Məhkəmə qərarları › İş №2(103)-781/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-781/2025

21.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-781/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, əmrin ləğvi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3820/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı Cəmiyyətin eyni tarixli 227K saylı əmri ilə Pərakəndə satış departamentinə satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Sonradan, iddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli, 448K saylı əmri ilə Cəmiyyətin Pərakəndə satış departamentinin Anbar bölməsinə malları qəbul edən vəzifəsinə qəbul edilmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Cəmiyyətə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmiş və Cəmiyyətin xx.xx.2023-cü il tarixli, 1457K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.

3. İddiaçı sonradan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə yazdığı ərizəsinin, ƏM-nin 69-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq geri götürməsi və etibarsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixdə poçta təqdim etməklə, Cəmiyyətə ərizə göndərmişdir.

4. İddiaçı mübahisə ilə bağlı mediasiya təklifini cavabdeh Cəmiyyətə xx.xx.2023-cü il tarixdə göndərmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cəmiyyətin Sabirabad filialının müdiri Cavabdeh2 təzyiqi ilə yazdığı xx.xx.2023-cü il tarixli işdən azad olunma barədə ərizəsinin etibarsız hesab edilməsi, mənəvi zərərə görə 1000 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi, Cəmiyyətin xx.xx.2023-cü il tarixli, 1457K saylı əmrinn ləğv edilərək onun Cəmiyyətin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və 50 manat mediasiya xərcinin Cəmiyyətdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 MMC-nin Sabirabad filialında işləyərkən Cavabdeh2 iddiaçının şəxsiyyətini ləyaqətini, mənəviyyatını alçaldıb həm də onu işdən çıxma ərizəsi yazmağa məcbur etmişdir. Bununla da iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3820/24 saylı iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə etibarsız hesab edilmiş, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 1457K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 MMC-nin “Pərakəndə satış departamenti/Anbar bölməsi” bölməsinin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə yazdığı ərizəni işəgötürənin (onun rəhər işçsinin) məcbur etməsi nəticəsində yazmışdır. İddiaçının sözügedən ərizəni yazmağa məcbur edilməsi onun ƏM-nin 72-ci maddəsinin ç) bəndində nəzərdə tutulan və daha ağır nətiəcəyə səbəb ola biləcək əsasla işdən çıxarılması, yaxud barəsində polis orqanına müraciət edilməsi hədəsi ilə, ərizəni yazmağa öz təşəbbüsünün olmaması isə yuxarı rəhbərlik tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə hazır formada ərizənin “e-mail” vasitəsi ilə göndərilməsi və iddiaçıya yazdırılması ilə bağlı hərəkətlərlə olmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2023cü il tarixdə yazdığı ərizə onun iradəsini (istəyini, arzusunu) ifadə etmədiyindən onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi, çünki həmin ərizə özlüyündə etibarsız olmuşdur. 34. Bundan başqa, iddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizənin əsasları eyni zamanda da qanuna uyğun olmamışdır. Belə ki, həmin ərizənin məzmununu ƏM-nin 69-cu maddəsinin 3-bəndində göstərilən əsaslara uyğunlaşdırmağa cəhd edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizədən isə görünür ki, əmək müqaviləsinin ləğv edilməsi günü dəqiq yazsa da, səbəbləri ərizədə göstərilməmişdir. İddiaçıya əmək müqaviləsinin ləğv edilməsi barədə məcburi ərizə yazdırmaq formasında pərdələməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi iddiaçının yol verdiyi intizam xətasının (aldığı malın dəyərindən qalan 0,60 manat pulun dəhal ödənilməməsi ilə nəticələnən intizam xətasının törədilməsi) xarakterinə uyğun olmamışdır. Bu halda işəgötürən ən ağır tənbeh növünü tətbiq etməklə ƏM-nin 186-cı naddəsinin 3-cü bəndinin tələblərini pozmuşdur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış ərizə iddiaçının iradəsini əks etdirmədiyindən (etibarsız olduğundan) əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməzdi və bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, həmin ərizə əsasında verilmiş xx.xx.2023-cü il tarixli əmr qanuni olmadığından ləğv edilməli və İddiaçı Cavabdeh1 MMC-nin “Pərakəndə satış departamenti/Anbar bölməsi” bölməsinin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin digər hissəsi olan mənəvi ziyanın ödəniməsi tələbi isə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən təmin olunmamalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi, ƏM-nin 69-cu maddəsinin 1-3-cü bəndləri, 290-cı maddəsinin 3-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və tələbin təmin olunmuş hissəsində iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsi Cavabdeh2 qarşı yönəlmiş tələbi (mənəvi zərərə görə 1000 manat pul və 30 manat dövlət rüsumu) təmin etməmiş, lakin bu tələb üçün iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsinə qərar vermişdir. İddia ərizəsindən də göründüyü kimi iddiaçının Cavabdeh1 MMC-yə yönəlmiş belə bir tələbi olmamışdır. İşə baxan məhkəmə qətnamənin 30-cu hissəsində iddia tələblərinin kimə qarşı yönəldiyini aydınlaşdırsa da, sonda iddia tələbindən kənara çıxaraq onlara qarşı yönəlməyən tələb üzrə qətnamə qəbul etmişdir. Məhkəmə qanundan irəli gələn hansı müstəsna hala görə iddia tələbindən kənara çıxdığını qətnamədə göstərməmişdir. Məhkəmə qətnaməsində digər cavabdehin izahatlarına əsaslanmış, lakin şahidlərin ifadələrinə ötəri yanaşmışdır. Belə ki, iş üzrə şahid X4 ifadəsindən görünür ki, İddiaçı işdən çıxma ərizəsini öz təşəbbüsü ilə yazmışdır (qətnamənin 12-ci hissəsinin sonuncu cümləsi). Məhkəmə şəxsin işdən çıxmaqla bağlı təşəbbüsü ilə əlaqədar şahidin ifadəsini nəzərə almamışdır. Məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun deyildir. Şahidlərin ifadəsindən görünür ki, İddiaçı ilə digər Cavabdeh2 arasında mübahisə kassaya ödənilməyən 0.60 AZN səbəbindən yaranmışdır. Bu cür xırda məbləğ şəxsin polisə şikayət edilməsinə və yaxud işdən çıxarılmasına əsas olmadığı üçün şəxsin işdən çıxışla bağlı ərizəsini bununla əlaqədar hər hansı təsir və ya hədənin təsiri altında yazması ağlabatan deyildir. Beləliklə, məhkəmə şəxslər arasındakı qarşılıqlı münasibətlərin xarakterini və həmin münasibətlə işdən çıxış ərizəsinin yazılması arasındakı səbəbli əlaqənin olub-olmaması barədə düzgün nəticəyə gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak edərkən apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli hazırkı məhkəmə iclası ilə bağlı isə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün saymışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.3. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və.s. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinəxitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 MMC tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın ona qarşı təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni ərizənin etibarsız sayılması, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv olunmaqla iddia tələbi həmin hissədə rədd edilməlidir.

20. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

21. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini yalnız iddianın Cavabdeh1 MMC-yə qarşı təmin olunan hissəsi təşkil edir. Belə ki, iddiaçı iddianın təmin olunmayan hissəsini apellyasiya qaydasında mübahisələndirməmişdir.

22. İddiaçı 10 aprel 2023-cü il tarixdə cavabdeh MMC-nin Sabirabad rayon filialının müdiri Cavabdeh2 birbaşa təzyiqi və məcbur etməsi ilə işdən azad olunma barədə ərizə yazmağa məcbur olduğunu iddia edir. İddiaçının sözlərinə görə Cavabdeh2 iddiaçıya deyib ki, “əgər özün işdən çıxma barədə ərzə yazmasan səni polisə verəcəm və tutduracam”. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə 2 nəfər şahid təqdim etmişdir.

23. Cavabdeh2 heç bir əməkdaşın zor tətbiq etməklə ərizə yazmağa məcbur edilmədiyini, iddiaçının dediklərinin həqiqəti əks etdirmədiyini bildirir və iddiaya etiraz edir.

24. Cavabdeh MMC isə işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət olunduğunu bildirir.

25. Birinci instansiya məhkəməsi məhkəmədə şahid ifadələrinə istinad edərək, həmçinin iddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizənin əsaslarının həm də qanuna uyğun olmadığı, həmin ərizənin məzmununun ƏM-nin 69-cu maddəsinin 3-cü bəndində göstərilən əsaslara uyğunlaşdırmağa cəhd edildiyi, iddiaçının yol verdiyi intizam xətasının xarakterinə uyğun olmamasına əsaslanaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəni işəgötürənin (onun rəhər işçsinin) məcbur etməsi nəticəsində yazdığı qənaətinə gəlmişdir.

26. Kollegiya ilk növbədə şahid ifadələrinə münasibətdə nəzərə alır ki, iddiaçı tərəfindən təqdim olunmuş şahidlər Seyidhüseyn Axundov və Təmkin Muradov hazırkı mübahisəyə münasibətdə neytral olmayıb iddiaçı ilə eyni vaxtda işdən azad olunmuş və işəgötürəndən narazı qalan şəxslərdir. Belə olan halda onların ifadələri mübahisənin həlli üçün əhəmiyyətli və mötəbər hesab oluna bilməz.

27. Digər tərəfdən Kollegiya nəzərə alır ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizədə konkret tarix göstərməklə məhz həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının iddia etdiyi kimi o, cavabdeh tərəfindən hər hansı təzyiqə məruz qalmışdırsa, onun bu barədə işəgötürənə işdən çıxma barədə əmrin verilməsinə qədər olan 15 gün ərzində müraciət etməsi daha məntiqli olardı.

28. Bundan əlavə, iddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etsə də, ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, eləcə də həmin tarixdən sonra - əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız sayılması ilə bağlı müraciət edənədək işə çıxmamışdır. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişlər. İddiaçı isə işəgötürənlə əmək münasibətlərinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək müddətdə işə çıxmamasının səbəblərini əsaslandırmamışdır. Belə olan halda Kollegiya belə qənaətə gəlir ki, iddiaçının işəgötürənlə əmək münasibətlərini davam etdirmək niyyəti olmamışdır.

29. Apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəflərin izahatları dinlənildikdən sonra onlara mübahisəni barışıq yolu ilə həll etmək təklif olunmuş və bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Növbəti məhkəmə iclasında iddiaçı və nümayəndəsi iştirak etməmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, barışıq məsələsinin müzakirəsi üçün iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və iddiaçı cavabdeh müəssisədə işləmək istəmədiyini, ona yalnız pul kompensasiyası lazım olduğunu bildirmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

32. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.

33. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 1457K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 MMC-nin “Pərakəndə satış departamenti/Anbar” bölməsinin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddiası həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar