Məhkəmə qərarları › İş №2(103)-7837/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7837/2020

10.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7837/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 3608/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal müraciət edərək, xx.xx.2020-ci il tarixli k/ə № 509 saylı əmrinin ləğv edilməsi, onun Ağcabədi TKQ-nin rəis müavini vəziləsinə işə bərpa olunmağı, habelə əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının tutalaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3608/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmkarlar ittifaqı komitəsi tərəfindən hər hansı araşdırma aparılmadan, onun izahatını alınmadan, dəvət edilmədən, ümumiyyətlə bu barədə ona hər hansı xəbərdarlq edilmədən həmkarlar ittifaqtı komitəsi onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsinə öz razılığını vermişdir. Həmçinin bildirir ki, pulla «Duraki» oyunu oynayan zaman oyunda iştirak edan şəxslərin hər birinə altı ədəd kart paylanır, oyunun bir qalibi olur, oyunda olan uduş, yani pul və ya digər hər hansı bir əşya masanın kənarında bir yerə sonda oyunun qalibinin götürməsi üçün qoyulur.Bildirir ki, digər iş yoldaşlarının da qeyd etdiyi kimi, bu həmin vaxt haqiqətən də qumar oyunu oynamamışlar, qumar oynanılması, yalnız idara rəisi əvəzi X2 qəsdən, video çəkilış zamanı qərəzli işlətdiyi ifadələrdə öz əksini tapmışdır. Hamıya məlumdur ki, qumar oyunu zamanı oyuna qoyulan pul vəsaiti stolun hər hansı bir yerinə qoyulması ilə yanaşı, hər bir oyunçuya aid pul vəsaiti həmin oyunçunun öz qarşısında olur, eyni zamanda 6 nəfərin kartla «Durakı» oyunu oynaması absurd bir ittihamdı və oyunun qaydalarına belə uyğun deyildir. Videogörünlüdən də göründüyü kimi yalnız bir şəxsin qarşısında 1-2 ədəd manatlıq pul vəsaiti, bir neçə şəxsə məxsus ola bilməzdi, belə ki, həqiqətəndə həmin məbləğ yoldaşlara su alınması üçün qoyulmuşdu. Eyni zamanda, videogörüntüdən də, tam aydın olur ki, Elməddin Mamedov çəkilişlə otağa daxil olur, nə işlə məşğul olursunuz dedikdən dərhal sonra, burda qumar oynayırsız deyə hər bir şəxsin adını çəkir. Bundan da, açıq-aşkar görsənir ki, Elməddin Mamedov əvvəlcədən bu senariyə hazırlaşaraq, bizi bir başa qumar oynamaqda günahlandırır və nəticədə də öz istəyinə adıkeçən mübahisəli qərarla nail olur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki,Ağcabədi RPŞ-nin xx xxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/1102 nömrəli material üzrə X1 əməlində cinayət tərkibi olmadığı barəsində cinayət işi başlanması rədd edilməsi, toplanmış material üzrə X6 barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, X10, İddiaçı Afiq oğlu, X14, X15, X8 və X5 əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraat başlanması rədd edilməsi qərara alınmışdır. Ağcabədi RPŞ-nin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə X6, İddiaçı Afiq oğlu, X10, X15, X14, X8 və X5 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2.ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin nəzərə alınması, İddiaçı Afiq oğlu, X10, X15, X14 və X3 barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Həsənov X16 Rayon Məhkəməsinə şikayət vermişdir. Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 6(017)-04/2020 saylı qərarı ilə Ağcabədi RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X9 HK-1/1102 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli, k/ə № 509 saylı əmrindən görünür ki, toplanmış materialları (izahatları və digər sübutları) və Qovşağın həmkarlar ittifaqı komitəsinin razılığını (Əmək Məcəlləsinin 80-ci maddəsinin 1- ci hissəsinin tələbinə əsasən) nəzərə alaraq, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində nəzərdə tutulmuş intizam tənbehinin verilmə hüququnu rəhbər tutaraq əmr edilir ki, Həsənov X17 TKQ-nin rəis müavini xx.xx.2020- ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmr müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad edilsin. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabdeh qanunvericiliyin tələblərinə riayət etmişdir, bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Kollegiya bundan başqa apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, X12 Həmkarlar İttifaqı Komitəsi Ağcabədi TKQ-nın Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2020-ci il tarixində keçirdiyi onlayn iclasın 01 saylı protokoluna əsasən, Ağcabədi TKQ-nın rəsi müavini vəzifəsində işləyən İddiaçı, texnik vəzifəsində işləyənlər X8, X15 və elektrik montyoru vəzifəsində işləyən X11 ilə Cəmiyyət arasında mövcud olan əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Belə olan halda həmkarlar ittifaqının iddiaçının tutduğu vəzifəsindən azad edilməsi barədə razılığının olmaması öz təstiqini tapmır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri onun subyektiv fikrinə əsaslanır və formal xarakter daşıyır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3608/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar