Məhkəmə qərarları › İş №2(103)-78/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-78/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-78/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-493/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh-ya qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTK-si, 4048/49-cu məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv/m, 3 yaşayış otağından ibarət olan 56 saylı mənzilin ona təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-493/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən verilən kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin (103)- 8307/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilərək Cavabdeh-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-6607/18 saylı mülki işlə bağlı yekun məhkəmə aktı çıxarılana qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Bundan sonra işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1258/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilərək iddiaçı Cavabdeh-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı yekun məhkəmə aktı çıxarılana qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili A.Əliyev apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi, eyni zamanda hazırkı iş üzrə cavabdehin iş üzrə iddiaçıya qarşı “xx xxxxx 2010-cu il tarixli müqavilənin ləğv edilməsi” və “xx xxxxx 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair ayrı-ayrı iki iddia tələbi də təmin edilməmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədiqi: Mülki iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTK-si, 4048/49-cu məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blok, 12-ci mərtəbə, 56 saylı mənzil satılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh-nın cavabdeh İddiaçı qarşı xx xxxxx 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı Cavabdeh-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə bağlı iddiaçının kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 6607/2018 saylı qərarı ilə təmin edilməmiş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının vəsatətinə əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı Ali Məhkəmənin 2(102)-3106/2020 saylı, xx xxxx 2020-ci il tarixli Qərarı ilə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə öz Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarında qeyd etmişdir ki, “iddiaçı Cavabdeh-nın cavabdeh İddiaçı qarşı xx xxxxx 2010-cu il tarixli “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə” Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar hazırkı iş üzrə icraatın dayandırılması barədə cavabdeh vəsatət versə də, apellyasiya məhkəməsi cavabdehin həmin vəsatətini təmin etməmiş, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iş üzrə icraatı dayandırmamışdır. Kollegiya qeyd edir ki, işə yenidən apellyaisya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin (103)-8307/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilərək Cavabdeh-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-6607/18 saylı mülki işlə bağlı yekun məhkəmə aktı çıxarılana qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bundan sonra həmin iş üzrə iddiaçının kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 6607/2018 saylı qərarı ilə təmin edilməmiş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Daha sonra işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1258/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilərək iddiaçı Cavabdeh-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı yekun məhkəmə aktı çıxarılana qədər hazırkı iş üzrə icraat yenidən dayandırılmışdır. Qeyd edilən iş üzrə iddiaçının vəsatətinə əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı Ali Məhkəmənin 2(102)-3106/2020 saylı, xx xxxx 2020-ci il tarixli Qərarı ilə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Beləliklə, yuxarıda qeyd olunan məhkəmə aktlarından müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin iş üzrə iddiaçıya qarşı “xx xxxxx 2010-cu il tarixli müqavilənin ləğv edilməsi” və “xx xxxxx 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair ayrı-ayrı iki iddia tələbi təmin edilməmişdir. Kollegiya iddia tələbi ilə bağlı bildirir ki, iddiaçı mənzilə görə müəyyənləşdirilmiş pul məbləğini tam ödəmişdir. Cavabdeh mənzili iddiaçıya təhvil verməlidir və iddiaçının mənzildə təmir işləri aparmasına yaradılmış maneələri aradan qaldırmalıdır. Belə ki, müqavilə cavabdeh üçün “mənzili təhvil vermək barədə” vəzifə yaradıb. Mülki Məcəllənin 385.1-ci maddəsindən görünür ki, kreditor borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsindən görünür ki, öz hüquqlarını həyata keçirərkən və öz vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin müəyyən olunur ki, cavabdeh mənzili vermək barədə vəzifəsinin icrasından qanuni əsas olmadan imtina edir. Cavabdeh özü apellyasiya şikayətində qeyd edib ki, mənzili iddiaçıya verməmək üçün mənzilin girişinə dəmir qapı qoymuşdur. Ona görə də 1-ci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayətinin 1-ci dəlili odur ki, iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderi və ya ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin özünün verdiyi arayışı məhkəməyə təqdim edib, arayış cavabdehin direktoru tərəfindən imzalanıb və cavabdehin möhürü ilə təsdiq olunub, arayışda qeyd olunub ki, iddiaçı mənzilin dəyərini tam ödəyib. Kassa mədaxil orderi və ya ödəniş qəbzinin olmamasına görə cavabdeh məsuliyyət daşıyır, çünki iddiaçı özü üçün kassa mədaxil orderi və ya ödəniş qəbzi tərtib edə bilməz, həmin sənədləri cavabdeh tərtib etməlidir. Arayışın olması, kassa mədaxil orderinin və ya ödəniş qəbzinin isə olmaması onu təsdiq edir ki, pul ödənilib, lakin cavabdeh ödənilən pulu qəbul edərkən lazmi qaydada sənədləşmə aparmayıb. Apellyasiya şikayətinin 2-ci dəlili odur ki, 2010-cu ildə Ramin və Teymur adlı şəxslər cavabdehin direktoruna müraciət edərək həmin binadan tanışları üçün (iddiaçı üçün) mənzil almaq istədiklərini, lakin nağd pullarının olmadığı üçün mənzilin dəyərini tikinti materialı (armatur) ilə əvəz edəcəklərini bildirmişlər. Cavabdehin direktoru inanaraq mənzili dair iddiaçının adına müqavilə tərtib etmişdir. Bundan sonra Ramin və Teymur adlı şəxslər verdikləri vədə əməl etməyərək yoxa çıxmışlar. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, belə halın mövcud olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmayıb. Mənzilə dair başqa şəxslə müqavilə bağlanıb-bağlanmadığı apellyasiya icraatı zamanı araşdırılmış, belə bir halın olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Suraxanı RPİ 31-ci PB-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2017ci il tarixli qərardan görünür ki, cavabdehin icraçı direktoru təhqiqatçıya izahat verərkən bildirmişdir ki, mənzil başqa şəxsə satılmayıb. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etsə də, qətnamə tamamilə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə belə halda şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin hal apellyasiya şikayətinin əsaslarından birini təşkil etdiyindən bu əsasla qətnamənin ləğv edilməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş sayılmalıdır. Beləliklə, Kolegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(010)-493/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia təmin olunmalı, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 56 nömrəli mənzili İddiaçı təhvil verməli və İddiaçı həmin mənzildə təmir işləri aparmasına qoyulmuş maneələri aradan qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-493/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 56 nömrəli mənzili İddiaçı təhvil versin və İddiaçı həmin mənzildə təmir işləri aparmasına qoyulmuş maneələri aradan qaldırsın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar