Məhkəmə qərarları › İş №2(103)-779/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-779/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-779/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Yəhya qızının iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Yəhya qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Yəhya qızına qarşı “mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən, ümumi sahəsi 139,1 kv.m. olan 41 saylı evin, 47 nömrəli mənzilinə payına uyğun istifadə qaydalarının müəyyən olunması, həmin mənzilə köçürülməsi və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Yəhya qızı ilə 2015-ci ildən nikahları pozulmuş və birgə nikah dövründə əldə olunmuş, əvvəllər birgə yaşadıqları əmlak məhkəmə qaydasında bölünərək paylar ½ qaydada müəyyən olunmuşdur. Ona DƏDRX-i tərəfindən cavabdehlə ½ paylı mülkiyyətdə olan 05.07.2016-cı il tarixli, ********** saylı elektron çıxarış verilmişdir. Həmin dövrdən bu günədək onun mülkiyyət hüququ pozulmaqda davam edir, belə ki, o, özünə məxsus mənzil payından istifadə edə bilmir, cavabdeh onu mənzilə daxil olmağa, mülkiyyətindən istifadə etməyə imkan vermir. Dəfələrlə cavabdehə mənzildə öz hissəsinə aid sahədə yaşamasına şərait yaradılmasını xahiş etsə də, cavabdeh buna imkan vermir. Onun başqa yaşayış yeri, stabil gəliri yoxdur və kirayə yaşamağa maddi çətinlik çəkir. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə ½ paylı mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən ümumi sahəsi 139,1 kv.m., 4 otaqdan ibarət 41 saylı evin 47 №-li mənzilin ½ payına uyğun sağ və ya sol hissəsindəki 2 otaqlı sahəsinin və 1 s/q-nın onun istifadə hüququnun müəyyən olunması və mənzilin həmin hissəsinə köçürülməsi, eləcə də cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasına dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Yəhya qızına qarşı “mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 4 otaqdan ibarət 41 saylı evin 47 saylı mənzilinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Yəhya qızı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsini əsasızdır. Belə ki, bu iddiaçının daha əvvəlki iddiası üzrə qəbul edilmiş və özünün qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mənzil hərracdan satılmaqla dəyəri onunla iddia tərəfi arasında, yəni mənzilin mülkiyyətçiləri arasında bölünməlidir. İddiaçı ilə keçmiş ər-arvaddır, onların naturada bölgüsü aparılmamış bir mənzildə yaşamaları nə milli mentalitet nədə dini baxımından yol verilən sayılmır. Eləcə də müvafiq qanunlar bunun əleyhinədir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh Yəhya qızı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının paylı mülkiyyətində olan mənzildən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hüquqazidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, onun mülkiyyət hüququnu həyata keçirməsi imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 153.4-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 10 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İ № 226249 saylı nikahın pozulması haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Yəhya qızı arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin dekabr ayının 10 günündə 332 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir.(İ.vər. 4) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li, 05.07.2016-cı il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsindəki 14 nömrəli evin 139.1 kv.metr ümumi sahəsi olan 47 nömrəli mənzili ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh Yəhya qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 768 nömrəli reyestr kitabının 71741 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 3) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, birinci instansiya məhkəməsi “iddia tələbinin istifadə hüquqlarının tanınması və mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması” hissəsi ilə bağlı iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin iddiaçının əvvəlki iddiası üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mənzilin hərracdan satılmaqla dəyərinin onunla iddiacı arasında, arasında bölünməli olması, iddiaçı ilə onların naturada bölgüsü aparılmamış bir mənzildə yaşamalarının mümkün olmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li, 05.07.2016-cı il tarixli çıxarışla Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsindəki 14 nömrəli evin 139.1 kv.metr ümumi sahəsi olan 47 nömrəli mənzili ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh Yəhya qızının mülkiyyət hüquqları tanınmışdır. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh Yəhya qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Vahid Sadıqov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar