Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7834/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2022ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank tərəfindən ona hesablanmış 25.425 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “borcun silinməsi tələbi barədə” iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi 25.425 manat məbləğində borcun silinməsinə yönəldiyindən qiymətləndirilən iddia hesab edilir. Belə olan halda iddiaçı daha çox məbləğdə (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %) dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.5-ci maddəsinə əsasən isə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin qaytarılması barədə Rayon Məhkəməsinin mövqeyi əsassızdır. Çünki iddiaçı iddia ərizəsində cavabdehlərdən onun xeyrinə hər hansı əşyanın (pulun) alınaraq ona verilməsini tələb etmir, iddiaçı, (cavabdehlər tərəfindən) pozulmuş hüquqlarının bərpa edilməsini tələb edir. Buna görə də iddiaçının iddiası qiymətləndirilən iddia tələbi kimi təfsir edilə bilməz. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehlərə qarşı “borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edən iddiaçı hesab etmişdir ki, onun tələbi “qiymətləndirilməyən iddialar” kateqoriyasına aiddir. Buna görə də o, həmin iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsaslanaraq 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin nəzərə alınmalıdır ki, iddia tələbi 25.425 manat məbləğində borcun silinməsinə yönəlmişdir. Belə olan halda hesab edilməlidir ki, bu tələb qiymətləndirilən iddiadır və bu kimi iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən daha çox məbləğdə (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %) dövlət rüsumu ödəməli idi. MPM-nin 152.1.5-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan Məhkəmə hesab edir ki, iddia ərizəsinin qeyd edilən əsasla qaytarılması barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsaslı, həmin qərardaddan iddiaçının verdiyi şikayət isə əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7834/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7834/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver