Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7864/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «tələblərin əvəzləşdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4464/2022 nömrəli iş üzrə qəbul etdiyi 11 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «tələblərin əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2013-cü il tarixli 012/13 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləsi əsasında cavabdehdən iddiaçının almalı olduğu 100.000 manat məbləğində əmanətin 17 iyun 2015-ci il tarixli 04/15 nömrəli kredit müqaviləsi üzrə ödəməli olduğu borc məbləği ilə əvəzləşdirilməsi, artıq qalan məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(006)- 4464/2022 saylı qərardadı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «tələblərin əvəzləşdirilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçının nümayəndəsi-vəkili tərəfindən şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddia tələbi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yox, həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və "xxxx" MMC banka ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bundan əlavə, ““Banklar haqqında” Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.” Qeyd olunan maddənin mənasından da göründüyü kimi iddia ərizəsini qanunauyğun şəkildə, yəni bankın yeganə nümayəndəsi ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı verilmişdir və iş üzrə icraata xitam verilməsi əsassız və qanunsuzdur. İş materiallarından göründüyü kimi tərəfindən məhkəməyə müraciət olunmamışdan əvvəl Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci il tarixində müraciət olunaraq, depozit məbləği ilə kredit məbləğinin əvəzləşdirilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən ona mənfi və ya müsbət cavab verilməmişdir. Buna görə də, hüquqlarının müdafiəsinin yeganə üsulu kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4464/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli saylı qərardadı ilə iddiaçının nümayəndəsinin-vəkilinin şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı şikayətində məhkəməyə müraciət olunmamışdan əvvəl depozit məbləği ilə kredit məbləğinin əvəzləşdirilməsi xahiş olunmasına dair Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci il tarixində müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən ona mənfi və ya müsbət cavab verilmədiyi üçün hüquqlarının müdafiəsinin yeganə üsulu kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına düzgün olaraq istinad edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermişdir. Belə ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və "xxxx" MMC banka ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı (vəkili və nümayəndəsi Vəkil vasitəsilə) tərəfindən verilmiş şikayətin dəlillərini əsaslı olmadığına görə birinci instansiya məhkəməsinin qərardadın ləğvi üçün əsaslar müəyyən etməmidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4464/2021 saylı, 11 oktyabr 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7864/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7864/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver