Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7787/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2820/2019 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17-A-1-0-6417-13 saylı zaminlik müqaviləsinə əsasən ödənilmiş 7533 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə “xxxx” İKB-nin 6 saylı filialı ilə cavabdeh arasında bağlanmış 17-A-1-0-6417-13 saylı Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 21% olmaqla 8600 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2013-cü il buraxılışlı “VAZ-21703” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı XTA217030D0451737 ban ******* mühərrik nömrəli ağ rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq həmin avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, həmçinin “xxxx” İKB-nin 6 saylı filialı ilə borclu Cavabdeh və zamin “İddiaçı’ MMC arasında xx xxxxxx 2013-cü il tarixli 17-A-1-0- 6417-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürmuş və zamin MMC öz hesabından borclunun Banka ödənilməli olan borcunun silinməsinə dair razılıq vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2820/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 17-A-1-0-6417-13 saylı zaminlik müqaviləsinə əsasən ödənilmiş 7533 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun "İddiaçı" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə əsassızdır. Manatın kəskin ucuzlaşması səbəbindən ödəniş qabiliyyətini itirdiyi üçün banka ödəniş edə bilməmiş, nəticədə bank pul tələbinə dair iddia qaldırmış, həmçinin avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda həmin avtomobil İcra və probasiya şöbəsi tərəfindən axtarışa verilmiş, hələ də tapılmamışdır. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə avtomobilin hərraca çıxarılaraq satılması barədə qərar qəbul edilmişdir. İddiaçı qətnamənin icrasının nəticəsini gözləmədən əsassız olaraq hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, xx xxxxxx 2013-cü il tarixdə “xxxx” İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında 17-A-1-0-6417-13 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 21 % olmaqla 8600 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təyinatı 2013-cü il buraxılışlı, “VAZ-21703” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı, XTA217030D0451737 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq “VAZ- 21703” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişir. Həmçinin kreditin təminatı olaraq “xxxx” İKB-nin 6 saylı filialı ilə borclu Cavabdeh və zamin “İddiaçı’ MMC arasında xx xxxxxx 2013-cü il tarixli 17-A-1-0- 6417-13 saylı zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin borcalan ilə eyni həcmdə Bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. AC seriyalı 203419 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21703” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli 2686 nömrəli maliyyə arayışından görünür ki, zamin İddiaçı MMC tərəfindən xx xxxxxx 2012-cü il tarixli 17-A-1-0- 6417-13 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh hesabına ümumilikdə 7533 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 7533 manat təşkil edir. İş materiallarında olan ödəmə tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən cəmi 7533 manat ödəniş edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürmuş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcundan silinməsinə dair razılıq verilmişdir. Belə olan halda, məhkəmə iddiaçının (zaminin) ödəmiş olduğu pul vəsaitini cavabdehdən (borclu) haqlı olaraq geri tələb etməsi qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb j etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya i öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən iddiaçı (zamin) kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürmuş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcundan silinməsinə dair razılıq verilmişdir. Hazırda iddiaçı reqres qaydada həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh apelyasiya şikayətində bankın ona qarşı iddia qaldırdığını, avtomobilin üzərinə həbs qoyulduğunu, avtomobilin hərracdan satılmalı olduğunu qeyd etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-364/2017 saylı xx xxxxxxxx 2017ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə Cavabdeh 8405,43 manat əsas borc, 3761,15 manat faiz borcu, 10 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 39,20 manat, ümumilikdə 12215,78 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “VAZ-21703” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA217030D0451737 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 12215,78 manat məbləğində borcun “xxxx” İKB ASC-yə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin ümumi qaydada icra edilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmçinin apelyasiya baxışı zamanı təqdim edilmiş “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 11-005 nömrəli arayışında qeyd edilmişdir ki, “xxxx” İKB ASC-nin (“xxxx” ASC) 6 saylı filialı ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli 17-A-1-0-6417-13 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq xx xxxxxx 2013cü il tarixli ipoteka müqaviləsi və İddiaçı MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. Zamin İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 17-A-1-0-6417-13 saylı zaminlik müqaviləsi üzrə zamin İddiaçı MMC tərəfindən Cavabdeh “xxxx” İKB ASC-də (“xxxx” ASC) olan 17-155122-1 hesabına ümumilikdə 7533 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hazırda Cavabdeh 17-A-1-0-6417-13 saylı kredit müqaviləsi üzrə “xxxx” İKB ASC-yə (“xxxx” ASC) borcu 3480 manat əsas məbləğdən ibarətdir. İşdə olan hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh kredit borcu üzrə sonuncu tərəfindən yalnız bir dəfə xx.xx.2013-cü ildə 325 manat məbləbində ödəniş olmuş, qalan - 2014-cü ilin yanvar ayından başlayaraq bütün ödənişlər, yəni 7533 manat məbləğində ödəniş İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. Odur ki, MMC-nin hazırki iddia tələbi əsaslı və qanunidir, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2820/2019 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7787/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7787/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver