Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7798/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X25 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil, Cavabdehin nümayəndələri X10 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)-3782/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra, ƏƏSMN) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 07.07.2020-ci il tarixli, **********3 nömrəli əmrinin ləğv edilməsi, ƏƏSMN-nin tabeliyində X6 4 saylı Ərazi Məşğulluq Mərkəzinin 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialında müvafiq vəzifəyə təyin edilməsi, işə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildən ƏƏSMN-nin Cəlilabad rayon Şöbəsinin Sosial Müdafiə Mərkəzində işə qəbul edilmiş, 26.12.2016-cı il tarixdən 07.07.2020-ci il tarixədək Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X11 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışmış və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 07.07.2020-ci il tarixli əmri ilə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində hər hansı intizam cəzası almamış və işində heç bir xətaya yol verməmiş, nazirin 30.04.2020-ci il tarixli əmri ilə ona töhmət verilməsindən məlumatı olmamışdır. Həmin əmr sektorun direktor vəzifəsini icra edən X7 işində buraxılmış nöqsanlara görə verilmişdir və əmrdə göstərilən nöqsanların onun vəzifəsinə heç bir aidiyyəti yoxdur. Onun əsas vəzifələri vəzifə təlimatında göstərilmiş, lakin şöbədə cəmi dörd nəfər işlədiklərinə və vətəndaşların müraciətləri çox olduğuna görə, o təlimatında göstərilən vəzifələri deyil, hər gün direktor vəzifəsini icra edən E.Əliyevin müəyən etdiyi vəzifələri icra etmişdir. Yəni, faktiki olaraq üç vəzifəni özünəməşğulluq və işaxtaran vətəndaşları təlimatlandırmaq; idarəyə daxil olan müraciətləri və sorğuları cavablandırmaq; şirkət tərəfindən özünəməşğulluq təlimini uğurla bitirmiş vətəndaşlara heyvanların təhvil-təslim edilməsi zamanı video çəkiliş aparmaq kimi vəzifələri yerinə yetirmiş, müraciət edən vətəndaşları boş (vakant) vəzifələrlə tanış etmiş və iş yerini işaxtaranlara təklif etmişdir. Cəlilabad rayonunun əhalisi 225.000 nəfərdən ibarətdir, onun işlədiyi müddət ərzində idarəyə təxminən 3400 nəfər müraciət etmiş və işlədiyi məşğulluq tədbirləri sektorunda cəmi 25 vakant vəzifə olmuş, lakin müdirdən başqa, onunla birlikdə 4 nəfər işləmiş, o, bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Sektorun rəhbəri E.Əliyev ondan heç vaxt izahat almamış və barəsində şikayət etməmişdir. Ölkədə baş vermiş pandemiya ilə bağlı dövlət tərəfindən 600.000 nəfərə sosial yardımın verilməsi zamanı Cəlilabad rayonu üzrə ödənişlərin həyata keçirilməsi tədbirində şəxsən iştirak etmiş, bunun üçün DSMF-nin işçiləri də işə cəlb olunmuş, həmin tədbirin həyata keçirilməsi üçün o, digər işçilərlə birlikdə 3 növbə işləmişdir. Lakin işdən çıxarılarkən Nazirlik tərəfindən onun bu xidməti nəzərə alınmamış və qiymət verilməmiş, gecə növbəsinə görə ona əlavə əmək haqqı ödənilməmiş, həmçinin, Cəlilabad rayon Məşğulluq Mərkəzinin 01.10.2019-cu il tarixli **********0 nömrəli əmri ilə ona müəyyən vəzifələr tapşırılsa da, həmin əmrin mövcudluğundan onun xəbəri olmamışdır. Lakin həmin əmrin icrasının nəticələri ona nöqsan kimi irad tutulmuşdur. Belə ki, əmrə əsasən onun doğma dayısı X13 özünəməşğulluq proqramı çərçivəsində təlim kursuna cəlb edilmişdir. Halbuki, onun dayısı həmin dövrdə artıq pensiyaya çıxmışdı və pensiyaçılar mərkəzinin özünəməşğulluq proqramına cəlb oluna bilməzdi. Dayısı onun sektorda işlədiyi müddətdən əvvəl müraciət etmiş və onun bu barədə məlumatı olmamışdır. Həmçinin, o, sektorda çalışdığı zaman 7 ay müddətində sektorun direktoru vəzifəsini icra etmişdir. Hesab edir ki, özünün yol verdiyi nöqsanlara görə deyil, Elşən Əliyevin yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Çalışdığı Cəlilabad rayon X11 məşğulluq tədbirləri sektoru 2020-ci ildə reforma nəticəsində ƏƏSMN-nin tabeliyində X6 4 saylı Ərazi Məşğulluq Mərkəzinin 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialına çevirilmiş, idarəyə yeni rəhbər təyin olunmuşdur. Bundan sonra o, Nazirliyə dəvət edilmiş və tutduğu vəzifədən azad edilməsi barədə könüllü ərizə yazması təklif edilmiş, səbəb kimi təzə rəhbərin özünə yeni işçi qrupu yığması, onunla işləmək istəmədiyi bildirilmiş, lakin o, bundan imtina etmişdir. Bu səbəbdən də, cavabdeh onu qərəzli olaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)- 3782/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsində göstərilənlərlə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq bildirimişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30.04.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə ona töhmət verilməsinə baxmayaraq, töhməti aldıqdan sonra işində hansı nöqsanları törətməsi cavabdeh tərəfindən göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(103)-7345/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli, 2(102)-2618/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya insatansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişlər ki, Həmkarlar İttifaqı Konfederasiyasının cavab məktublarından görünür ki, iddiaçı işlədiyi müddətdə Həmkarlar İttifaqı Komitəsinə üzv olmaqla işdən çıxdığı günədək üzvlük haqqını ödəmişdir. Cavabdeh tərəfin təqdim etdiyi Komitənin fəaliyyətinin yalnız Bakı şəhərini əhatə etməsi barədə sübutların bu işə aidiyyəti yoxdur. İddiaçı cavabdehin təklifini qəbul etməyərək, işdən çıxma barədə ərizə yazmaqdan imtina etdiyi üçün ona qarşı qərəzli mövqe göstərilmişdir. Odur ki, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının hər hansı həmkarlar ittifaqına üzv olmasına etiraz etmirlər. Lakin qanunun tələbi ondan ibarətdir ki, işçi işdən azad olunarkən həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının razılığı alınmalıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən həmin müəssisədə Həmkarlar İttifaqı Komitəsi olmamış, Nazirliyin Həmkarlaq İttifaqı Komitəsi isə Bakı şəhərinin ərazisində yerləşən müəssisələrin fəaliyyətinə aid edilmişdir. Suallara cavab olaraq isə bildirmişir ki, iddiaçı dəfələrlə yazılı izahat verməsi üçün dəvət olunsa da, bundan imtina edərək, çağırışların heç birinə gəlməmişdir. Barəsində tətbiq edilmiş töhmət tənbeh tədbiri barədə ona elektron qaydada məlumat verilmişdir. Lakin bununla bağlı sübut təqdim edə, eyni zamanda təqdimatlara əsasən iddiaçının konkret hansı tapşırıqları yerinə yetirməməsi barədə dəqiq məlumat verə bilmir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərdən belə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 26.12.2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X11 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. Peşə Hazırlığı və peşəyönümü məsləhətlərin təşkili sektoru tərəfindən Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış 14.02.2020-ci il tarixli təqdimatda qeyd olunmuşdur ki, Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı peşəyönümü məsləhətlərinin və peşə hazırlığı kurslarının təşkili ilə bağlı dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq, o, tapşırıqları yerinə yetirməmişdir. ƏƏSMN-nin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov 15.04.2020-ci il tarixli, **********1 nömrəli yazılı məruzə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məruzə edərək bildirmişdir ki, bir qrup Cəlilabad rayon sakini tərəfindən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən X7 qanunsuz hərəkətləri barədə Nazirliyə daxil olmuş müraciət aidiyyəti üzrə Daxili nəzarət və audit şöbəsində araşdırılmışdır. Müraciətdə 11 nəfər Cəlilabad rayon sakini Mərkəzdə özünüməşğulluq proqramına qoşulmaq məqsədi ilə qeydiyyata alındıqlarını, lakin E.Əliyevin onların növbəsini nəzərə almadan daha sonra qeydiyyata alınmış 30 nəfəri sözügedən proqrama cəlb etdiyini qeyd etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən 06.03.2020-ci il tarixli, **********3 və **********7 nömrəli əmrlərə əsasən 32 nəfər rayon sakininin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulmuşdur. Belə ki, həmin vətəndaşlardan yalnız 2 nəfərin Mərkəzdə öncədən işsiz şəxs kimi qeydiyyatının və 3 nəfərin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu, digər şəxslərin isə müvafiq maddələrin tələbləri pozularaq özünüməşğulluq proqramına cəlb olunduğu və yalnız araşdırma zamanı, yəni 19.03.2020-ci il tarixdə sonunculardan 26 nəfərin işsiz kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla yanaşı, 1 nəfərin işsiz şəxs kimi qeydiyyata alınmasının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” Altsistemində (MAS) problem yaranması səbəbindən mümkün olmaması Mərkəz tərəfindən bildirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlardan 5 nəfəri xidmət, 27 nəfəri kənd təsərrüfatı sahəsi üzrə müraciət etmişdir. Onlardan 8 nəfəri isə "Məşğulluq haqqında” Qanunun 24.9-cu maddəsinə əsasən üstünlük verilməsi nəzərdə tutulan kateqoriyadan olan (cəzaçəkmə müəssisəsindən azad olunan və əlilliyi olan) şəxslərdir. 11 nəfər şikayətçi ilə proqrama kənd təsərrüfatı sahəsi üzrə cəlb olunmuş vətəndaşların Mərkəzdə işaxtaran kimi qeydiyyata alındığı tarix üzrə aparılan müqayisə zamanı növbəliliyə riayət olunmadığı aşkarlanmışdır. X1 Mərkəzə müraciətinin özünüməşğulluq layihəsi ilə bağlı deyil, işlə təmin olunmaq məqsədilə olduğu da müəyyən edilmişdir. Mərkəzin direktoru vəzifəsini icra edən E.Əliyev izahatında xidmət sahəsi üzrə Mərkəzdə növbəlilik olmadığına görə həmin şəxslərin qeydiyyat tarixi nəzərə alınmadan cəlb olunduqlarını, kənd təsərrüfatı sahəsi üzrə isə Cəlilabad rayonunda sözügedən proqrama qoşulmaq üçün müraciət edən vətəndaşların sayının çox olması səbəbindən növbəliliyi nizamlaya bilmədiyini və seçim zamanı onların arasından çətin həyat şəraitində olanlara üstünlük verdiyini qeyd etmişdir. E.Əliyev həmçinin şikayət edən vətəndaşların da araşdırma dövründə özünüməşğulluq proqramında iştirak hüquqlarının və imkanlarının qiymətləndirilməsi məqsədi ilə ünvanlarına baxış keçirildiyini və müvafiq aktların tərtib edildiyini bildirmişdir. Təqdim edilən aktlara əsasən şikayətçilərdən 2 nəfər barədə proqrama cəlb olunmasının məqsədəmüvafiq hesab olunması ilə bağlı müsbət, digər 8 nəfər barədə isə mənfi qərar verildiyi müəyyən edilmişdir. Mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi İddiaçı, həmin sektorun böyük məsləhətçisi X16, aparıcı məsləhətçisi X9 və məsləhətçisi X17 izahatlarında özünüməşğulluq proqramı ilə bağlı müvafiq işləri həyata keçirdiklərini qeyd etmişlər. Bir sıra hallarda, o cümlədən sözügedən araşdırma zamanı Mərkəzlərdə öncədən işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar barədə məlumatların MAS-a daxil edilməsi zamanı qeydiyyat tarixi kimi cari tarixin sistemə düşməsi və müvafiq dəyişiklik etməyin mümkünsüz olması səbəbindən müraciət tarixi ilə MAS-da qeydiyyat tarixi arasında yaranan fərqlilik vətəndaşların növbəliliyinin və hüquqlarının pozulmasına şərait yaratmışdır. Odur ki, əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Mərkəzin İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X14, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X16, aparıcı məsləhətçi vəzifəsində çalışan X9 və məsləhətçi vəzifəsində çalışan X17 barədə intizam tədbirinin görülməsi üçün Nazirliyin Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinə göstəriş verilməsi xahiş olunmuşdur. Peşə Hazırlığı və peşəyönümü məsləhətlərin təşkili sektorunun baş məsləhətçisi Rəşad Əsgərli tərəfindən Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış 17.04.2020-ci il tarixli təqdimatda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 07.04.2020-ci il tarixli, 127 nömrəli Qərarına uyğun olaraq işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə köməklik göstərilməsi məqsədilə *** ** ** telefon nömrəsi qaynar xətt kimi istifadəyə verilmiş və 14.04.2020-ci il tarixdə Cəlilabad rayon sakinləri qaynar xəttə müraciət edərək, işsiz kimi qeydiyyata alınmalarına köməklik göstərilməsini xahiş etmişlər. Bununla bağlı dəfələrlə Cəlilabad rayon Məşğulluq Mərkəzinin əməkdaşı olan İddiaçı aidiyyəti tapşırıqların verilməsinə baxmayaraq tapşırıqlar icra olunmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30.04.2020-ci il tarixli, **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə yazılı şəruzədə adları sadalanan işçilərə, o cümlədən Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı töhmət verilmiş və əsas kimi ƏƏSMN-nin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov 15.04.2020-ci il tarixli, **********1 nömrəli yazılı məruzəsi göstərilmişdir. Bundan sonra, 20.05.2020-ci il tarixdə Özünüməşğulluğun və işədüzəltmə tədbirlərinin təşkilinə kömək şöbəsinin müdir müavini Fərid Həsənov tərəfindən Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış təqdimatda qeyd olunmuşdur ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15.04.2020-ci il tarixli yazılı məruzəsindəki birinci təklifə əsasən 2019-cu ildə Cəlilabad rayonu üzrə özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşların özünüməşğulluğa hazırlıq səviyyəsinin qiymətləndirilməsi zamanı proqrama cəlb edilmiş iştirakçı X8 20.02.2019-cu il tarixdə əmək pensiyası hüququ qazanmasına baxmayaraq, 07.10.2019-cu ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edildiyi aşkar edilmiş və bununla bağlı Y.Cabbarov qiymətləndirmə mərhələsindən uyğun hesab edilməyərək proqramdan kənarlaşdırılmışdır. Araşdırma aparılan zaman Y.Cabbarovun mərkəzin baş məsləhətçisi İddiaçı ilə yaxın qohumluq əlaqəsi olduğu aşkar edilmişdir. Həmin tarixdə Sənədlərlə iş sektorunun müdiri Kamil Həsənov tərəfindən Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış təqdimatda isə qeyd olunmuşdur ki, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən ESDAS nömrəsi **********7 və **********3 olan sənədlərin icrası təmin edilməmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan sənədlər icra üçün Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı tapşırılmış, lakin o, həmin sənədlərin icrasını təmin etməmişdir. ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisi M.Abbasbəyli 09.06.2020-ci il tarixli **********6 nömrəli xidməti məruzə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məruzə edərək bildirmişdir ki, 30.04.2020-ci il tarixli **********4 nömrəli əmrlə töhmət verilməsinə baxmayaraq işində dönüş yaratmadığına, həmçinin əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxartmadığına və öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək, etik davranış qaydalarına əməl etmədiyinə görə Cəlilabad rayon X11 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsi məqsədəmüvafiq hesab olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 07.07.2020-ci il tarixli, **********3 saylı əmri ilə iddiaçı öhdəsinə düşən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08.07.2020-ci il tarixdın tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış 26.12.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilmiş və əsas kimi Dövlət Məşğulluq Xidmətinin rəsi M.Abbasbəylinin 09.06.2020ci il tarixli **********6 nömrəli yazılı məruzəsi göstərilmişdir. Hazırda iddiaçı, işlədiyi müddətdə əmək vəzifələrini layiqincə yerinə yetirdiyini, barəsində töhmət verilməsindən məlumatlı olmadığını, qeyd olunalarla bağlı heç vaxt ondan izahat alınmadığını, 15.04.2020-ci il tarixli yazılı məruzədə göstərilən qüsurlara görə onun deyil, sektron müdirinin cavabdehlik daşıdığını, öz ərizəsi ilə işdən çıxmağa razı olmadığı üçün cavabdeh tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyini bildirərək, işdən azad olunması barədə əmrin ləğv olunmasını və işə bərpa olunmasını tələb edir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin hüquqi həlli ilə bağlı əmək qanunvericiliyinin aşağıdakı normalarına istina etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-in 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-in 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-nin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30.04.2020-ci il tarixli əmri ilə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə iddiaçıya töhmət verilməsinə baxmayaraq, altı ay ərzində işində dönüş yaratmadığına və öhdəsinə düşən vəzifələri təkrarən yerinə yetirmədiyinə görə 07.07.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərkən və onunla bağlanmış 26.12.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəmi sənədlərlə sübuta yetirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı yalnız cavabdeh təşkilatın birtərəfli qaydada tərtib etdiyi xidməti məruzələrə və təqdimatalara istinad etməklə, ümumi sözlərlə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək vəzifələrini pozmasını qeyd etmiş, lakin pozuntunun xarakterini və konkret olaraq nədə ifadə olunmasını ümumiyyətlə göstərməmiş, qətnaməni əsaslandırmamışdır. Ali Məhkəmə, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşmayan birinci apellyasiya icraatında iddianın təmin olunması barədə qəbul edilmiş qətnaməni ləğv edərkən, 31 may 2021-ci il tarixli qərarında göstərmişdir ki, cavabdeh apellyasiya şikayətinə etirazında Cəlilabad rayon Məşğulluq Mərkəzində həmkarlar təşkilatının mövcud olmamasını bidirmiş və dəlili kimi “Həmkarlar ittifaqı haqqında” Qanuna görə həmkarlar təşkilatının yaranması üçün azı 7 nəfər tələb edilməsi, iddiaçının işdən azad olunduğu vaxt isə Cəlilabad rayon Məşğulluq Mərkəzində 3 nəfər işçi olmasına istinad etmişdir. Nəzərə alınsa ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 3-cü maddəsinə görə ən azı 7 nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ vardır, belə olan halda cavabdeh orqanın iddiaçının işdən azad olunduğu vaxt Cəlilabad rayon Məşğulluq Mərkəzində 3 nəfər işçi olması barədə dəlilləri araşdırılmalı olan ziddiyyətli məqamlardan biridir və bu ziddiyyət aradan qaldırılmamışdır. Həmçinin 30.04.2020-ci il tarixdən sonra iddiaçı tərəfindən əmək fəaliyyətində hər hansı nöqsanların olmasının cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sübuta yetirilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə də sübutların MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirliməsi qaydasına cavab vermir. Belə ki, cavabdeh orqan etirazında iddiaçıya 30.04.2020-ci il tarixdə töhmət verilməsi, buna baxmayaraq iddiaçının işində dönüş yaratmaması, sonradan iddiaçının barəsində Dövlət Məşğulluq Xidmətinin rəisinin 09.06.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adına xidməti məruzə yazmasını və iddiaçının nöqsanları barədə təqdimat verilməsini bildirmişdir. Apellyasiya məhkəməsi isə qeyd edilən xidməti məruzənin və təqdimatı sübut kimi qiymətləndirmədən kənarda qoymuşdur. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, kassasiya instansiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq, bir daha vurğulayır ki, əmək qanunvericliyinin yuxarıda sadalanan normalarının qarşılıqlı təhlilindən belə nəticə hasil olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə ƏMin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasının yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməli və mütləq qaydada həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Baxılan işin hallarından isə göründüyü kimi, cavavdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış və cavabdeh bunu iddiaçının işlədiyi Cəlilabad rayon Məşğulluq Mərkəzində həmkarlar təşkilatının mövcud olmaması və “Həmkarlar ittifaqı haqqında” Qanuna görə həmkarlar təşkilatının yaranması üçün azı 7 nəfər tələb edilməsi, iddiaçının işdən azad olunduğu vaxt isə Mərkəzdə 3 nəfər işçinin olması ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası, aşağıda qeyd olunanlara əsasən cavabdehin bu dəlilləri ilə razılaşmır. Əvvəla ona görə ki, “Həmkarlar ittifaqı haqqında” Qanunun 3-cü maddəsinə əsasən, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Göründüyü kimi, qanununverici işçilərin öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq və ona daxil olmaq hüququnu nəzərdə tutmaqla say limitini ittifaqın yaradılması üçün zəruri şərt kimi müəyyən etmişdir. Yəni, normanın əks mənasının təfsirindən belə aydın olur ki, ittifaqın yaradılmasından sonra işçilərin sayının göstərilən limitdən aşağı düşməsi birmənalı şəkildə onun ləğvinə səbəb olmur. Həmçinin, nəzərə alınmalıdır ki, Qanunda da həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə bu əsasla xitam verilməsi ilə bağlı birbaşa göstəriş olmamaqla, xitam əsaslarının təşkilatın nizamnaməsinə əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur (maddə 8). Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi və Cəlilabad Rayon Komitəsi tərəfindən isə məsələ ilə bağlı sorğulara cavab olaraq bildirilmişdir ki, 2016-2020-ci illər ərzində Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzində ilk həmkarlar ittifaqı təşkilatı mövcud olmuşdur. Sözügedən dövr və ondan əvvəl üzvlərin sayı 8-10 nəfər arasında dəyişmişdir. Müxtəlif səbəblərdən mərkəzdə vakant iş yerləri yarandığı üçün bəzən üzvlərin saylı 7 nəfərdən az olduğu hallar da olmuşdur. Lakin belə hallar müvəqqəti olduğundan heç vaxt ilk həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə xitam verilməmişdir. 2020-ci ilin kəskin karantin rejimi dövründə (aprel-iyun ayları) bəzi işçilərin içdən çıxarılması haqqında ilk təşkilat Cəlilabad rayon Komitəsinə heç bir məlumat verməmişdir. İlk təşkilatın fəaliyyətinə xitam verilmədiyi üçün orada işçilərin sayının 5 nəfərdək müvəqqəti azalmasına baxmayaraq, üzvlük haqları tutulmağa davam etmişdir. Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzində 2020-ci ilin iyun ayında İddiaçı da daxil olmaqla 9 işçi çalışmış, direktor istisna olmaqla 8 nəfərdən ibarət həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstərmiş, İddiaçı işdən azad olunduğu tarixədək həmin təşkilatda çalışmış və hər ay əmək haqqından həmkarların hesabına üzvlük haqqı ödənilmişdir. Onun işdən çıxarılması ilə bağlı ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti və Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən 2020ci ildə hər-hansı təqdimat və ya rəsmi məktub göndərilməmiş və bu barədə ƏƏSMN-ə Komitə tərəfindən razılıq bildirilməmişdir (əsas: 08.09.2020-ci il tarixli 20 saylı arayış və 12.11.2020ci il tarxili; 23.09.2021-ci il tarixli, 392 saylı və 25.09.2021-ci il tarixli 14 saylı məktublar). Eyni zamanda, işə əlavə edilmiş Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 İttifaqı Təşkilatı hesabat seçki yığıncağının 14 fevral 2017-ci il tarixli protokolundan görünür ki, yığıncaqda fevral 2015-ci ildən mart 2017-ci ilədək olan dövr üçün Mərkəzin ilk həmkarlar ittifaqı təşkilatının fəaliyyəti, say tərkibinin müəyyən edilməsi, üzvlərinin və sədrin seçilməsi məsələləri müzakirəyə çıxarılmış və yığıncaqda Mərkəzin baş məsləhətçisi İddiaçı də çıxış etmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən (07.07.2020-ci il tarixdə) işçisi olduğu Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzində yaradılmış həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə nə faktiki, nə də qanuni əsaslarla xitam verilməmiş, ən əsası da həmin tarixədək ondan təşkilata üzvlük haqları tutulmuşdur. Belə olan halda, işəgötürənin həqiqi vəziyyətin əksinə müəyyən formal əsaslardan çıxış etməklə işçi ilə bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd olunan əsasla (ƏM-in 70ci maddəsinin “ç” bəndinə əsasən) xitam verərkən həmkarlar ittifaqı təşkilatının razılığını almaq vəzifəsinin olmadığına istinadı əsaslı sayıla bilməz. Hər bir halda, iddiaçı müvafiq əsasla işdən azad olunan dövrdə buna razılıq verilməsi üçün cavabdeh təşkilat həmkarlar ittifaqı təşkilatına müraciət etməli, sonuncunun məsələyə baxmaqda bu və digər səbəblərdən (eləcə də işçi sayının az olması səbəbindən) səlahiyyətli olmaması barədə münasibətini dəqiqləşdirməli idi. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, cavabdeh tərəfindən 07.07.2020-ci il tarixli, **********3 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin həmkarlar ittifaqı təşkilatının razılığının alınması tələb olunsa da, cavabdeh qanunvericiliyin bu tələbinə riayət etməməklə iddiaçının əmək hüquqlarını pozmuşdur. Bu hal isə özü-özlüyündə ona dəlalət edir ki, mübahisələndirilən əmr qeyd edilən əsas üzrə qanunsuzdur və ləğv edilməlidir. Çünki, ƏM-in 76-ci maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yuxarıda qeyd edilənlər iddianın əsaslı olması nəticəsinə gəlməyə yetərli olsa da, məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişlərinə uyğun olaraq aşağıdakı hallarla da bağlı araşdırma aparmağı zəruri hesab etmişdir. Belə ki, hazırkı işin halları baxımından iddiaçının işdən azad edilməsi barədə 07.07.2020-ci ilin tarixli əmrin qanuniliyi ilə bağlı tələb olunan digər şərtlər də ödənilmir. Belə ki, ƏM-in 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. ƏM-in 84-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda digər məlumatlarla yanaşı əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə, ƏM-in başdan bəri sadalanan normalarının qarşılıqlı təhlilindən belə aydın olur ki, işəgötürən bütün hallarda, xüsusilə də Məcəllənin 70-ci maddəsində müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Tərələr arasında bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə cavabdehin 07.07.2020-ci ilin tarixli əmrinin əsası kimi Dövlət Məşğulluq Xidmətinin rəsi M.Abbasbəylinin 09.06.2020-ci il tarixli, **********6 nömrəli yazılı məruzəsi göstərilmişdir. Sözügedən məruzədə barəsində 30.04.2020-ci il tarixli, **********4 nömrəli əmrlə töhmət verilməsinə baxmayaraq, iddiaçının işində dönüş yaratmadığı, öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh, mübahisələndirilən əmrinin əsası kimi işçinin ƏM-in 72-ci maddəsinin “ə” bəndində göstərilən şəkildə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) əmək vəzifələrini kobud şəkildə pozduğuna istinad etmişdir. Lakin cavabdeh mövqeyini ümumi şəkildə əsaslandırılmaqla, töhmət aldıqdan sonra iddiaçının konkret olaraq hansı pozuntulara yol verməsini əmrdə göstərməmişdir. Kollegiya vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bu maddədə sadalanan intizam tənbehlərindən birini, o cümlədən töhmət verə və ya əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Göründüyü kimi, intizam tənbehi işəgötürən tərəfindən işçi barəsində tətbiq edilən çəkindirmə təqdbiri olmaqla, məqsədinə nail olunması, yəni işçinin yol verdiyi nöqsanlardan nəticə çıxarması üçün onun bu barədə əmrlə tanış edilməsi və ya əmrin surətinin ona təqdim edilməsi lazımdır. Baxılan işdən isə bu xüsusların heç biri müəyyən edilmir. Belə olan halda, barəsində “töhmət” növündə intizam təhbehinin tətbiq edilməsindən xəbərdar olmadığı üçün iddiaçının bundan sonra əmək vəzifələrini hər hansı şəkildə pozması faktı müəyyən olunsa belə, bu onun intizam tənbehindən nəticə çıxarmaması, işində dönüş etməməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, cavabdehin istinad etdiyi təqdimatlar da bu faktın müəyyən edilməsi baxımından mötəbər və kifayətedici hesab oluna bilməz. Çünki, həmin təqdimatlardan bəziləri (14.02.2020-ci il və 17.04.2020-ci il tarxili) iddiaçıya töhmət verilməsindən əvvəlki tarixlərə aid olmaqla, orada göstərilən pozuntularla bağlı artıq intizam məsuliyyətinə cəlb olunmuşdur. Ona görə də, yenidən eyni təqdimatlara, dolayısı ilə də eyni pozuntulara istinad edərək, işçi barəsində daha bir tənbeh tədbirinin tətbiq edilməsi mümkün deyildir. İşdə olan 20.05.2020-ci il tarixli təqdimatlar isə birtərəfli qaydada tərtib olunmaqla, iddiaçı tərəfindən yol verilmiş pozuntuların konkret olaraq nədən ibarət olması, bununla bağlı hansı araşdırmalar aparıldığı, onların nəticələri aydın deyildir. Eyni zamanda, ƏM-in 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Cavabdeh iddiaçı tərəfindən əmək vəzifələrinin icrası zamanı yol verildiyini iddia etdiyi pozuntular barədə iddiaçıdan hər hansı izahat alınmamış, nümayəndəsi məhkəmə iclasında iddiaçının dəfələrə izahat vermək üçün dəvət olunduğunu, lakin onun imtina etdiyini bildirsə də, məhkəməyə bununla bağlı sübutlar təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, işdən görünür ki, iddiaçıya iki dəfə - 01.05.2020-ci il və 06.07.2020-ci il tarixlərdə növbəti gün ƏƏSMN-ə getməklə əlaqədar ezamiyyə vərəqələri verilmiş və iddiaçı işəgötürənin dəvətlərinə getmişdir. Göründüyü kimi, kassasiya instansiyasının göstərişləri araşdırıldıqdan sonra da iddianın təmin olunması nəticəsinə gəlməyə kifayət qədər əsaslar müəyyən edilmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını ümumi və formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Belə olan halda, ƏM-in 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əmr ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Həmin maddəyə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmalı, iddiaçının işdən azad olunma haqqında cavabdehin 07.07.2020-ci il tarixli, **********3 nömrəli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)-3782/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)-3782/2020 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunması barədə yeni qətnamə qəbul edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07 iyul 2020ci il tarixli, **********3 nömrəli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7798/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7798/2021
12.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver