Məhkəmə qərarları › İş №2(103)-7795/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7795/2021

05.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7795/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azad Azərbaycan X1rşı “əmək kitabçasında qeydlərin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(009)-1256/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasına (bundan sonra, cavabdeh) qarşı “əmək kitabçasında qeydlərin edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), ona məxsus ******* nömrəli əmək kitabçasına Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında 2005-2008-ci illərdə müxbir, 2008-2009-cu illərdə aparıcı, 2009-2010-cu illərdə redaktor asissenti, 2010-2017-ci illərdə isə redaktor işləməsi barədə qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə cavabdeh kompaniyada 6 aylıq sınaq müddəti ilə işləmiş, bu müddət bitdikdən sonra isə rəsmi şəkildə işə götürülmüş və həmin vaxtdan hər ay əmək haqqı cədvəlinə imza atmaqla əmək haqqı almışdır (2005-ci ildən orada işləməsini sübut edəcək çoxsaylı şahidlər, video çəkilişlər və digər mötəbər sübutlar mövcuddur). İşlə əlaqədar əmək kitabçası təqdim edilən zaman ona məlum olmuşdur ki, əmək kitabçası 02.07.2012-ci il tarixdən doldurulmaqla, 02.07.2012-ci il tarixli əmrlə redaktor vəzifəsinə qəbul edilməsi əks olunmuşdur. Bu qeyd onun televiziyada 2005-ci ildən işləməsinin, yəni yeddi il müddətlik iş fəaliyyətinin nəzərə alınmadığını təsdiq edir. Halbuki, o, 2005-ci ildən 2017-ci ilədək həmin kompaniyada müxtəlif departamentlərdə ayrı-ayrı vəzifələrdə işləmişdir. Bunu televiziyanın keçmiş əməkdaşları və rəhbərliyi çox yaxşı bilsə də, ümumiyyətlə onun orada işləməsini təsdiq edəcək mötəbər sübutların olmasına baxmayaraq, yeddi illik iş fəaliyyəti nəzərə alınmayaraq, əmək kitabçasında işə 2012-ci ildən başlaması barədə yazılmış qeyd onun konstitusion əmək hüquqlarını kobud şəkildə pozur. Rəhbərliyə müraciət edərək, mövcud pozuntunun aradan qaldırılmasını, hüquqlarının bərpasını, yəni əmək kitabçasında onun 2005-ci ildən işləməsi barədə qeydin yazılmasını tələb etsə də, rəhbərlik müxtəlif əsassız bəhanələr gətirməklə tələbini təmin etməmişdir. Əgər həqiqətən də, ilk dəfə 2012-ci ildə işə başlamışdırsa, onda nə üçün ona 2005-ci ildən əmək haqqı verilmişdir. Qeyd olunan hallarla bağlı, yəni vergi və sosial ödənişlərlə bağlı müvafiq dövlət orqanlarına vəkili tərəfindən sorğular verilmiş və əmək haqqı verilərkən vergi və sosial ödənişlərin tutulduğu bildirilmişdir. Televiziyada işlədiyi müddət ərzində heç bir problemlə rastlaşmadığı üçün əmək kitabçasında yanlış qeydin aparılmasından, hüquqlarının pozulmasından xəbəri olmamış, işlədiyi dövrdə müvafiq qaydada əmək haqqı almış, ümumiyyətlə əmək qanunvericiliyinə uyğun olaraq işçinin bütün hüquqlarından istifadə etmişdir. Bütün bunlara baxmayaraq, onun 2005-ci ildən işləməsi faktının gizlədilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə zidd şəkildə doldurulması, onun haqqı olan iş stajının məqsədli şəkildə nəzərə alınmaması məhz işəgötürən tərəfin təqsiri üzündən baş vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(009)- 1256/2019 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianı əsassız hesab edərkən iddia tələbini təsdiq edən hər hansı mötəbər sübutun təqdim edilməməsini göstərmişdir. Halbuki, məhkəmə araşdırması aparılarkən mübahisələndirilən dövrdə iddiaçı ilə birgə çalışmış şəxslər məhkəmə iclasında şahid qismində dindirilmiş və onun 2005-ci il tarixdən 2012-ci il tarixədək ATV-nin müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi faktını təsdiq etmişlər. Lakin bu hal, eyni zamanda mübahisə üzrə bütün sənədləşmənin cavabdeh tərəfindən aparıldığına görə maddi sübutların onun tərəfindən təqdim edilməsinin imkan xaricində olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir, ona görə ki, əmək kitabçası onun ünvanına rəsmi qaydada 2019-cu ilin fevral ayında gödərilmiş və o, hüquqlarının pozulduğunu bu andan bilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)-9397/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına onun Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında 01.07.2005-ci ildən 02.07.2012-ci ilədək müxbir vəzifəsində işləməsi barədə qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(102)-14/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya insatansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103)-3459/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2316/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya insatansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı 2005-2012-ci illərdə cavabdeh təşkilatda işləsə də, həmin illər üzrə işəgötürən tərəfindən barəsində qəbul edilmiş hər hansı əmr, qərar və s. sənədlər mövcud deyildir. Lakin, iddiaçı hər ay əmək haqqı almışdır. Əmək haqqı isə iddiaçıya nağd şəkildə ödənilsə də, bu istiqamətdə də iddiaçıda hər hansı sübut mövcud deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili isə, apellyasiya şikayətinə etiraz edərək, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən dövrdə tərəflər arasında hər hansı əmək münasibətləri olmamışdır. Televiziya sahəsində bir çox şəxslər olub ki, əmək müqaviləsi bağlamadan, işgüzar adət qaydalarına uyğun xidmət göstərmişlər, hətta müəyyən çəkilişlərini təqdim etmişlər. Əgər təqdim olunmuş çəkilişlər qaneedici olurdusa, qəbul edilərək əvəzində həmin şəxslərə müəyyən qonaraqlar ödənilirdi. Bununla yanaşı, zərurət olduğu halda şəxslər ATV loqosu altında müəyyən reportajlar da həyata keçirirdilər. Lakin bütun bu hallarda həmin şəxslər əmək müqaviləsi üzrə işçilər sayılmırdı. İşdə olan Milli Televiziya və Radio Şurasının 02.09.2020-ci il tarixli məktubundan da görünür ki, 2005-2012-ci illərdə hər hansı bir müstəqil jurnalistin, əmək müqaviləsi olmadan, xidmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsi, çəkiliş aparması və akkreditasiyasız dövlət, ictimai və digər qurumlarda həmin kanal və ya kanallar üçün süjet, reportaj və ya material hazırlaması təcrübəsi mövcud olmuşdur. Belə bir süjet, reportaj və ya materialın hazırlanması jurnalist və ya müxbirin həmin televiziya və ya radio kanalının rəsmi əmək müqailəsi ilə fəaliyyət göstərən əməkdaşı olmasına dəlalət etmir. Eyni zamanda, iddiaçı həmin dövrdə sadəcə işgüzar adət münasibətlərinə uyğun olaraq, müsahibə götürmüş və s. çəkilişlər həyata keçirmişdir. Lakin bu hallar iddiaçının cavabdeh təşkilatda əmək müqaviləsi üzrə işləməsi qənaətinə gəlməyə əsas vermir. Qanunvericiliyə görə də, əmək kitabçasına qeydlər əmək müqaviləsi əsasında edilir. Buna görə də, cavabdeh tərəfindən həmin dövr üçün iddiaçının əmək kitabçasına qeydlər edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 2017-ci ildən AzTV-də işlədiyini bildirir, lakin təqdim etdikləri xidməti vəsiqədə 2020-ci ildən əmək fəlaiyyətinə başladığı görünür. Bu isə o deməkdir ki, iddiaçı hazırkı iş yerində də bir müddət əmək müqaviləsi olmadan işgüzar adət qaydalarına uyğun xidmət göstərmişdir. Odur ki, qeyd olunanlara əsasən, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən - iddiaçının adına olan ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, o, 02.07.2012-ci il tarixdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasına redaktor vəzifəsinə qəbul edilmiş və 02.02.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azad Azərbaycan Müstəqil X3 şəhər Vəkil Bürosuna ünvanladığı 02.04.2019-cu il tarixli məktubundan görünür ki, 02.07.2012-ci il tarixdə İddiaçı ilə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası arasında əmək müqaviləsi bağlanmış və 02.02.2017-ci il tarixdə həmin müqaviləyə Əmək Məcəlləsinin 68.2 «a» maddəsinə əsasən xitam verilmişdir. 2005-2017-ci il tarixlərdə onun Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında işləməsinə dair yuxarıda göstərilən məlumatlardan başqa hər hansı bir məlumat Azad Azərbaycan MTRK-nın arxivində müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Xırdalan şəhər Vəkil Bürosuna ünvanladığı **********0 saylı, 04.04.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 2005-2012-ci illər ərzində Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında işləməsi ilə bağlı, 2013-cü ilin 27 dekabr tarixinə qədər qüvvədə olan əmək qanunvericiliyində əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması müəyyən edilmədiyi üçün onun həmin dövrə aid əmək fəaliyyətləri barədə məlumatın verilməsinin mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin Xırdalan şəhər Vəkil Bürosuna ünvanladığı **********8 saylı, 06.04.2019-cu il tarixli məktubundan görünür ki, Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası adlı sığortaedən İdarənin uçot və məlumat bazasında müəyyən edilməmişdir. İşdə olan Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının məhkəmənin sorğusuna 2325 saylı, 02.05.2019-cu il tarixli cavab məktubundan görünür ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə görə, teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılır. Odur ki, sorğuda qeyd olunan tarixlərdə qeydə alınmış video materiallar hal-hazırda Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının arxivində mövcud olmadığından, həmin video materialların məhkəməyə təqdim edilməsi mümkün deyil. İşdə olan Milli Televiziya və Radio Şurasının 194/G saylı, 02.09.2020-ci il tarixli məktubundan görünür ki, 2005-2012-ci illərdə hər hansı bir müstəqil jurnalistin, əmək müqaviləsi olmadan, xidmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsi, çəkiliş aparması və akkreditasiyasız dövlət, ictimai və digər qurumlarda həmin kanal və ya kanallar üçün süjet, reportaj və ya material hazırlaması təcrübəsi mövcud olmuşdur. Belə bir süjet, reportaj və ya materialın hazırlanması jurnalist və ya müxbirin həmin televiziya və ya radio kanalının rəsmi əmək müqailəsi ilə fəaliyyət göstərən əməkdaşı olmasına dəlalət etmir. İddia tələbinin mahiyyətindən göründüyü kimi, tərəflər arasında mübahisə əmək kitabçasındakı qeydlərlə bağlı yaranmışdır. Belə ki, iddiaçı, 2005-2012-ci illər ərzində cavabdeh kompaniyanın müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işlədiyini bildirərək, əmək kitabçasında həmin illər üzrə qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, qeyd olunan dövrdə iddiaçı ilə aralarında əmək münasibətləri olmadığını, onun yalnız işgüzar adət qaydalarına uyğun olaraq xidmət göstərdiyini və iddiaçı tərəfindən iddia müddətinin ötürüldüynü bildirir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzrədən keçirib Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) tərəfər arasında mübahisəli dövrdə (2005-2012-ci illər) qüvvədə olan (27.12.2013-cü il tarixədək) aşağıdakı müddəalarını tətbiq etməyi zəruri hesab edir. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (3-cü maddənin 5-ci bəndi). Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir (6-ci maddənin “d” bəndi). Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır (7-ci maddənin 2-ci bəndi) İşçinin digər hüquqlarla yanaşı sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ və digər vəzifələrlə yanaşı əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifəsi vardır (maddə 9 və 10). İşəgötürənin, digər hüquqlarla yanaşı bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır (maddə 11). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42-ci maddənin 1-ci bəndi). Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi iscidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır (maddə 44). İşçi bu Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir (49-cu maddənin 2-ci hissəsi). İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (maddə 87.1, 87.2 və 87.3). Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2005-ci il tarixdən 2012-ci il tarixədək Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda iddia müddəti ötürülmüşdür. Cavabdehin şikayəti üzrə kassasiya instansiya məhkəməsi birinci apellyasiya icraatında iddianın təmin olunması barədə qəbul edilmiş qətnaməni ləğv edərkən 15 yanvar 2020-ci il tarixli qərarında göstərmişdir ki, ...apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. ...əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə görə tələblərinə görə, işçi ilə işəgötürən arasındakı əmək münasibətləri yalnız yazılı formada bağlanmış əmək müqaviləsi ilə yaranır və 2005-2012-ci illər arasındakı tərəflər arasında hər hansı əmək müqaviləsinin mövcud olması aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi 02.07.2012-ci il tarixində fərdi qaydada, yazılı formada bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə iddiaçı, 02.07.2012-ci il tarixində “Azad Azərbaycan” MTRK-da redaktor vəzifəsinə işə qəbul edilmiş, bu müqavilə 02.07.2012-ci il tarixindən 02.10.2012-ci il tarixinədək 3 (üç) ay müddətinə bağlanmış və iddiaçı 02.07.2012-ci il tarixdən işə başlamışdır. Həmin əmək müqaviləsi iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq da göstərilən müddət qurtardıqdan sonra həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətdə uzadılmış hesab olunmuşdur. İddiaçı əmək müqaviləsini 02.07.2012-ci ildə bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olub, onu imzalamış, 7 il ərzində onu mübahisələndirməmiş və bununla da həmin əmək müqaviləsinin qanuniliyini və əsaslılığını qəbul etmişdir. Kassasiya instansiya məhkəməsinin qeyd olunan göstərişləri nəzərə alınmaqla ikinci apellyasiya icraatında iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının şikayəti üzrə apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsini ləğv edərkən isə kassasiya instansiya məhkəməsi 24 may 2021-ci il tarixli qərarında göstərmişdir ki, ...apellyasiya məhkəməsi iddianı rədd edərkən iddiaçının öz tələbini sübuta yetirməməsinə istinad etsə də, cavabdehin də etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsinin olmasını qeyd etməmişdir. Belə ki, cavabdeh iddiaçının əmək müqaviləsi olmadan, xidmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsini bildrisə də, etirazının əsası kimi istinad etdiyi bu halları, yəni iddiaçının həmin dövrlərdə xidmət müqaviləsi və ya hər hansı müqavilə əsasında işləməsini müvafiq müqavilələri təqdim etməklə sübut edə bilməmişdir. ... Bundan başqa, tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə işçinin faktik olaraq işə başlaması həmin andan əmək müqaviləsi bağlanmış hesab olunması demək idi və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməli idi. Məhkəmə kollegiyası, birinci və ikinci kassasiya icraatlarında qəbul edilmiş qərarlarda tərəflərin sübutetmə yükü ilə bağlı əks olunmuş göstərişləri (halbuki, kassasiya instansiyası məhkəməsinin ilkin mövqeyi ilə sonrakı mövqeyi müəyyən qədər bir-birini təkzib edir) birlikdə nəzərə alaraq, həmçinin qeyd edir ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Baxılan işdən görünür ki, hazırda iddiaçı, 2005-2012-ci illər ərzində cavabdeh kompaniyanın müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işlədiyini bildirərək, əmək kitabçasında həmin illər üzrə qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, iş materiallarından həmin dövrdə tərəflər arasında yazılı əmək müqaviləsinin bağlanması faktı aşkar edilmir. Halbuki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarının həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən, işəgötürən arasındakı əmək münasibətləri yalnız yazılı formada bağlanmış əmək müqaviləsi ilə yaranır və onun əmək kitabçasında məhz əmək fəaliyyəti ilə bağlı qeydlər əks olunur. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə isə bu qaydalar tətbiq edilmir. İddiaçının təqdim etdiyi şahid ifadələri və CD diskdə əks olunmuş video yazılar isə bu halın müyyən edilməsi baxımından mötəbər və kifayətedici dəlillər hesab oluna bilməz. Əvvəla ona görə ki, şahidlər iddiaçının müxtəlif dövlərdə cavabdeh kompaniyada işləməsini bildirsələr də, bu məlumatlar ümumi olmaqla, iddianın əsaslı olmasını bilavasitə mümkün etmir. Çünki, şahidlərin verdiyi ifadələr iddiaçının cavabdeh kompaniyada məhz əmək müqaviləsi əsasında işləməsini təsdiq etməməklə, sadəcə onun cavabdeh üçün işlədiyi və bunun əmək müqaviləsi əsasında edildiyi barədə gümanlardır. Mübahisəli dövrdə tərəflər arasında iş münasibətlərin olması faktının mübahisəsiz olduğu nəzərə alındıqda isə bu ifadələrin mübahisənin həlli ilə bağlı əhəmiyyəti qalmır. Digər tərəfdən, Milli Televiziya və Radio Şurasının cavabdeh tərəfindən təqdim edilmiş 194/G saylı, 02.09.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 2005-2012ci illərdə hər hansı bir müstəqil jurnalistin, əmək müqaviləsi olmadan, xidmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsi, çəkiliş aparması və akkreditasiyasız dövlət, ictimai və digər qurumlarda həmin kanal və ya kanallar üçün süjet, reportaj və ya material hazırlaması təcrübəsi mövcud olmuşdur. Belə bir süjet, reportaj və ya materialın hazırlanması jurnalist və ya müxbirin həmin televiziya və ya radio kanalının rəsmi əmək müqailəsi ilə fəaliyyət göstərən əməkdaşı olmasına dəlalət etmir. Qeyd olunan hallar isə, iddiaçının mübahisəli dövrdə hər hansı jurnalistin əmək müqaviləsi olmadan müsahibə götürməsi, çəkiliş aparması və akkreditasiyasız dövlət, ictimai və digər qurumlarda süjet, reportaj və ya material hazırlamasının mümkün olmaması barədə dəlillərini puç etməklə, cavabdehin etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməsinə dəlalət edir. Bununla yanaşı, iddiaçının özü də qeyd edilən illərdə cavabdehlə əmək münasibətlərində olmasına dair hər hansı sübutu (məsələn, işə qəbul və ya sonradan vəzifə dəyişiklikləri barədə əmrlər, əmək məzuniyyətlərinin verilməsinə dair əmrlər, iddiaçının özü tərəfindən əmək münasibətləri çərçivəsində işəgötürənə edilmiş müraciətlər, ərizələr və s.) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş yerlərində uzun müddət ərzində (hazırki vəziyyətdə təqribən 7 il) çalışmış işçilərdə işəgötürənlə əmək münasibətləri çərçivəsində qəbul edilmiş hər hansı əmrin, qərarın və s. sənədin olmaması ağlabatan və məntiqli görünmür. Hazırki iş üzrə kassasiya instansiyası 15 yanvar 2020-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi barədə hər hansı bir sübut təqdim etməmişdir, 2005-2012-ci illər arasındakı tərəflər arasında hər hansı əmək müqaviləsinin mövcud olması aşkar edilməmişdir. Həmçinin, işdə olan müxtəlif orqanlarının (X6 Xidməti, Dövlət Sosial Müdafiə Fondu və s.) sorğulara verilmiş cavab məktublarından da tərəflər arasında mübahisələndirilən dövrlərdə əmək münavibətlərinin olması görünmür. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, ƏM-in 49-cu maddəsinin 27.12.2013cü il tarixədək qüvvədə olan 2-ci hissəsi baxımından da mübahisəli dövrdə tərəflər arasında əmək münasibətlərinin olması faktı müyyən edilmir. Belə ki, həmin maddənin tələbinə görə, əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə işçinin faktik olaraq işə başlaması həmin andan əmək müqaviləsi bağlanmış hesab olunmaqla bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir. Göründüyü kimi, hətta tərəflərin həmin vaxt əmək münasibətlərinə girməsi qəbul olunsa belə, bu münasibətlərin rəsmiləşməsi üçün ən geci üç gün müddətinə yazılı əmək müqaviləsi bağlanmış olmalı idi ki, hazırda tərəflər arasında bağlanmış belə bir müqavilə yoxdur. Eyni zamanda, cavabdehin iddiaçı tərəfindən görülmüş işləri əmək vəzifələrinin icrası kimi qəbul etməsi də müəyyən edilmir. Belə olan halda, işçi ilə sonradan belə müqavilənin bağlanmasının işəgötürənin vəzifəsi olmasının onun əleyhinə istifadə olunması isə bu işin halları baxımından qanunvericiliyə və ədalətə uyğun nəticə hesab oluna bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, əmək müqaviləsi əmək münasibətləri yaratmaq niyyəti ilə sərbəst bağlanmaqla, heç kəs buna məcbur edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, tərəflər arasında mübahisəli dövrdə (2005-2012-ci illər) əmək münasibətlərinin olması faktı müəyyən edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasında qeydlərin aparılmaması qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə kollegiyası, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə mübahisə məhz əmək münasibətləri ilə bağlı sahədə yarandığından tərəflər arasında münasibətlərin mülki-hüquqi müqavilələrdən (məsələn - podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə) irəli gəlib-gəlməməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmir. Həmçinin, həmin halların hazırki icraat çərçivəsində araşdırılması dispozitivlik prinsipinə zidd olmaqla, iddia tələbindən kənara çıxma kimi də qiymətləndirilməlidir. Bu səbəbdən də, iddiaçı cavabdehlə əmək münasibətlərindən kənar hər hansı digər münasibətlərindən irəli gələn tələb hüquqlarını özündə saxlayır. Belə ki, ƏM-in 6-cı maddəsinin «d» bəndinə əsasən də podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia özü-özlüyündə əsassızdır, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bununla yanaşı, cavabdeh, iddia müddətinin tətbiq edilməsi haqqında məhkəməyə yazılı ərizə də vermişdir. Qeyd edilməlidir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda, bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. Mülki Məcəllənin (bundan sonra, MM) 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. ƏM-in 296.2-ci və 296.4-cü maddələrinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. MM-in 375.1-ci və 375.2-ci maddələrinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Baxılan işdən mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər arasında əmək münasibətlərinə ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən 02.02.2017-ci il tarixdə xitam verilmiş, lakin iddiaçı əmək kitabçasındakı qeydlərlə razı olmadığından onu götürməkdən imtina etmişdir (iddiaçı bu barədə birinci instansiya məhkəməsində icraat zamanı 01.05.2019-cu il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir). Bundan sonra 2019-cu ilin fevral ayında cavabdeh tərəfindən əmək kitabçası ona rəsmi şəkildə göndərilmişdir. Həmçinin, hazırkı iş üzrə kassasiya instansiyası 15 yanvar 2020-ci il tarixli qərarında onu da qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə əsasən - iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi 02.07.2012-ci il tarixində fərdi qaydada, yazılı formada bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə iddiaçı, 02.07.2012ci il tarixində “Azad Azərbaycan” MTRK-da redaktor vəzifəsinə işə qəbul edilmiş, bu müqavilə 02.07.2012-ci il tarixindən 02.10.2012-ci il tarixinədək 3 (üç) ay müddətinə bağlanmış və iddiaçı 02.07.2012-ci il tarixdən işə başlamışdır. Həmin əmək müqaviləsi iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq da göstərilən müddət qurtardıqdan sonra həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətdə uzadılmış hesab olunmuşdur. İddiaçı əmək müqaviləsini 02.07.2012-ci ildə bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olub, onu imzalamış, 7 il ərzində onu mübahisələndirməmiş və bununla da həmin əmək müqaviləsinin qanuniliyini və əsaslılığını qəbul etmişdir. Məhkəmə kollegiyası, kassasiya instansiyasının mövqeyi ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, 02.07.2012-ci il tarixli əmək müqaviləsindən açıq-aşkar görünür ki, həmin müqavilə tərəflər arasında ilk dəfə bağlanmaqla, onlar arasında əmək münasibətlərinin əsasını təşkil etmiş və əvvəl bağlanmış hər hansı əmək müqaviləsinin müddətinin və ya şərtlərinin dəyişdirilməsi ilə bağlı olmamışdır. İddiaçı isə bu halla razılaşmış və keçən uzun müddət ərzində əvvəlki illərlə bağlı rəsmi əmək münasibətlərinin mövcudluğunu mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı əmək hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu vaxtdan etibarən qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azad Azərbaycan X1rşı “əmək kitabçasında qeydlərin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(009)-1256/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(009)- 1256/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar