Məhkəmə qərarları › İş №2(103)-785/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-785/2023

27.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-785/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Evroscon ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh Evroscon ASC-nin nümayəndəsi X1 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Evroscon ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2020-ci il tarixədək X2 "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2020-ci il tarixdə ixtisar səbəbilə şirkətdə tutduğu baş energetik vəzifəsindən azad edilmişdir.

2. “Azərkörpü” Açıq tipli Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında imzalanmış 43 nömrəli, 02 yanvar 2004-cü il tarixli müqavilədən görünür ki, İddiaçı idarənin aparatına baş energetik vəzifəsinə işə qəbul edilmişdir və əmək haqqı 1 000 000 manat təşkil edir.

3. Əmək Müfəttişliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilir ki, sığortaedən Avro X5 "xxxx" ASC (SUN**********5) tərəfindən təqdim edilmiş 2014-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) və 2017-2019-cu illərin İ-İV rübləri, 2020- ci ilin İ-İİ rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda cavabdeh tərəfindən qeyd edildiyi kimi məcburi dövlət sosial sığortaya cəlb olunan iddiaçının gəliri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları **********633 nömrəli fərdi şəxsi hesabında və Nazirliyin təqdim etdiyi www.e-sosial.az internet portalının “Fərdi şəxsi hesab” bölməsində əks olunmuşdur. Həmçinin məktubda bildirilmişdir ki, müraciətin araşdırılması üçün İddiaçı aid sənədlərin təqdim olunması məqsədilə X2 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Evroscon ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF-yə köçürülməli olan 27096,09 manat (iyirmi yeddi min doxsan altı manat doqquz qəpik) pul vəsaitinin cavabdeh "xxxx" ASC-nin hesabından tutularaq DSMF-nin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1982-ci ildən xx.xx.2020-ci ilə kimi X2 "xxxx" ASC-də müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2020-ci ildə həmin müəssisədə tutduğu baş energetik vəzifəsindən ixtisara görə azad olunub. Müəssisədə əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulur, işçilərlə bağlanan əmək müqaviləsi bir nüsxədə bağlanaraq işçiyə verilmirdi. Əmək haqqının miqdarı müqavilədə faktiki miqdarından az göstərilirdi. Əmək haqqının dəyişməsi ilə əlaqədar müqavilədə dəyişiklik edilmirdi. Əmək portalına əlavə olunan əmək müqavilələri işçi ilə razılaşdırılmırdı. Qeyd olunandan başqa əmək müqaviləsində əmək haqqı faktiki əmək haqlarından az göstərildiyi üçün DSMF-yə dəfələrlə az vəsait köçürülür, vəzifə səlahiyyətlərindən istifadə edilərək vergidən yayındırılırdı. Bu qanun pozuntuları 2006-cı ildən xx.xx.2020-ci ilə qədər davam etmişdir.

6. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin tələbinə dair iddia müddəti əmək mübahisələrində maddi tələblərlə bağlı bir il təşkil edir, lakin iddiaçı bu müddəti ötürmüşdür. Bu səbəbdən, cavabdeh, iddia müddətinin tətbiq edib iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı DSMF-yə köçürülməli olan 27096,09 manat pul vəsaitinin cavabdeh Evroscon ASC-dən tutularaq DSMF-nin şəxsi hesabına köçürülməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə görə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Hal-hazırda iddiaçı ilə cavabdeh arasındakı mübahisə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan fərdi əmək mübahisəsidir və mübahisənin predmetini pul tələbi təşkil edir. Belə ki, iddiaçı işlədiyi müddətdə əmək haqqından DSMF-yə köçürülməli olan məbləğdən az məbləğ köçürüldüyünü və beləliklə də DSMF-də fərdi hesabının sığorta hissəsində olan məbləğlə köçürülməli olan məbləğ arasında fərq yarandığını, bu səbəbdən də yaranmış fərqin cavabdehdən tutularaq DSMF-yə, dolayısı ilə DSMF-dəki fərdi hesabına köçürülməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, fərdi əmək mübahisəsinin predmetini dolayısı ilə pul tələbi təşkil etdiyindən və iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 il ərzində cavabdehə qarşı həmin tələblə iddia qaldırmadığından iddia müddəti ötürülmüş hesab edilməli və iddia tələbi rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.2, 288ci maddəsinin e bəndinə, 296.4-cü maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-cimaddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qətnamədə iddia müddətinin buraxılmasını təsvir edərək qiymətləndirməmişdir. İddiaçının hüquqlarının pozulması ona 2021-ci ilin əvvəllərində məlum olmuş, bu barədə ilkin olaraq xx.xx.2021-ci ildə X2 "xxxx" ASC-nin rəhbərliyinə (qəbz 3********), daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ona xx.xx.2021-ci il tarixdə **********7 saylı məktubla cavab verilmişdir. Lakin o məktubla qane olmadığı üçün təkrar müraciət edib. Təkrar müraciətinə cavab olaraq Əmək və əahalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəİşliyi Xidməti Bakı şəhəri idarəsi 24 fevral 2022-ci il tarixdə **********0 saylı məktubla yenidən ona eyni məzmunlu cavab vermişdir. Bundan başqa o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edib. Xidmət ona 27 aprel 2021-ci il tarixli **********419600saylı məktubla cavab verərək sübutların verilməsini istəyib. xx.xx.2021-ci ildə **********7 saylı cavab məktubu yazılıb və o həmin məktubu xx.xx.2021-ci il tarixdə imza edərək alıb. Həmin məktubla ona məhkəməyə müraciət etmək tövsiyyə olunub. İddia ərizəsi isə Yasamal rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olub. Göründüyü kimi bu halda da o iddia müddətini keçirməyib. Bundan başqa o Yasamal rayon prokurorluğuna, Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət edib. Yalnız bundan sonra prokurorluğun tövsiyyəsi ilə məhkəməyə müraciət edib. Qeyd edilən müraciətlər barədə məhkəmədə izahatında bildirib. Hətta cavabdeh tərəfin iddia müddənin ötürülməsi barədə ərizəsi müzakirə edilərkən də bu müraciətlərini bildirib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsini iddia ərizəsinə obyektiv baxmaqdansa iddia müddətinin keçməsi bəhanəsi ilə ərizəsini rədd edib. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi o hüquqlarının pozulduğunu bilən andan müxtəlif aidiyyəti orqanlara şikayət edib. İddia müddətini ötürməyib. Aşağıdakılara ğörə hesab edir ki, həmin qətnamə əsassızdır və ona görə də qətnamə ləğv edilməli, yeni iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Beynəlxalq Bank isə şirkətə xidmət edən bank kimi fəaliyyət göstərdiyi üçün "xxxx" ASC-nin əldə etmək istədiyi bütün sənədləri onlara təqdim etməyə borcludur. Məhkəmə bu halın üzərindən sükutla keçir. Çünki həmin sənədlərin təqdim edilməsi iddianın əsasslılığını sübut edirdi. Yasamal Rayon Məhkəməsi qeyd edilən bu halları nəticədə göstərməmişdir, qətnamə işin hallarına uyğun deyil. Məhkəmə iddianın təmin edilməməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Təsvir olunmuş hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmədə cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə irəli sürdüyü mülahizə əsaslandırılmamışdır, öz təsdiqini tapmamışdır. İddiaçının iddianın əsaslığı barədə dəlilləri kifayət qədər tutarlı və mötəbərdir. İddia müddətinin ötürülmədiyini bildiyi üçün yuxarıda qeyd edilən sənədləri əlavə etməmiş, lakin məhkəmədə nümayiş etdirərək bildirib. Birinci instansiya məhkəməsinə təqdim edilən sübutları yetərli hesab edir. Məhkəmə iddianın təmin edilməməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Məhkəmədə cavabdeh tərəfin iddianın əsassız olması barədə irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. İddiaçının iddianın əsaslığı barədə dəlilləri kifayət qədər tutarlı və mötəbərdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs ƏƏSMN-in DSMF-nin Sosial Sığorta və X16 tərəfindən məhkəməyə mülahizə təqdim edilmiş, mülahizə onunla əsaslandırılmışdır ki, “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsində sığortaçının, 10-cu maddəsində isə sığortaedənin vəzifələri müəyyən olunmuşdur. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti) təqdim etdiyi məlumatlar (rüblük (illik) hesabatlar) əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək isə sığortaedənin vəzifəsidir. Eyni zamanda, həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar (hesabatlar üzərindən) əsasında aparılır. Qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinin əhatəsi isə Qanunun 15-ci maddəsinə əsasən müəyyən edilir. sığortaolunanların fərdi uçotunun aparılması qaydaları "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunu ilə tənzimlənir. Qanunun 3-cü maddəsinə əsasən, sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması fərdi uçotun əsas prinsiplərindəndir. Qanunun 4-cü maddəsində qeyd edilir ki, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta hacılarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqgının məbləği bu məlumatlar sırasındadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haglarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması halları iddia olunur. Həmçinin, sığortaedən tərəfindən verilən rüblük hesabatlarda göstərilən əməkhaqqı ilə işçilərə faktiki ödənilən əməkhaqqı arasında məbləğ fərqi varsa, məcburi dövlət sosial sığortası ilə yanaşı vergi ödənişlərindən də yayınma halı mövcuddur. Məhkəmə prosesinin gedişində bu nüansların hərtərəfli və obyektiv araşdırılması zəruridir. Əmək Məcəlləsinin 175.2-ci maddəsi ilə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafig vergilər sosial sığorta hagları və digər İcbari ödəmələrin tutulduğu müəyyən edilir. Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hügugunun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, İddiaçı Əmək Məcəlləsi ilə müəyyən edilmiş bir illik iddia müddətini ötürdüyündən apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2998/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, Əmək müqaviləsində 500 manat göstərilmişdir. Vergi ödəniləndə əmək haqqının məbləği göstərilmişdir. Həmin məbləğə uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilmişdir. O 500 manat alırdı. Sonrakı dövrlərdə artımlar olub. Amma həmin müddət ödənişlər az göstərilib. O da bunu 2021-ci ilin yanvar ayında bilib. Bildikdən sonra müəssisənin özünə müraciət edib. Onlardan cavab almadıqdan sonra isə Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Vergi Xidmətinə müraciət edib, cavab olaraq isə ona məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmədən öncə mediasiya qaydasında müraciət edib. O heç bir müddət ötürməyib. O portala girib çıxarış edəndə görüb ki, ödənişlər az edilib.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının hüquqlarının pozulması ona 2021-ci ilin əvvəllərində məlum olmuş, bu barədə ilkin olaraq xx.xx.2021-ci ildə X2 "xxxx" ASC-nin rəhbərliyinə, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Ona xx.xx.2021-ci il tarixdə **********7 saylı məktubla cavab verilmişdir. Lakin, iddiaçı məktubla qane olmadığı üçün təkrar müraciət etmişdir. Təkrar müraciətinə cavab olaraq Dövlət Əmək Müfəİşliyi Xidmətinin Bakı şəhər idarəsi 24 fevral 2022-ci il tarixdə **********0 saylı məktubla yenidən ona eyni məzmunlu cavab vermişdir. Bundan başqa o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Xidmət ona 27 aprel 2021-ci il tarixli **********419600saylı məktubla cavab verərək sübutların verilməsini istəyib. 09.06. 2021-ci ildə **********7 saylı cavab məktubu yazılıb və o həmin məktubu xx.xx.2021-ci il tarixdə imza edərək almışdır. Həmin məktubla ona məhkəməyə müraciət etmək töfsiyə olunub. İddia ərizəsi isə Yasamal rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olub. Göründüyü kimi bu halda da iddiaçı iddia müddətini keçirməmişdir. Bundan başqa iddiaçı Yasamal rayon prokurorluğuna, Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət etmişdir. Yalnız bundan sonra prokurorluğun töfsiyyəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə normaya istinad edərək iddia müddətnin ötürülməsi qənaətinə gəlmişdir. Halbuki, iddiaçının hüquqlarının pozulmasını bildiyi vaxtdan 2021-ci ilin əvvəllərindən müvafiq aidiyyatı orqanlara müraciət etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh Evroscon ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı tərəfindən müddət ötürülmüşdür, iddianı qəbul etmirlər. Onlar müvafiq sənədləri birinci instansiya məhkəməsinə vaxtında təqdim etmək üçün aidiyyatı orqana müraciət ediblər. Lakin sənədlər arxivdən gec verildiyi üçün qətnamə çıxana qədər onları təqdim edə bilməyiblər. Onlar arxiv yandığına görə bəzi sənədləri təqdim edə bilmirlər.

16. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 çıxış edərək bildirir ki, iddiaçı tərəfindən müddət ötürülmüşdür. Ödənişlərdə heç bir səhv yoxdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edir, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən 3-cü şəxsin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Əmək Məcəlləsinin 288-ci maddəsinin “e” bəndində qeyd edilir ki, bu Məcəllə ilə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.

19. Məcəllənin 289-cu maddəsində qeyd edilir ki, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.

20. Məcəllənin 294-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddənin 2-ci bəndində qeyd edilir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 4-cü bəndində qeyd edilir ki, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

21. Həmin məcəllənin 296-cı maddəsinin 4-cü bəndində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

22. “Əmək pensiyaları” haqqında Qanunun 1.0.8-ci maddəsində qeyd edilir ki, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.

23. “Sosial sığorta” haqqında Qanunun 2-ci bəndində qeyd edilir ki, məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Qanunun 10-cu maddəsində qeyd edilir ki, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir.

24. Qanunun 14.1-ci maddəsində qeyd edilir ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Qanunun 14.2-ci maddəsində qeyd edilir ki, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. İddiaçı X2 "xxxx" ASC tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin cavabdehin hesabından tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi müddət ötürüldüyü üçün rədd edilmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia müddətini ötürmüşdür.

31. Belə ki, iddiaçı özü iddia ərizəsində qeyd edir ki, “əmək müqaviləsində əmək haqqı faktiki əmək haqlarından az göstərildiyi üçün DSMF-yə dəfələrlə az vəsait köçürülür, vəzifə səlahiyyətlərindən istifadə edilərək vergidən yayındırılırdı. Bu qanun pozuntuları 2006-cı ildən xx.xx.2020-ci ilə qədər davam etmişdir. xx.xx.2020-ci ildə pandemiya ilə əlaqədar olaraq işçilərin işə gedib gəlməsi üçün işçilərə əmək müqaviləsi ilə bağlı əmək müqaviləsi “bildirişi” verildikdən sonra məlum olmuşdur ki, müqavilədə əmək haqqı faktiki əmək haqqından az göstərilib. Yalnız xx.xx.2020-ci il tarixdən etibarən əmək müqaviləsində əmək haqqı faktiki əmək haqqına uyğun göstərilir”.

32. Belə olan halda müəyyən olunur ki, iddiaçı iddianı xx.xx.2022-ci il tarixdə qaldırmaqla iddia müddətini ötürmüşdür.

33. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçi pul və digər əmlak tələbləri ilə bağlı bu hal ona məlum olduğu vaxtdan 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə iddia müddəti ilə bağlı müəyyən edilmiş tələbə əməl edilməmişdir.

34. Hazırkı halda cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılması zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə bağlı düzgün nəticəyə gəlmişdir.

35. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, o cavabdeh tərəfindən yol verilmiş pozuntular ona məlum olduğu vaxtdan sonra müxtəlif qurumlara,prokurorluq orqanı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, X6 müraciət etmiş, həmin qurumlardan cavab məktubu aldıqdan sonra onların tövsiyyəsi ilə məhkəməyə müraciət etmiş, bu səbəbdən iddia müddəti onun tərəfindən ötürülməmişdir.

36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin müvafiq dəlili ilə bağlı qeyd edir ki, hazırkı mübahisə fərdi əmək mübahisəsi hesab edildiyindən iddiaçı məhkəməyə müraciət etməli idi, çünki iddiaçının qeyd etdiyi orqanlar fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil deyildir.

37. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, qanunvericiliyin tələbinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, hazırki işdə müddət ötürülmüşdür. Çünki, iddiaçı apellyasiya şikayətində pozuntunun ona 2021-ci ilin əvvəli məlum olduğunu göstərmiş, iddia ərizəsində isə bu pozuntunun daha əvvəl ona məlum olduğunu qeyd etmişdir. Beləki, iddiaçı xx.xx.2020-ci ildə pandemiya ilə əlaqədar olaraq işçilərin işə gedib gəlməsi üçün işçilərə əmək müqaviləsi ilə bağlı əmək müqaviləsi “bildirişi” verildikdən sonra müqavilədə əmək haqqının faktiki əmək haqqından az göstərildiyinin məlum olduğunu qeyd etmişdir. xx.xx.2020-ci il tarixdə isə işçi işdən azad olunmuşdur. İşdə olan 28 sentyabr 2021-ci il tarixli Mediasiya posesinə xitam verilməsi barədə Protokoldan müəyyən olunur ki, X10 iddiaçının müraciəti üzrə 15 sentyabr 2021-ci il tarixdə mediator təyin edilmişdir. İlkin mediasiya sessiyası 28 sentyabr 2021-ci il tarixə təyin edilmiş, ilkin mediasiya sessiyasının tarixi barədə tərəf 10 gün əvvəlcədən məlumatlandırılmışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 sentyabr 2021-ci il tarixdə Arayış verilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 11 may 2022-ci il tarixdə müraciət etmişdir.

38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, “...Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. ..... Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X11 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.... qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.”

39. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsində qeyd edilir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsində qeyd edilir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar