Məhkəmə qərarları › İş №2(103)-7880/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7880/2022

27.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7880/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsə və qeyrilərinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(007)-2567/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.1988-ci ildən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsində əmək fəaliyyətinə başlamış, onunla bağlanmış əmək müqaviləsi 5 ildən sonra müddətsiz əmək müqaviləsi hesab edilmişdir. xx.xx.2021-ci il tarixdə işəgötürənlə iddiaçı arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə yenidən 3 ay müddətinə, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci ildə işəgötürən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin 401T saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b”bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsə və qeyrilərinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Elmi-tədqiqat Mamalıq və ginekologiya institutu"publik hüquqi şəxsin direktoru X3 tərəfindən qəbul olunmuş 401T saylı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı “Zahalıq şöbəsinin" “tibb bacısı" vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilatda xx.xx.1988-ci ildən əmək faəliyyətinə başlayıb və bu müddət ərzində bir dəfə də olsun töhməti olmayıb. 2021ci ildə onu digər şöbəyə köçürmüşlər, daha sonra isə növbədə olduğu müddətdə və növbəni təhvil verəndən sonra növbəti gün xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xilam verilməsi barədə 401T saylı əmr ilə onu Əmək məcəlləsinin 68.2-ci maddəsi ilə, yəni əmək müqaviləsinin müddətinin qutarması ilə bağlı işdən qanunsuz azad ediblər. Bundan sonra Mediasiya şurasına müraciət edib və 3 saylı Mediasiya təşkilatının iclası təyin olunub, lakin cavabdeh tərəfindən iclasa heç kəs gəlməyib. Onun hüquqi savadı olmadığı üçün onunla bağlanan müddətsiz müqavilə ləğv olunub, bunun əvəzində müddətli müqavilə bağlanıb. İddiaçı daha sonra iddia tələbinin həcmini artırmaq barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Elmi-tədqiqat Mamalıq və ginekologiya institutu"publik hüquqi şəxsin direktoru X3 tərəfindən qəbul olunmuş 401T saylı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməklə məcburi işburaxma saatına görə əmək haqqı ödənilməklə işə bərpa barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(007)- 2567/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 45, 68 və 73-cü maddələri ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçı uzun müddətdir ki, cavabdeh müəssisədə işləyir. Onunla bağlanmış əmək müqaviləsi 5 ildən sonra müddətsiz əmək müqaviləsi hesab edilmişdir. Buna baxmayaraq hər iki tərəfin razılığı ilə xx.xx.2021-ci il tarixldə işə götürənlə iddiaçı arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müddət xx.xx.2022-ci il tarixdə başa çatsa da, tərəflərin heç biri müqaviləyə xitam verilməsi üçün təşəbbüs göstərməmişdir. Ona görə də müqavilənin müddəti eyni müddətə, yəni 3 ay müddətinə, xx.xx.2022-ci il tarixədək uzadılmış hesab edilmişdir. Həmin müddət başa çatdığı gün, işəgötürən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin 401T saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b”bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, işin hallarından məlum olur ki, iddiaçınin 1988-ci ildən müddətli əmək müqaviləsi bağlandığı günə və ondan sonra tutduğu vəzifəsi eyni olmuşdur. Bu isə onu ehtiva edir ki, iddiaçının tutduğu vəzifə və eyni işlədiyi iş yeri Əmək Məcəlləsinin 47-ci maddəsində (müddətli əmək müqaviləsi bağlanması halları) nəzərdə tutulmuş iş rejimi mövcud olmamışdır. Belə olan halda isə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması nəzərdə tutulmadığından qanunsuz olaraq iddiaçını aldatma nəticəsində onun vəziyyətini ağırlaşdıran müqaviləyə imza atmağa vadar olunmuşdur. Digər tərəfdən isə əmək fuksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən işin daimi xarakterə malik olması qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən məhz “f” bəndindəki müddəaya istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşlıqlı razılıq” ifadəsindən başqa “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir “qarşılıqlı razılıq” deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Eyni zamanda nəzərə alınmalıdır ki, iradə ifadəsinin motivi olur, belə olan halda sual yaranır 34 ildən çox qüsursuz olaraq eyni tibb müəssisəsində işləyən şəxsin müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişməsi işəgötürənin diqtəsi ilə həyata keçirilmişdir. Əgər əmək müqaviləsi müddətli bağlanılıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib- edilmədiyi tam araşdırılmalıdır. Belə ki, işəgötürən müddətli əmək müqaviləsi bağlanması yolu ilə gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlarlar. Göründüyü kimi məhkəmə bu və digər iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam hərtərəfli araşdırmadan düzgün olmayan qiymətləndirmə aparmışdır. İkincisi, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhtdən daha zəifdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur” (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011 -ci il tarixli Qərarı) İddiaçı əsas dolanacaq yerindən məhrum olaraq əmək hüquqlarının pozulması ilə qarşılaşmışdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçı müddətli əmək müqaviləsi bağlanmasında iradə ifadəsi olması onun müqaviləyə imza atması olmuşdur. Bununla razılaşmayaraq qeyd edirik ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmadığından və eyni tərəflərin verdiyi izahatlara, sübutlara düz hüquqi qiymət verməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlı AR Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək xüsusi ilə qeyd edilmişdir ki, 34 il müddətində daimi iş yeri olan bir şəxs hansı zərurətlə 3 aylıq müddətə əmək müqaviləsini dəyişdirərək onsuzda ağır şəraitdə vəziyyətini daha da ağırlaşdırmalıdır. Göründüyü ki, iddiaçı mübahisələndirilən müddətli əmək müqaviləsi bağlanmasında iradə ifadəsi olmamışdır. Üçüncüsü, işin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin (işə götürən) işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz olması faktı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 02 avqust 2022-ci il tarixli protokolunda (qərarında) öz təsdiqini tapmış və bu səbəbdən də cavabdeh təşkilat cərimə edilmişdir. Dördüncüsü, iddia tələbi ilə bağlı AR Ali Məhkəməsinin Mülki Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsi mövcuddur. Belə ki, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6334/2021 saylı qərarında qeyd olunub ki, «Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Elşən Kazımov, İlham Kərimli) 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən məhz “f” bəndindəki müddəaya istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa “tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir.» Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasından iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 3-cü maddənin 5-ci hissəsi. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 45-ci maddənin 1-ci hissəsi. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddənin 4-cü hissəsi. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddənin 5-ci hissəsi. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddənin f bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. İddiaçı onunla bağlanan müqavilənin müddətsiz hesab edilməsinin və cavabdehin onu aldadaraq müvəqqəti adı ilə başqa işə keçirməsinin qanunsuz olmasını bildirmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçı ilə 22 dekabr 2021-ci il tarixdə 3 aylıq müddətində əmək müqaviləsi bağlanarkən ona həmin müqavilənin müddətli olması barədə məlumat verilməsini, həmin tarixdən sonra hər üç ay tamam olduqca müqavilə müddətinin eyni müddətə uzadılmasını, lakin iyun ayında onunla müqavilə öhdəliyinin müddəti bitdiyi üçün, barəsində əmr verilərkən tutduğu vəzifəsindən azad edilməsi zamanı hər hansı bir pozuntuya yol verilməməsini, əmrin qanuni olmasını göstərmişdir. İşin faktiki hallarına görə iddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlansa da, sonradan tərəflər arasında 22 dekabr 2021-ci il tarixdə 3 aylıq müddətində əmək müqaviləsi bağlanmış, həmin müddət 3 aydan bir uzadılmış və İşəgötürən Elmi- Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin 401T saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b”bəndinə əsasən(əmək müqaviləsinin müddətinin qurtarması)xitam verilmişdir. Məhkəmə kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş xx.xx.2022-cu il tarixli əmrin qanuni olmasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1988-ci ildən cavabdeh təşkilatda tibb bacısı kimi əmək faəliyyətinə başlamış, onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinən İ və İV hissələrinə, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından hesab edir ki, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını məhkəmə kollegiyası əsaslı saymır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanrkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi;mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bundan başqa, Kollegiya iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Kollegiyanın qənaətinə görə, 30 illik iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Kollegiya qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pozulmuş əmək hüquqlarının bərpası ilə Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 müraciəti nəticəsində aparılaq araşdırmanın nəticəsi də cavabdeh tərəfindən qanun pozuntusuna yol verməsinin növbəti təsdiqidir. Belə ki, iş materiallarından görünür ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin direktoru X3 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X5 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 192.4/192.6-cı maddələrinə əsasən tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməmiş və əmək haqqı (son haqq-hesab) qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməmişdir. Həmin protokol əsasında inzibati cərimənin şərti tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı qərar qəbul edilmiş və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 2000 manat cərimə olunmuşdur. Cavabdeh tərəfin izahatına əsasən sözügedən qərarın qanuniliyi mübahisələndirilməmiş, əmək müqaviləsinə xitam verilərkən yol verilmiş qanun pozuntuları aradan qaldırılmamış və qərar əsasında tətbiq edilmiş 2000 manat məbləğində cərimə ödənilmişdir. Beləliklə, kollegiya hesab edir ki, hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, iddiaçı 1988-ci ildən fasiləsiz və etirazsız olaraq eyni iş yerində eyni vəzifədə işlədiyindən, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir. Qeyd olunanları rəhbər tutaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-cı il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(007)- 2567/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. “Elmi-tədqiqat Mamalıq və ginekologiya institutu"publik hüquqi şəxsin direktoru X3 tərəfindən qəbul olunmuş 401T saylı xx.xx.2022-ci il tarixli əmr ləğv edilsin. İddiaçı “Zahalıq şöbəsinin" “tibb bacısı" vəzifəsinə işə bərpa olunsun və qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar