Məhkəmə qərarları › İş №2(103)-783/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-783/2022

02.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-783/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)-3778/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağına dair 26.02.2021-ci il tarixli, T0141- 21 saylı əmrin ləğv edilməsinə, mediasiya şurasında ödənmiş 50 manatın və vəkilə ödənmiş 110 manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 2021-ci ilin yanvar ayından “Bravo Supermarket”in Masazır filialında öz vəzifəsini layiqincə və vicdanla yerinə yetirmiş, işçilər arasında hörmət qazanmış, rəhbərliklə də heç bir zaman pis münasibətdə olmamışdır. İş münasibətləri zamanı bəzən öz iş yoldaşlarının çətin günlərində bir-birilərinə dəstək olaraq, bir-birilərinin yerinə iş funksiyalarını və vəzifələrini yerinə yetirmişlər. O, 2021-ci ilin fevral ayında işlədiyi “Bravo Supermarket”in Masazır filialında işdə olduğu zaman marketin şöbə rəisi ona eyni “umico” kartı ilə 3 nəfərin alış-veriş etdiyini bildirmiş, rəis bu təqdirdə onun daxili nizam-intizam qaydasını pozduğunu bildirmişdir. Həmin vaxt ona hər hansı bir nizam-intizam qaydası barədə məlumat verilmədiyini və hər hansı belə bir sənəd verilmədiyini deməyinə və həmin əməllə bağlı hər hansı bir qayda pozuntusu etmədiyini bildirməyinə və gün ərzində yüzlərlə müştəri yola saldığından və müştərilərin pandemiya səbəbindən tibbi maska taxdığından tanımağının mümkün olmadığını və bir neçə müştərinin eyni kartla alış-veriş edə biləcəyinin qarşısını ala bilməyəcəyini bildirsə də, işdə qalmağı üçün bir də elə bir halın təkrar olunmaması üçün diqqətli olacağına dair ona hansısa yazı yazdırıb, qol çəkdirildikdən bir neçə gün sonra market rəhbərliyi tərəfindən məzuniyyətə çıxmalı olduğu bildirilmişdir. Lakin məzuniyyətinin neçə gün olması barədə heç bir məlumat verilmədiyindən bir müddət sonra işə gəldikdə ona artıq işə gəlməməli olduğu və işdən azad olunduğu bildirilmişdir. Dəfələrlə bunun səbəbini soruşsa da, ona səbəb bildirilməmiş, əmək kitabçası və işdən azad olunmasına dair sübut ona təqdim edilməmişdir. Dəfələrlə müraciətinə cavab verilməyərək nə iş vəzifəsinin yerinə yetirilməsi təmin edilmədiyindən, nə də əmək kitabçası və əmək müqaviləsinə xitam vermə barədə sənəd ona verilmədiyindən, məcbur qalaraq Əmək Müfəttişliyinə şikayət etmişdir. Dəfələrlə yazılı və şifahi müraciət edərək şikayətinin nəticəsi barədə məlumat tələb etsə də, heç bir müsbət nəticə verməmiş və Əmək Müfəttişliyindən işdən azad edildiyi və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra sonuncu dəfə 23.07.2021-ci il tarixli, 150 nömrəli müraciətlə işdən azad olunmağının səbəbi, əmək kitabçasının və əmək müqaviləsinin ləğv edilməsi barədə bildirişin təqdim edilməsi, son haqq-hesab pulunun ödənməsi və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasının səbəbi barədə məlumat əldə edilməsi üçün vəkili tərəfindən edilmiş müraciətdən sonra əmək kitabçasının təqdim edilməməsi, sorğuda qeyd olunan sualların cavablandırılmamasına baxmayaraq, əmrin bağlanması və əmrin ləğv edilməsinə dair əmək müqaviləsi bildirişi, hesabdan çıxarış, izahatının surəti göndərilmişdir. İlkin olaraq 23.07.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin iddia ərizəsi “Mediasiya Haqqında” Qanunun tələbinə əsasən geri qaytarılmış, Mediasiyada iştirak etməyinə baxmayaraq, cavabdehlə hər hansısa bir razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, cavabdeh Mediasiyada da olarkən öz qanunsuz əmrinin haqlı olduğunu əsas tutmuş və guya onun cavabdehə maddi zərər vurduğunu, hətta şirkətdən oğurluq etdiyini bildirmişdir. Belə ki, o, müştərilərin “umico” kartını şəxsən təqdim edən şəxsə məxsus olub-olmadığını yoxlamaq vəzifəsi daşımadığından ayrı-ayrı şəxslərin eyni kartdan istifadə edərək alış-verişin eyni bonus kartına yüklənməsinə nəzarət etməyi mümkünsüz olduğu halda bu halın baş verməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hallarla işdən azad edilməyi tamamilə qanunsuzdur. Bu günə qədər hələ də əmək kitabçası ona təqdim edilmədiyindən surətini (və ya əslini) məhkəməyə təqdim edə bilmir. Cavabdehə rəsmi qaydada da müraciət etmiş, lakin hələ də əmək kitabçasını əldə edə bilməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)-3778/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)-3778/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsində iddiaçının imzası yoxdur və iddiaçı həmin müqavilə şərtlərindən heç məlumatlı da deyil. Məhkəmə əsaslandırmanın ardından qeyd edir ki, “işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, İddiaçı öz iradə ifadəsini bəyan edərək müştərilərin alış-veriş bonuslarını öz hesabına və ya kartların barkodunu əl ilə daxil etməyin qadağan olunmasını bildiyini, lakin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarladığını, şirkətə ziyan vurduğunu 07 yanvar 2021-ci il tarixli yazılı izahatında qeyd etmişdir”. Qeyd edilməli zəruri hallardan biri də ondan ibarətdir ki, məhkəmə qanunvericiliyin tələblərinə deyil, cavabdehin öz qulluq, vəzifə mövqeyindən istifadə etməklə diqtə edərək iddiaçıya yazdırdığı və iddiaçının iradəsinin ziddinə yazılmış ərizəyə istinad etmişdir. Həmin ərizədə iddiaçı nə bonus kartının ona məxsusluğunu qeyd etməmiş, nə də işin heç bir halı ilə cavabdehə zərər vurulduğu sübut edilməmişdir. Məhkəmə iclasında cavabdehin əmək kitabçasının iddiaçıya verilmədiyini etiraf etməsinə baxmayaraq, məhkəmə bu halı qətnamədə qeyd etməmiş, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəni əsas götürərək iddiaçının müddəti ötürdüyü qənaətinə gəlmişdir. Məhkəmə tədqiqatı zamanı bildirildiyi kimi iddiaçı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar olaraq X3 müraciət etdiyini yalnız həmin müraciətdən sonra qəbul edilmiş qərardan narazı qaldıqdan sonra mediasiya şurasına müraciət etmiş, mediasiya şurasında da razılıq əldə edilmədikdən sonra da məhkəməyə müraciət etmişdir. ƏM-nin 296-cı maddəsində də qeyd edildiyi kimi iddiaçı X3 müraciət etdiyini yalnız həmin müraciətdən sonra qəbul edilmiş qərardan narazı qaldıqdan sonra məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürməmişdir. Həmçinin məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, Cavabdeh MMC-nin Masazır filialının Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 3-7 iş günü ərzində təlimlər keçirilmiş və o, təlimlərdə iştirak etməsini öz imzaları ilə təsdiq etmişdir. Lakin həmin təlimlərdə keçirilmiş mövzuların nədən ibarət olmasını təsdiq edən hər hansı sübut olmadığı təqdirdə məhkəmənin belə qəti qənaətə gəlməyi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə onu da qeyd edir ki, “iddiaçı istər cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin, istərsə də Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının 4.4-cü bəndinin “Qeyd” hissəsinin yəni, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağan olunduğu halda, həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı etirafedici izahat yazmışdır. Məhz bu səbəbdən, cavabdeh sözügedən əmək müqaviləsinin 11.1-ci bəndini, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iddiaçının müştərilərin alış-veriş etməsi nəticəsində qazandıqları bonusları özündə olan “Umico” hesaba daxil etməsini əks etdirən görüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilən zaman, bu fakt öz təsdiqini tapmışdır. Məhkəmənin heç bir sübut olmadan iddiaçının özündə olan “Umico” hesabına pul daxil etməsi qənaətinə gəlməsi də qanunsuz və əsassızdır. Məhkəmə belə əsassız faktlara söykənərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Həm məhkəmə iclası, həm də mediasiya zamanı cavabdeh iddiaçını CM-nin 177-ci maddəsində nəzərdə tutulan oğurluq əməlini törətdiyini və şirkətdən oğurluq etdiyini bildirərək, təqsirsizlik prezumpsiyasının tələblərini kobudca pozmaqla yanaşı iddiaçının şərəf və ləyaqətini alçaltmış, guya humanistlik edərək iddiaçının oğurluq əməlindən hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Bu barədə məhkəmə iclasında da öz ifadələrini çəkinmədən işlədən cavabdehin nümayəndəsinə irad bildirilməsinə baxmayaraq, məhkəmə də bu hala göz yummuş, bütün iclas zamanı cavabdehin hüquqlarını müdafiə rolunda çıxış etmişdir. Həmçinin onu da qeyd etmək istəyir ki, iddiaçının iddia tələbi əmrin ləğv edilməsi olsa da, işə bərpa tələbi olmadığından və iddiaçının həmin işə bərpa olunmaq deyil, barəsində qanunsuz tətbiq edilmiş əmrin ləğvi olduğu təqdirdə 1 aylıq iddia müddətinin tətbiq edilməsi də əsassızdır. Belə ki, iddiaçı işdən azad olunmasını deyil, işdən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmasını mübahisələndirmişdir. Çünki iddiaçı hərbi xidmətə getməsi ilə əlaqədar olaraq, könüllü ərizə verərək işdən azad olunması barədə əmr verilməsini xahiş etmək niyyəti olduğu təqdirdə cavabdehin belə qanunsuz əmr verməsi və məhkəmənin bu qanunsuz əmri qanuniləşdirməsi onun hüquqlarını kobudca pozmuşdur. Göründüyü kimi ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu hallar konkret olaraq 72-ci maddədə göstərilən hallar baş verdikdə mümkün olduğuna baxmayaraq, məhkəmə cavabdehin qanunsuz əməllərini qanuniləşdirən qətnamə qəbul etmişdir. Bütün bu hallara əsasən Nizami rayon Məhkəməsinin qətnaməsinin qanunsuzluğu tam sübut olunur və həmin qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, ekspertin rəyi ilə razılaşmadığını bildirdi. Cavabdeh MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bildirir ki, 01 mart 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr və xəbərdarlıq iddiaçının faktiki ünvanına göndərilmiş və iddiaçı tərəfindən imza edilməklə təhvil alınmışdır. Bu onu deməyə əsas verir ki, iddiaçının artıq 01 mart tarixindən etibarən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuşdur. Lakin iddiaçı 23.07.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən məhkəməyə müraciət etməsinə qədər 3 aydan çox müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüş hesab edilir. Bundan əlavə, MMC-nin təlimatına əsasən kassir, müştəridən bonus kartının olub-olmamasını öyrənməli, bonus kartını təqdim edərsə alış-verişin 1%-i müştərinin bonus kartına əlavə edilir. Bundan əlavə, iddiada qeyd edilən bonus kartı iddiaçıya deyil, başqa şəxsə məxsus olmuşdur. Qeyd edilən bonus kartına hər gün üç-dörd dəfə iddiaçı tərəfindən bonuslar əlavə edilmişdir, lakin onlar humanistlik göstərərək bu barədə hüquq-mühafizə orqanlarına şikayət etməmişlər. İddiaçının MMC-yə vurduğu zərər edilən hər alışverişin 1%-i olmuşdur, sonuncu əgər həmin məbləği bonus kartına əlavə etməsəydi məbləğ şirkətə qalardı. İddiaçı 26 fevral 2021-ci il tarixdə işdən azad olunub, 01 mart 2021-ci il tarixdə isə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı işə qəbul edilərkən bütün təlimatlarla tanış edilmişdir. Belə ki, qaydaya əsasən ilk gün işçiyə təlim keçilir, işçilər mağazaya getdikdən sonra orada ümumi iş rejimi və daxili qaydalarla tanış edilirlər. Təlimatlar ümumi olur, tanış edildikdən sonra sənədə tanış olması barədə imza çəkir. İddiaçı həmin xəbərdarlıq məktubuna imza çəkmişdir. Bununla yanaşı, iddiaçının iş yoldaşlarına və digər şəxslərə xəsarət yetirməsi faktı da olmuşdur ki, işlədiyi müddət ərzində yəni keçən ilin dekabr və bu ilin yanvar ayları ərzində eyni səhvləri təkrar etmişdir, dekabr ayında isə etdiyi səhvə görə şifahi xəbərdarlıq edilmişdir. Bütün göstərilənlərlə yanaşı, o, iddiaçının eyni karta müştəri alış-veriş edən zaman bonusları yükləməsi kamera görüntüləri ilə təsbit olunmuş, həmin görüntülər DVD diskə köçürülmüşdür və o, həmin diski məhkəməyə təqdim etmişdir. Buna görə də, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Bu kontekstdə məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)-3778/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı 17 dekabr 2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında 17 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, xəzinədar vəzifəsinə işə qəbul edilmişdir; 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli “Əmək müqaviləsi”nin: 1.3-cü bəndinə əsasən bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi, əmək qanunvericiliyi sistemi və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş qayda və prinsiplərlə tənzimlənir; 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 6 (altı) ay müddətinə bağlanmışdır; 2.2-ci bəndinə əsasən işçinin işə başlama tarixi 17 dekabr 2020-ci il tarixidir; 5.1-ci maddəsinə əsasən, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır; 10.1-ci bəndinə əsasən bu müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur; 11.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər; Cavabdeh MMC-nin İcbari təlimləri üzrə şəxsi vərəqənin surətindən görünür ki, MMC-nin Masazır filialının Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 3-7 iş günü ərzində təlimlər keçirilmiş və o, təlimlərdə iştirak etməsini öz imzaları ilə təsdiq etmişdir; Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının 4.4-cü bəndinin “Qeyd” hissəsindən görünür ki, əgər “Bravo” mağazalar şəbəkəsinin işçi heyəti “Umico” kart və ya mobil əlavəsindən istifadə edirsə, ancaq özləri aldıqları məhsullar üçün kartdan və mobil əlavədən istifadə edə bilərlər. Müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağandır; İddiaçı Cavabdeh MMC-nin Kadrlar Şöbəsinə verdiyi 07 yanvar 2021-ci il tarixli izahatdan görünür ki, İddiaçı həmin izahatında göstərmişdir ki, o, 17 noyabr 2020-ci il tarixdən etibarən “Bravo” supermarket şəbəkəsində kassir vəzifəsində çalışır. Çalışdığı müddət ərzində bilir ki, müştərilərin bonuslarını və alış-verişlərini öz hesabına və ya müştərilərin kartlarının barkodunu əl ilə daxil etmək olmaz. Lakin cari ilin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarlamışdır və ümumilikdə eyni hesaba 1000 AZN-dən çox (10 AZN bonus) vurmuşdur. Bu halın səhv olduğunu anlayır və şirkətə ziyan olduğunu anlayır. Çalışacaq ki, bir daha bu hallar təkrar olunmasın. Bundan sonra o, izahatı özünün yazdığını və öz imzası ilə təsdiq etdiyini qeyd edərək, izahatı imzalamışdır; 26 fevral 2021-ci il tarixli, T0141-21 saylı Əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan işçisi ilə bağlanmış AS6205 saylı əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (Əsas: İşçinin 07 yanvar 2021-ci il tarixli izahatına əsasən); Cavabdeh MMC-nin 01 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan və ona əlavə edilmiş qaimənin surətindən görünür ki, MMC tərəfindən İddiaçı 26 fevral 2021-ci il tarixdə onunla bağlanmış AS6205 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və əmək kitabçasını Bakı şəhəri, H.Əliyev prospekti 172 ünvanında “Koroğlu” metro stansiyasının yanında yerləşən “Bravo” hipermarketin 2-ci mərtəbəsində ünvanındakı Baş ofisdən götürməsi bildirilmişdir. Beləliklə işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı xəzinədar vəzifəsinə qəbul edilmişdir. MMC-nin Masazır filialının Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 3-7 iş günü ərzində təlimlər keçirilmiş və o, təlimlərdə iştirak etməsini öz imzaları ilə təsdiq etmişdir. Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının 4.4-cü bəndinin “Qeyd” hissəsindən görünür ki, əgər “Bravo” mağazalar şəbəkəsinin işçi heyəti “Umico” kart və ya mobil əlavəsindən istifadə edirsə, ancaq özləri aldıqları məhsullar üçün kartdan və mobil əlavədən istifadə edə bilərlər, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı etirafedici izahat yazmışdır. Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan işçisi ilə bağlanmış AS6205 saylı əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Kollegiya mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına əsasən qeyd edir ki, hazırkı işdə tərəf olan Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı əmək müqaviləsində öz əksini tapmışdır. Hansı ki, 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli əmək müqaviləsində tərəflər razılaşmışlar ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 və 72ci maddələrində nəzərdə tutulan hallarda xitam verilə bilər. Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, İddiaçı öz iradə ifadəsini bəyan edərək müştərilərin alış-veriş bonuslarını öz hesabına və ya kartların barkodunu əl ilə daxil etməyin qadağan olunmasını bildiyini, lakin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarladığını, şirkətə ziyan vurduğunu 07 yanvar 2021-ci il tarixli yazılı izahatında qeyd etmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan, o cümlədən iş materiallarına əlavə edilmiş izahatdan da məlum olur ki, o, sözügedən izahatı öz xətti ilə yazmışdır, izahatın onun tərəfindən yazılaraq imzalanması onun tərəfindən mübahisələndirilmir. Burada, iddiaçının mübahisələndirdiyi məqam ondan ibarətdir ki, iddiaçı tərəf 07 yanvar 2021-ci il tarixli izahatı hüquqi savadı olmadığına görə cavabdehin nümayəndəsinin diqtəsi ilə, məcburən yazdığını iddia edir. Lakin, qeyd olunan izahatın mahiyyətindən də görünür ki, iddiaçı həmin izahatda müştərilərin alış-veriş bonuslarını öz hesabına və ya kartların barkodunu əl ilə daxil etməyin qadağan olunmasını bildiyini, lakin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarladığını, şirkətə ziyan vurduğunu sadə yazılı formada öz xətti ilə qeyd etmiş, izahatın mahiyyəti ona bəlli olmuş, hansı ki, həmin ifadələrin məhz hüquqi savada malik olan şəxs tərəfindən anlaşıla bilməsinə dəlalət edən hal mövcud deyil, qeyd olunan izahat kifayət qədər anlaşılan və açıq ifadələrlə iddiaçının özü tərəfindən yazılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biri də ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması hesab edilir. ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. ƏM-nin 186-cı maddəsinin 1-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. ƏM-nin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, tərəflər arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli AS6205 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin Masazır filialının Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 3- 7 iş günü ərzində təlimlər keçirilmiş və o, təlimlərdə iştirak etməsini öz imzaları ilə təsdiq etmişdir. Lakin, iddiaçı istər cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin, istərsə də Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının 4.4-cü bəndinin “Qeyd” hissəsinin yəni, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağan olunduğu halda, həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı etirafedici izahat yazmışdır. Məhz bu səbəbdən, cavabdeh sözügedən əmək müqaviləsinin 11.1-ci bəndini, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Məhkəmə əlavə olaraq qeyd edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfin təqdim etdiyi iddiaçının müştərilərin alış-veriş etməsi nəticəsində qazandıqları bonusları özündə olan “Umico” hesaba daxil etməsini əks etdirən görüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan fakt öz təsdiqini tapmışdır. Kollegiya, yuxarıda sadalanan maddələrin tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb, hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmur. Buna görə də, kollegiya hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Kollegiya apellyatorun əmək müqaviləsində imzasının olmaması və əmək müqaviləsindən məlumatlı olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bu hal işdə olan əmək müqaviləsi ilə təkzib olunur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən, iddia tələbinin əsassız olması ilə yanaşı iddia müddəti məsələsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia müddətinin ötürüldüyünü əsas gətirməklə, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili isə bununla razılaşmayaraq, cavabdeh tərəfindən xəbərdarlıq məktubunun iddiaçıya təqdim edilmədiyini, həmin məktuba iddiaçının imza etmədiyini bildirmiş, bunun müəyyən edilməsi üçün məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsinin zəruri olduğunu bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, göründüyü kimi iddia ərizəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir, iddiaçı sözügedən xəbərdarlıq məktubunda mövcud imzanın ona məxsus olmamasını mübahisələndirməmiş, iddiaçı tərəf yalnız cavabdeh tərəfin iddia müddətinin ötürülməsini bildirməsindən sonra xəbərdarlıq məktubunun iddiaçıya təqdim edilmədiyini, imzanın ona məxsus olmaması barədə şifahi dəlil irəli sürsə də, məhkəmə sonuncunun həmin dəlilini əsassız hesab etmişdir. Kollegiya apellyatorun 01 mart 2021-ci il tarixli xəbərdarlıqda olan imzanın ona məxsus olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyasiya mərhələsində qeyd olunan dəlilinin araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, 4/1846 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 125-ci vərəqəsində 01 mart 2021-ci il tarixli xəbərdarlıq məktubunda “Tanış oldum və bir nüsxəsini aldım” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı 01 mart 2021-ci il tarixdə hüquqlarının pozulduğunu bildiyi vaxtdan sonra 02.09.2021-ci ildə hazırkı iddia ilə məhkəməyə müraciət etməklə ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq iddia müddətini də keçirmişdir. Məhkəmə İddiaçı iddia tələbinin digər hissələri ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, həmin iddia tələbləri onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə tələbdən doğan, törəmə tələblər olduğundan və iddianın ilk hissəsinin əsassız olması ilə bağlı təmin edilməli olmadığından həmin tələblər də təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)-3778/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar