Məhkəmə qərarları › İş №2(103)-7793/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7793/2020

29.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7793/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X1, cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və Heydər Əliyev adına X10na qarşı “ailə başçısının ölümü ilə bağlı ödənilməli vəsaitin indeksləşdirilərək tutulması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və Heydər Əliyev adına X10na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mərhum anası S. Nəhmətovaya xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək ödənilməli olan vəsaitin indeksləşdirilərək ona ödənilməsi, həmçinin ödədiyi dövlət rüsumunun cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası X3 1964-cü ildə “Azərneftyağ” X8 (hazırda Heydər Əliyev adına X10) işləyərkən orda baş vermiş partlayış zamanı kəllə beyin travması və propan qazının təsirindən ağır beyin travması alaraq sağlamlığını itirmiş, həmin istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə “Azərneftyağ” X10 tərəfindən T. Nəhmətova qanunvericiliyin tələblərinə uyğun olaraq ödənc təyin edilmiş və aldığı xəsarətlə bağlı ömrünün sonunadək hər ay həmin ödənci almışdır. Teyyub Nəhmətovun həyat yoldaşı X4 1998-ci ildə avtomobil qəzasında xəsarət almış və ona əvvəlcə İİ qrup, sonradan isə müddətsiz olaraq ümumi səbəbdən İ qrup əlillik təyin edilmiş, Teyyub Nəhmətov uzun sürən xəstəlikdən sonra istehsalat qəzası zamanı aldığı kəlləbeyin travmasının nəticəsində yaranmış beyin ödemi səbəbindən xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atasının İ qrup əlil olan həyat yoldaşı Səadət Nəhmətova T. Nəhmətovun öldüyü günədək onun pensiyası və zavoddan aldığı ödənc hesabına dolanacaq təminatı almış, xx.xx.2018-ci il tarixdə, yəni ərinin ölümündən 7 il sonra vəfat etmişdir. O, Teyyub Nəhmətovun və Səadət Nəhmətovanın yeganə övladı və vərəsəsidir, eyni zamanda anasının qəyyumu olmuşdur. Atasının ölümündən sonra dəfələrlə cavabdehlərə müraciət ünvanlayaraq atasının istehsalat qəzası zamanı aldığı kəllə beyin travmasının nəticəsində yaranmış beyin ödemi səbəbindən ölməsi ilə əlaqədar atasına ödənilən ödəncin ailə başçısını itirməyə görə ödənc almaq hüququ olan anasına verilməsini xahiş etmiş, lakin cavabdehlər tərəfindən bundan imtina olunmuşdur. Tibb elminə əsasən atası Teyyub Nəhmətovun ölüm səbəbi olan beyin ödemi güclü travma və zəhərlənmədən sonra toksik maddələrin toplanması və ya beynin qansız qalması ilə əlaqədar yaranan təhlükəli reaksiyadır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də göründüyü kimi atası Teyyub Nəhmətov istehsalat qəzası zamanı aldığı kəllə-beyin travması və güclü zəhərlənmə ilə əlaqədar uzun müddət müalicə almış, lakin müalicənin nəticəsi olmadığından həmin istehsalat qəzasında aldığı travma və zəhərlənmədən yaranan beyin ödemi səbəbindən vəfat etmişdir. Atası öldükdən sonra əmək qabiliyyəti olmayan və ondan dolanacaq xərci alan arvadı Səadət Nəhmətova ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi hüququna malik olmuş, lakin dəfələrlə müraciət etmələrinə baxmayaraq zərərin əvəzi ona ödənilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından "mülkiyyət” hesab olunmalıdır (latridis Yunanıstana qarşı iş üzrə xx xxxx 1999-cu il tarixli Qərar, № 31107/96, § 54). “Mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır, o tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. "Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib- verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə xx xxx 2010-cu il tarixli Qərar, № 18768/05, § 103). Göründüyü kimi, Səadət Nəhmətovanın zərərin əvəzinə ödəniləcək vəsaiti tələb etmək hüququ Mülki Məcəllənin 1121-1125-ci maddələrinə əsaslandığından "qanuni gözlənti”si olan həmin ödənclərə əmlak hüququ yaranmış, S.Nəhmətova həmin ödəncləri almadan vəfat etdiyindən onun zərərin əvəzinə ödəniləcək vəsaitə əmlak hüquqları Mülki Məcəllənin 1151.1-ci maddəsinə uyğun olaraq miras əmlaka daxil olmuş, miras tərəfindən qəbul edildiyindən, bu hüquq ona keçmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işi birtərəfli araşdırdığını, sübutlara düzgün qiymət vermədiyini, hüququn tətbiq edilməsində səhv buraxdığını irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi Teyyub Nəhmətovun bədbəxt hadisədən sonra 47 il yaşayaraq 2011-ci ildə 82 yaşında vəfat etdiyini və onun ölümü ilə bədbəxt hadisə arasında səbəbli əlaqənin olmadığını qeyd etməklə şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının atası X3 1964-cü ildə işlədiyi “Azərneftyağ” X8 (indiki Heydər Əliyev adına X10) istehsalat xəsarəti almış və buna görə ona qanunvericiliyin tələblərinə uyğun olaraq ödənc təyin edilmiş, ömrünün sonunadək həmin ödənc məbləği ona ödənilmiş, xx.xx.2011-ci il tarixdə o, beyin ödəmindən 82 yaşında vəfat etmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, iddiaçının anası Səadət Nəhmətova 1998-ci ildə avtomobil qəzasında xəsarət almış və ona əvvəlcə İİ qrup, sonradan isə müddətsiz olaraq ümumi səbəbdən İ qrup əlillik təyin edilmiş, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atasının ölümünün onun 1964-cü ildə aldığı istehsalat xəsarəti ilə bağlı olduğunu və buna görə də atasına ödənilən ödəncin ailə başçısını itirməyə görə ödənc almaq hüququ olan anasına ödənilməli olduğunu, lakin ödənilmədiyini irəli sürərək hazırkı iddia tələbləri ilə çıxış etmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 3 nömrəli qərarının 3.1-ci bəndində təsbit edilmişdir ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 1121.1-ci maddəsinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Qanunvericiliyin mənasından göründüyü kimi, mərhum Teyyub Nəhmətovun həyat yoldaşına müvafiq ödənc məbləği o halda təyin oluna bilərdi ki, Teyyub Nəhmətovun ölümü ilə istehsalatda baş vermiş bədbəxt hadisə arasında səbəbli əlaqə müəyyən ediləydi; hazırkı işin hallarından isə görünür ki, Teyyub Nəhmətov istehsalat qəzasının baş verdiyi tarixdən sonra 47 il yaşamış və 82 yaşında vəfat etmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində isə Teyyub Nəhmətovun 2006-2011-ci illər ərzində tibb müəssisələrindıə müayinə və müalicələri zamanı onun ölümünə səbəb ola biləcək xəsarət, onun fəsadının müəyyən olunmadığı vurğulanmışdır. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi qənaət qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-561/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar