Məhkəmə qərarları › İş №2(103)-7804/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7804/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7804/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "X4" ASC-yə qarşı borcun düzgün müəyyəm edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli, 2(006)-1203/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borc məbləğinin düzgün müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, problemli kreditlərin restrukturizasiyasına dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixdə təsdiq olunmuş qaydalarına əsasən onun kredit borc məbləğinin düzgün hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16.12.2014-cü il tarixdə "xxxx" KB ASC-nin Nərimanov filialından 4.850 ABŞ dolları kredit götürmüşdür. Müəyyən iqtisadi çətinliklər səbəbindən kredit ödənişində problemlər yaranmışdır. 15 iyul 2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən ondan 4.731 ABŞ dolları 40 sent əsas borc, 273 ABŞ dolları 55 sent faiz, 19 ABŞ dolları 59 sent cərimə olmaqla, cəmi 5.024 ABŞ dolları 54 sent və ödənilmiş 20 manat dövlət rüsumu bankın, 10 manat dövlət rüsumunun isə dövlət büdcəsi hesabına tutulması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının Qaydalarına əsasən hesablama zamanı ona hesablanmış kredit borcunun düzgün hesablanmaması məlum olur. Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixdə təsdiq olunmuş Qaydalarının 5.2.1-ci bəndində qeyd edilir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Lakin bank tərəfindən Fərmana əsasən qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, hesablanmış faiz və dəbbə pulları tam silinməmişdir. 3.726 manat 26 qəpik borcu qalmalıolduğu halda, ona 4.313 manat 60 qəpik, sonradan isə 2.483 ABŞ dolları 98 sent borc qalığı göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(006)-1203/2020 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia ərizəsi təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada, həmçinin birinci instansiya məhkəməsinin əsassız olması, işin obyektiv araşdırılmaması və s. ilə əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3210/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(006)-1203/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.05.2021-ci il tarixli, 2(102)-2163/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3210/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnaməni ləğv edən kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, bu cür iddialara baxılan zaman ilk öncə həmin iddianın məhkəmədə baxılmalı olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etməyinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi hazıkı iddianın məhkəmədə baxılmalı olub-olmamasını araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Bundan başqa qeyd edilməlidir ki, əgər araşdırma nəticəsində hazırkı iddianın məhkəmədə baxılmalı olması müəyyənləşdirilərsə bu zaman müvafiq borcun düzgün müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli və verilmiş ekspert rəyi iş üzrə digər sübutlarla birgə qiymətləndirilərək müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 iyul 2015-ci il tarixli 2(005)-3815/2015 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin İddiaçı qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 4.731 ABŞ dolları 40 sent əsas borc, 273 ABŞ dolları 55 sent faiz, 19 ABŞ dolları 59 sent cərimə olmaqla, cəmi 5.024 ABŞ dolları 54 sentin qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması, çatışmayan 10 manat dövlət rüsumunun İddiaçı dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra, İddiaçı ümumi borc məbləğinin bir hissəsini özü banka ödəmiş, problemli kreditlərə dair məlum Fərmanla bağlı "xxxx" KB ASC-dən aldığı kreditə görə ona 2.428 manat 92 qəpik kompensasiya məbləği ödənilmiş, nəticədə onun banka 24 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən 2.483 ABŞ dolları 98 sent məbləğində borcu qalmışdır. Qeyd olunan məbləğ əsas kredit borcu üzrə qalan borcdur. Hazırda iddiaçı onun kredit borc məbləğinin düzgün hesablanmasını məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçının iddia tələbi borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mülki işlər və və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş borcun məbləğinin dəqiqləşdirilməsinə dair tələbə müstəqil iddia kimi iddia icraatı qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin müstəqil iddia kimi iddia icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, aliment borcunun müəyyən edilməsi ilə bağlı icra hərəkətlərini həyata keçirən icra məmuruna müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1203/2020 saylı mülki iş üzrə qəbul etdiyi 16.01.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar