Məhkəmə qərarları › İş №2(103)-7822/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7822/2022

13.12.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7822/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 Yadulla oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2924/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” ərizə ilə xx.xx.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5166/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5166/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdi. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)697/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçinin maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. qətnamə qəbul xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

2. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2.571,67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 barəsində (Doğulduğu tarix -xx xxxxxxx 1956-cı il, Doğulduğu yer –Azərbaycan, Naxçıvan MR; Şərur, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(002)-2924/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Maraqlı şəxs1 qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” ərizəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə işin faktiki hallarını, borcun yaranma əsasları və məbləği barəsində qeyri dəqiqlik olduğunu həmçinin, hal-hazırda maraqlı şəxsin parkinson xəstəsi olduğundan onun müalicə üçün xaricə getmə ehtimalının zəruri olduğunu və həmçinin qeyd edilən məhdudiyyətin borcun məbləğinə qeyri mütənasib olduğunu nəzərə alaraq, hesab etmişdir ki, ərizə təmin edilməməlidir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İ və İİİ bəndlərinə, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 355-5.1, 355-5.2, 355-6 və 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Qətnamədən iddiaçı ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

7. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

8. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin apelyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin İdarə heyətinin xx.xx.2013-cü il tarixli 1 nömrəli protokolu ilə bağlı bildirir ki, protokolda qeyd olunanlar cavabdeh cəmiyyəti hər hansı vergi və ya məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış öhdəliyin yerinə yetirilməsindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatına qarşı xx.xx.2017-ci il tarixə olan 2.471,6 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair məhkəmə mübahisəsi olmuşdur. Borc məbləği tam ləğv ediləcəyi və ödəniləcəyi təqdirdə vergi orqanı dərhal məhdudlaşdırılmanın götürülməsi üçün aidiyyəti tədbirləri həyata keçirəcəkdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

10. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Qətnamədən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Rеspublikası Kоnstitusiyası

15. Azərbaycan Rеspublikası Kоnstitusiyasının 28-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

16. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

25. Maddə 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

26. Maddə 355-6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

27. Maddə 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

28. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2.571,67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 barəsində (Doğulduğu tarix -xx xxxxxxx 1956-cı il, Doğulduğu yer – Azərbaycan, Naxçıvan MR; Şərur, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2.571,67 manat olmaqla, ümumilikdə 2.571,67 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********551000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödnişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən fərqini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

34. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 Maraqlı şəxs1 Dövlət Sosial Müdafiə Fonduna borcunu əks etdirən sistemdən çıxarışını təqdim edərək, borclunun məcburi dövlət sosial sığorta haqqı borcun olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir.

35. Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizəyə etiraz təqdim edərək, bildirmişdir ki, iddianın mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatı tərəfindən dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan 2.571 manat 67 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin İcra orqanının rəhbəri olan Maraqlı şəxs1 barəsində (yəni onun barəsində) “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının ərizəsi işin faktiki hallarına uyğun deyildir. Belə ki, o, xx.xx.1995-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının sədri vəzifəsində işləyir. 2002-ci ilin avqust ayında Korlar Cəmiyyətinin adı dəyişdirildi və Gözdən Əlilər Cəmiyyəti İctimai Birliyi adlandırıldı. Cəmiyyətin Prezidenti cənab S.Abdullayev seçildi və o, hazırki günə qədər işləyir. 19 dekabr 2002-ci ildə cəmiyyətin nizamnaməsi təsdiq edildi və həmin nizamnamədə göstərildi ki, rayon təşkilatları hüquqi şəxs deyildir. 2003-cü ildən Azərbaycan GƏC-nin prezidentinin göstərişi ilə hər cəmiyyətin öz əsasnaməsi təsdiq olundu. xx.xx.2013-cü il tarixdən Azərbaycan GƏC-nin İdarə Heyətinin qərarına əsasən maliyyə çətinliyinə görə Azərbaycan GƏC-nin digər rayon və şəhər təşkilatları kimi Qaradağ rayon təşkilatının da maliyyələşdirilməsi dayandırılmış və təşkilat bu günə qədər ictimai əsaslarla fəaliyyət göstərir və Qaradağ rayon təşkilatında sədr olaraq 1 işci qeydiyyata alınmışdır. Bununla da Azərbaycan GƏCnin Qaradağ rayon təşkilatı Azərbaycan GƏC-nin əsasnaməsinə görə fəaliyyət göstərir və hüquqi şəxs deyildir. Onu da qeyd etmək lazımdır ki, 2014-cü ildən 2025-ci ilədək vergi ödəyicisi kimi bağlıdır və eyni zamandan 2004-cü ildən də bank hesabı da bağlanmışdır. Azərbaycan GƏC-nin mühasibatlığının səhlənkarlığı səbəbindən onlara heçnə verilmədiyinə görə onların təşkilatı da vergi ödəməyibdir. 2012-ci ilin iyun ayından 2013-cü ilin iyul ayına qədər İctimai Birliyin mühasibatı tərəfindən onlara əməkhaqqı ödənilməyibdir. 2013-cü ildən hazırki günə kimi ona ümumiyyətlə əməkhaqqı hesablanmayıb və o, yalnız ictimai əsaslarla fəaliyyət göstərir.

36. İş materiallarında olan, hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının (VÖEN:**********) rəhbəri Maraqlı şəxs1dur.

37. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli **********5 nömrəli bildirişin məzmunundan görünür ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs1 məcburi dövlət sosial sığorta borcu olması barəsində bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir.

38. İş materiallarına əlavə olunmuş, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Azərbaycan GƏC-nin maddi durumu aşağı səviyyədədir. Cəmiyyətin maddi bazası yoxdur. Hal-hazırda mərkəzi idarə də daxil olmaqla bütün rayon təşkilatlarına maliyyələşdirmə dayandırılmışdır. Qaradağ rayon Təşkilatının maliyyələşməsi 2013-cü ildən dayandırılmışdır. 2002-ci ildən Qaradağ rayon Təşkilatına əmək haqqı hesablanmasına görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən sanksiyalar tətbiq edilməklə haqsız olaraq 1932 (bir min doqquz yüz otuz iki) AZN borc hesablanmışdır. Az.GƏC-nin rəhbərliyi yuxanda göstərilənləri və Cəmiyyətin maliyyə çətinliyini nəzərə alaraq, DSMF tərəfindən tətbiq edilən sanksiyalar silinməklə Az.GƏC-nin Qaradağ rayon Təşkilatına mümkün olan dəstək göstərilməsi xahiş olunmuş və maliyyə çətinliyinə baxmayaraq əsas borcun ödənilməsində Cəmiyyətin mərkəzi İdarəsi tərəfindən Qaradağ rayon Təşkilatına borcun hissə-hissə ödənilməsi üçün yardım olunacağı bildirilmişdir.

39. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə ünvanlandığı xx.xx.2022ci il tarixli sığortaedənin silinməli olan borcları haqqında məktubundan da görünür ki, vətəndaş Maraqlı şəxs1 tərəfindən “Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatı”nın (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə borclarının silinməsi ilə bağlı daxil olmuş müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Müraciətdə qeyd olunan sığortaedənin məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlar təqdim edilmiş və əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Həmin məktuba əlavə olunmuş silinməli olan borcları haqqında çıxarışdan görünür ki, VÖEN: ********** olan sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə 1.932,59 manat borcu, penya və maliyyə sanksiyası üzrə borcu 539,08 manat kimi qeyd edilmiş və həmçinin 2006-ci ilin 1 yanvar tarixinə yaranmış və 2018-cı ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə borcu üzrə - 79,9 manat, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları üzrə isə 539,08 manat olmaqla, cəmi 618,98 manat məbləğində borc silinməlidir.

40. İş materiallarında olan, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2013-cü il tarixli 1 nömrəli protokolundan çıxarışdan görünür ki, Cəmiyyətin maliyyə vəziyyəti normallaşana qədər Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin maliyyələşdirdiyi bütün rayon və rayonarası təşkilatlarına müvəqqəti olaraq əmək haqqı verilməsi dayandırılmışdır.

41. Birinci instansiya məhkəməsi işin qeyd edilən halları əsasında hesab etmişdir ki, borclunun məcburi dövlət sosial sığorta haqqı üzrə borcu üzrə-79,9 manat, maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları üzrə isə 539,08 manat olmaqla, cəmi 618,98 manat məbləğində borcu silinməli olduğu halda, ərizəçi məhkəməyə müraciət edərkən borcun məbləğini 2.571,67 manat olaraq qeyd etmiş, halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ərizəçiyə ünvanlandığı sığortaedənin silinməli borclara dair çıxarışa əsasən hal-hazırda borclunun 1.852,69 (1932,59-79,9) manat məbləğində borcu hesablanmalı, eyni zamanda da iş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2013-cü il tarixli 1 nömrəli protokolundan və borclunun izahatından da göründüyü kimi 2012-ci il tarixdən şəxsin maliyyələşdirilmədiyi (əmək haqqı almadığı) halda mövcud məcburi dövlət sosial sığorta haqqı üzrə borcun yaranma əsaslarına dair yetərli sübutlar olmadığından, həmçinin maraqlı şəxsin səhhətindəki problemlərlə (gözdən əlillik, parkinson xəstəliyi) əlaqədar olaraq, hazırkı halda, onun ölkədən çıxışına məhdudiyyət qoyulmasının İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə zidd olmasını nəzərə alaraq, ərizə rədd edilməlidir.

42. Ərizəçi qətnamədən verdiyi apelyasiya şikayətinin dəlillərini iddia tələbinin dəlillərinə uyğun əsaslandırsa da, ərizənin rədd edilməsi barədə məhkəmənin əsaslandığı hallarla bağlı – borcun yaranma əsaslarına dair yetərli sübutlar olmaması, maraqlı şəxsin səhhətindəki problemlərlə əlaqədar onun müalicə olunmaq üçün xaricə getmə ehtimalının zəruri olduğunu, həmçinin qeyd edilən məhdudiyyətin borcun məbləğinə qeyri-mütənasib olması barədə hər hansı bir əsaslandırma qeyd etməmiş, yalnız mövqeyini vergi qanunvericiliyinin tələbləri ilə əsaslandırmışdır.

43. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ərizəçi tərəfindən tələb olunan borc məbləği qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsilə müəyyən olunmuşdur. Həmin qətnamə ilə müəyyən olunur ki, iddia təmin olunaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının 01 iyun 2017-ci il tarixli məcburi dövlət sosial sığorta üzrə yaranmış 2.471,67 (iki min dörd yüz yetmiş bir manat altmış yeddi qəpik) manat məbləğində borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsinin xeyrinə tutulma qət edilmişdir.

44. Qeyd edilən qətnamə ilə borcun tutulması qaydası və üsulu müəyyən edilsə də, ərizəçi tərəfindən həmin qətnamənin göstərilən qaydada icrası ilə bağlı hansı hərəkətlərin edildiyi barədə ərizəyə hər hansı bir sübut əlavə edilməmiş, həmçinin bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları və X3 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

46. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin hüquqi şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur.

47. Halbuki, ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.

48. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

49. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

50. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X9 (X11) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.

54. Bu baxımdan kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalıdır.

55. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2924/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar