Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7829/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh1ASC-nin Cavabdeh2-yə qarşı "işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(011)- 3708/2020-008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1ASC-nin Cavabdeh2-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixdə 41/k nömrəli əmrin ləğv olunması, işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci il tarixdən Cavabdeh2-yə atıcı vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdən 2013-cü il tarixədək MMC-də atıcı, 2013-cü ildən isə nəzarətçi vəzifələrində işləmişdir, lakin onun məlumatı olmadan və heç bir rəsmi xəbərdarlıq olunmadan Cavabdeh2-nin xx xxx 2020-ci il tarixli 41/k saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə iş vaxtı ona dəstə rəhbəri tərəfindən işdən azad olduğu və daha işə gəlməməsi deyilmiş, səbəbini soruşduqda isə onun çalışdığı ştatın ləğv olunduğu bildirilmişdir. O, buna etiraz etdikdə isə ona bunun heç bir əsasının olmadığını bildirmişlər. Əmək kitabçası ona xx.xx.2020-ci il tarixdə təhvil verilmiş, işdən azad edilməsinə dair əmrin surəti isə ona verilməmişdir. Hesab edir ki, işlədiyi müəssisənin rəhbərliyi tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları pozulmuş, ona işdən çıxması ilə bağlı xəbərdarlıq edilməmiş, bu səbəbdən də özünə yeni iş yeri tapa bilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, onun işdən azad edilməsi ilə bağlı verilmiş əmr ləğv edilməli və o, əvvəlki işinə bərpa olunmaqla, məcburi iş buraxma vaxtına görə işə bərpa olunduğu günə kimi əmək haqqı ona ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3708/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi onun məhkəmə iclasında vermiş olduğu izahatını düzgün qiymətləndirməmişdir. Belə ki, o, məhkəmə çıxışı zamanı bildirməmişdir ki, ona hansısa vəzifədə işləmək təklif olunmuş, amma bu vəzifədən imtina etmişdir. Çünki işdən azad olunduğu dövrdə ona hansısa vəzifə təklif olunsaydı, onu qəbul edərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, o, Cavabdeh2-də xx.xx.1998-ci ildən çalışır, işlədiyi 23 ilə yaxın müddət ərzində işinə məsuliyyətlə yanaşmış və heç zaman intizam tənbehi almamışdır. 2020-ci ilin mart ayında işlədiyi dəstənin rəisi tərəfindən dəvət olunmuş və müəssisədə kadr dəyişiklikləri olduğu bildirilmiş, bu səbəbdən ona tutduğu 7-ci dərəcəli nəzarətçi vəzifəsindən azad olunaraq, 4cü dərəcəli atıcı vəzifəsinə keçməklə bağlı ərizə yazması tələb olunmuşdur. O, bu təkliflə razılaşmadığını, öz işində yaxud ona uyğun başqa işdə qalıb işləmək istədiyini bildirdikdə, dəstə rəisi ona demişdir ki, işində qalmaq üçün özü Bakı şəhərinə MMC-nin rəhbərliyinin qəbuluna getməlidir, yalnız onlar bu məsələni həll edə bilərlər. O, Cavabdeh2-nin rəhbərliyi ilə görüşmək üçün yaşadığı və işlədiyi Şirvan şəhərindən Bakı şəhərinə getmək istəmiş, lakin pandemiya şəraitində Bakıya giriş xüsusi icazə ilə olduğundan, onu yolda quraşdırılmış polis nəzarəti postundan geri qaytarmışlar. Bundan sonra o, yenidən adi qaydada öz əmək fəaliyyəti ilə məşğul olmuş və gündəlik işə çıxmışdır. Hətta karantinlə əlaqədar gücləndirilmiş iş recimində çalışmışdır. 2020-ci ilin may ayının 22-də isə artıq qeyd etdiyi kimi, işdə olduğu zaman onun işdən azad olunması və sabahdan işə gəlməməsi bildirilmişdir. Beləliklə, onunla işlədiyi müəssisənin rəhbərliyi arasında onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı konkret heç bir söhbət olmamışdır. Həmçinin, onun işdən çıxması ilə bağlı guya müəssisənin həmkarlar təşkilatına müraciət olunması və orada iclas keçirilərək onun işdən azad edilməsinə etiraz edilməməsi ilə bağlı göstərilənlər də həqiqətə uyğun deyildir. Belə ki, o, bu müddət ərzində daim iş yerində olsa da, həmkarların iclasına dəvət edilməmişdir. Bu isə o deməkdir ki, əslində belə bir iclas keçirilməmişdir və həmin qərar da formal xarakter daşımışdır. Qarşı tərəfin guya onu işdən azad olunması ilə əlaqədar əvvəlcədən xəbərdar etməsi, ona yeni iş axtarmaq üçün vaxt verməsi ilə bağlı göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, nə ona bu barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, nə də o, həmin xəbərdarlıqları almaqdan imtina etmişdir. Üstəlik, pandemiya dövründə cənab Prezidentin işsizliyin aradan qaldırılması, heç bir işçinin işdən azad olunmaması barədə bütün qurumlar daxil olmaqla, çalışdığı Cavabdeh2-yə göstərişlər verməsinə baxmayaraq, çalışdığı müəssisənin rəhbərliyi onu işdən azad etmişdir. Ailədə tək işləyən odur və onun tək gəlir yeri işlədiyi MMC olmuşdur. Hesab edir ki, işdən azad olunmaqla onun əmək qanunericiliyi ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur, buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan işəgötürən Cavabdeh1ASC-nin Cavabdeh2 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 2 saylı mühafizə hissəsinə 7-ci dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2013-cü il tarixədək bağlanmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2013cü il tarixdə Cavabdeh1ASC-nin Cavabdeh2-də 2 saylı mühafizə hissəsinə 7-ci dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh2-də struktur dəyişikliyi barədə 16/k saylı xx.xx.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar İddiaçı Cavabdeh2-nin Şirvan şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi təklif olunmuşdur. Həmin aktın məzmunundan görünür ki, 2 saylı mühafizə hissəsinin nəzarətçisi İddiaçı iş təklifini qəbul etməmişdir, həmin vəzifədən imtina etmişdir, hər hansı bir sənədi imzalamayacağını bildirmiş və iş təklifi haqqında bildirişi imza etməmişdir. İş materiallarında olan Cavabdeh1ASC-nin Cavabdeh2 tərəfindən işçi İddiaçı ünvanlandığı xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ona yeni iş barədə təklifini qəbul etmədiyinə görə, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stacı 10 ildən yuxarı olduğu üçün ona 9 həftə xəbərdarlıq müddəti verilmişdir, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 2 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı Cavabdeh2-nin inzibati binasında struktur dəyişikliyi ilə əlaqədar vəzifəsinin ixtisar olunduğu barədə yazılı xəbərdarlıqla tanış olmaqdan, surətini götürməkdən və imza etməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Cavabdeh2-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab C.B.Abuşova ünvanlandığı xx xxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsindən 2 saylı mühafizə hissəsinin nəzarətçisi İddiaçı işdən azad olunmasına razılığın verilməsi barədə məsələsinə münasibət bildirməkləri xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh2-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxx 2020-ci il tarixli iclasının 18 saylı protokolunun surətindən görünür ki, komitə 2 saylı mühafizə hissəsinin nəzarətçisi İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasına öz razılığını bildirmişdir. İş materiallarında olan Cavabdeh1ASC-nin Cavabdeh2-nin 41/k saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, 2 saylı mühafizə hissəsinin nəzarətçisi vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilməsi və AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı 2 misli miqdarında işdənçıxma müavinətin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh1ASC-nin Cavabdeh2-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında DƏ42 saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh2-də müasir standardlara cavab verən, səmərəli və operativ idarəetmə mexanizminin yaradılması məqsədilə idarəetmə strukturu təkmiləşdirilərək yenidən formalaşdırılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1ASC-nin Cavabdeh2-də struktur dəyişikliyi barədə 16/k saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, yeni ştat cədvəlində edilmiş dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2-nin tabeliyindəki bütün hissə, bölmə və qruplar ləğv edilmiş və əvəzində yeni struktura uyğun olaraq Regional mühafizə xidmətləri yaradılmışdır. İş materiallarında olan Cavabdeh2-nin nizamnaməsinin surətindən görünür ki, Cavabdeh2-nin təşkilat strukturunun və işçılərin normativ sayını təsdiq edilməsi Cəmiyyətin təsisçisi olan Cavabdeh1ASC-nin müstəsna səlahiyyətinə aiddir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 80-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stacından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stacı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stacı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stacı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stacı olduqda – azı doqquz təqvim həftəsi. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına xx xxxx 2020-ci il tarixli xəbərdarlıq barədə bildiriş əlavə olunsa da, həmin bildirişlərin İddiaçı qanunda nəzərdə tutulduğu kimi, rəsmi qaydada təqdim olunması sübut olunmur. Cavabdeh tərəf iddiaçıya xəbərdarlıq bildirişinin təqdim olunduğunu, lakin iddiaçının onu qəbul etməkdən imtina etdiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı təsdiq olunmur. Belə ki, işə götürən tərəfindən tərtib edilmiş aktlarda işçiyə yeni təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq böyük atıcı vəzifəsi təklif olunduğu, həmçinin onun AR ƏM-nin 77ci maddəsinə əsasən 9 həftə xəbərdarlıq müddəti verilməsi və hər həftənin 1 iş günü əmək haqqı ödənilməsi şərti ilə əmək funksiyasının icrasından azad edilməsinə dair xəbərdarlıqları işçinin almaqdan imtina edildiyi göstərilsə də, məhkəmə kollegiyası tərtib edilmiş bu aktları işin həqiqi hallarına uyğun olan sübut kimi qəbul etmir. Belə ki, əmək qanunvericiliyində işçinin və ya onun tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar müəyyən edilmiş bu xüsusi prosedurun məqsədi işçinin əmək hüquqlarının qorunması, əmək münasibətlərinə xitam verildikdən sonra onun yeni iş yeri ilə təmin olunması üçün mümkün dərəcədə ona yardım göstərilməsindən ibarətdir. Məhz bu məqsədə nail olmaq üçün qanunverici işçiyə edilən xəbərdarlığın qaydasını və müddətini dəqiq tənzimləmişdir. Bu qaydaya görə işçiyə xəbərdarlıq adi deyil, rəsmi qaydada edilməli və xəbərdalıq müddəti ərzində hər həftənin bir günü onun özünə yeni iş yeri axtarması üçün əvəzi ödənilməklə əmək funksiyasının icrasından azad edilməlidir. Kollegiya hesab edir ki, işçinin rəsmi qaydada xəbərdar edilməsi tək ona imza etdirməklə bu bildirişlərin ona təqdim edilməsi yolu ilə deyil, poçt vasitəsilə onun yaşayış yeri üzrə göndərilməklə də mümkün olduğu halda, işə götürən tərəfindən bu imkandan istifadə edilməmiş, bununla da işə götürən qanunvericiliyin bu imperativ tələbinə riayət etmək niyyətinin olmasını nümayiş etdirməmişdir. Nəticədə İddiaçı xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad olunmalı olduğu halda, bu hüququndan məhrum olmuşdur. Belə ki, hazırda iddiaçı ona belə bir xəbərdarlığın edilmədiyini, işə götürən tərəfindən ona başqa iş təklif ediləcəyi təqdirdə, bu təklifi qəbul edəcəyini, ona heç bir bildirişin verilmədiyini, bu müddət ərzində həftənin bütün iş günlərində öz iş yerində olduğunu bildirmişdir. İşin müəyyən edilmiş hallarından məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh1 ASC-nin Cavabdeh2-nin xx.xx.2020-ci il tarixdə 41/k nömrəli əmri qanunsuz olmuşdur. AR Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan onun tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli 2(011)- 3708/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3708/2020 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh2-nin xx.xx.2020-ci il tarixli 41/k nömrəli əmri ləğv edilsin, İddiaçı işlədiyi vəzifəyə bərpa edilsin və məcburi iş buraxma müddətinə görə xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7829/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7829/2020
05.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver