Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7859/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3238/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1995-ci il tarixli 1609 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsindəki 241 nömrəli X2 nəzdində 0,12 hektar torpaq sahəsi olan 5905 nömrəli bağ sahəsi 14 nömrəli orderlə X6 ayrılmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin 07 yanvar 2022-ci il tarixli, 1/15 nömrəli arayışı ilə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatı İdarəsinin 14 nömrəli orderinə əsasən 5905 saylı Ləhiş bağ sahəsi X4 adına olmuşdur və 1995-ci ildən 1997-ci ilə kimi həmin bağ sahəsində qeydiyyatsız yaşadığı göstərilir.
3. xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən, X12, X5, X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi İddiaçı istifadəsində olub və həmin torpaq sahəsindən istifadə edib.
4. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 36/1267 nömrəli, xx.xx.2014-cü il tarixli arxiv arayışından məlum olur ki, X6 Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-il tarixli 1609 nömrəli Sərəncamına əsasən Ləhic BTK 241 tərkibində bağ sahəsi ayrılmışdır.
5. Sabunçu rayon Nardaran Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 343/21 nömrəli arayışına əsasən X4 istifadəsində olan 5905 saylı bağ sahəsinin vergilərini xx.xx.2021 tarixli 531629 nömrəli etibarnamə əsasında İddiaçı ödəyir. 2022-ci ilə qədər vergi borcu yoxdur.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ sahəsi 5905 ünvanında torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
7. Ərizəçi İddiaçı Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxslər kimi qeyd edərək «torpaq sahəsinə istifadə və sahiblik faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən 5905 saylı bağ sahəsi üzərində onun yəni, İddiaçı istifadə və sahiblik faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizəçi tələbini bununla əsaslandırmışdır ki, 2008-ci ildən qarşılıqlı razılaşma əsasında X8 tərəfindən ona ayrılmış Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0,12 ha. olan 5905 saylı bağ sahəsi daimi olaraq onun istifadəsinə verilmişdir. Tərəfindən isə həmin bağ sahəsində abadlıq işləri aparılmış, ev inşa edilmiş və hal-hazırda da onun istifadəsindədir. Bağ sahəsinə dair kommunal xərclər onun adından ödənilir. X3 və İstismarı Birliyi Azərbaycan Respublikasını Prezidenti tərəfindən xx.xx.2007-ci ildə ləğv edilmiş, lakin onun hüquqi varisi müəyyən edilməmiş, bağların arxiv saxlayıcısı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsi müəyyən edilmişdir. Bu səbəbdən də, müvafiq sənədləşmənin aparılması üçün X3 və İstismarı Birliyinə müraciət edə bilməmişlər. Bağ sahəsini qarşılıqlı razılıq əsasında onun istifadəsinə verən X13 isə hazırda xarici vətəndaş olduğundan onun adına müvafiq sənədləşmə iş aparıb sonradan ona ötürülməsi mümkün deyildir. Hal-hazırda onun istifadəsində olan bağ səhəsi üzrə heç bir hüquqi mübahisə yoxdur. Lakin məsələ məhkəmədən kənar həlli mövcud olmadığı səbəbindən məhkəməyə müraciət etməkdən başqa çıxış yolu yoxdur.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3238/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə ərizə təmin edilməmiş və ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ sahəsi 5905 ünvanında torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin sahiblik və istifadə hüququnun təsdiq edilməsinin istədiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reystri xidmətindən qeydiyyatından keçmədiyindən və tələb iddia icraatı formasında deyildə, ərizə formasında xüsusi icraat qaydasında verildiyindən təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizəsinin tam təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, qeyd olunan faktın tanınması İddiaçı uzun müddət faktiki istifadəsində olan və hər hansı tərəflə heç bir mübahisəsi olmayan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını rəsmiləşdirmək üçün zəruridir. Hazırda isə vaxtıilə bu səlahiyyətləri həyata keçirməyə səlahiyyəti olan X1 və İnkişafı Birliyi 22 may 2007-ci il tarixli sərəncamla ləğv edilmiş, yalnız bağların arxiv sənədləri saxlanc üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. Eyni zamanda, bağ sahəsinin əvvəlki sahibinin də bu məsələ ilə bağlı heç bir mübahisəsinin olmaması və bağ sahəsinin ərizəçinin istifadə və sahibliyinə verilməsinə dair etirazının olmaması barədə ərizəsi Sabunçu Rayon Məhkəməsinə təqdim olunmuşdur. Həmçinin, sözügedən torpaq sahəsində İddiaçı uzun müddət yaşamasını sübut edən qonşuluğunda yaşayan şəxslərində notarial qaydada təsdiq olunmuş ərizəsi məhkəməyə təqdim edilmişdir. Sabunçu Rayon Məhkəməsində araşdırma zamanı hakim öz təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verərək sözügedən torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi barədə məlumat alınmasının zəruriliyini qeyd etdi. Halbuki, İddiaçı ərizəsindən də görünürdü ki, sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. Əgər belə bir qeydiyyat olsa idi, İddiaçı məhkəməyə müraciət etməsinə ehtiyac qalmazdı. 1 saylı Bakı Ərazi İdarəsindən sorğuya cavab verilmişdir ki, sözügedən torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkarlanmamışdır. Yəni bu sorğuya verilmiş cavab İddiaçı ərizəsinin təmin edilməsi üçün olan əsaslardan biri idi. Çox təəssüf ki, hakim məhkəmə prosesində bu sorğunun hansı məqsədlə verilməsinin izahını verməmişdir. Lakin qətnamə tərtib edilərkən orada göstərilmişdir ki, sözügedən sorğuya verilən cavaba görə, yəni "ərizəçinin sahiblik və istifadə hüququnun təsdiq edilməsinin istədiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatından keçmədiyindən və tələb iddia icraatı formasında deyil də, ərizə formasında xüsusi icraat qaydasında verildiyindən təmin edilə bilməz". Məhkəmə nəzərə almamışdır ki, burada tələb iddia icraatı formasında verilərsə, cavabdeh olaraq hansı şəxsin göstəriləcəyi mümkün deyildir. Sabunçu Rayon Məhkəməsində yuxarıda qeyd olunan bütün xüsusatlar təqdim olunmuş sübutlarla öz əksini tapmışdır. İş üzrə əsas maraqlı şəxsin və digər şahidlərin ərizələrinin məzmunu ətraflı olaraq sözügedən qətnamədə də öz əksini tapmış və təsdiq edilmişdir. Lakin çox maraqlı haldır ki, birinci instansiya məhkəməsi bu sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli "Hüquqi əhəmiyyəti olan faktlarıı müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarının 7.2-ci bəndinə əsaslanaraq ərizəni təmin etməmişdir. Lakin həmin bənddə torpaq sahəsi ilə bağlı hər hansı bir qeydin olmamasını nəzərə almamışdır. Yəni sözügedən qərarın 7.2-ci bəndi ərizənin təmin edilməsinə heç bir maneə yaratmır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin Qərarın 7.2-ci bəndinə qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə Qərarın 7.1-ci bəndinə düzgün əsaslanaraq daşınmaz əmlakın dövlət reyestrinə sorğu vermişdir. Qərarının 7.2-ci bəndinə əsaslanaraq ərizəni təmin etməməsi isə düzgün deyildir. Belə ki 7.2-ci bənddə torpaq sahəsi ilə bağlı hər hansı bir qeydin olmamasını nəzərə almamışdır. Yəni sözügedən qərarın 7.2-ci bəndi ərizənin təmin edilməsinə heç bir maneə yaratmır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 9.2. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 3.2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Maddə 3.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. Maddə 48.1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Maddə 48.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49.4.Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qanunvericiliyə uyğun özgəninkiləşdirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 86.3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər. Maddə 86.4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Maddə 88.4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 307.2.6. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ərizə təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Ərizənin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir yaxud itirilmiş sənədlərin bərpası mümkün deyil. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir.
25. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
26. Hazırki iş üzrə ərizəçi özünü mübahisəli bağ-torpaq sahəsinin bilavasitə mülkiyyətçisi hesab etmir. Sadəcə torpaq sahəsini qanuni əsaslarla məxsus olduğu şəxsin qarşılıqlı razılaşma əsasında 2008-ci ildən ona verdiyini və o da həmin torpaq sahəsində ev inşa etdiyini bəyan edir. Deməli, ərizəçi torpaq sahəsinin mülkiyyətçisi yaxud qanuni əsaslarla sahibi və istifadəçisi olmadığından, başqa sözlə torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada ona ayrılmadığından hüquqmüəyyənedici sənədləri də ona məxsus ola bilməzdi ki, o, da həmin sənədləri itirmiş olsun.
27. Qeyd olunan Qərarın 7.1-ci maddəsində məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.
28. Yuxarıda qeyd olunan sənədlərə və işin hallarına görə bağ sahəsinin hazırda Gürcüstan Respublikası vətəndaşı olan Kubanovı Aıdına qanuni əsaslarla ayrılması mübahisə doğurmur. Ən azından ərizəçi də bu faktı təsdiq edir. Kubanovı Aıdının adından nümayəndəsinin verdiyi 24 may 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədə(bax.i.v.37) bağ sahəsinin daimi olaraq X9 istifadə və sahibliyinə verdiyini, gələcəkdə də həmin bağ sahəsinə heç bir iddiasının olmayacağını, ərizəçinin məhkəməyə ünvanladığı ərizəsi ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etiraz etmədiyi göstərilmişdir. Ancaq bu cür ərizə belə ərizəçinin hazırki tələbinin təmin edilməsi üçün əsas ola bilməz.
29. Çünki, bağ sahəsinin yaxud üzərindəki tikilinin mülkiyyət hüququ yaxud hər hansı bir hüquqla(əmlak hüquqları, icarə hüququ və.s) dövlət qeydiyyatına alınmadığı da işin mübahisəsiz halıdır. Lakin bağ sahəsinin hazırda Gürcüstan Respublikası vətəndaşı olan Kubanovı Aıdına qanuni əsaslarla ayrılması mübahisə doğurmadığından sonuncunun qeyd olunan bağ sahəsinə olan hüquqlarını qanuni əsaslarla(alqı-satqı və.s) ərizəçinin xeyrinə özgəninkiləşdirə bilər. Ona görə də şərt deyil ki, ərizəçi qeyd olunan torpaq sahəsinə hüquq əldə etməsinə mütləq ki, məhz bu vasitə ilə(faktın müəyyən edilməsi yolu)nail olmalıdır.
30. Düzdü, düşünülə bilər ki, 24 may 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində maraqlı şəxs üzərinə bu barədə öhdəlik götürüb. Ancaq bu ərizə Mülki Məcəllənin 405 və 406-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır. Çünki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır(MM.m.405.1.)Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin(MM.m.406.1). Yəni, qeyd olunan ərizədə maraqlı şəxsin ərizəçi ilə hansı şərtlərlə razılaşması göstərilməyib, eləcə də həmin ərizə hansısa müqavilənin forma tələblərinə də cavab vermir.
31. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3238/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3238/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.