Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7867/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru tərəfindən verilmiş 28.11.2017-ci il tarixli 939/3/2017 saylı əmrin ləğv edilməsi, onun əmək fəaliyyətinin bərpa edilməsi və məcburi iş buraxılmağa görə ona kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim R.Qafarova, iş № 2(009)-1364/2021) İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı «işə bərpa və s.» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(009)-1364/2021 saylı qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamələrdə iş mahiyyəti üzrə araşdırılmamış, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyinə görə iddia ərizəsi təmin edilməmişdir. İddia müddətinin ötürülməsinə səbəb isə hazırda ləğv edilmiş Səbail rayon məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsində də qeyd edilir ki, əgər iddiaçı birinci iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadını qanunsuz hesab edirsə, qanunla müəyyən edilmiş qaydada onu mübahisələndirməli, iddiasına baxılmasını tələb etməlidir. O da Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadından şikayət vermiş və nəticədə Bakı şəh, səbail Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il və 14 dekabr 2018-ci il qərardadları ləğv edilmişdir. Hazırda da məqsədi onun iddiasına mahiyyəti üzrə baxılıb ədalətli qətnamə qəbul edilməsidir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam veriməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi” tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.10.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi yenidən dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin qətanmə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Şikayətdə göstərilənlərə münasibətdə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb edir. Hesab edir ki, iddia müddəti tətbiq edildiyindən iş mahiyyəti üzrə araşdırılmamışdır, iddia müddətinin ötürülməsinə səbəb olan hal müəyyən edilmiş və aradan qaldırılmışdır, bu səbəbdən də iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri əsassız sayaraq bir daha qeyd edir ki, şikayətçinin göstərdiyi hallar hazırkı qərardadın ləğvinə əsas ola bilməz. Göründüyü kimi, hazırda eyni tərəflər arasında, eyni əsaslar üzrə və eyni predmet barəsində iş üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcuddur və bunu istisna edən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7867/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7867/2021
04.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver