Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7838/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə və maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2998/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə və maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun 17 avqust 2020-ci il tarixdən “ştatdankənar işçi” vəzifəsinə təyin olunmağı və 20 noyabr 2020-ci il tarixdən işdən azad olunmağı barədə əmrlərin ləğv olunaraq həmin tarixdən müddətsiz müqavilə ilə Fondun Xaçmaz xidmət nümayəndəliyində ən azı mütəxəssis vəzifəsinə təyin olunması; işləmədiyi və əmək haqqı ödənilməyən bütün müddət üçün əmək haqqının ödənilməsi; göstərilən tarixdən ona ödənilən faktiki əmək haqqı ilə mütəxəssis vəzifəsinin əmək haqqı arasındakı fərqin ödənilməsi; nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmağına və Fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxıb vəzifə funksiyalarını yerinə yetirdiyi üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi və göstərilən tələblərin yerinə yetirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması və Fondun bütün əmrləri razılaşdırmalı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2998/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, 1976-cı il tarixdən işlədiyi üçün ona Əmək Məcəlləsinin 45, 47, 56, 63-cü maddələrinə əsasən yeni müqavilə təqdim oluna bilməz və əvvəlki müddətsiz müqaviləsi ştatda nəzərdə tutulan ən azı mütəxəssis vəzifəsinə təsdiq olunmaqla davam etməlidir. (45 və 47-ci maddələrə əsasən müddətli müqavilə yeni işə qəbul olunduqda və ya görüləcək iş daimi xarakterli olmayıb müəyyən müddət davam edəcəyi halda təqdim olunur). Onu da bildirir ki, Xaçmaz xidmət nümayəndəliyində vakant ştat həmişə olub. Fondun publik hüquqi şəxsə çevrilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1077 nömrəli 30 iyun 2020-ci il tarixli Fərmanın 5.1. bəndinə əsasən yeni yaradılmış qrumun əvvəlki Fondun varisi olması təsdiq olunduğu və həmin Fərmanın 7.4. bəndinə əsasən əvvəldən işləyən işçilərin publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları (daha nəzərdə tutulmayan “ştatdankənar işçi” vəzifəsinə yox) və məlumat verilməsi tapşırıldığı üçün müddətli müqavilə bağlana bilməz. Deməli məlumat vermək üçün 3 aylıq müqavilə bağlamaqla Prezident və digər məsul şəxslər də aldadılıb. Əmək Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən əmək şəraitinin şərtləri və mülkiyyətçi dəyişdikdə əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə dəyişdirilmədən saxlanılaraq davam etməlidir. İşçilərin bilik və bacarıqlarının yoxlanılması üçün aparılmış imtahanda da yüksək nəticə göstərdiyi üçün vəzifəyə təsdiq olunmalıdır. Onu 14.08.2020-ci il tarixdə publik hüquqi şəxsə işə təsdiq edərkən Əmək Məcəlləsinin 56 və 63-cü maddələrinin tələblərinə əməl edilərək faktiki olaraq yeni əmək müqaviləsi təqdim edilmədiyi üçün əvvəlki müddətsiz müqavilə davam etməlidir. Müddətli müqavilə onları işdən çıxarmaq yadlarına düşdükdə, 04.11.2021-ci il tarixdə təqdim olunub və o, imzalamamışdır. Əvvəlki illərdə tabeçiliyin dəyişdirilməsi ilə əlaqədar əmək kitabçasında aparılmış 6-cı səhifədə 6-cı, 8-ci səhifədə 7-ci, 18-ci səhifədə sonuncu qeydlər ilə yeni qurumda işlə təmin olunmalı olması təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən hər hansı dəyişikliklə əlaqədar qəbul edilmiş qanunun tələbləri geriyə şamil edilmədiyi üçün, ali təhsil tələb olunmuş olsaydı da ona aidiyyəti yoxdur. Onun tələbi ilə əlaqədar cavabdehin müddətli müqavilə ilə ştatdankənar işçi vəzifəsinə təsdiq olunması barədə əmrdə qeyd edilmiş razılıq ərizəsini, işdən azad olunma barədə 20.11.2020-ci il tarixli əmrdə və Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi 05.05.2021-ci il tarixli etiraz məktubunda qeyd edilən müddəti bitmiş müqaviləni təqdim edə bilməməsi. Etiraz məktubunun 2-ci səhifəsinin 7-ci abzasında cavabdeh özü də təsdiq edir ki, müqavilənin müddəti hər iki tərəfin razılığı ilə müəyyən olunur. O, da həmin müqaviləni təqdim etməyi tələb edir. İmzalamaq üçün ona təqdim edilmiş əmək müqaviləsinin nömrəsi xxxxxxx000300 göstərildiyi halda, etiraz məktubunda xxxxxxx000200 göstərilib. Onun “ştatdankənar işçi” vəzifəsinə təsdiq olunması qanunsuz olduğu üçün elektron məlumat bazasında vəzifənin ştat cədvəlinə əsasən “mütəxəssis” göstərilməsi. İddia ərizəsinə əlavə olunmuş elektron məktublarda əməkdaşların qiymətləndirmədə əldə etdiyi nəticələrin nəzərə alınacağının bildirilməsi işçilərin aldadılmasına hesablandığını sübut edir və ona görə də hər iki ərizə əməkdaşlar tərəfindən eyni vaxtda və qiymətləndirmə ərəfəsində yazılıb. Cavabdehin nümayəndəsi təqdim etdiyi etiraz məktubunun 2-ci səhifəsinin 6-cı abzasında müqavilənin hansı müddətə bağlanmasının, müqavilənin şərtlərinin dəyişdirilməsinin və ləğv edilməsinin işəgötürənin əsas hüququ olmasını bildirir. Bəli, bunlar işəgötürənin müstəsna hüququ olmasa da, onların yerinə yetirilməsi onun hüququdur, lakin müvafiq qanunvericiliyin tələbləri çərçivəsində. Hər işəgötürən özü istədiyi kimi hərəkət edəcəksə, onda qanunlar nə üçün yazılır. Ümumiyyətlə cavabdeh öz etirazını ümumi sözlər və düzgün olmayan məlumatlar üzərində qurub, sənəd ilə təsdiq olunan heç bir əsaslı arqumentlər göstərə bilməyib. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 27 iyul 2020-ci il tarixli **********6№-li AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə əsasən, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin işçiləri, həmçinin İddiaçı 29 iyul 2020-ci il tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilmiş və müvafiq olaraq onlarla bağlanılmış əmək müqavilələrinə xitam verilmişdir. İddiaçı tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin idarə heyətinin sədri X3 ünvanlanmış 12.08.2020-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda müvafiq işlə təmin olunması barədə mürəciət etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 14 avqust 2020-ci il tarixli **********6№-li əmrinə əsasən müəyyən olunur ki, bu əmrə əlavə olunan 1 nömrəli siyahıda adları qeyd edilən şəxslər, həmçinin İddiaçı 17 avqust 2020-ci il tarixdən tərəflərin razılığı ilə 1 (bir) ay sınaq müddəti müəyyən edilməklə 3 (üç) ay müddətinə Fondun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilmişlər. 14 avqust 2020-ci il tarixli **********6№-li əmrdən çıxarışa əlavəyə əsasən İddiaçı Xaçmaz rayon xidmət nümayəndəliyinə ştatdankənar işçi kimi qəbul olunmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin idarə heyətinin sədri X5 ilə işçi İddiaçı arasında bağlanılmış 14.08.2020-ci il tarixli xxxxxxx000300№-li, imzalanmamış, əmək müqaviləsinə əsasən müəyyən olunur ki, işçi əsas iş yeri üzrə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xaçmaz rayon xidmət nüməyəndəliyinə ştatdankənar işçi vəzifəsinə qəbul edilmiş və tərəflərin razılığı ilə 14.08.2020-ci il tarixdən 3(üç) ay müddətinə bağlanmış, işçiyə aylıq vəzifə maaşı 600 manat məbləğində təyin edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, onunla bağlanılmış 14.08.2020-ci il tarixli əmək müqaviləsinin müddəti 14.11.2020-ci il tarixdə qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə uyğun son haqq hesab aparılacağı barədə xəbərdar edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 noyabr 2020-ci il tarixli **********8№ li əmrinə əsasən müəyyən olunur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində çalışan adları siyahıda qeyd olunan bir sıra işçiləri, həmçinin İddiaçı müddətli əmək müqavilələrinin müddəti qurtardığına görə tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanılmış 14 avqust 2020-ci il tarixli əmək müqavilələrinə 20 noyabr 2020-ci il tarixdə xitam verilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 noyabr 2020-ci il tarixli **********8№ li əmrində çıxarışa əlavəyə əsasən müəyyən X2 rayon Xidmət nümayəndəliyində ştatdankənar işçi vəzifəsindən azad olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı izahatında özü bildirmişdir ki, öz ərizəsi əsasında işdən azad olunmasını istəyib, səbəb kimi orqanla gələcəkdə problem yaşamamaq və işlə təmin olunmaq istəyini bildirmişdir. İddiaçı öz iradəsi əsasında işdən azad olunduğundan və iradə ifadəsində hər hansı qüsur məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə 27 iyul 2020-ci il tarixli **********6№-li AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrini qanuni hesab edir. Daha sonra İddiaçı 12.08.2020- ci il tarixdə müvafiq işlə təmin olunması barədə publik hüquqi şəxsə müraciət etmiş və onu müddətli müqavilə ilə işə götürmüşlər. Daha sonra müddətin bitməsinə görə müqaviləyə xitam verilmişdir. Məhkəmə qeyd edilən hərəkətlərlə bağlı cavabdehin qanunsuz hərəkətlərini müəyyən etməmişdir. İlkin olaraq, tərəflər arasında əmək münasibtələrinin olduğu sübuta yetirilmir. Belə ki, iş üzrə əmək müqaviləsi təqdim olunsa da, onun imzalanmış forması məhkəmənin təklifinə əsasən iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi bildirmişdir ki, belə bir müqavilə mövcud deyildir, yalnız sistemdən çıxarış mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərinin münasibətlərini müəyyənləşdirən əmək müqaviləsi olmadığından, iddiaçı əmək məcəlləsinə istinad edərək hüquqularının müdafiəsini istəyə bilməz. Lakin cavabdehin nümayəndəsi öz-özlüyündə etibarsız olan əmək müqaviləsinin mövcud olmasını mübahisələndirməmiş və belə münasibətlərin mövcud olmasını təsdiq etmişdir. Belə olan halda da cavabdehin müddətin bitməsi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsində məhkəmə cavabdehin qanunsuz hərəkətlərini aşkar etmir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 noyabr 2020-ci il tarixli **********8№ li əmrində də məhkəmə hər hansı qanunazidd hərəkət müəyyən etmir və əmri qanuni hesab edir. İddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrlər qanunvericiliyin tələblərinə uyğun olduğundan, həmçinin, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia ərizəsində həmin tələbdən doğan əmək haqqıya dair tələblər də rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 -ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11 -ci maddəsinin "b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1 -ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəlləsin 83-cü maddəsinin 1 -ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında olan əmək münasibətlərinə iddiaçının öz iradəsi əsasında 27 iyul 2020-ci il tarixli **********6№-li Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə xitam verilmiş və həmin əmr iddiaçı tərəfindən mübahisləndirilməmişdir. İddiaçı birinci instansiya məhkəməsində izahat verərkən bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi onun öz iradə ifadəsi əsasında həyata keçirilmişdir. (İş vərəqə 106.) Eyni zamanda iddiaçı 12.08.2020- ci il tarixdə müvafiq işlə təmin olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-yə müraciət edərək, onunla müvafiq əmək müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Bundan sonra qanunvericilikdə nəzərdə tutulduğu kimi tərəflər arasında onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilə bağlandıqdan sonra da, iddiaçı həmin müqaviləni mübahisələndirərək, həmin müqavilənin müddətsiz hesab edilməsini tələb etməmişdir. Əksinə müddətli əmək müqaviləsinə uyğun olaraq, öz vəzifə səlahiyyətlərinin icrasına başlamışdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan müddətli əmək müqaviləsinin məhkəməyə təqdim edilmiş nüsxəsi imzalanmış halda olmasa da, cavabdehin nümayəndəsi həmin müqaviləyə uyğun olaraq, aralarında əmək münasibətlərinin mövcud olduğunu bildirmişdir. Göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin formalaşması və bitməsi zamanı iddiaçının iradə ifadəsinə zidd hər-hansı hərəkət olmamışdır. Beləliklə əmək müqaviləsinin bağlanması və əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər-hansı müddəası pozulmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır, iddia ərizəsinin məzmunu ilə eynilik təkil edir və birinci instansiya məhkəməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2998/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov, Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7838/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7838/2021
24.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver