Məhkəmə qərarları › İş №e-2(011)-500/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-500/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-500/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə” dair (Maraqlı şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6338/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki: 1.1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 1 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndindən müəyyən olunmuşdur ki, Bakı ŞİH-nin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən cavabdeh Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına inşa olunur. Buna əssən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m. təşkil edən mağazanı kooperativ payçıya (müqavilənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmd və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunmuşdur ki, təhvil veriləcək ümumi sahənin ölçüsü 500 kv.m. hər kv.m.-in dəyəri 500 manat olmaqla, ümumi dəyəri 250000 manat təşkil etmişdir. 1.2. Həmçinin, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 2 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndindən müəyyən olunmuşdur ki, Bakı ŞİHnin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən cavabdeh Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına inşa olunur. Buna əssən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m. təşkil edən mağazanı kooperativ payçıya (müqavilənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmd və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunmuşdur ki, təhvil veriləcək ümumi sahənin ölçüsü 500 kv.m. hər kv.m.-in dəyəri 1000 manat olmaqla, ümumi dəyəri 500000 manat təşkil etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6338/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 1 saylı müqavilənin 3.2-ci bəndinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında cavabdehin inşa edilən yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi - mağazanın, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 2 saylı müqavilənin 3.2-ci bəndinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında cavabdehin inşa edilən yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m. təşkil edən qeyriyaşayış sahəsi – mağazanın iddiaçıya təhvil verilməsi qət edilmişdir.

3. Həmçinin, işə əlavə edilmiş xx.xx.2009-cu il tarixli Maliyyə arayışlarında da (surətləri işə əlavə edilmişdir) qeyd edilmişdir ki, Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yaşayış binasının A girişinin 3-cü mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin (mağazanın) iddiaçıya məxsus olması, mağazaların girov olaraq verilməsi, hər birinin sahəsi ayrılıqda 500 kv.m. olan həmin mağazalrın hər birinin müvafiq olaraq 250000 manat və 500000 manat olan dəyərlərinin ödənilməsi qeyd edilmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6338/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən icra olunarkən müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixli, 1 və 2 saylı müqavilələr üzrə iddiaçıya verilməli olan qeyr-yaşayış sahələri ümumilikdə 1000 kv.m. deyil, 832 kv.m.-dir. Sözü gedən qətnamə üzrə ümumilikdə 832 kv.m. qeyr-yaşayış sahəsi iddiaçıya təhvil verilərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.

4. Bundan sonra, iddiaçı ilə Maraqlı şəxs MMC arasında xx.xx.2018-ci il tarixdə nömrəsiz müqavilə bağlanmış və həmin müqavilə Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Maraqlı şəxs MMC tərəfindən Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə tikiləcək yüksək mərtəbəli yaşayış binasının tikintisi laiyələndirilmişdir. Həmin tikinti işləri Maraqlı şəxs MMC-nin üzvlərinin (payçılarının) imkanları hesabına həyata keçirilir. Buna əssən Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi 125 kv.m. təşkil edən yaşayış sahəsini “Kooperativ” “Paçı”ya (müqavilənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmd və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə görə təhvil veriləcək ümumi sahənin ölçüsü 125 kv.m. təşkil edir, qiyməti tərəflərin razılığı ilə 1 kv.m. 1200 manat olmaqla, ümumi dəyəri 150000 manat müəyyən edilir.

5. Bundan sonra, iddiaçı "xxxx" MMC-yə qarşı idda ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilmiş binanın 6cı mərtəbəsində, sahəsi 125 kv.m. təşkil edən yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə və xx.xx.2018-ci il tarixli müqaciləyə əsasən icra edilməmiş öhdəliklərinə görə 168 kv.m. qeyri-yaşayış və 125 kv.m. yaşayış sahəsinin hazırkı real qiymətlərinə əsasən 402000 manat pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qətaməsi ilə Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx/xx/2009-cu il tarixli 1 saylı müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında Cavabdeh MTK-nın inşa etdiyi yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, eyni zamanda Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarihli 2 saylı müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında Cavabdeh MTK-nın inşa etdiyi yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin, ümumilikdə 1000 kv.m sahənin İddiaçı təhvil verlməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddia ərizəsinə əlavə edilən icra sənədi üzrə icraata xitam verilməsi barədə 27 mart 2017-ci il tarixli qərardan göründüyü kimi 18 yanvar 2017-ci il tarixdə icra vərəqəsində göstərilən 1000 kv.m qeyri-yaşayış sahəsinin 832 kv.m olduğu müəyyən edilmiş və bu barədə akt tərtib edilərək icra hərəkətlərinin həyata keçirilməsində iştirak edən şəxslərin iştirakı ilə həmin qeyri-yaşayış sahəsi tələbkar şəxs İddiaçı təhvil verilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6338 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra işi üzrə icraata xitam verilmiştir. Göstərilən 832 m2 sahədən 200 m2 qeyri-yaşayış sahəsi İddiaçı, “X7” MTK-nın (icraçısı və təmsilçisi Maraqlı şəxs MMC) və Aqil Qəribov arasında bağlanmış 3 tərəfli müqaviləyə əsasən Aqil Qəribova satılmışdır. Həmin müqavilənin 1.1 bəndinə əsasən “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən “X7” MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binada “X7” MTK tərəfindən İddiaçı məxsus olan xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 və A2 blokları arasında tikilmiş 4 mərtəbəli binanın 3cü mərtəbəsində 500 m2 qeyri yaşayış sahəsinin bir hissəsini, yəni 200 m2 qeyri-yaşayış sahəsini X1 görə həmin sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə İddiaçı ödədikdən sonra həmin sahənin “Payçı” X3 adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.” Həmin müqavilənin 3.2 bəndinə əsasən İddiaçı tərəfindən satılan sahənin dəyəri 285000.0 manat müəyyən edilmiş və tamamilə ona ödənilmişdir. Aqil Qəribovun atası mərhum Güləhməd Qəribovun xx.xx.2010-cu il tarixli müqavilə əsasında “X7” MTK-dan aldığı “A1 blokunun” 3-cü mərtəbəsində 125 m2 sahə Aqil Qəribov tərəfindən alınmış 200 m2 sahə ilə bitişik sahəyə dəyişdirilmiş, bunun əvəzinə “X7” MTK xx.xx.2018-ci il tarixli müqavilə əsasında öhdəsinə götürmüşdür ki, eyni ünvanda MTK-nın tikəcəyi “D blokunda” 6-cı mərtəbədə 125 m2 sahə İddiaçı tikilərək təhvil veriləcəkdir. “X7” MTK-nın həmin öhdəliklərini yerinə yetirmədiyi üçün əşyanın naturada tələb edilməsi barədə İddiaçı məhkəmədə qaldırdığı iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7124/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mümkünsüzlük səbəbi ilə rədd edilmiş, qətnamədən görünür ki, “X7” MTKya Bakı şəhəri Xocalı prospekti 32 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ləğv edildiyindən D blokunun tikintisi, eləcə də həmin blokda iddiaçya 125 m2 sahə verilməsi mümkün deyildir. Belə olan halda cavabdeh öhdəliklərini natural qaydada yerinə yetirə bilmədiyi üçün bunun hazırkı bazar qiymətləri əsasında dəyərini ödəməlidir. Bundan başqa dəyəri tam şəkildə ödənildiyi halda iddiaçıya 1000 kv.m qeyri- yaşayış sahəsinin əvəzinə 832 kv.m sahə verilməsi və əvəz edilə biləcək başqa sahə qalmaması səbəbindən qalıq 168 m2 sahə də pul tələbi ilə əvəz edilməli, hazırkı bazar qiymətləri əsasında dəyəri cavabdeh tərəfindən ödəməlidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdehin nümayəndəsi etorazını yazılı şəkildə məhkəməyə təqdim etməmiş, lakin xx.xx.2025-ci il tarixdə iddianın qismən etirafı barədə ərizə təqdim edərək iddiaçıya olan 340000 manat borcunun olmasını təsdiq etmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasları barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gələməməyinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiyindən Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

16. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

28. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

33. Məhkəmə tərəflərin izahatlarını dinləyiv iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən (cavabdehin iddianı etiraf etdiyi hissədə) əsaslıdır.

34. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

35. İddiaçının iddia tələbi cavabdehin müqavilə öhdəliyini yetirmədiyinə və həmin öhdəliyin icrasının mümkünsüzlüyünə görə ona dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Bu baxımdan iddiaçının iddia tələbini iki hissəyə ayrımaq olar. Birincisi, xx.xx.2009-cu il tarixli 1 və 2 saylı müqavilələr üzrə icra edilməyən öhdəlik üzrə 168 kv.m. qeyri-yaşayış sahəsinə görə, ikincisi, xx.xx.2018-ci il tarixli müqavilə üzrə icrası mümkün olmayan 125 kv.m. yaşayış sahəsinin verilməməsinə görə, ümumilkdə 402000 manat pul tələbi.

36. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi (direktoru) Hikmət Yiğitdöl məhkəməyə iddianın qismən etirafı barədə ərizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixli Maliyyə arayışına əsasən Cavabdeh MTK-nın İddiaçı tam borcu 400000 ABŞ dolları qeydə alınmışdır, lakin xx.xx.2014-cü il tarixində borcun 50%-ni ödəyərək ödəyəcəkləri məbləğ 200000 ABŞ dolları (bu günkü məzənnəyə görə 340000 manat) qaldı və yaxyd xx.xx.2019-cu il tarixli Audit rəyinin 17-ci səhifəsində qeyd olunan 3-cü mərtəbədə yerləşən255 kv.m. sahəli qeyri-yaşayış obyektinin əvəzində təhvil verməyi öhdələrinə götürmüşlər. Hal-hazırda İddiaçı tələbi olan 168 kv.m. 125 kv.m. sahəli obyektlərin verilməsi heç bir şəkildə mümkün deyil, lakin tələb edəcəyi 340000 manat borclarını təsdiq edirlər. Və bundan sonra şirkətlərinin müvafiq şəxsə borcu yoxdur.

37. Göründüyü kimi, cavabdehin nümayəndəsi (direktoru) iddianı qismən qəbul etdiyindən məhkəmə həmin hissədə əlavə araşdırmaya ehtiyac olmadığı qənaətinə gəlir. Belə ki, cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu halda məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi qəbul edilə bilr. MPMnin 220.4-cü maddəsində də göstərilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

38. Məhkəmə əlavə olaraq qeyd edir ki, müşavirəyə çıxdıqdan sonra iddiaçının nümayəndəsi də cavabdeh tərəfin iddianın qismən etirafı barədə ərizə ilə razılaşaraq iddia tələbinin həcmini azaldaraq 340000 manat pulun cavabdehdən tutulmasını tələb etsə də, qanunla müəyyən edilmiş müddət ərzində verilməməsi səbəbindən məhkəmə iddiaçının həmin ərizəsini qəbul etmir. Lakin məhkəmə iddiaçının bu mövqeyini cavabdehin etirafı ilə razılaşması kimi qəbul edərək, bir daha iddianın həmin hissəsinin daha ətraflı araşdırılmasına lüzum olmadığı qənaətində qalır.

39. İddia tələbinin ikinci, yəni 125 kv.m. yaşayış sahəsinin verilməsinə görə pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin sahəyə görə cavabdehdən pul tələb etməyə haqlı deyil.

40. Mülki Məcəllənin 385-ci maddəsində öhdəliyin yaranması əsasları və dairəsi müəyyən edilmişdir. Həmin müddəadan irəli gələn mənaya görə öhdəliyin yaranması üçün onun iştirakçıları (tərəfləri) arasında ilk növbədə müəyyən hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.

41. Öhdəliklərin ən geniş yayılmış forması müqavilədən irəli glən öhdəliklərdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarında müqaviləyə verilən anlayışdan da görünür, müqavilə iki və ya bir neçə şəxsin özlərinin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada azad iradə seçimləri ilə uzlaşan razılaşmasıdır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə dayanır və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu, şərtlərini, habelə görmək istədiyi (arzuladığı) hüquqi nəticəni sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). İradə ifadəsi əqli dərketməyə dayanmalı və müqavilə tərəflərinin görmək istədiyi (arzuladığı) hüquqi nəticə ilə üst-üstə düşməlidir (uzlaşmalıdır). Əks halda iradə ifadəsi ya ümumiyyətlə olmayacaq, ya da natamam (zədələnmiş) olacaqdır.

42. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 125 kv.m. təşkil edən yaşayış sahəsinin verilməməsinə görə pulu xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tələb edir. həmin müqavilə isə Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilmiş binanın 6-cı mərtəbəsində, sahəsi 125 kv.m. yaşayış sahəsinin verilməsi barədə iddiaçı ilə üçüncü şəxs Maraqlı şəxs MMC ilə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə bağlanmış həmin müqavilə üzrə cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş, eləcə də, həmin müqavilənin icra edilməməsi ilə bağlı cavabdehin öhdələyinin yaranacağı ilə bağlı müqavilədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bu halda iddiaçının hər hansı əsasla yaranmayan öhdəliyin pozulmasını əsas gətirərk cavabdehdən pul tələb etməsi hər hansı hüquqi əsasa dayanmır.

43. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı onunla Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin icrasının təmin edilməsi barədə əvvəllər Maraqlı şəxs MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası müqavilənin icrasının mümkünsüzlüyü əsası ilə məhkəmlər tərəfindən rədd edilsə də, hazırda həmin müqavilə üzrə yaşayış sahəsinin verilməməsinə görə pulu iddiaçıdan tələb edir. Halbuki, yuxarıda da ətraflı şərh edildiyi kimi cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə tərəf olmamış, onun hımin müqavilə ilə bağlı heç bir öhdəliyi olmamışdır.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da iddianın təmin edilməsi nisbətində tərəflər aid edilməlidir.

45. Beləliklə, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 340 000 manat pul və 630 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 62 manat dövlət rüsumu iddiaçının özünə aid edlsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar