Məhkəmə qərarları › İş №2(103)-7856/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7856/2021

04.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7856/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 03.07.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 1018 nömrəli aktla bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı İlam oğlu ilə qohumuq və eyni zamanda dostluq münasibəti olduğu üçün daimi yaşamaq üçün ABŞ-a köçmək üçün Yaşıl kart (green card) əldə etmək niyyətində olmuşdular. Eyni zamanda ABŞ-a köçməkdə niyyəti orada Maqistatura təhsili almaq olmuşdur. Bu səbəbdəndə ailə qurmaq niyyəti olmadan 03.07.2020-ci il tarixdə formal nikaha daxil olmuşdu. Nikaha daxil olana kimi və nikahdan sonrada ər-arvad münasibətləri olmamış nədə birgə təsərrüfat aparmamışdılar. Pandemiya və digər səbəblərdən yaşıl kart əldə etmək niyyəti baş tutmamış və bu səbəbdəndə iddiaçı ilə aralarında bağlanmış formal nikaha ehtiyac qalmamışdır. Hazırda iddiaçı ilə formal nikahda olmaları bir vətəndaş kimi onu və iddiaçının ayrılıqda həqiqi ailə qurmağına maneəçilik törədir. Eyni zamanda sözügedən formal nikah bir çox hüquqlarını məhdudlaşdırır. Məhkəmə qətnaməsində iddiaçının dəlillərinin formal mülahizələrdən ibarət olması fikri hesab edir ki, düzgün deyildir Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi həmçinin bildirdi ki, tərəflərin ailə qurmaq fikirləri olmayıb. Ölkə hüdudlarından kənara çıxmaq üçün nikaha girmişdilər. Nikah saxta olub. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər 03.07.2020-ci il tarixində nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə qeyd aparılmışdır, iddiaçının dəlilləri “nikahın bağlanmasında tərəflərin ailə qurmaq məqsədinin olmaması, formal nikah münasibətlərinə daxil olmaqda məqsəd xaricə getmək üçün zəruri sənədlərin əldə edilməsi, hazırkı nikah yeni ailə qurmaqda maneçilik yaradır” barədədir, iddia tələbi cavabdeh tərəfindən etiraf olunur. Bununla belə, nikahın etibarsızlığına əsas verən qanunvericiliklə nəzərdə tutulmuş hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının “nikah bağlanarkən ailə qurmaq niyyətinin olmaması, xaricə getmək niyyəti, əvvəlki nikahın yeni nikah münasibətlərinə daxil olmasında maneə olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla bu, sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı, bu halların, yəni ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də xaricə getmək məqsədli olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar, tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Məhkəmə, “nikahın etibarsızlığına səbəb olan halların etiraf kimi qəbul edilməsi barədə” cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, ailənin cəmiyyətin özəyi kimi, həmçinin nikah və ailənin dövlətin himayəsində olmasının konstitusiyalı hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini, dövlət və cəmiyyət maraqlarından asılı edir ki, bu da etirafın məhkəmə tərəfindən nəzərə alınmasını mümkünsüz edir, ikincisi, hazırkı işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin qeyd edildiyi kimi, tərəflər iş materiallarına belə sübutlar təqdim etməmişlər ki, bu da cavabdehin izahatının etiraf kimi təsdiq edilməsini istisna edir. Bununla belə məhkəmə qeyd edir ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (rayon (şəhər) qeydiyyat şöbələri) xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1. və 26.1.7-ci maddəsinə əsasən isə saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər(arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, işdən bəlli olur ki, tərəflərin hər ikisi saxta nikah bağladıqlarını, yəni ailə qurmaq niyyəti olmadan nikah bağladıqlarını bildirirlər. Bu halın həqiqiliyi təsdiq olunmasa belə, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər(arvadın) nikahın etibarsızlığını tələb etmək hüququ yaranır. Ancaq hazırki işdə tərəflərin bəyan etdiklərinin həqiqi olduğu qəbul edilsə belə, demək hər ikisi saxta nikah bağladıqlarını əvvəldən bildikləri üçün belə bir tələb irəli sürülə bilməzdi. İkincisi, Muülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin tələbinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Hazırki işdə cavabdeh iddianı etiraf etsə də bu cür etiraf Ailə Məcəlləsinin qeyd olunan normalarına zidd olduğundan məhkəmə tərəfindən təsdiq oluna bilməz. Üçüncüsü, cavabdeh apellyasiya şikayətində həmçinin göstərir ki, hazırda iddiaçı ilə formal nikahda olmaları bir vətəndaş kimi onu və iddiaçının ayrılıqda həqiqi ailə qurmağına maneəçilik törədir və sözügedən formal nikah bir çox hüquqlarını məhdudlaşdırır. Cavabdeh həqiqətən hesab edirsə ki, nikahları formaldır, bununla bağlı aidiyyəti orqana nikahın pozulması barədə müraciət edə, təmin edilmədikdə isə məhkəmədə iddia irəli sürə bilər. Bu məsələdə, yəni nikahları pozulduqdan sonra tərəflərin ayrılıqda yeni ailə qurmalarına hər hansı bir maneə olmamalıdır. Formal nikahın bir çox hüquqlarının pozulması dəlili də aydın deyil. Cavbdeh konkret hansı hüquqlarının pozulduğunu göstərmir. Göründüyü kimi, bu cür vəziyyətdə əlbətdə ki, məhkəmənin iddianı rədd etməkdən başqa çıxış yolu qalmır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin və ailə münasibətlərinin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki prosessual hüquqda iddianın rədd edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar