Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-783/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, X3, Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-735/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixə 21717,25 manat məbləğində əsas borcun, 155,57 manat məbləğində faiz borcunun, 590,63 manat məbləğində cərimə üzrə borcun, ümumilikdə 22463,45 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 65000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 mənzil 20 ünvanında yerləşən 60.62 kv.m ümumi, 42.62 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və vəsaitdən qeyd edilən tutulmalı olan pul məbləğinin iddiaçıya ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri - Cavabdeh5, Cavabdeh3, X4 və Cavabdeh2, sonuncunun yetkinlik yaşına çatmayan övladları X8 və X7 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü tarixli, 125587-CNS-4959 saylı «Girovlu istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 125587-CNS-4959 saylı «Girovlu istehlak krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 18007 ABŞ dolları məbləğində müəyyən edilmiş, «Kredit alan» «Kredit məbləği»ni «Kredit müqaviləsi» ilə müəyyən olunan şərtlərlə və qaydada 84 ay müddəti ərzində istifadə etməyi və xx xxxxxx 2023-cü il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə «Bank»a illik 25% ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 125587- CNS-4959 saylı 02 saylı Əlavə Razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 28949,83 manat məbləğində olan borcu illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 1 mənzil 20 ünvanında yerləşən 60.62 kv.m ümumi. 42.62 kv.m yaşayış. 18.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilini xx.xx.2014-cü il tarixli 125587-NEDVU-2744 saylı «Daşınmaz əmlakın ipoteka müqaviləsi» əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəlikləri xx xxxxxx 2019-cu il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 26128,12 manat məbləğində əsas borc, 2935,70 manat məbləğində faiz borcu, 590,63 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 29654,45 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək «Kredit alan»ın vəzifəsidir. Bundan başqa, bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 125587- NEDVİC-2744 saylı Daşınmaz Əmlakın İpoteka Müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 735/2020 saylı qətnaməsi ilə (hakim Anar İbrahimov) iddia qismən təmin olunmuş, Cavabdeh1 21717,25 manat məbləğində əsas borcun, 155,57 manat məbləğində faiz borcunun, 5 manat məbləğində cərimənin, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, ünvan 1 mənzil 20 ünvanında yerləşən 60.62 kv.m ümumi, 42.62 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət mənzilin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1dan tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və vəsaitdən qeyd edilən tutulmalı olan pul məbləğin iddiaçıya ödənilməsi, mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri - Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2, sonuncunun yetkinlik yaşına çatmayan övladları X5 və X7 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcu üzrə sonradan 1300 manat ödəniş etməsi, həmin məbləğin nəzərə alınmaması, həmçinin kredit müqaviləsinin müddətinin başa çatmaması, maddi imkanının kredit borcunu ödəməyə yetərli olmaması, kredit borcunu hissə-hissə ödəyə bilməsi, ipoteka qoyulmuş mənzilin yeganə yaşayış yerlərinin olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qətnamədən qismən narazıdır. Belə ki, iddiaçı kredit borcunu xx xxx 2020-ci il tarixə olan məbləğdə tələb etmiş, lakin həmin tarixdən sonra qətnamə çıxarılanadək ümumilikdə 1300 manat kredit ödənişləri həyata keçirmişdir. Birinci instansiya məhkəməsi isə həmin ödənişləri nəzərə almamışdır. Həmçinin qeyd edir ki, maddi vəziyyəti ağır olduğundan kredit ödənişlərini tam həyata keçirə bilmir, bank tərəfindən ona güzəşt olunmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, kredit borcu xx xxx 2020-ci il tarixə olan vəziyyətdə tələb olunmuş, birinci instansiya məhkəməsi də kredit borcunu məhz həmin tarixə müəyyən etmişdir. Cavabdehin həmin tarixdən sonra həyata keçirdiyi ödənişlər qətnamənin ləğvinə əsas ola bilməz, həmin ödənişlər icra vaxtı nəzərə alınacaqdır. Həmçinin, apellyasiya şikayətinin digər dəlilləri də tam əsassızdır, işi süni surətdə uzatmaq, krediti ödəməkdən yayınmaq məqsədini daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun xx xxx 2020-ci il tarixə tələb olunmasını, lakin tərəfindən həmin tarixdən sonra 1300 manat pul ödəməsini, bunun birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh xx xxx 2020-ci il tarixə tələb olunan kredit borcunu (21717 mana əsas borc və 155 manat faiz borcu) mübahisələndirməmiş, sadəcə həmin tarixdən sonra 1300 manat məbləğində kredit ödənişi etməsini göstərmişdir. Birinci instansiya məhkəməsi işə tələb həddində baxaraq, kredit borcunu məhz xx xxx 2020-ci il tarixə olan məbləğdə təmin etmişdir. Belə olan halda isə, cavabdeh tərəfindən sonradan həyata keçirilmiş ödənişlər icra vaxtı nəzərə alına bilər. Bu hal, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq tələb olunan dəbbə pulunu (cəriməni) azaltmışdır ki, həmin məbləğlər də əsas borca münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası cərimələrin daha da azaldılmasına zərurət görmür). Cavabdeh apellyasiya şikayətində həmçinin müqavilənin müddətinin başa çatmamasının, maddi vəziyyətdən çətinlikləri üzündən kredit ödənişlərini vaxtında həyata keçirə bilməməsini, kredit borcunu hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, kredit müqaviləsinin müddətinin başa çatmaması kreditoru (iddiaçını) borcunu vaxtından əvvəld tələb etmək hüququnu istisna etmir. Çünki, işin hallarından, eləcə də cavabdehin bildirdiklərindən açıq-aşkar görünür ki, cavabdeh kredit müqaviləsi (həmçinin, müqaviləyə edilmiş dəyişikliklər) ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, aylıq kredit ödənişlərini etməkdən uzun müddət yayınmışdır. Bu hal isə istər kredit müqaviləsinin razılaşdırılmış şərtləri (müqavilənin 6.1, 6.2, 6.3 və s. bəndləri), istərsə də mülki qanunvericiliyin normaları (MM-nin 445, 448 və s.) baxımından iddiaçıya müqavilə müddəti başa çatmadan da borcu vaxtından əvvəl tələb etmək hüququnu tanımışdır. Cavabdehin maddi vəziyyətinin pisləşməsi nəticəsində krediti ödəyə bilməməsi isə sonuncunu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Kredit borcunun hissə-hissə ödənilməsi ilə bağlı məsələ isə tərəflərin qarşılıqlı razılığı, həmçinin məhkəmə qərarının icrası vaxtı “İcra haqqında” Qanunun və MPM-nin 231-ci maddəsinin tələbləri çərçivəsində həll oluna bilər. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində ipoteka qoyulmuş mənzilin yeganə yaşayış yerinin olmasını göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, ipoteka qoyulmuş mənzilin yeganə yaşayış yerinin olması, tələbin qanunvericiliklə müəyyən edilmiş qaydada (MM-nin 317, 319 və s. maddələri, “İpoteka haqqında” Qanunun 33, 34 və s. maddələri) ipoteka qoyulmuş əmlaka yönəldilməsini istisna etmir. Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, X3, Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-735/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-735/2020 saylı saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-783/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-783/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver