Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7843/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “X1 B.V.” Şirkətinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı “X1 B.V.” Şirkətinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1 B.V.” Şirkətinə (bundan sonar Şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.06.2014-cü il tarixindən Şirkətdə müddətsiz əmək müqaviləsi əsasında “Kommersiya və Marketinq üzrə Koordinator“ vəzifəsində işləməyə başladığını, bu vəzifə üzrə əmək funksiyalarının layihənin mühəndis-layihə, maddi-texniki təchizat, tikinti, işə-salma mərhələsi kimi səciyyəvi aspektlərində koordinasiya, müqavilə, tender və təklif sənədlərinin nəzərdən keçirilməsi və layihə mərhələlərinin, vaxt, xərc və keyfiyyət nöqteyi nəzərindən inkişafını izləmək kimi müəyyənləşdirildiyini, Şirkətin 26.05.2021-ci il tarixli TO-930341-571 saylı əmri ilə əmək müqaviləsinə xitam verildiyini, vəzifə ştatının ixtisar olunmasının yalnız müəssisənin əsl niyyətini pərdələmək məqsədi daşıdığını və onun işdən uzaqlaşdırılmasına hesablanmış addım olduğunu, vəzifəsinin ixtisar olunmasının faktiki olaraq müəssisənin fəaliyyətinin dayandırılması mənasına gəldiyini, Şirkət tərəfindən göndərilmiş xəbərdarlıq bildirişində ştat ixtisarının hansı zərurətdən yarandığının əsaslandırılmadığını, ştatının ləğv olunmasından bir müddət əvvəl eyni əmək funksiyalarını icra edən, lakin rəsmi adı fərqli olan bir ştatın yaradıldığını və oraya əcnəbi vətəndaşın işə qəbul edildiyini, ADNA-da idarəetmə ixtisası üzrə bakalavr təhsili alaraq İtaliyada italyan dilində magistr təhsilini başa vurduğunu, PMP sertifikatını əldə etdiyini, eləcə də CFA proqramı üzrə ilk mərhələni tamamladığını, həyat yoldaşının işləmədiyini və öhdəsində iki azyaşlı uşağının olduğunu bildirmiş, Şirkətin 26 may 2021-ci il tarixli TO- 930341-571 saylı əmrinin ləğv edilməsi, vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Şikayətin dəlillərinə görə, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr əsaslandırılmamış, tutduğu vəzifənin ixtisar olunması formal xarakter daşımaqla onu işdən uzaqlaşdırmaq məqsədi daşımış, ştatının ləğv olunmasından əvvəl eyni əmək funksiyasını icra edən, lakin rəsmi adı fərqli olan ştat yaradılaraq əcnəbi vətəndaş həmin vəzifəyə qəbul edilmişdir. Bu isə onu göstərir ki, cavabdeh Şirkət iddiaçının ştatını həqiqi zərurətlə əlaqədar olaraq ixtisar etməmiş, yalnız bu vasitədən istifadə etməklə müddətsiz əmək müqaviləsini ləğv etmək istəmişdir. Bu həm də o deməkdir ki, iddiaçıya qarşı faktiki ayrı-seçkiliyə yol verilmişdir, hansı ki, bu Əmək Məcəlləsi ilə birbaşa qadağan olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanılan işçilərin ixtisası və peşəkarlıq səviyyələri iddiaçıdan yuxarı olmamış, iddiaçının öhdəsində yetkinlik yaşına çatmamış 2 övladının olduğu nəzərə alınmamışdır. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh “X1 B.V.” Şirkətinin nümayəndəsi (vəkili) Vəkil isə ştatları ixtisar etməyin işəgötürənin hüququ olduğunu bildirməklə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı, 02.12.2008ci il tarixdə “X1 B.V.” Şirkəti ilə bağladığı müddətli əmək müqaviləsi əsasında Kommersiya və Marketinq üzrə Koordinator vəzifəsinə işə qəbul olunmuş, 01.06.2014-cü il tarixdə onunla müvafiq vəzifə üzrə müddətsiz əmək müqaviləsi bağlanmış, Şirkətin 26 may 2021ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrə əsas təşkil edən və 14.04.2021-ci il tarixdə iddiaçıya ünvanlanmış bildirişdə göstərilmişdir ki, Şirkətdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq Kommersiya və Marketinq üzrə Koordinator ştatının ixtisarı nəzərdə tutulmaqla, iddiaçı 6 həftə xəbərdarlıq müddəti ərzində hər həftə bir iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edilmişdir və xəbərdarlıq müddəti başa çatdıqda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. “X1 B.V.” Şirkətinin iş materiallarında olan 25.01.2021-ci il tarixli təqdimatında qeyd edilmişdir ki, İnsan resursları şöbəsi tərəfindən aparılan təhlillər əsasında hazırda Filialın fəaliyyəti üçün zəruri olmayan və əmək funksiyaları baxımından təkrar olunan ştat vahidlərinin siyahısı Tender təklifləri üzrə müdir, Kommersiya və Marketinq üzrə Koordinator, X2 üzrə Koordinator və Satınalma üzrə Böyük Mütəxəssis vəzifələrindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Məcəllənin 77-ci maddəsinə görə isə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının, ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanılan işçilərin ixtisasının və peşəkarlıq səviyyələrinin ondan yuxarı olmaması, həmçinin öhdəsində yetkinlik yaşına çatmamış 2 övladının olduğu arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının işlədiyi koordinator vəzifəsi tək ştat vahidi olmaqla ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1713/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7843/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7843/2021
24.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver