Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7800/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4269/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə ünvanlayaraq iddiaçının işin ailə münasibətləri ilə bağlı olmasına baxmayaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak ilə bağlı tələbə riayət etmədiyi və bununla bağlı heç bir sübut təqdim etmədiyini əsas gətirərək məhkəmədən İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair” iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4269/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair” iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə hazırkı mübahisə mənzil qanunvericiliyi ilə tənzimlənir. “Mediasiya haqqında” Qanunun 26.1-ci maddəsində mediasiyada həll oluna bilən ailə münasibətlərinə aid mübahisələr şərh edilmişdir. Ər-arvad arasındakı mənzil mübahisələrinə dair həmin maddədə qeyd yoxdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırki mülki mübahisə üzrə İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini xahiş edir. İddiaçı iddia ərizəsinə göstərir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuş, birgə nikahdan olan olan iki yetkinlik yaşına çatmayan övladı onun yanında saxlanılmışdır. İddiaçı iddia tələbini mənzil qanunvericiliyinə istinad etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işin ailə münasibətləri ilə bağlı olmasına baxmayaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak ilə bağlı tələbə riayət etmədiyi və bununla bağlı heç bir sübut təqdim etmədiyi əsas götürülərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda mediasiya vasitəsilə həll edilməli olan ailə münasibətlərindən irəli gələn mübahislər qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi tərəflər arasında nikah münasibətləri pozulmuşdur və hazırki iş üzrə iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahislərə aid olmadığından iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət etməsinə zərurət yaranmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4269/2022 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7800/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7800/2022
29.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver