Məhkəmə qərarları › İş №2(103)-7832/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7832/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7832/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılması” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-253/2021 saylı işi üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X4, Əsəd Əhmədov küçəsi, bina 22 A, 2-ci blokun 14- cü mərtəbəsində yerləşən 106 saylı mənzilə vurduğu zərərə görə Cavabdeh 480 manat pulun tutularaq ona ödənilməsi, iddia ərizəsinə görə ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, mənzilinə su axıntısına səbəb olan cavabdehə məxsus mənzilin sanitar qovşağında olan nasazlığın aradan qaldırılması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, 25.07.2017-ci il tarixli alqı-satqı müqaviləsin ilə Bakı şəhəri, Yasamal rayonu, X4, bina 22A, 106 saylı mənzil "Arabaçı” kiçik müəssisəsi İddiaçı 28000 ABŞ dollarına satmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli, 10/269 saylı rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, X4, Əsəd Əhmədov küçəsi, 22A saylı binanın 110 saylı mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmadığını nəzərə alaraq 110 saylı mənzilindən su sızmasına səbəb olmuş hal (hallar) cavabdeh tərəfindən aradan qaldırıldığı ehtimal edilir. Bakı şəhəri, Yasamal rayonu, X4, Əsəd Əhmədov küçəsi, 22A saylı binanın 106 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün götürüləcək təmir-tikinti işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 853 manat məbləğində müəyyən edilmişdir (iş.səh.9, 65) . Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-253/2021 saylı işi üzrə 14 iyun 2021 -ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 480 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1115; Azərbaycan Respublikasının Mülki Prosesual Məcllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.3, 217.4, 220.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X4, Əsəd Əhmədov küçəsi, bina 22A, 2-ci blok, 106 saylı mənzilinə həmin ünvanda yerləşən və cavabdehə məxsus 110 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Cavabdeh yaşadığı mənzildən su sızmasına yol verdiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 480 manat məbləğində pul vəsatiti tutulmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəheri.Yasamal rayon məhkəməsinin 2(004)- 253/2021 sayli 14 iyun 2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, ekspert Elman Səidov həqiqətən 110 saylı mənzildən su sızması faktını aşkar etməmiş və ona görə də qəti şəkildə göstəmişdir ki, həmin faktı müəyyən edə bilməmiş lakin,rəyin nəticə hissəsində fikrini etimal üzərində quraraq 106 saylı mənzilə su sızmanın 110 saylı mənzildən baş verməsini göstərmişdir.Həmin savadsız,naşı,xüsusi biliyə əsaslanmayan ekspertizanın rəyi əsasında hakim Toğrul Axundov heç bir sübutu olmayan faktlara istinad etmədən əsassız olaraq İddiaçı iddia tələbini qismən təmin etmişdir. Halbuki.araşdırma zamanı məhkəməyə sübut kimi təqdim etdiyi foto şəkilləri araşdırmamış və digər vəsatətində göstərilən xüsusatların heç birinə istinad etməyərək əsassız olaraq qərəzli iddiaçının iddia tələbini qismən təmin edərək məhkəmə qətnaməsi qəbul etmişdir. Hakimin kobud qanun pozuntusuna yol verməsindən görünür ki,o.hüquqi cəhətdən təcrübəsi sıfır səviyəsindədir.Əger onun hüquqi bilikləri və təcrübəsi olsaydı etimal əsasında tərtib edilmiş 10/268 saylı ekspert rəyinə obyektiv hüquqi qiymət verərək iddianın qərəzli olmasını ortaya çıxarmaqla iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, evinin iddiaçının evinin üst mərtəbəsində yerləşdiyini, mənzilini kirayə verdiyini, ancaq pandemiya vaxtı mənzilin boş olduğunu, həmin müddətdə su axıdılmasının imkansız olduğunu, mübahisənin beş ildir mütəmadi davam etdiyini, ekspertiza keçirilən zaman onun evində heç bir problem aşkar edilmədiyini, iddiaçının evində su axıdılması ilə bağlı zərər olmadığını bildirmiş və yenidın ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; " Mülki Məcəllnin 21.1, 1096 -1098, 1114-1115, 1159; "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, suyun cavabdehin mənzilinə başqa yerdən axıdılmasının sübuta yetirilmədiyindən, mənzillərin quruluşu nəzərə alınaraq iddiaçının mənzilinə axıdılmış suyun vurduğu zərərə görə cavabdehin mülki məsuliyyəti istisna edilmir və bunlar ekspert rəyi ilə təsdiq , ekspertiza rəyinin mötəbərliyini şübhə altına alan, habelə əlavə ekspertizanın təyin edilməsinə əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-253/2021 saylı işi üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar