Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-787/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı “X5” Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5” Bakı filialının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsinə və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(005)-391/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «X5» Bakı filialı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 22121,55 manat (bundan 19529,06 manat vaxtı keçmiş borcu, 2592,49 manat faiz borcu təşkil edir) məbləğində xx.xx.2021-ci il tarixinə olan kredit borcunun, ödənilmiş 156,37 manat dövlət rüsumunun tutulması və «X5» Bakı filialına verilməsi, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra «X5» Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, «X5» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 103 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X5» Bakı filialı Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 202 saylı, Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli 201 saylı zaminlik müqaviləsi və xx.xx.2019-cu il tarixli 103 saylı İpoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 1099,68 manat ödəməli idi. Müqavilənin 4.2-maddəsinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas «Borcalanın» ssuda və ya vaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»-nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» cədvəl üzrə xx.xx.2021-ci il tarixə Banka kredit borcu üzrə ödəniş olaraq 24685,96 manat ödəniş yerinə yetirməli idi, 16451 manat ödəniş həyata keçirmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 29% ödəməlidir. xx.xx.2021-ci il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 22121,55 manat təşkil edir. Bundan 19529,06 manat vaxtı keçmiş kredit borcu, 2592,49 manat faiz borcu təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 103 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə öz öhdəliklərinin icra olunmasının təminatı kimi Cavabdeh3 «İpoteka qoyan»a məxsus olan ünvan 1 İpoteka olaraq təqdim etmişdir. İpoteka müqavilələri dövlət qeyydiyatına alınaraq, bu barədə reyestrdə müvafiq qeydlər edilmişdir. Məhz bu şəxslərin ipoteka qoyulmuş mənzildə qeyydiyatda olduqlarına görə onların cavabdeh qismində işə cəlb olunması vacibdir. AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində tutmanın əmlaka yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(005)- 391/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X5” Bakı filialının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər tərəfindən 15 may 2023-cü il tarixində borc tam həcmdə ödənilmişdir. Qeyd olunanların nəzərə alınmasını və iddiadan imtina etdiklərini və iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu qeyd etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iddiaçının iddiadan imtina barədə ərizəsini, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263- 264-cü, 370-ci, 384-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X5” Bakı filialının iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(005)- 391/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-787/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-787/2023
25.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver