Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7791/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının hüquq varisi X4, onun vəkili və nümayəndəsi X1, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (hüquq varisi X5) Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.11.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehdən 40.000 manat alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. İddiaçı 22.09.2021-ci il tarixdə vəfat etdiyində görə hüquq varisi – övladı X5 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquq varisi X5, onun vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Müəyyən olunur ki, ünvan 1 ünvanında 6x2 metr ölçüdə qaraj və 3x2 metr ölçüdə mətbəx tikilisi iddiaçı tərəfindən inşa edilib, 2004-cü ildə həmin tikili iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilib, cavabdeh 15 il, yəni 2004-cü ildən 2019-cu ilə kimi orada ailə üzvləri ilə birlikdə yaşayıb. Daha sonra – 2019-cu ildə tikilinin yerləşdiyi ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən, yollardan birinin yenidən qurulması barədə layihə üzrə tikinti altına düşmüş, bununla bağlı 18.04.2019-cu il tarixli müqavilə əsasında cavabdehə 86.721,80 manat pul ödənilmişdir. Kompensasiya ödənildikdən sonra iddiaçı iddia edib ki, həmin tikilini cavabdehə müvəqqəti yaşamaq üçün vermiş, tikili özünə məxsusdur, kompensasiya düzgün olmayaraq cavabdehə verilib, ona görə də cavabehdən 40.000 manat alınaraq ona verilməlidir. Tələb əsassızdır. Belə ki, həmin tikili özbaşına tikinti obyektidir və orada 15 il fasiləsiz olaraq cavabdeh yaşayıb. Tikilinin hüquqi və ya iqtisadi mənada iddiaçının əmlakı sayılması üçün əsas yoxdur. Hazırkı mübahisə tikiliyə görə “kompensasiya” adı ilə pul ödənilməsindən sonra yaranıb. Özbaşına tikinti obyektinə görə heç kimə (onu tikən şəxsə və ya orada yaşayan şəxsə) kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Kompensasiya dövlət tərəfindən tanınan hüququn, azadlığın və ya qanuni mənafenin əvəzi kimi verilən pul məbləğidir. Özbaşına tikinti obyektinə münasibətdə tanınan hüquq, azadlıq və ya qanuni mənafe yoxdur. Odur ki, ödənilən pul “kompensasiya” sayılmır, pulun geri qaytarılması məsələsi hüquqi məsələ kimi həll oluna bilər, pulun geri qaytarılmasını isə onu ödəyən şəxs tələb edə bilər. Beləliklə, Mülki Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Odur ki, həmin tikili iddiaçının əmlakı sayılmır. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tikili iddiaçının əmlakı sayılmadığına görə o, məhrum olan sayılmır. Odur ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7791/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7791/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver