Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7876/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh X2 nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh3 Həbibulla oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh7 qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilmiş məbləğin geri qaytarılması və peniyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh3 Həbibulla oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh7 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh3 Həbibulla oğlundan 2.000 manat məbləğində pul və 200 manat məbləğində penya, Cavabdeh1 3.000 manat məbləğində pul və 200 manat məbləğində penya, Cavabdeh2 2.000 manat məbləğində pul və 200 manat məbləğində cərimə, X1 3.650 manat məbləğində pul və 200 manat məbləğində cərimə, Cavabdeh7 3.000 manat məbləğində pul və 200 manat məbləğində penyanın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 ayrılıqda verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə onlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh7 verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2665/2019 saylı, xx.xx.2020-ci il il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh6 apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, 2014-cü ilin aprel ayında onunla iddiaçı arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tələblərinə uyğun olaraq onun tərəfindən icra edilmiş, bununla bağlı, iddiaçının səlahiyyətli nümayəndəsi ilə onun arasında təhviltəslim aktı da bağlanmışdır. Aralarında bu məsələ ilə bağlı heç bir mübahisə olmamış, hazırkı məhkəmə işindən də yalnız iş yerinə icra sənədi gəldiyi zaman məlumatı olmuşdur. Bundan başqa, rayon məhkəməsi iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ondan pul tutmuş, lakin həmin müqavilə də məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, qətnamənin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Ə.Dəmirov apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, iddiaçı ilə Cavabdeh6 arasında xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə xidmət müqavilələri bağlanıb, lakin həmin müqavilələr cavabdeh tərəfindən icra edilib. Bundan başqa, hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Çünki xx.xx.2014-cü il tarixli müqavilənin son icra müddəti xx xxxx 2014-cü il olmuş, iddiaçı isə məhkəməyə x xxxxxx 2017-ci ildə müraciət etmişdir. Hazırkı işə baxılması barədə cavabdehin məlumatı olmamış, məhkəmə iclasında iştirak edə bilməmiş, hazırkı işdən də yalnız icra sənədi iş yerinə gəldiyi vaxt xəbər tutmuşdur. Bu səbəbdən, hazırda iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən qətnamənin Cavabdeh6 aid hissədə ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi G.Xəlilova apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh6 tərəfindən müqavilə icra edilməmişdir, hazırkı iş üzrə iddia müddəti də ötürülməmişdir, eyni zamanda, hazırkı qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh7 şikayəti əsasında apellyasiya və kassasiya qaydasında yoxlanılmış, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də, şikayətin əsasız olduğunu və təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız cavabdehlər Cavabdeh4 və Cavabdeh1 teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, eləcə də, onların şikayəti əsasında onlara aid hissədə rayon məhkəməsinin qətnaməsinin apellyasiya və kassasiya qaydasında əvvəllər yoxlanıldığını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Sifarişçi İddiaçı (səlahiyyətli nümayəndə Cavabdeh4) ilə icraçı Cavabdeh6 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli xidmət müqaviləsinin surətinə əsasən icraçı sifarişçinin sifarişi ilə bu müqaviləyə əlavə ediləcək və onun ayrılmaz hissəsi hesab ediləcək texniki tapşırıqda göstərilən işləri yerinə yetirməyi və sifarişçiyə (aktla rəsmiləşdirməklə) təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya 150 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürürlər. Həmin müqavilənin 4.1 -ci bəndi ilə tərəflər bu müqavilə üzrə öhdəliklərini müqavilədə nəzərdə tutulmuş vaxtda və lazımi qaydada yerinə yetirmədikdə (fors-major hallar xaric) hər gecikdirilmiş günə görə müqavilənin ümumi dəyərinin 0,1 faizi həcmində peniya ödəyəcəkdir. Sifarişçi İddiaçı (səlahiyyətli nümayəndə Cavabdeh4) ilə Cavabdeh6 arasında bağlanmış xidmət müqaviləsi əsasında tərtib olunmuş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx xxxxx 2014-cü il tarixli texniki tapşırığa əsasən tərəflər arasında xx.xx.2014-cü il tarixədək icraçı tərəfindən avadanlığın işçi sxeminə uyğun olaraq mühütün temperaturunu, təzyigini, sıxlığını ölçən, nəzarət və idarə edən cihazın blok- sxeminin hazırlanması, detalların sifarişi və alınması, çap lövhələrinin işlənməsi və hazırlanması, yığılması və montajı, mikrokontrollerin proqramlaşdırılması və cihazın ümumi işə salınması, cihazın köklənməsi, testən keçməsi və sifarişçiyə təhvil verilməsi razılaşdırılmışdır. Sifarişçi İddiaçı (səlahiyyətli nümayəndə Cavabdeh4) ilə Cavabdeh6 arasında bağlanmış xidmət müqaviləsi əsasında tərtib olunmuş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli texniki tapşırığa əsasən tərəflər arasında xx.xx.2015-ci il tarixədək sifarişçi tərəfindən verilmiş nümunələrin kimyəvi tərkibini mass-spektroqrafiyə və başqa üsulları ilə müəyyən edilməsinin təşkili və bu analizlərin nəticələrini sifarişçiyə çatdırılması razılaşdırılmışdır. Mülki işdə olan xx xxxxxx 2015-ci il tarixli ödəniş qəbzinin surətinə əsasən iddiaçı tərəfindən Cavabdeh6 xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən tədqiqatların təşkili üçün avans qismində 150 manat ödənilmişdir. Mülki işə əlavə edilmiş xx xxxxx 2014-cü il tarixli ödəniş tapşırığının surətinə əsasən Cavabdeh6 xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən cihazın blok-sxeminin hazırlanması üçün avans qismində 1.500 manat ödənilmişdir. İddiaçı tərəfindən xx xxx 2014-cü il tarixli ödəniş tapşırığının surətinə əsasən Cavabdeh6 xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən mikrokontrollerin proqramlaşdırılması və cihazın işə alınması üçün avans qimində 2.000 manat ödənilmişdir. xx.xx.2014-cü il tarixli “Sifariş əsasında göstərilən xidmətin təhvil-təslim aktı”ndan görünür ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, sifarişçi tərəfindən verilmiş ölçü parametrləri əsasında avadanlığın işçi sxeminə uyğun olaraq mühitin temperaturunu, təzyigini, sıxlığını ölçən, nəzarət və idarə edən cihaz təqdim olunmuşdur. xx.xx.2015-ci il tarixli “Sifariş əsasında göstərilən xidmətin təhvil-təslim aktı”na əsasən sifarişçi tərəfindən verilmiş nümunələrin kimyəvi tərkibini mass-spektroqrafiyə və başqa üsulları ilə müəyyən edilməsinin təşkili və bu analizlərin nəticələrini sifarişçiyə çatdırılması təqdim olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 ayrılıqda apellyasiya şikayətləri vermiş, qətnamənin onlara aid hissədə ləğv olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə onlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2665/2019 saylı, xx.xx.2020-ci il il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadında gəlinən nəticəyə əsasən məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2665/2019 saylı, xx.xx.2020-ci il il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən onlara aid hissədə mübahisələndirilmiş və qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən həmin hissədə yoxlanılmış, rayon məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh6 aid hissəsində əvvəllər mübahisələndirilməmiş və apellyasiya və kassasiya qaydasında həmin hissədə yoxlanılmamışdır. Belə olan halda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh6 aid hissəsində mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmadığından Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadına uyğun olaraq Məhkəmə Kollegiyası rayon məhkəməsinin qətnaməsini iddia tələbinin Cavabdeh6 aid hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh6 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kolegiyası ilk öncə iddia tələbinin qanuni əsasını müəyyən etməlidir. İddiaçı hazırkı halda müqavildən irəli gələn öhdəliyini icrası ilə bağlı tələb irəli sürmüşdür və tərəflər arasındakı xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələrə istinad etmişdir. İddiaçı bildirir ki, Cavabdeh6 xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələrə görə müvafiq olaraq 3500 və 150 manat olmaqla pul ödəmişdir. Cavabdeh isə müqavilə öhdəliklərini icra etmədiyindən iddiaçı həmin məbləğin, eləcə də penya 4277,8 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Rayon məhkəməsi iddia tələblərini təmin etmiş, xx.xx.2014-cü il tarixli müqaviləyə görə 3500 və xx.xx.2014cü il tarixli müaviləyə görə 150 manat olmaqla, cəmi 3650 manat və öhdəliyin icra edilməməsi ilə bağlı 200 manat penyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. Hazırda cavabdeh apellyasiya şikayətində iddia tələbinə etiraz edir, etirazın dəlili kimi aşağıdakılara istinad etmişdir. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələr onun tərəfindən icra edilmişdir; Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə iş materiallarına əlavə edilməmişdir; Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası Cavabdeh6 öhdəliyin icra edilməsi barədə dəlili üzrə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. İddiaçı tərəflər arasındakı müqaviləyə istinad edir, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini bildirir. Belə olan halda, etirazın əsası kimi istinad etdiyi bu halı, yəni öhdəliyin icra edilməsini Cavabdeh6 sübut etməlidir. MM-in 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranın tamamilə və hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh6 xx.xx.2014-cü il tarixli “Sifariş əsasında göstərilən xidmətin təhvil-təslim aktı”na istinad edir, lakin həmin sənədlə öhdəliyin icra edilməsi birmənalı şəkildə müəyyən olunmur. Eyni zamanda, həmin sənəd yalnız xx.xx.2016-cı il tarixli müqaviləyə aiddir, M. Abdullayev həmin müqavilə üzrə öhdəliyin icrasını təsdiq edən başqa, digər müqavilə üzrə öhdəliyin icrası ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Məhkəmə kollegiyası Cavabdeh6 xx.xx.2014-cü il tarixli müqavilənin iş materiallarına əlavə edilməməsi barədə etirazına münasibətdə qeyd edir ki, həmin müqavilə iş materiallarına əlavə edilməsə də, bu müqavilə ilə bağlı xx xxxxx 2014-cü il tarixli və xx xxx 2014-cü il tarixli ödəniş tapşırıqlarının surətləri işə əlavə edilmişdir, eyni zamanda Cavabdeh6 müqavilənin bağlandığını, hər iki müqaviləyə görə pul vəsaitini aldığını, həm də müqavilələr üzrə öhdəliyi icra etdiyini bildirmişdir. Bununla da, tərəflər arasında xx.xx.2016-cı il tarixli müqavilənin olmaması ilə bağlı Cavabdeh6 etiraz dəlilinin əsasız olduğu müəyyən olunur. Beləliklə də tərəflər arasında xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələrin olduğu, həmin müqavilələrə əsasən, müvafiq olaraq iddiaçının cavabdehə 3500 və 150 manat olmaqla, ümumilikdə 3650 manat məbləğində pul ödədiyi, cavabdeh tərəfindən isə müqavilə öhdəliklərinin icra edilmədiyi müəyyən olunmuşdur. Mülki Məcəllənin 425.1ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Cavabdeh6 iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, bildirmişdir ki, rayon məhkəməsində işə baxılmasından məlumatı olmadığı üçün hazırda iddia müdətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə son icra müddətinin xx.xx.2014-cü il olduğunu, iddiaçı tərəfindən isə məhkəməyə ona qarşı hazırkı iddia ərizəsi ilə xx.xx.2017-ci ildə müraciət edildiyini bildirmiş, iddia müddəti tətbiq etməklə iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Qeyd olunan normanın tələbindən də aydın olur ki, iddia müddətinin tətbiqinə dair ərizə məhkəmə aktı – qətnaməsi çıxarılanadək verilməlidir. Bu isə o deməkdir ki, həmin ərizə birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Hazırkı işdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdehin həmin ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki cavabdeh birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmişdir, bu səbəbdən də Məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Bununla da müəyyən olunur ki, tərəflər arasında birinci müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmış, həmin müqaviləyə əsasən yaranmış öhdəliyin icra müddəti xx.xx.2014cü ildə çatmış, iddiaçının ərizəsi isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2017-ci il tarixdə daxil olmuş, beləliklə də sadə hesabla 3 (üç) illik iddia müddəti ötürülmüşdür. Eyni zamanda, iddiaçı xx.xx.2018-ci il tarixli iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizəsində hər iki müqavilə üçün öhdəliyin icra edilməməsinə görə 4277,8 manat cərimə tələb etsə də, konkret olaraq hansı müqaviləyə münasibətdə nə qədər məbləğdə cərimə tələb edildiyini əsaslandırmamışdır. Bu səbəbdən də, iddia tələbləri həmin hissədə də əsaslandırılmadığına görə təmin edilə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh Cavabdeh6 arasında bağlanmış digər müqaviləyə, yəni xx.xx.2014-cü il tarixli müqaviləyə münasibətdə isə iddia müddəti keçməmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bağlanmış texniki tapşırıqdan məlum olur ki, həmin müqavilənin son icra müddəti xx.xx.2015-ci il tarixidir, iddiaçı isə iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Bununla da müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən üç ilik iddia müddəti ötürülməmişdir. Bundan əlavə, cavabdeh məhkəmə iclası barədə ona lazımi qaydada məlumat verilmədiyini, çəkişmə prinsipinin pozulduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki işin materiallarında məhkəmə iclasları barədə cavabdehə ünvanlanan bildirişlər mövcud olsa da, həmin bildirişlərin cavabdeh tərəfindən alınmasına dair hər hansı sübut-müvafiq qəbz, xəbərnamə mövcud deyildir, bəzi bildirişlər isə “bu ünvanda yaşayış yoxdur” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bununla da müəyyən olunur ki, cavabdeh həqiqətən də məhkəmə iclaslarından məlumatsız olmuşdur və birinci instansiya məhkəməsinin işə onun iştirakını təmin etmədən və onu dinləmədən baxmasına dair apellyasiya şikayətinin dəlili əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi halları qeyd edilmişdir. Həmin haldan biri də işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmasıdır (MPM m.387.2.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin Cavabdeh6 aid hissəsində ləğv edilməli, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə aid hisədə iddia müddəti tətbiq edilməklə, cəriməyə aid hissədə isə iddia əsaslandırılmadığı üçün rədd edilməli, xx.xx.2014-cü il tarixli müqaviləyə münasibətdə isə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh6 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh X3 aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə və cəriməyə aid hissədə iddia rədd edilsin, xx.xx.2014-cü il tarixli müqaviləyə aid hissədə isə iddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 150 manat (bir yüz əlli manat) anlınaraq İddiaçı-yə verilsin Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh6 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7876/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7876/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver