Məhkəmə qərarları › İş №2(103)-7868/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7868/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7868/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Soyuz oğluna qarşı “yaşayış sahəsindən istifadəyə qarşı törədilən maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ sahəsində yerləşən 1233 nömrəli bağ evində lazımi dəyişikliklərin keçirilməsi üçün tələb olunan 8.000 manat, ödənilmiş dövlət rüsumunun 30 manat, cəmi 8.030 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin etmə tədbiri görülərək, Cavabdeh Soyuz oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka-2 bağ sahəsi ünvanında yerləşən 1233 K saylı bağ sahəsində qanunsuz inşa etdiyi tikilinin (bağ evinin, o cümlədən digər bütün qurğuların) dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar çıxarışın verilməsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Soyuz oğluna qarşı “yaşayış sahəsindən istifadəyə qarşı törədilən maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı qanunsuzdu və ona görə də ləğv olunmalıdır. Belə ki, əvvəlki iddia tələbinin həcmi və mahiyyəti kəskin surətdə dəyişdirilmiş və həmin fərdi evin müvafiq tikinti normalarının pozulması ilə inşa olunması nəticəsində iddiaçının istifadə hüququ kobud surətdə pozulmuşdur. Cavabdeh bağ evini inşa etməmişdən öncə qanunda nəzərdə tutulmuş müvafiq razılığın alınması məqsədilə ərizə ilə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin həmin evin inşa edilməsinə dair müvafiq razılıq verilməmişdir. Bu səbəbdən ki, tikinti obyekti AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun gəlmədəyinə görə məsələnin müsbət həll olunması mümkün olmadığı göstərilmişdir. Nəticə etibarı ilə həmin tikilinin qanunsuz tikili və tikinti-inşaat, eləcə də şəhərsalma normalarına uyğun gəlmədiyi açıq-aşkar göründüyündən, həmin evin gələcəkdə məcburi sökülməsinə dair hüquqi əsasların yaranması da istisna olunmur. Cavabdehin ev və tikililərə mülkiyyət hüquqları hələ ki, dövlət qeydiyatına alınmamışdır. Ancaq həmin hüquqların qeydiyyata alınması istiqamətində cavabdeh tərəfindən işlərin görülməsi də istisna olunmur. Belə olduğu halda işə baxılıb qurtarana qədər həmin ev üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması müvvəqqəti olaraq qadağan edilməlidir. Ancaq qərardadda məhkəmə iddia tələblərini göstərdikdə, ilkin iddia tələblərini qeyd edir, belə olduğu halda belə hesab etmək olar ki, məhkəmə sonrakı iddia tələbinin həcminin dəyişdirilməsi haqqında ərizəni nəzərə almamışdır. Bundan başqa qərardadda qeyd olunur ki, guya o, mənzilin özgəninkiləşdirilməsinin qadağan olunmasını xahiş etmişdi. Ancaq ərizəsində qanunsuz inşa edilmiş tikilinin (bağ evinin, o cümlədən digər bütün qurğuların) dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar çıxarışın verilməsinin müvəqqəti olaraq qadağan edilməsi haqqında qərardadın qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şikayətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı verdiyi şikayət Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili X3 şikayəti müdafiə etdiklərini bildirərək şikayətin dəlillərinə uyğun izahat verdilər, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının əsassız və qanunsuz olduğunu qeyd edərək həmin qərardadın ləğv edilməsini, iddianı təmin etmə tədbiri görülərək, Cavabdeh Soyuz oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka-2 bağ sahəsi ünvanında yerləşən 1233 K saylı bağ sahəsində qanunsuz inşa etdiyi tikilinin (bağ evinin, o cümlədən digər bütün qurğuların) dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar çıxarışın verilməsinin müvəqqəti olaraq qadağan edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Soyuz oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, İddiaçı və onun nümayəndəsi və vəkili Eynar Əliyevin izahatını dinləyib, şikayətin dəlillərinə tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbi ilə bağlı mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri haqqında ərizəsini təmin еtməməkdə düzgün nəticəyə gəlmədiyindən şikayət təmin edilməli, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə İddiaçı Cavabdeh Soyuz oğluna qarşı “yaşayış sahəsindən istifadəyə qarşı törədilən maneələrin aradan qaldırılması tələbinə dair” iddiası üzrə mülki işlə bağlı iddiaçının iddianın təmini tədbiri haqqında ərizəsini rədd еdərkən, iddiaçının özgəninkiləşdirilməsinin qadağan olunmasını xahiş etdiyi mənzilin hazırda kimə məxsus olması barədə sənədləri məhkəməyə təqdim etməməsinə, bu halın məhkəmənin mübahisəli mənzilin hazırki məqamda hüquqi vəziyyətini və cavabdehə məxsus olub-olmamasının müəyyənləşdirmək imkanından məhrum etməsinə əsaslanaraq bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158.1.1 və 158.1.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə iddianı təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülür. Qanunvericliyin mənasına görə iddianı təmin tədbiri iddia predmeti olan əmlakın gizlədilməsi, məhv edilməsi, özgəninkiləşdirilməsi və s. yolla sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə 02 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka-2 bağ sahəsi ünvanında yerləşən 1233 K saylı bağ sahəsində Cavabdeh Soyuz oğlunun qanunsuz inşa etdiyi tikilinin (bağ evinin, o cümlədən digər bütün qurğuların) dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar çıxarışın verilməsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədəqərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadı və həmin qərardadın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı İddiaçı tərəfindən verilmiş şikayətə əsasən ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka-2 bağ sahəsi ünvanında yerləşən 1233 K saylı bağ sahəsində Cavabdeh Soyuz oğlunun qanunsuz inşa etdiyi tikilinin (bağ evinin, o cümlədən digər bütün qurğuların) dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar çıxarışın verilməsi qadağan edilsin. Qərаrdаd qəbul еdildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar