Məhkəmə qərarları › İş №2(103)-783/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-783/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-783/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli qətnamədən Ərizəçi verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, ərizəçinin vəkili (nümayəndəsi) Vəkil və maraqlı şəxs Dövlət Sosial Müdafiə X16 Şəxsinin nümayəndəsi X7 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ərizə barədə məlumat

1. Rayon Məhkəməsinə müraciət etmiş ərizəçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində əmək fəaliyyətinin hüquqi fakt kimi təsdiq olunması və əmək stajı kimi hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1966-cı il tarixdə əmək fəaliyyətinə başlamış, sonrakı dövrlərdə müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.1966-cı il tarixdən xx.xx.1994-cü ilə tarixədək ərizəçinin əmək fəaliyyəti “Əmək kitabçasında” qeyd olunsa da, sonrakı illər ondan asılı olmayan səbəblərdən qeyd olunmamışdır. Belə ki, 2015-ci ildə Azərbaycanda keçirilən Olimpiya oyunlarına hazırlıqla bağlı iddiaçının işlədiyi və Bakı şəhəri, Səbail rayonunda yerləşən “Bakıbalıqhisəverilmə” Zavodunun fəaliyyəti dayandırıldığı üçün ərizəçinin əmək fəaliyyətinə son qoyulmuşdur. Zavodun inzibati binası Səbail rayonunun ərazisində yerləşdiyinə görə təcili olaraq söküldüyündən lazımi sənədləşdirmə işlərinin aparılması mümkün olmamış və bununla da ərizəçinin əmək fəaliyyəti dayandırılmışdır. Beləliklə, xx.xx.1994-cü il tarixdən xx.xx.2015ci il tarixədək olan dövr ərzində ərizəçinin əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmamış və bu səbəbdən də onun əmək pensiyasının düzgün hesablanması mümkün olmamışdır. Uzun illər əmək fəaliyyətinin olmasına baxmayaraq, ərizəçinin pensiya təminatı düzgün hesablanmamış və bu da onun həyat tərzinə mənfi təsir edir. Son 27 il nəzərə alınsa, ərizəçi xx.xx.1988-ci il tarixdə həmin Zavodunda mühəndis-mexanik, xx.xx.1992-ci il tarixdən həmin Zavodun müvəqqəti olaraq direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.1994-cü il tarixdən isə struktur dəyişikliyi ilə bağlı ərizəçi tutduğu vəzifədən azad olunaraq sərəncama göndərilmişdir. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası “Azərbalıq” X6 Konsernin 97 №-li əmri ilə “X14” Zavodu yaradılmışdır. Ərizəçi, “Azərbalıq” X6 Konsernin xx.xx.1994-cü il tarixli əmri ilə “Bakı balıq hisləmə” zavodunun direktoru kimi xx.xx.1994-cü il tarixdən “X14” zavodunun direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.1994cü il tarixdə “Azərbalıq” X6 Konserni “Səbail balıq” Zavodunun Nizamnaməsi təsdiq edilmiş, xx.xx.2005-ci il tarixdə həmin Zavod hərrac yolu ilə ərizəçiyə satılmışdır. Zavodun fəaliyyəti 2015-ci ilədək davam etməsinə baxmayaraq, ərizəçinin əmək fəaliyyətinin ondan asılı olmayan səbəblərdən əmək kitabçasında qeyd olunması mümkün olmamışdır. Bununla bağlı ərizəçi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmiş, cavab olaraq ona bildirilmişdir ki, “Azərbalıq” X8 Konserni “X14” Zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmiş, məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsi məsləhət görülmüşdür. Bundan sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Xidmətinə müraciət edilmiş və oradan cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 811 nömrəli Sərəncamınına əsasən “Azərbalıq” X6 Konserni ləğv edilmiş və həmin Sərəncamın 2-ci bəndinə əsasən ölkə başçısının 2001ci il 29 mart tarixli 669 nömrəli Sərəncamının 1-ci bəndində göstərilən digər müəssisə və təşkilatlar, o cümlədən “X14” Zavodu, “Bakı balıq hisləmə” Zavodu Ekologiya və Təbii Sərvələr Nazirliyinin tabeliyinə verilməmişdir. Qeyd edilənlərə əsasən ərizəçi hesab edir ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində ərizəçinin əmək fəaliyyəti əmək kitabçasında qeyd olunaraq onun sosial hüquqları təmin edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ərizənin rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli olduğu və yetərli olmadığı halda həmin ərizə təmin edilə bilməz. Hazırki iş üzrə ərizəçi öz ərizəsinin əsaslılığına dair yetərli sübutlar təqdim etməmiş, dəlillərini sübuta yetirə bilməmişdir. c) apellyasiya şikayəti barədə məlumat

5. Ərizəçi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizənin əsaslılığı barədə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, Rayon Məhkəməsi tərəfindən şin halları düzgün müəyyən edilməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə əsassız olaraq ərizə rədd edilmişdir. Bundan başqa, əmək kitabçasında müvafiq qeydlərin aparılmasına görə məsuliyyəti direktor kimi ərizəçinin özünün daşıması, müvafiq qeydlərin ərizəçidən asılı olmayan səbəblərdən aparılmamasının əsassız olması barədə Rayon Məhkəməsinin mövqeyi də yanlışdır. Çünki 2015-ci ildə Bakıda keçirilən Olimpiya Oyunları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin şifahi göstərişi əsasında təcili olaraq müəssisənin inzibati binası sökülmüş və ərazinin abadlaşdırılması nəticəsində zavod ləğv edilmişdir. Göstərişin təcililiyinin təmin edilməsi baxımından digər işlərin görülməsi və sənədlərin götürülməsi praktiki baxımdan mümkün olmamış və bu səbəbdən də zavodun fəaliyyəti dayandırılmışdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

7. Ərizəçinin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə ərizənin məzmununa uyğun izahat verdi.

8. Maraqlı şəxsin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, MPM-in tələblərinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1.). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1.). Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.11.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308.). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (maddə 310.1.).

11. İş materiallarında olan və ərizəçiyə məxsus “Əmək kitabçasından” görünür ki, “Əmək kitabçasında” xx.xx.1966-cı ildən başlayaraq qeydlər aparılmış, sonuncu qeydin tarixi xx.xx.1994-cü il tarixi olmuşdur.

12. Azərbaycan Respublikası “Azərbalıq” X6 Konserninin xx.xx.1994-cü il tarixli, 97 nömrəli əmrindən görünür ki, hislənmiş balıq məhsulları istehsalında istehsal gücündən səmərəli istifadə olunması, buraxılan məhsul çeşidlərinin genişləndirilməsi, işçilərin əməklərinin son nəticələrə görə maddi maraqlarının artırılması və Bakı şəhəri Səbail rayonu əməkçilərinin balıq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 5 №-li sex 1994-cü il mayın 17-dən Bakı balıq hisləmə zavodunun tərkibindən çıxarılıb sərbəst təsərrüfathesablı müəssisəyə çevrilmiş və onun əsasında “X14 zavodu” yaradılmış, direktoru vəzifəsinə R.Cəlalov təyin edilmişdir.

13. Zavodun direktor Ərizəçi tərəfindən imzalanmış “Azərbalıq” X6 Konserni Səbail balıq zavodunun nizamnaməsi xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

14. “Azərbalıq” X6 Konserninin xx.xx.1994-cü il tarixli, 82 nömrəli əmrindən görünür ki, Bakı balıq hisləmə Zavodunun sabiq direktoru Ərizəçi 1994-cü il 24 may tarixdən X14 Zavodunun direktoru vəzifəsinə təyin edilmişdir.

15. X14 Zavodunun xx.xx.2000-ci il tarixdən ştat cədvəlinin təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 23 nömrəli sənəddən görünür ki, sənədi zavodun direktoru qismində Ərizəçi imzalamışdır.

16. Azərbaycan Respublikası Vergilər Nazirliyi 1 saylı Filialının X14 zavodunun direktoru Ərizəçi ünvanladığı xx.xx.2005-ci il tarixli məktubdan görünür ki, X14 zavodu (VÖEN: 1********) filialda vergi ödəyicisi kimi xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir, fəaliyyətin dayandırılması haqqında ərizə ilə filiala müraciət etməmiş, ərizə əvəzinə bəyannamələri boş təqdim etmişdir.

17. İşdə olan xx.xx.2005-ci il tarixli 33/01 nömrəli hərrac protokolundan görünür ki, X14 zavodu Ərizəçi satılmışdır.

18. Müəssisənin (obyektin) xx.xx.2005-ci il tarixli 1851 nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Respublika Auksion Mərkəzi tərəfindən xx.xx.2005-ci il tarixdə keçirilən auksionda 33/01 №-li protokola əsasən X14 Zavodu Ərizəçi satılmışdır.

19. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 004568 nömrəli, xx.xx.2005-ci il tarixli “Şəhadətnamədən” görünür ki, “Səbail” Balıq hisləmə zavodu 6.685.000 manata Ərizəçi, X10 və X1.

20. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Azərbalıq” X8 Konserni X14 zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunması məsləhət görülmüşdür.

21. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 811 nömrəli sərəncamına əsasən “Azərbalıq” X6 Konserni ləğv edilmiş və həmin sərəncamın 2-ci bəndinə əsasən ölkə başçısının 2001-ci il 29 mart tarixli 669 nömrəli Sərəncamının 1-ci bəndində göstərilən digər müəssisə və təşkilatlar, o cümlədən X14 zavodu, Bakı balıq hisləmə zavodu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilməmişdir.

22. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının lazımi məlumatların təqdim edilməsi haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, “Azərbalıq” X6 Konserni və X14 Zavodunun rekvizitləri (SUN və ya VÖEN) qeyd edilmədiyindən həmin müəssisələri Nazirliyin məlumat uçot bazasında müəyyən etmək mümkün olmamışdır.

23. Dövlət Vergi Xidmətinin məlumatın təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, dövlət reyestrində “Azərbalıq” X6 Konserninin xx.xx.1992-ci il tarixdə 467 nömrə ilə və X14 Zavodunun xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxslər adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində “Azərbalıq” X6 Konserninin və X14 Zavodunun fəaliyyətə başlaması, fəaliyyətini dayandırması və ya ləğv edilməsi ilə əlaqədar məlumat aşkar olunmamışdır.

25. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin müraciətin cavablandırılması haqqında xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X14 zavodunun xx.xx.1994-cü il tarixdə, “Azərbalıq” X6 Konserninin xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə məlumat mövcud olsa da, qeydiyyat qovluqlarının Ədliyyə Nazirliyindən təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir. Mövcud məlumat bazasına əsasən X14 zavodu tərəfindən xx.xx.1997ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr ərzində 1786,6 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir.

26. Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin məlumatın təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Azərbalıq” X6 Konserninin və X14 Zavodunun vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir.

27. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xidməti məktubdan görünür ki, Ərizəçi xx.xx.2011-ci il tarixində qanuna müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır və həmin tarixdən yaşa görə pensiya təyin edilmişdir. Ərizəçi ilkin təyinat zamanı onun təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1966-cı il tarixindən fasilələrlə xx.xx.1994-cü il tarixinədək olan dövrlər (ümumilikdə 23 il 11 ay 29 gün) nəzərə alınmışdır.

28. İşdə olan sübutlar əsasında Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçi xx.xx.1966-cı ildən başlayaraq fasilələrlə əmək kitabçasında bu barədə qeydlər aparılmaqla müxtəlif müəssisələrdə işləmiş, əmək kitabçasında edilmiş sonuncu qeydin tarixi xx.xx.1994-cü il olmuşdur. Azərbaycan Respublikası “Azərbalıq” X6 Konserninin xx.xx.1994-cü il tarixli, 97 nömrəli əmri ilə “X14” Zavodu yaradılmış və ərizəçi Zavodun direktoru vəzifəsinə təyin edilmiş, onun xx.xx.1994-cü ildən “X14” Zavodunun direktoru vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası “Azərbalıq” X6 Konserninin xx.xx.1994-cü il tarixli, 82 nömrəli əmri verilmişdir. Zavodun direktoru qismində onun tərəfindən imzalanmış nizamnamə xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Zavod ********* vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə Vergilər Nazirliyi 1 saylı Filialında xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmiş, lakin fəaliyyətin dayandırılması haqqında ərizə ilə filiala müraciət etməmiş, əvəzinə bəyannamələri boş təqdim etmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr ərzində 1.786,60 manat məbləğində vəsait zavod tərəfindən dövlət büdcəsinə ödənilmişdir. xx.xx.2005-ci il tarixdə keçirilən auksionda zavod ərizəçiyə satılmış, bu, xx.xx.2005-ci il tarixli 1851 nömrəli alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilmiş, zavodun 6.685.000 manata Ərizəçi, X10 və X2 dair dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 004568 nömrəli, xx.xx.2005-ci il tarixli “Şəhadətnamə” verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 669 nömrəli Sərəncamına görə zavodun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilmədiyi müəyyən edilmişdir. Ərizəçiyə xx.xx.2011-ci il tarixdən müvafiq yaş həddinə çatdığına görə yaşa görə pensiya təyin edilmiş, ilkin təyinat zamanı xx.xx.1966-cı ildən fasilələrlə xx.xx.1994cü ilədək olan dövrlər, cəmi 23 il 11 ay 29 gün staj nəzərə alınmışdır.

29. Hazırda ərizəçi xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində “X14” Zavodunun direktoru olmasına baxmayaraq, ondan asılı olmayan səbəblərdən “Əmək kitabçasına” qeyd edilməməsini bildirərək, həmin dövr ərzində əmək fəaliyyətinin hüquqi fakt kimi təsdiq olunmasını və əmək stajı kimi hesablanmasını bildirir.

30. Maraqlı şəxs isə ərizəçinin tələbinin əsassız olduğunu bildirərək, təmin edilməməsini məhkəmədən xahiş edir.

31. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (bənd 1.2.). Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür (bənd 1.4.). Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər (bənd 1.7.). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir (bənd 13.1.). Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir (bənd 13.4.).

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-in sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli olduğu və yetərli olmadığı halda həmin ərizə təmin edilə bilməz.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

34. Məhkəmə qeyd edir ki, “X14” Zavodunun 1994-cü ilin may ayında yaradılması barədə əmr verilməsi, ərizəçinin isə xx.xx.1994-cü ildən zavodun direktoru təyin edilməsi, 2005-ci ildən isə zavodun özəlləşdirilməsi nəticəsində sahiblərindən biri olması hazırki işin mübahisəsiz hallarını təşkil edir.

35. Ərizəçi Zavoda direktor təyin edildikdən sonra özündən asılı olmayan səbəblərdən “Əmək kitabçasında” qeydiyyat aparılmadığını iddia etsə də, Rayon Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Zavodun direktoru kimi işçilərin (eləcə də rəhbərin) əmək kitabçalarında qeydiyyatın aparılmasını təmin etmək ərizəçinin vəzifəsi olmuşdur. Bu vəzifəni ya ərizəçinin özü həyata keçirməli, ya da müvafiq işçi və ya aidiyyəti struktur bölməyə əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeydiyyatının aparılması, uçotunun təşkil edilməsi və s. həvalə etməli idi. Lakin ərizəçi qeyd olunan məsələ ilə bağlı məsuliyyətsizlik nümayiş etdirmiş və özünün “Əmək kitabçasında” qeydiyyatın aparılmasını təmin etməmişdir.

36. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, ərizəçinin özündən asılı olmayan səbəblərdən “Əmək kitabçasında” qeydiyyat aparılmaması və bunun zavodun ləğv edilməsinin təcililiyi ilə əsaslandırması barədə dəlili əsassızdır. Çünki ərizəçi Zavodun 2015-ci ildə olimpiya oyunları ilə əlaqədar söküldüyünü və buna görə ona kompensasiya ödənildiyini, lakin bu halların rəsmiləşdirilmədiyini bildirir. Lakin ərizəçinin məhkəməyə bildirdiyi əhəmiyyət kəsb edən bütün bu hallar şifahi olmaqla, heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Zavodun sökülməsi (əgər həqiqətən də sökülübsə) hələ zavodun rəsmi olaraq ləğv edilməsi mənasına gəlmir. Bu isə hazırki iş üzrə ərizəçinin həmin sənədləri başqa qaydada ala bilməsinin və ya itirilmiş sənədlərin bərpasının mümkün olmaması kimi qiymətləndirilə bilməz. Çünki zavodun yaradılması müvafiq sənədlərlə öz təsdiqini tapsa da, mübahisələndirilən müddətdə fəaliyyətdə olması və 2015-ci ildə ləğv edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

37. Bununla yanaşı Məhkəmə qeyd edir ki, mübahisələndirilən müddət ərzində Zavodun fəaliyyət göstərib-göstərməməsi, ləğv edilib-edilməməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Zavodun 1994-cü ildə yaradılması, 1997-ci ildə vergi ödəyicisi qismində qeydiyyatdan keçməsi, lakin vergi orqanına bəyannamələri boş təqdim etməsi, həmin vaxtdan 2003-cü ilədək keçən 6 il ərzində cəmi 1.786.60 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsi müəyyən edilmiş, 2003-2015ci illərə dair məlumatlar isə olmamışdır.

38. Buna görə də Rayon Məhkəməsi haqlı olaraq zavodun ərizəçi tərəfindən göstərilən bütün müddət ərzində, həqiqətən də, fəaliyyətdə olmasını ağlabatan hesab etməmişdir.

39. Bundan başqa, ərizəçi ilk növbədə işlədiyini iddia etdiyi Zavoda və ya onun hüquqi varisinə müraciət etməli, faktı təsdiq edən sənədi ala bilmədikdə bundan sonra məhkəməyə müraciət etməli idi. Hazırki işdən isə ərizəçinin əvvəl işləmiş olduğu zavoda və onun hüquqi varisinə müraciət etməsi görünmür, onun işləmiş olduğu zavodun ləğv edilməsi barədə isə işdə heç bir mötəbər yazılı sübut yoxdur.

40. Apellyasiya baxışı zamanı ərizəçi Məhkəməyə yeni sübutlar təqdim edərək öz tələbinin əsaslılığını “X14” Zavodunun “gəlir və xərcləri”, “mal və xidmətlərin istehsalı və yüklənməsi (göndərilməsi)” barədə və digər 2001-2003-cü illərə aid illik hesabatları, Dövlət Statistika Komitəsi ilə yazışmalar barədə əlavə sübutlarla təsdiq etməyə çalışmışdır.

41. Bununla bağlı Məhkəmə hesab edir ki, həmin sübutların ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmaması halı ərizəçi tərəfindən əsaslandırılmadığı üçün həmin sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yeni sübut hesab edilir və qəbul edilməsi mümkün deyil.

42. Belə ki, MPM-in tələblərinə görə, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (maddə 361.4.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).

43. Digər tərəfdən həmin sübutlar ərizəçinin tələbinin əsaslılığını təsdiq etmək üçün yetərli hesab ediləcək mühüm sübutlar hesab edilmədiyindən mübahisənin həlli üçün əhəmiyyəti yoxdur.

44. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ərizə üzrə ərizəçinin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Tələblərin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

46. Hazırkı mübahisədə isə ərizənin əsaslılığını sübut etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Lakin ərizəçi bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. f) apellyasiya baxışının nəticəsi

47. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, ərizəçinin özünə aid edilməlidir.

51. Məhkəmə həmçinin bildirir ki, ərizənin təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, maraqlı şəxs – Dövlət Sosial Müdafiə X16 Şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

52. Ərizəçi isə apellyasiya şikayəti təmin edilmədiyindən və ərizənin təmin edilməməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından MPM-in tələbləri və “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

53. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Ərizəçi tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə X16 Şəxs tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar