Məhkəmə qərarları › İş №2(103)-785/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-785/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-785/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Orxan Hüseynovun iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair 2(008)- 4020/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun ünvan ünvanındakı evinin qaz sayğacına (abunə kodu: **********00003) yazılmış 1718,20 manat əsassız hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ünvan ünvanında onun yaşadığı evin qaz sayğacına cərimə borcu yazılmışdır. Həmin cərimə borcunun yazılmasından sonradan xəbər tutmuş, ona sayğacdan kənar xətt olduğu üçün cərimələndiyi bildirilmişdir. Cavabdeh İB-nin əməkdaşları onların sayğaca qədər olan məsafədəki qaz trubasından xırda dəlik aşkarlamış və həmin qaz xəttindəki dəliyi təmir etdikdən sonra ona savadsızlığından istifadə edərək akta imza etdirmişlər. Cavabdehin onun sayğacına yazdığı 1718,20 manat cərimə borcu tamamilə qanunsuzdur. Çünki, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə ödənişi vaxtı-vaxtında ödəmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1318,60 (1718,20 – 399,60) manat məbləğində borcun silinməsi, iddianın 399,60 manat borcun silinməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı abonent 11/2019-cu il tarixindən 04/2020-ci il tarixinə kimi qaz xəttinə 6 dəfə qanunsuz qoşulmaqla təbii qazı talaması nəticəsində qazpaylayıcı hüquqi şəxs Cavabdeh İB-yə maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sabunçu rayonunda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti üzərində quraşdırılmış özbaşına (qeyri-qanuni) rezin qaz xətti, iddiaçıya məxsus ünvana daxil olur və bu hal bir neçə dəfə təkrarlanmışdır. İddiaçı abonent məhkəmə iclasında, borca dair aktların tərtib olunduğu müddətdə özünün başqa ünvanda (Binəqədi rayonu ərazisində) yaşadığını və Sabunçu rayonunda yerləşən özünə məxsus fərdi yaşayış evində kirayəşinlərin qaldığını, həmin şəxslər tərəfindən qaz xəttinə qanunsuz qoşulmanın mümkün ola biləcəyini bildirmişdir (məhkəmə iclasının audio-video yazısında lentə alınmışdır). İddiaçı tərəf, məhkəmə iclasına yanında gələn kənar şəxs (qadın) vasitəsilə özünün yaşlı və xəstə olmasının nəzərə alınaraq borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə qanunvericiliklə ona məxsus hüquqdan sui-istifadə edərək və humanist davranaraq borcun böyük bir qismini (1318,60 manatı) əsassız yerə qanunsuz şəkildə silmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh olan Cavabdeh İB də buna görə məsuliyyət daşıyır. Cavabdeh üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamışdır. Belə olan halda iddia 29.11.2019-cu il tarixli, ******* nömrəli birinci akt üzrə qazdan qanunsuz istifadəyə görə hesablanmış borc hissəsində rədd, digər aktlar üzrə hesablanmış borcun silinməsi ilə bağlı təmin edilməlidir. Yəni, iddia qeyd edilən aktlar üzrə hesablanmış 1318,6 manat borc hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. «Qazdan istifadə Qaydaları»nın 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmirprofilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinin əsaslı olmasını təsdiq edən hər hansı sübut şikayətə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4020/2021 saylı mülki iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar