Məhkəmə qərarları › İş №2(103)-7800/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7800/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7800/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(008)-5376/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3970,80 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin əvəzinə banka kredit borcunu ödədiyi halda, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən hesablanmış kompensasiya məbləği cavabdehə ödənilmiş, nəticədə cavabdeh əsassız olaraq varlanmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. "xxxx" ASC iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(008)- 5376/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 3970,8 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh 28 iyun 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsinə əsasən "Muğanbank“ ASC-dən 23% dərəcəsi ilə 36 ay müddətinə aldığı 14600 ABŞ dolları məbləğində kreditin Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri altına düşən 9846 ABŞ dolları hissəsi məhz İddiaçı tərəfindən banka ödənilmişdir. Belə olan təqdirdə iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ üçün dövlət tərəfindən verilən 3970,79 manat məbləğində kompensasiyanı almaqla Cavabdeh İddiaçı hesabına əsassız olaraq varlanmışdır. Məhkəmənin mövqeyinə görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının məqsədi baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsidir. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının banklara təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələri və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, cavabdehin bank tərəfindən ödənilən kompensasiyadan ilk vaxtlar xəbəri olmamış, ona keçmiş əri Rüfət İbişov zəng edib bankdan pul götürmək lazım olduğunu bildirmiş, o da banka gedərək kartı götürmüş və pulu keçmiş ərinə göndərmək üçün kartdan çıxarmışdır. X9 aliment borcu olaraq ona 1870 manat pul vermiş və qalan 2100 manatı 10 may 2019-cu il tarixində poçt vasitəsilə Rüfət İbişova göndərmişdir. Buna görə də hesab edir ki, pul ondan deyil, keçmiş əri olan Rüfət İbişovdan tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli 2(103)- 8054/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli 2(102)-2432/21 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli 2(103)-8054/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin təmin olunaraq qətnamənin ləğv olunub iddianın rədd edilməsini, iddiaçının vəkili Vəkil isə şikayətin təmin olunmamasını xahiş etdi. İddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. İş materiallarından və işin faktiki hallarından görünür ki, Cavabdeh 28 iyun 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsi əsasında "xxxx" ASC-dən illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 14600 ABŞ dolları məbləğində kredit götürüb “Mercedes Benz minik” markalı, Az ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. Lakin cavabdeh krediti ödəyə bilmədiyi üçün əvvəlcə həmin nəqliyyat vasitəsini qalan kredit məbləğini ödəmək şərtilə X6 adlı şəxsə, sonuncu isə İddiaçı satmışdır. İddiaçı qeyd edilən nəqliyyat vasitəsini aldığı zaman nəqliyyat vasitəsi girovda olmuşdur. X6 qeyd edilən nəqliyyat vasitəsi üçün satın aldığı ana qədər cavabdeh tərəfindən ödənilmiş məbləği cavabdehə ödəmişdir. Sonradan isə İddiaçı qeyd edilən nəqliyyat vasitəsini qalan kredit məbləğini ödəmək şərti ilə X1 almış və qalan kredit məbləğini tam şəkildə "Muğanbank” ASC-yə ödəmişdir. İddiaçı kreditin ödənişini tam şəkildə icra etdikdən sonra qeyd edilən nəqliyyat vasitəsini əvvəlcə xalası oğlu X4, sonra isə qardaşı X2 mülkiyyətinə keçirmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşlara kompensasiya ödənilməsi məsələsi meydana çıxanda məlum olmuşdir ki, bank tərəfindən 3970,80 manat məbləğində kompensasiya Cavabdeh ödənilmişdir. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi və prosessual hüquq normalarına istinad edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən, üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tələbinin hüquqi əsası kimi cavabdehin əsassız varlanmasına istinad etmiş, birinci instansiya məhkəməsi də Mülki Məcəllənin əsasız varlanma ilə bağlı normalarına əsasən iddianı təmin etmişdir. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qanunun normasından göründüyü kimi, əsassız varlanma o halda olur ki, varlanan şəxs məhz məhrum olanın hesabına əmlak əldə etmiş olsun. Lakin hazırkı işdə cavabdehin (varlanan şəxs kimi) iddiaçının (məhrum olanın) hesabına hansı əmlakı əldə etməsi müəyyən edilməmişdir. İşdən görünür ki, cavabdehə 3970,79 manat məbləğində kompensasiya “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC tərəfindən ödənilmişdir. Həmin Fərmanın da əsas məqsədi baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyidir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmana əsasən kompensasiya məbləğinin kredit götürən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də Fərmana uyğun olaraq kompensasiya məbləği məhz cavabdehə ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kreditin qalan məbləğinin İddiaçı tərəfindən ödənilməsinin 3970,79 manat kompensasiya məbləğinin cavabdehə verilməsində hər hansı əhəmiyyət daşımır. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin əvəzinə banka ödədiyi kredit məbləğinin geri qaytarılması üçün məhkəmədə iddia qaldıra bilər, lakin iddiaçı tərəfindən cavabdehin əvəzinə banka kredit borcunun ödənilməsi ona “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya almaq hüququ vermir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana sifarişli poçt vasitəsilə bildirişlər göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığına görə bildirişlər ona çatmamışdır. (i.v.31, 38) Lakin AZEMİS vasitəsilə cavabdehə göndərilmiş SMS bildirişlər ona çatmışdır. (i.v.42, 51) Buna görə də apellyasiya şikayətinin bu dəlilini kollegiya əsassız hesab edir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(008)-5376/2019 saylı ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat pul iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(008)- 5376/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat pul iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan cavabdehin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar