı MM-in əqdlərlə bağlı və müvafiq olaraq müqavilələrlə bağlı normalarına dair tələblər tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, ...məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki,.....əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: -əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). MPM-in 68.3-cü madəsinin tələbinə gürə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlarından istifadə edir. Beləliklə də, hazırkı mülki işin yuxarıda qeyd olunan və mübahisəsiz olan faktiki halları və istinad olunan qanun normaları, eləcə də mübahisələr əqdlər və müqavilələrlə bağlı olduqda həm əqdlər, həm də müqavilələrə münasibətdə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olmasına dair Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən müəyyən olunur ki, rayon məhkəməsinin mübahisələndirilən qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətini imzalayarkən Vəkil2 cavabdehin iradə və maraqlarına uyğun olaraq və (başlıcası isə) məhz onun tapşırığına əsasən hərəkət etmişdir. Demək ki, rayon məhkəməsi Cavabdeh1 apellyasiya şikayətini geri qaytararkən, şikayəti imzalayan vəkilin, cavabdeh tərəfindən ona (formal baxımdan kağız formatında etibarnamənin şikayətə əlavə edilməməsi əsası ilə) belə bir tapşırığın verilməməsinə dair qənaəti əsaslı olmamışdır. Bundan başqa, rayon məhkəməsi qətnamədən verilən apellyasiya şikayətini geri qaytararkən həm də qeyd etmişdir ki, şikayət verənin tələbi mücərrəd olmuşdur, barəsində şikayət edilən məhkəmə aktının tarixi və nömrəsi, aktı qəbul edən məhkəmənin adı göstərilməmişdir. Rayon məhkəməsinin istinad etdiyi həmin əsaslarla bağlı Məhkəmə Kollegiya qeyd edir ki, məhkəmənin bu qənaəti də (məhkəmə aktının tarixi, sayı, aktı qəbul edən məhkəmənin adının qeyd edilməməsi, apelyatorun xahişinin mücərrəd olması) çox formal olmaqla, öz-özlüyündə apellyasiya şikayətinin qaytarılması üçün əsas ola bilməzdi. Apellyatorun tələbinin mücərrəd olmasına dair dəlil isə, ümumiyyətlə anlaşılan deyildir. Belə ki, rayon məhkəməsinin qətnaməsi ilə cavabdehlərə qarşı iddia tələbi tam təmin olunduğundan, cavabdeh şikayətin 12-ci qrafasında öz tələbini açıq, aydın və səlis şəkildə ifadə edərək ...“qətnamənin ləğv edilərək iddianın rədd edilməsi”ni xahiş etmişdir. Göründüyü kimi, cavabdehin şikayətinin tələbi çox aydın və konkret olmuşdur. Eyni zamanda da müəyyən olunur ki, şikayətin giriş hissəsində məhkəmənin adı, şikayət olunan məhkəmə aktının tarixi və sayı aydın göstərilmiş, həmçinin şikayətin məzmunundan da şəxsin açıq-aşkar hansı aktı mübahisələndirdiyini görmək mümkündür. Məhkəmə kollegiyasının mövqeyinə görə, hətta apellyator şikayətində mübahisələndirilən məhkəmə aktının tarixini, sayını və sair formal tələbləri göstərmirsə belə, bu, öz-özlüyündə apellyasiya şikayətinin geri qaytarılması üçün əsas hesab edilə bilməzdi. Çünki hazırki mülki işin materiallarında 26.09.23-cü il tarixdə qəbul edilmiş qətnamədən başqa məhkəmə aktı (qətnamə) mövcud deyil. Belə olan halda rayon məhkəməsi tərəfindən pozuntu kimi sadalanan həmin göstəricilərin şikayətdə qeyd edilməsi artıq öz əhəmiyyətini itirir. Ona görə ki, qanunda həmin tələblərin nəzərdə tutlmasının yeganə məqsədi hüquqi müəyyənliyin təmin olunmasından, yəni kimin, hansı məhkəmə aktını mübahisələndirdiyini, mübahisəyə hansı məhkəmənin baxmalı olması və sair bu kimi məsələləri konkretləşdirmək-müəyyən etməkdən ibarətdir. Bu tələblərin gözlənilməsi xüsusilə mürəkkəb işlər üzrə (məsələn, bir neçə işin birləşdirildiyi iş və s.) bir neçə məhkəmə aktının mövcudluğu, işdə çoxsaylı tərəflərin olması, məhkəmə aktından şikayət verən şəxslərin çoxluğu, şikayətə baxmaq səlahiyyəti olan birdən çox məhkəmənin olması və sair bu kimi, təcrübədə də çox az rast olunan hallar baxımından, həm də mütləq şəkildə verilən şikayətlərin ayırd edilməsi (fərqləndirilməsi) üçün əhəmiyyətli hesab edilə bilər. Ümumiyyətlə isə, nəzərə almaq lazımdır ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı bu qəbildən olan formal tələblərlə bağlı məsələlərdə hər hansı əks yanaşma ədalət mühakiməsinin maraqlarına uyğun olmayacaqdır. Bununla bağlı Məhkəmə Kollegiyası xüsusi olaraq qeyd edir ki, istənilən normanın onun güdmüş olduğu məqsədlər xaricində tətbiqi, əksər halda düzgün olmayan nəticəyə səbəb ola bilər. Elə hazırkı işdə və bir sıra başqa işlərdə də rast olunduğu kimi: məsələn, Bakı Apellyasiya Məhkəməsinin ünvanının göstərilməməsi, tərəflərin ad, soyadının qeyd edilməməsi, şikayət olunan məhkəmə aktının tarixinin, nömrəsinin göstərilməməsi, dövlət rüsumunun ya ödənilməməsi və ya tam ödənilməməsi öz-özlüyündə ərizə və ya şikayətin qaytarılması və ya qeyri-mümkün hesab edilməsi üçün əsas deyildir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı bu qəbildən olan formal tələblərə əməl olunmaması ərizə və ya şikayətin qəbulundan imtina üçün müstəsna hallarda, yalnız həmin tələblərin güddüyü məqsədlər üçün mümkün ola bilər. Məsələn, şikayətin, onun ünvanlandığı apellyasiya instansiyasının və ya məhkəmə kollegiyasının adının göstərilməməsi əsasına görə qeyri-mümkün hesab edilməsi heç bir halda əsaslı hesab oluna bilməz. Çünki həmin tələbin nəzərdə tutlmasında yeganə məqsəd ondan ibarətdir ki, şikayət məhz həmin apelliasiya məhkəməsinə və aidiyyəti kollegiyaya çatsın. Belə olan halda həmin şikayətə baxmalı olan apellyasiya məhkəməsinin mülki kollegiyası tərəfindən şikayətin məhz qeyd olunan əsasa görə qeyri-mümkün hesab olunması, sözsüz ki, yolverilməz olmaqla yanaşı, həm də ədalət mühakiməsinin özünün maraqları ilə ziddiyyət təşkil edəcəkdir. Başqa bir hal, dövlət rüsumunun ödənilməməsi və ya tam ödənilməməsi də özözlüyündə ərizə və ya şikayətin qeri qaytarılması (qəbulundan imtina) üçün əsas ola bilməz. Bu hal yalnız ərizəçi və ya şikayət edən tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi və ya onun məbləğinin əsaslı şəkildə mübahisələndirildiyi hallarda əsas kimi nəzərə alına bilər. Məsələn: 50.000 manat pul tələbinə dair iddia ərizəsinin verilməsi üçün ərizəçi 240 (iki yüz qır) manat dövlət rüsumu ödəməlidir, lakin ərizəçi 220 manat ödəmişdir. Bu zaman ərizəçiyə dövlət rüsumunun tam olmadığı, 20 manat əskik ödənildiyi, çatışmayan məbləğin ödənilməsi, əks halda ərizənin qəbulundan imtina olunacağı izah olunur, ərizəçi hesabda səhvə yol verdiyini bildirir və dərhal əskik olan 20 manatı ödəyir. Demək ki, qeyd olunan halda ərzənin(şikayətin) qaytarılması düzgün hesab oluna bilməz. Başqa bir halda isə ərizəçi dövlət rüsumunu ödəmir və hüquqlarının izah olunmasına baxmayaraq, israrla dövlət rüsumu ödəməli olmadığını bildirir. Məsələn: №2(103) -4281/2022-ci il tarixli iş üzrə iddiaçı MMC öz işçisi olan cavabdeh M.T. qarşı 12347 manat məbləğində zərərin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti vermiş, lakin dövlət rüsumu ödəməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən rayon məhkəməsinə iddia ərizəsi verilərkən də dövlət rüsumu ödənilməmişdir.İddiaçının vəkili “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci maddəsinə istinadən, həmin mübahisənin tərəflər arasında mövcud əmək fəaliyyəti ilə bağlı yarandığından, dövlət rüsumunu ödəməkdən azad olunan şəxslər aid olduqlarını bidirərək, dövlət rüsumunu ödəməkdən israrla imtina etmişdir. Belə olan halda məhkəmənin qərarı tamamilə fərqli olacaqdır. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin 23.05. 2022-ci il tarixli qərardadı ilə iddiaçı MMC-in apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardadla MMC-in vəkilinə izah olunmuşdur ki, onun istinad etdiyi “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci maddəsi, əsasən fiziki şəxslərə yönəlib və sosial baxımdan həssas əhali qruplarına güzəştli şərait yaratmaq, bununla da onları bu hissədə məhkəmə xərclərindən azad etmək məqsədi daşıyır və həmin normanın məqsəd dairəsi heç bir halda əmək mübahisələrinin “güclü” tərəfi olan işə götürənləri, xüsusən də kommersiya hüquqi şəxslərini əhatə etmir. İstinad olunan misallardan da müəyyən etmək olur ki, qanun normasının, xüsusən də ərizə və şikayətlərə münasibətdə formal tələblərin gözlənilməməsi zamanı, məsələyə normanın güddüyü məqsədlər baxımından yanaşılması nə qədər əhəmiyyətli və zəruridir. Hazırkı iş üzrə aparılmış apellyasiya icraatı zamanı rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş şikayətlə bağlı qəbul olunmuş qərardadlarında daha bir ziddiyyətli qənaətə gəlindiyi müəyyən olunmuşdur. Belə ki, rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya sikayəti məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeri qaytarılmış, cavabdeh tərəfindən məhkəmənin həmin, yəni xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət də məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Rayon məhkəməsi xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayəti qeri qaytararkən ona əsaslanmışdır ki, cavabdeh qərardaddan şikayət verməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Cavabdeh1 həmin qərardaddan şikayət verərək göstərmişdir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin qeri qaytarılması ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ona göndərilməmiş və təqdim olunmamış, o məhkəməyə müraciət edərək 22.11.23-ci il tarixdə qərardadı rəsmən almış və həmin tarixdən də hesablanmaqla müddət daxilində qərardaddan şikayət vermişdir. Cavabdehin şikayətinin həmin dəlilləri ilə razılaşmayan rayon məhkəməsi belə hesab etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, apellyasiya şikayətinin qeri qaytarılmasına dair qərardadı, elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir, cavabdehin xx.xx.2023-cü il tarixdə müraciət edərək qərardadı şəxsən əldə etməsi müddətin axımını kəsmir. Rayon məhkəməsinin bu yanaşması anlaşılmaz və ziddiyyətli olmuşdur. Çünki rayon məhkəməsi xx.xx.2023-cü il tarixli qətnamədən cavabdehin apellyasiya şikayətini ona görə geri qaytarmışdır ki, şikayəti cavbdeh Cavabdeh1 vəkili imzalamış, lakin vəkilin belə bir səlahiyyəti, yəni cavabdehi təmsil etmək hüququ olmamışdır. Bununla belə, cavabdehin xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayətə münasibətdə isə rayon məhkəməsi müddətin ötürüldüyü qənaətinə gəlmiş və bu vaxt həmin qərardadın Cavabdeh1 rəsmi olaraq xx.xx.2023-cü il tarixdə verilməsinə baxmayaraq, mübahisələndirilən qərardadın cavabdehin vəkili Vəkil2 şəxsi kabinetinə yerləşdirildiyi tarixi (xx.xx.2023-cü il) əsas tutaraq, qərardadı Cavabdeh1 çatdırılmış hesab etmişdir. MPM-in 46-cı maddəsində işdə iştirak edən şəxslərin, 61-ci maddəsində isə prosessin digər iştirakçılarının dairəsi konkret müəyyən olunmuşdur. Həmin normalardan da aydın olur ki, vəkil işdə iştirak edən şəxs olmayıb, prosessin digər iştirakçısıdır. MPM-in 134.1-ci maddəsində isə aşkar surətdə məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə rəsmi olaraq verilməsi müəyyən olunmuşdur. Demək ki, rayon məhkəməsinin apellyasiya şikayətinin qeri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərardadın Cavabdeh1 rəsmi təqdim olunması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göründüyü kimi, rayon məhkəməsi birinci halda vəkilin cavabdehi təmsil etmədiyi əsası ilə onun tərəfindən imzalanmış şikayəti geri qaytarmış, ikinci halda isə qərardadın səlahiyyətli hesab etmədiyi vəkilin elektron kabinetinə yerləşdirməsini, tərəfə rəsmi çatdırma kimi qəbul etmiş, bununla da prosessual normaların tətbiqi və təfsirində səhvə yol vermişdir. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X6rşı işlər). “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş). Bundan başqa, Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun “praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasıya instansiyası məhkəmələrinin eyni- formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir. Beləliklə də, göstərilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdeh tərəfin şikayəti təmin edilməli, rayon məhkəməsinin 2(001)-4978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, hazırki qərardadın əsaslandırıcı hissəsində qeyd edilən hüquqi mövqelər nəzərə alınmaqla, rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin geri qaytarılması, eləcə də ondan sonra oxşar əsaslarla qəbul edilmiş digər qərardadlardan verilən şikayətlərə münasibətdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və hazırki qərardadın əsaslandırıcı hissəsində qeyd edilən hüquqi mövqelər nəzərə alınmaqla, rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin geri qaytarılması, eləcə də ondan sonra oxşar əsaslarla qəbul edilmiş digər qərardadlardan verilən şikayətlərə münasibətdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7775/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7775/2023
25.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver