Məhkəmə qərarları › İş №2(103)-779/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-779/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-779/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(001)- 1193/2015 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Azərbaycan Respublikasının Müdafiə Nazirinin Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 9 yanvar 2013-cü il tarixli, 17/2 saylı məktubu ilə Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Biləcəri -1” hərbi şəhərciyinin ərazisində yerləşən 2,0 ha, 1,3 ha, 0,26 ha və “Biləcəri - 7” hərbi şəhərciyinin ərazisində yerləşən 1,6 ha torpaq sahələrinin istifadəsiz qaldığı, orada yerləşən qeyri - yaşayış binalarının istismara yararsız olduğu və onların bərpasının iqtisadi cəhətdən səmərəsizliyi, hərbi məqsədlər üçün istifadəsinin perspektivsizliyi nəzərə alınaraq, gələcəkdə onlardan daha səmərəli istifadə edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbir görülməsi xahiş edilmişdir.

2. İş materiallarında olan 19 mart 2013-cü il tarixli, 4827 №-li icarəyə verilmiş əmlakın alqı - satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1057,3 kv.m əmlak kompleksi 148020 manata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh3 satılmışdır.

3. İş materiallarında olan 3 iyun 2013-cü il tarixli, 4341 №-li özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı - satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanındakı 1057,3 kv.m əmlak kompleksinin istifadəsində olan 20000 kv.m. torpaq şahəsi 192000 manata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh3 satılmışdır.

4. İş materiallarında olan 8 iyul 2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 1057,3 kv.m. əmlak kompleksi və yerləşdiyi 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı iddia qaldıraraq, Müdafiə Nazirliyinə məxsus və qanunsuz olaraq vətəndaş Cavabdeh3 satılmış torpaq və qeyri-yaşayış sahələrinin mülkiyyətə verilməsi barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, RX 0212242, RX ******* və RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin sahələrdən cavabdehlərin çıxarılması və Müdafiə Nazirliyinə qaytarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələblərini belə əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır. Həmin qeyri - yaşayış sahəsi və torpaq sahəsinin hüdudları Bakı şəhər X6 İcraiyyə Komitəsinin 22 may 1950-ci il tarixli, 32 №-li qərarı ilə müəyyən edilmişdir. Buna baxmayaraq qeyd olunan sahələr Cavabdeh3 satılmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23, 46-cı maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6, 31-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Resupblikasının Prezidentinin “Dövlət Əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci il tarixli, 586 saylı fərmanına uyğun olaraq dövlətə məxsus daşınmaz əmlakın, o cümlədən Müdafiə Nazirliyinin tabeliyindəki müəssisələr tərəfindən istifadə olunmayan daşınmaz əmlakın səmərəli istifadə edilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində tədbirlər həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən komitəyə ünvanlanmış məktublar da nəzərə alınmış və hal - hazırkı mülki iş üzrə mübahisə predmeti olan sahələr özəlləşdirilərək satılmışdır.

8. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi də iddianı qəbul etməyərək bildirmişdir ki, idarəyə alqı-satqı müqavilələri təqdim olunduqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(001)- 1193/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən sahəsi 1057.3 kv.m olan əmlak kompleksinə dair bağlanmış 19 mart 2013cü il tarixli, 4827 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi, 3 iyun 2013cü il tarixli, 4341 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi 2 ha torpaq sahəsinə dair alqı - satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilələr əsasında Daşınmaz əmlakın dövlət reyestrində aparılmış 8 iyul 2013-cü il tarixli, ********** nömrəli qeyd və RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir.

10. Məhkəmə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23, 46-cı maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6, 31-ci maddələrinə və işin müəyyən olunmuş faktiki hallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin məktubu isə qanundan üstün hüquqi qüvvəyə malik deyildir və hal-hazırki mülki iş üzrə mübahisə predmeti olan əqdlərin bağlanması üçün əsas hesab oluna bilməzdi. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, 19 mart 2013-cü il tarixli, 4827 №-li icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi və 3 iyun 2013-cü il tarixli, 4341 №-li özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə bağlanmışdır.

11. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli daşınmaz əşyalar Müdafiə Nazirliyinin xx.xx.2013-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Sözügedən torpaq sahəsi hər hansı hərbi hissənin və qoşunların operativ istifadəsində olmamışdır. Özəlləşdirmə haqqında qanunvericiliyə əsasən həmin əmlakın özəlləşdirilməsi qadağan deyildi, iddiaçı bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə isə hüquq normalarının tətbiqində səhvə yol verərək, işin hallarını hərtərəfli və obyektiv araşdırmadan yalnış qənaətə gəlmişdir. Məhkəmənin yol verdiyi digər kobud qanun pozuntusu ondan ibarətdir ki, özəlləşmə ilə bağlı inzibati orqanın hərəkətləri, o cümlədən sözügedən inzibati akt İnzibatiiqtisadi məhkəmədə mübahisələndirilmədən onun nəticəsi kimi baş vermiş sonrakı hüquqi nəticələr (alqı-satqı və s.) mübahisələndirilə bilməzdi. b) Apelyasiya instansiya məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2015-ci il 15 iyul tarixli, 2(103)- 3391/2015 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

15. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. c) Kassasiya instansiya məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli 2(102)-109/2016 saylı qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Kassasiya məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

18. Cavabdeh3 şikayətlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin mülki kollegiyasının 2016-cı il 14 yanvar tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı və mövqeyi

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 iyul tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2016-cı il 14 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

20. Qərara əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 2.1-ci maddələrində göstərilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir ki, əsas məqsədi də iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

21. Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarında qeyd olunduğu kimi, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.

22. Konstitusiya Məhkəməsinin Plenumu işin müəyyən edilmiş hallarına və məhkəmələrin mövqelərinə istinad edərək göstərmişdir ki, məhkəmələr mübahisəli əmlakın hərbi hissələrin, daxili və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmamasını araşdırmamış, onun hərbi hissələrin istifadəsində olan əmlak olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu nəticəsinə gəlmişlər.

23. Bununla əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanoqjş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsaslarını sadalamış, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrində çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunmasını vurğulamışdır.

24. Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə “lazımi idarəetmə" prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler İtaliyaya qarşı iş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşı iş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşı iş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar).

25. “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140)

26. Lakin hazırkı iş üzrə alqı-satqı müqavilələrinin qanunvericilikdə göstərilən məcburi (imperativ) normalarının tələblərinə uyğun olmamasına dair dəlillərinin olmadığı halda, məhkəmələr müqavilələri etibarsız hesab etmiş, Cavabdeh3 əmlaklar üzərində mülkiyyət hüququna müəyyən müddətdən sonra xitam verilmiş, nəticədə onun qeyd edilən dövlət orqanlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpağın vicdanlı şəkildə əldə etməsini nəzərə almamışlar.

27. Ali Məhkəmənin mülki kollegiyası isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrinin İ hissələrində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mövqeyi

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 14 yanvar 2016-cı il tarixli 2(102)-109/2016 saylı qərarını və onunla əlaqədar Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 15 iyul 2015-ci il tarixli 2(103)-3391/2015 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərarını onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələrmübahisəli əmlakın Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olub-olmamasını araşdırmamış, eyni zamanda cavabdehin vicdanlı əldə edən şəxs olmasına hüquqi qiymət verməmiş, həmçinin mübahisəli əmlakın özəlləşdirmə çərçivəsində cavabdehin mülkiyyətinə verildiyi nəzərə alındıqda, özəlləşdirmə barədə inzibati akt hüquqi qüvvədə olduğu təqdirdə onun əsasında bağlanmış müqavilənin etibarsız sayılması tələbinə mövcud qanunvericiliyə uyğun şəkildə qiymət verməmişdir. Bu səbəbdən də işə yenidən baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında və bu Qərarda istifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla, qanuni və əsaslı qərar qəbul edilməlidir.

Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Proses iştirakçılarının izahatı:

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

30. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Hazırki apelyasiya baxışının hədləri:

31. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, qətnamə tam yoxlanilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

33. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

34. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

37. Maddə 23. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerlışdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

38. Maddə 46. Dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, habelə dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.

40. Maddə 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 431-1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.

47. Maddə 431-1.2.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsasdır.

48. Maddə 431-4.2.1. Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər) Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında qeyd edilən hüquqi mövqeyi müzakirə edərək hesab edir ki, Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(001)-1193/2015 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməklə, həmin qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

50. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23, 46-cı maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6, 31-ci maddələrinə və işin müəyyən olunmuş faktiki hallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin məktubu isə qanundan üstün hüquqi qüvvəyə malik deyildir və hal-hazırkı mülki iş üzrə mübahisə predmeti olan əqdlərin bağlanması üçün əsas hesab oluna bilməzdi. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, 19 mart 2013-cü il tarixli, 4827 №-li icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi və 3 iyun 2013-cü il tarixli, 4341 №-li özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə bağlanmışdır.

51. Apelyator şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əşyalar Müdafiə Nazirliyinin xx.xx.2013-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Sözügedən torpaq sahəsi hər hansı hərbi hissənin və qoşunların operativ istifadəsində olmamışdır. Özəlləşdirmə haqqında qanunvericiliyə əsasən həmin əmlakın özəlləşdirilməsi qadağan deyildi, iddiaçı bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə isə hüquq normalarının tətbiqində səhvə yol verərək, işin hallarını hərtərəfli və obyektiv araşdırmadan yanlış qənaətə gəlmişdir. Məhkəmənin yol verdiyi digər kobud qanun pozuntusu ondan ibarətdir ki, özəlləşmə ilə bağlı inzibati orqanın hərəkətləri, o cümlədən sözügedən inzibati akt İnzibati-iqtisadi məhkəmədə mübahisələndirilmədən onun nəticəsi kimi baş vermiş sonrakı hüquqi nəticələr (alqısatqı və s.) mübahisələndirilə bilməzdi.

52. Məhkəmə kollegiyası apelyasiya şikayətinini dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.

53. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbi apelyator olan cavabdehin mülkiyyətdən məhrum edilməsinə yönəldiyindən, bu məhrumetmənin qanuni olub-olmaması qiymətləndirilməlidir.

54. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.

55. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri).

56. Azərbaycan Respublikası Torpaq Məcəllləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

57. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır (Torpaq Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsi, 4-cü maddəsinin 1-ci hissəsi, 5-ci maddəsinin 1 və 2-ci hissələri, 49-cu maddəsinin 2-ci hissəsi).

58. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ yalnız o şərtlə məhdudlaşdırıla bilər ki, belə məhdudlaşdırma həqiqətən cəmiyyətin ümumi rifahı və maraqları naminə edilmiş olsun, habelə qeyri-mütənasib və əsassız xarakter daşımaqla ayrılmaz insan hüquq və azalıqlarının pozulmasına gətirib çıxarmasın.

59. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

60. Həmin müddəanın davamı olaraq Mülki Məcəllənin 6.3-cü maddəsində müəyyən edilmişdir ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

61. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

62. Torpaq Məcəlləsinin 46-cı maddəsininin 1 və 2-ci hissələrinə görə, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

63. Həmin Məcəllənin 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

64. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 2.1-ci maddələrində göstərilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir ki, əsas məqsədi də iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

65. Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarında qeyd olunduğu kimi, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.

66. Həmin Qanunun 31.1.1-ci maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi qeyd edilmişdir.

67. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, Müdafiə Naziri 9 yanvar 2013-cü il tarixli məktub ilə Müdafiə Nazirliyinin balansında olan mübahisəli ərazidə yerləşən torpaq sahələrinin istifadəsiz qaldığı, orada yerləşən qeyri-yaşayış binalarının istismara yararsız olduğu və onların bərpasının iqtisadi cəhətdən səmərəsizliyi, hərbi məqsədlər üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, gələcəkdə onlardan daha səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

68. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli əmlaklar Cavabdeh3 icarəyə verilmiş, həmin əmlaklar 19 mart və 3 iyun 2013-cü il tarixli alğısatqı müqavilələrinə əsasən ona satılmış, 8 iyul 2013-cü il tarixli çıxarış üzrə həmin əmlaklar xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmışdır.

69. Birinci instansiya məhkəməsi öz qətnaməsində Torpaq Məcəlləsinin 23-cü maddəsinin 1-ci hissəsinə və 46-cı maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.5-ci bəndinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6.2, 6.2.4, 31.1 və 31.1.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mübahisəli müəssisə və onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlak olduğundan və özəlləşdirilməsi qadağan olunan əmlak növlərinə aid edildiyindən, mübahisəli əmlak barəsində alğı-satqı müqavilələri etibarsız hesab edilməli, cavabdehin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış ləğv olunmalıdır.

70. Müdafiə Nazirliyinin yuxarıda qeyd olunan məktubu ilə bağlı birinci instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin məktub qanundan üstün qüvvəyə malik deyildir və hazırkı mülki iş üzrə mübahisə predmeti olan əqdlərin bağlanması üçün əsas hesab edilə bilməz.

71. Lakin birinci instansiya məhkəməsi mübahisəli əmlakın hərbi hissələrin, daxili və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmamasını araşdırmamış, onun hərbi hissələrin istifadəsində olan əmlak olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu nəticəsinə gəlmişdir.

72. Hazırki apelyasiya icraatında araşdırma zamanı mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış sahəsinin Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrinin istifadəsində və ya operativ idarəçiliyində olması, habelə Müdafiə Nazirliyinin operativ idarəçiliyi üçün nəzərdə tutulması müəyyən olunmamış, həmçinin bu barədə iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda mübahisəyə baxan birinci instansiya məhkəməsi həmin əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, iddianın təmin olunması barədə nəticəyə gələrək, həmin əmlakların istifadəyə yararsız olması və səmərəli istifadə edilməsi barədə Müdafiə Nazirliyi tərəfindən həmin əmlakların Əmlak Komitəsi tərəfindən balansa götürülməsi barədə Müdafiə Nazirliyinin müvafiq məktubuna düzgün qiymət verməmiş, apelyator olan cavabdehin mübahisələndirilən əmlakların qanunvericiliyin tələblərinə uyğun əldə etməsinə lazımi hüquqi qiymət vermədən, mülkiyyətçinin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən qənaətə gəlməklə, işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

73. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, mübahisəli əmlaklar müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında apelyator olan cavabdehə icarəyə verilsə də, sonradan alqı-satqı edilsə də, iddiaçı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanının qərarları mübahisələndirilməmişdir. Belə olan halda inzibati orqanın mübahisələndirilən əmlakların icarəyə verilməsi, alqı-satqısı özəlləşdirilməsi barədə aktı mübahisələndirilmədən həmin aktların nəticəsində bağlanmış əqdlər mübahisələndirilə bilməzdi. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamışdır.

74. Bununla əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsaslarını sadalamış, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunmasını vurğulamışdır.

75. Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə “lazımi idarəetmə” prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler İtaliyaya qarşı iş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşı iş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşı iş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar).

76. “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140)..

77. Lakin hazırkı iş üzrə alğı-satqı müqavilələrinin qanunvericilikdə göstərilən məcburi (imperativ) normalarının tələblərinə uyğun olmamasına dair dəlillər olmadığı halda, birinci instansiya məhkəməsi müqavilələri etibarsız hesab etmiş, Cavabdeh3 əmlaklar üzərində mülkiyyət hüququna müəyyən müddətdən sonra xitam verilmiş, nəticədə onun qeyd edilən dövlət orqanlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpağın vicdanlı şəkildə əldə etməsini nəzərə almamışlar.

78. Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

79. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci intsansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(001)-1193/2015 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar