Məhkəmə qərarları › İş №2(103)-7884/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7884/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7884/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2155/2018 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı X1 ASC Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 13 noyabr 2013-cü il tarixli, 17-AZ-1-0-6145-13 № kredit müqaviləsinə görə ödənilməmiş 9740.19 manat məbləğində əsas borc, 13 noyabr 2017-ci il tarixə ödənilməmiş 4386.36 manat faiz borcu, 1956.72 manat məbləğində dəbbə pulu, cəmi 16083.27 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPl-də qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın 13 noyabr 2013-cüil tarixli, 17-AZ-1-0-6145-13 № ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş «RENAULT TONDAR» markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2155/2018 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı X1 ASC-nin xeyrinə 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 9740.19 manat məbləğində əsas borc, 4386.36 manat faiz borcu, 1956.72 manat dəbbə borcu, cəmi 16083.27 manat məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qərara alınmış, tutmanın 13 noyabr 2013-cüil tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş “RENAULT TONDAR” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə əvvəllər ödəmələri vaxtında həyata keçirmiş, 23.01.2015-ci ildən 22.01.2021-ci il tarixədək həbsdə olması ilə ödəmələri edə bilməmişdir. Həmçinin avtomobil iddiaçı tərəfindən ondan alınaraq, iddiaçıya məxsus dayanacaqda yerləşdirilib. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda həbsdən yeni çıxdığını, yeni qrafik açılsa borcu ödəyə biləcəyini qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi N.Tağıyev apellyasiya şikayəti ilə razılaşmayaraq, həmçinin maliyyə arayışı təqdim edərək qeyd etdi ki, əsas borc ödənilsə, digər borclar tamamilə güzəşt oluna bilər. Bundan əlavə, tutmanın avtomobilə yönəldiyini, avtomobilin normal vəziyyətdə olduğunu, hərrac vasitəsilə satılsa, əsas borcu ödəyə biləcəyini qeyd etdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Materiallarda olan Cavabdeh1 ilə İddiaçı Bankı ASC ilə 13 noyabr 2013-cü il tarixli, 17-AZ-1-0-6145-13 № kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə avtomobil almaq məqsədilə 48 ay müdddətinə illik 16 faiz ödəmək şərti ilə 10400 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,15 faiz miqdarında dəbbə pulu ödəməlidir. Həmin tarixdə bankla Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu bankla Cavabdeh1 arasında olan kredit müqaviləsinin təminatı üzrə borcun qaytarılmasına dair birgə məsuliyyət daşımalarına dair üzərinə öhdəliklər götürmüşdür. Cavabdeh2 ilə İddiaçı X1 ASC arasında 13 noyabr 2013-cüil tarixli, 17-AZ-1-0-6145- 13 № ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi cavabdeh dəyəri 13000 manat məbləğində qiymətləndirilmiş «RENAULT TONDAR» markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilini ipotekaya qoymuşdur. Həmin müqavilənin 8.1 -ci bəndinə əsasən ipoteka qoyan əsas öhdəlik üzrə vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələblərin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldə bilər. Mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. İddiaçı İKB-nın arayışına əsasən Cavabdeh1 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 9740.19 manat məbləğində əsas borcu, 4386.36 manat faiz borcu, 1956.72 manat dəbbə borcu, cəmi 16083.27 manat borcu ödənilməmişdir. Hazırkı işə apellyasiya qaydasında baxılarkən, İddiaçı İKB-nın təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh1 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 6019.6 manat, faiz borcu 3753.46 manat, cərimə borcu 5066,86 manatdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da, sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı işə apellyasiya qaydasında baxılarkən, İddiaçı İKB-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh1 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 6019.6 manat, faiz borcu 3753.46 manat, cərimə borcu 5066,86 manatdır. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə əsas borcun məbləğinə proporsional şəkildə azaldılmamışdır, eləcə də cavabdehin hazırkı iqtisadi böhran və pandemiya səbəbindən maddi sıxıntıları olduğundan, cərimə əsas borca adekvat şəkildə olmaqla azaldılmalı, dəbbə pulu 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya qeyd edir ki, əsas və faiz borcunun məbləği də İddiaçı İKB-nin təqdim etdiyi maliyyə arayışına əsasən dəyişdirilməli, həmin arayışa əsasən əsas borc 6019.6 manat, faiz borcu 3753.46 manat müəyyən edilməlidir. Beləliklə, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas, faiz və cərimə borcu hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 6019,6 manat, faiz borcu üzrə 3753,46 manat, cərimə borcu 300 manat tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas və cərimə borcu faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 6019,6 manat, faiz borcu üzrə 3753,46 manat, cərimə borcu 300 manat olmaqla, cəmi 10073,06 (on min yetmiş üç manat, altı qəpik) tutulmalı və qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2155/2018 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi əsas, faiz və cərimə borcuna aid hissədə dəyişdirilsin. İddiaçı X1 ASC-nin xeyrinə cavabdehlər ilə Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 6019,6 (altı min on doqquz manat, altı qəpik) manat, faiz borcu üzrə 3753,46 (üç min yeddi yüz əlli üç manat, qırx altı qəpik) manat, cərimə borcu üzrə 300 (üç yüz) manat olmaqla, cəmi 10073,06 (on min yetmiş üç manat, altı qəpik) tutulsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar