Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7825/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Hacıbutayevnanın iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Hacıbutayevna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə 1993-cü ildən yaşadıqları, habelə əmlaklarının yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 3-cü döngə, yeni tikiliyə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə xx xxxxxxx 1993-cü ildə rəsmi nikahla ailə həyatı qurmuş və onun yaşadığı, rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 3-cü döngədə yeni tikiliyə gəlin köçmüşdür. Gəlin köçərkən də o, bütün cehiz əşyalarını da həmin mənzilə gətirmiş, hazırda da əşyalar həmin mənzildədir. Onların birgə nikahından 3 övladları olmuş, biri rəhmətə getmişdir. Hər iki övladı Rusiya Federasiyasının vətəndaşı olmalarına baxmayaraq mübahisəli mənzildə yaşamışlar. O, 1993-cü ildən fasiləsiz olaraq övladları ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Uzun illərdir ki, yoldaşı ilə aralarında söz-söhbətlər olur, dəfələrlə yoldaşı onu döymüş, söymüş təhqir etmiş, lakin o, bunlara dözmüşdür. 2020-ci ilin iyun ayından yoldaşı tərəfindən yenə də döyülmüş, övladları ilə birlikdə həmin mənzildən çıxarılmışdır. O, evdən çıxarkən onun və övladlarının bütün əmlakları, paltarları həmin evdə qalmışdır. O, və övladı cavabdehlər – qaynı və həyat yoldaşı tərəfindən mənzilə buraxılmır, onlar mənzilə getsələr də, cavabdehlər tərəfindən maneələr yaradılmış, əşyalarını belə götürməyə imkan verməmişlər. 2020-ci ilin iyun ayından övladları ilə birlikdə çöllərdə yaşayır. Heç bir yerdə işləmir, onların dolanmaq üçün belə pulları yoxdur. O, övladı ilə birlikdə mübahisəli evdə yaşamaq istəyir, çünki yaşamağa başqa yerləri yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Hacıbutayevnanın uşaqları - xx xxxxxxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü Qafarov Sərxan Hicranoviçlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, döngə 3 ünvanında yerləşən yeni tikiliyə köçürülmələri, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Ona görə də hesab edirlər ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Hacıbutayevna apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, İİ-БД seriyalı, 415757 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh2 ilə X1 xx xxxxxxx 1993-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 449 № ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qafarov”, arvada isə “Qafarova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş İ-БД seriyalı, 615726 nömrəli nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxxx 2002-ci il tarixdə Dərbənd şəhərində anadan olmuş, atası Cavabdeh2, anası İddiaçı Hacıbutayevnadır. İş materiallarında olan İİ-БД seriyalı, 741817 nömrəli nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qafarov Sərxan Hicranoviç xx xxxxxxxx 2009-cu il tarixdə Dərbənd şəhərində anadan olmuş, atası Cavabdeh2, anası İddiaçı Hacıbutayevnadır. İş materiallarında olan “Təmiz Dünya” X4 Birliyininin xx xxxx 2020-ci il tarixli, 47 nömrəli təhvil-təslim aktından görünür ki, çətin həyat şəraitində olan şəxslərə kömək məqsədi ilə X2 qeyqdiyyatda olan xx xxxxxxxx 1971-ci il təvəllüdlü İddiaçı Haclbutayevnanın azyaşı övladı xx xxxxxxx 2009-cu il təvəllüdlü Qafarov Sərxan Hicran oğlu sosial işçilər tərəfindən sağ salamat təhvil alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 xx xxxxxxx 1993-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, 1996-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 3-cü döngə ünvanında inşa edilmiş yeni tikiliyə köçərək, həmin evdə yaşamışlar. Həmin ev cavabdehlərin valideynlərinə məxsus olmuş, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daha sonra tərəflər arasında münasibətlər pozulmuş, iddiaçı himayəsində olan uşaqlarla birlikdə həmin evdən çıxarılmış və bir daha həmin evə buraxılmamışdır. Hazırda iddiaçı himayəsində olan uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülmələrini tələb edir, cavabdehlər isə buna etiraz edirlər. Kollegiya qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin xx xxxxxxx 2009-cu il tarixədək yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə həmin tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qnununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Analogiya üzrə tətbiq edilən mənzil qanunvericiliyin yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddiaçının, habelə onun uşaqlarının hazırki iş üzrə mübahisəli yaşayış evində cavabdehlərlə bərabər surətdə yaşamaq hüquqları vardır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddaçı İddiaçı Hacıbutayevnanın uşaqları - xx xxxxxxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü Qafarov Sərxan Hicranoviçlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, döngə 3 ünvanında yerləşən yeni tikiliyə köçürülmələri barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7825/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7825/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver