Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7872/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1313/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 01/2018-ci ildən 03/2020-ci il tarixinə kimi aktlar üzrə 4270,80 manat borc, 04/2018-ci il tarixinə qədər 322,14 qalmış qalıq borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1313/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı İB-yə vurulmuş 1117,20 manat məbləğində dəymiş ziyan, 322,14 manat qalıq borc, cəmi 1439,34 manat və 30 manat dövlət rüsumu, cəmi 1469,34 manatın məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, aktların onun imzası və iştirakı olmadan tərtib edildiyini, bu səbəbdən, rayon məhkəməsinin həmin aktlara əsaslanmaqla iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmadığını bildirmiş və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 14.09.2015-ci il tarixində 8938 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə PQ 4, SQ kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1402AZ**********65 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: 04.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1117,20 manat; 23.02.2018-ci il tarixli ******* saylı akt əsasında 474 manat; 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 201,20 manat; 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 25.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat; 30.11.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat; 28.12.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 19.03.2020-ci il tarixli ******* saylı akt əsasında 187 manat; Hazırda iddiaçı cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4592,94 manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini istəyir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin 1117,20 manat təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma nəticəsində istifadə olunmuş qazın haqqını tələb edir. Belə ola halda hazırkı iddia tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1097 (mülki hüquq pozuntusu) və 1092-ci (əsassız varlanma) maddələri təşkil edir. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu nəticəsində ...hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Rayon məhkəməsi qeyd etmişdir ki, iddia birinci 04.01.2018-cu il tarixli akt hissəsində təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbinin birinci 04.01.2018-cu il tarixli akt hissəsində təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mülki iş materiallarında olan 04.01.2018-ci il tarixli, ******* saylı aktdan (i/v 17) görünür ki, həmin akt birtərəfli qaydada tərtib edilmiş, aktı Cavabdeh imzalamamışdır. Belə olan halda məlum olur ki, rayon məhkəməsi əhəmiyyətli sübut sayılmayan (cavabdeh tərəfindən imzalanmamış) 04.01.2018-cu il tarixli akta əsaslanmaqla həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Bundan başqa, Kollegiya qeyd edir ki, rayon məhkəməsi cavabdehin saldosunda 322,14 manat qalıq borcu olduğundan iddia tələbinin həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin 1117,20 (min yüz on yeddi manat iyirmi qəpik) manat təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1313/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin 1117,20 (min yüz on yeddi manat iyirmi qəpik) manat təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7872/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7872/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver