Məhkəmə qərarları › İş №2(103)-7848/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7848/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7848/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-4338/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4338/2020 saylı qərardadına əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə pasport qeydiyyatından çıxarılma məsələsinin məhkəmənin səlahiyyətinə aid olmamasını əsas götürərək iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Halbuki, iddia ərizəsində göstərilən istifadə hüququna xitam verilməsi tələbi birbaşa olaraq məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Anoloji tələblərlə bağlı verilmiş iddia ərizələri dəfələrlə rayon, şəhər məhkəmələrində hər hansı bir problem olmadan icraata götürülərək baxılmışdır. Lakin hazırkı vəziyyətdə cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olmaları və məhkəmənin onun iddia ərizəsini icraata götürməməsi pozulan hüquqlarının bərpa edilməsini mümkünsüz etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4338/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-4338/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardad onunla əsalandırılmışdır ki, iddia ərizəsində göstərilən tələb müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Odur ki, iddiaçıya izah edilmişdir ki, o müvafiq məsələnin həlli məqsədilə müvafiq polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməli, yalnız belə müraciətdən aidiyyəti orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Birinci instansiya məhkəməsinin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarına da uyğundur. Konstitusiya Məhkəməsinin həmin Qərarında formalaşmış hüquqi mövqeyinə görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının əsas tələbi ona məxsus mənzildə faktiki yaşamayan və istifadə hüquqları olmayan, mənzildə formal qeydiyyatda olan cavabdehlərin pasport qeydiyyatından çıxarılmaqla istifadə hüququna xitam verilməsidir. İddiaçının tələbi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olduğundan ərizənin qəbulundan haqlı olaraq imtina edilmiş və iddiaçıya müvafiq məsələnin həlli məqsədilə müvafiq polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməli olduğu izah edilmişdir. Həmçinin belə müraciətdən aidiyyəti orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət hüququnun olduğu da iddiaçıya izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-4338/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar