Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7824/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5113/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh X1-Bank Kredit Təşkilatına qarşı «əmək mübahisəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5113/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Ramin Xəlilov) ilə İddiaçı Cavabdeh X1-Bank Kredit Təşkilatına qarşı «əmək mübahisəsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş materialları şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, rayon məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina edərkən ona əsaslanmışdır ki, ərizə Azərbaycan Respublikasının dövlət dilində deyil, xarici dildə tərtib olunmuşdur. Rayon məhkəməsi bu vaxt əsas kimi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan respublikasının xx.xx.2002-ci il tarixli qanununun 14-cü maddəsinə və MPM-in 11.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Bununla belə, MPM-in 11.2-ci maddəsinə görə, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Göründüyü kimi, MPM-də işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin öz ana dilində şikayət etmək hüququ nəzərdə tutulmuş olsa da, həmin Məcəllənin 11.1-ci maddəsinin tələbində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində- Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparıldığı təsbit olunmuşdur. Bakı şəhərində əhalinin əksəriyyətinin azərbaycan dilindən istifadə etməsi, başqa sözlə, əksəriyyətin dövlət dilində danışması şəksizdir. Qeyd edildiyi kimi, iddiaçı rayon məhkəməsinin həmin qərardadından Azərbaycan Respublikasının dövlət dilində və ya həmin ərazinin əhalisinin əksəriyyətinin dilində deyil, xarici dildə şikayət vermişdir. MPM-in 11.2-ci maddəsində ərizəçiyə belə bir hüquq tanınmışdır. Bununla belə, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Göründüyü kimi, şikayətin verilməsi zamanı forma və məzmun tələblərinə əməl edilməsi barədə göstəriş imperativ xarakterli olmaqla işdə iştirak edən bütün şəxslərə, həm də məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə də aiddir. Hazırkı şikayət isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavə və dəyişikliklərə əsasən apellyasiya şikayəti üçün müəyyən olunmuş formaya (Əlavə 2) əməl edilmədən verilmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Şikayət baxan rayon məhkəməsi prosessual qanunvericiliyin bu tələblərinə əhəmiyyət verməmiş, qanunverriciliyin imperativ tələblərinə cavab verməyən (eletron qaydada verilməmiş) şikayətə baxmaqla, prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət MPM-in 10-1.3-cü maddəsinə əsasən elektron qaydada verilmədiyindən, eləcə də apellyasiya şikayəti üçün müəyyən olunmuş formaya (Əlavə 2) əməl edilmədən verildiyindən qeyri-mümkün hesab edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nəsimi Rayon Məhkəməsinin 2(006)-5113/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayət qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2(103)-7824/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7824/2023
15.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver