Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7888/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin direktoru Vüqar Süleymanzadə tərəfindən imzalanmış 40 ş/h saylı xx xxxx 2020-ci il tarixli əmrin ləğvi, “X1” şöbəsinin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsinə bərpa olunması, məcburi işə buraxma müddətinə görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadə tərəfindən imzalanmış 40 ş/h saylı xx xxxx 2020-ci il tarixli əmrə əsasən “X1” şöbəsinin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsindən azad edilmiş, əmrə əsas kimi vətəndaş X8 adlı şəxsin MMC-nin direktoruna ünvanlandığı xx xxxx 2020-ci il tarixli şikayət ərizəsi üzrə aparılmış araşdırma göstərilmişdir. Lakin adıçəkilən vətəndaş da təsdiq edəbilər ki, onun, həmin şikayət ərizəsi ilə, eyni zamanda baş verən hadisə ilə heç bir əlaqəsi və aidiyyəti olmamış, barəsində verilmiş əmrdə əmək vəzifələrinin kobud şəkildə pozulmasının özünü nədə ifadə etməsi qeyri-müəyyən qalmışdır. Hesab edir ki, əmrdə qeyd edilənlər tamamilə qanunsuzdur və heç bir töhmət almadan birbaşa 70-ci maddənin "ç” bəndi ilə işdən azad edilməyi qanunauyğun deyildir. Həmin bəndə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən çıxarıla bilər. Həmin Məcəlləsinin 72-ci maddədə sadalanan bəndlərə baxdıqda aydın olur ki, o, 72-ci maddədə sadalanan hallardan hər hansı birinə yol verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığını, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, habelə nəticəsinin işin faktiki hallarına uyğun gəlmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, Elzamin İsmayılzadənin avtomobili işlədiyi təşkilatın əməkdaşları tərəfindən saxlanılarkən orada olmamış, çoxdan tanıdığı Elzamin hadisə günü ona zəng edərək ona köməklik göstərməsini xahiş etmiş, köməklik edəcəyini bildirsə də, bunu edə bilməmiş, lakin Elzaminin avtomobilinin saxlanıldığı qaraja gedərək avtomobilin salonunun işıqlarını söndürməyi gözətçidən xahiş etmişdir. Elzamini təhqir etməmiş, Elzamin ondan köməklik istədiyi zaman isə rəhbərliyinin hadisədən artıq xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) də apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Elzamin İsmayılzadənin avtomobilinin cərimə meydançasına aparılmasında iddiaçının heç bir təqsiri olmamış, cavabdeh təşkilat isə xx xxxx 2020-ci il tarixdə daxil olmuş şikayətə obyektiv baxmayaraq və iddiaçının nə Elzaminin avtomobilinin qarajdan çıxarmaq səlahiyyətinin, nə də vətəndaşlara telefon vasitəsilə cavab vermək öhdəliyinin olmadığını nəzərə almayaraq heç bir günahı olmayan iddiaçıya Əmək Məcəlləsində nəzərdə tutulan ən ağır intizam tənbehini vermişdir. İddiaçının Elzaminin avtomobilinin qanunsuz olaraq qaraja yerləşdirilməsi barədə rəhbərliyə məlumat verməməsi arqumenti tamamilə absurddur, çünkü Elzamin iddiaçıya zəng etməmişdən əvvəl artıq özü bu barədə cavabdeh təşkilatın rəhbərliyinə məlumat vermişdi və iddiaçının belə məlumatı verməsinə zərurət mövcud deyildi. İddiaçıya qarşı qərəzli münasibət bəslənilmiş, ona digər şəxslər barədə izahatında məlumat verilməsi təklif olunmuş, bunu etmədiyinə görə isə işdən azad olunmuşdur. Cavabdeh təşkilat həmçinin bildirir ki, iddiaçını qeyri-səmimiliyə görə işdən azad etmişlər, halbuki bu, işdən azad olunması üçün əsas deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı MMC-nin işgüzar nüfuzuna xələl gətirmiş, vətəndaş Elzamin İsmayılzadə ilə kobud şəkildə telefon danışıqları aparmış və vətəndaşı təhqir etmiş, həmçinin adı çəkilən şəxsin avtomobilinin MMC-nin əməkdaşları tərəfindən qeyri-qanuni olaraq "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qarajında saxlanması barədə məlumatlı olduğu halda rəhbərliyə bu barədə məlumat verməmiş, bununla bağlı rəhbərliyə qarşı qeyri-səmimi olmuşdur. Buna görə də onun barəsində tətbiq edilən tənbeh tədbiri qanunidir və iddia tələbinin təmin olunması üçün əsas mövcud deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı xx xxxxx 2018-ci il tarixdə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “X1” şöbəsinin “Müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsi”nə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 40-ş/h saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında surəti olan xx xxxx 2020-ci il tarixli əmrdə iddiaçının konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edilmiş olduğu əsaslandırılmasa da, əmrin əsası kimi göstərilən və iş materiallarına surətləri əlavə olunmuş sənədlərdən (izahatlar, xidməti araşdırma materialı, xidməti məruzə, Həmkarlar İttifaqı Komitəsinin protokolu, Elzamin İsmayılzadənin şikayət ərizəsi və digər sənədlər) aydın olur ki, X8 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadəyə xx xxxx 2020-ci il tarixdə ünvanladığı şikayət ərizəsində “xx xxxx 2020-ci il tarixdə saat 07.30 radələrində istifadəsində olan “Mercedes Benz” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtonəqlıyyat vasitəsi ilə Qara Qarayevdən “Neftçilər” metrosu istiqamətində hərəkətdə olarkən DAHX-nın əməkdaşları tərəfindən saxlanıldığını, 5-6 əməkdaşın onu zorla maşından çıxardıqlarını, həmin şəxslərdən Ələddini və Nicatı tanıdığını, Ələddinin onun maşınından açarları zorla dartaraq çıxardığını, Nicatın onu xidməti avtomobilə əyləşdirərək başqa istiqamətə sürdüyünü, geri qayıdanda isə avtomobilinin yerində olmadığını gördüyünü, Nicat adlı əməkdaşın avtomobili Cəmiyyətin bölmə rəisinin göstərişi ilə apardıqlarını bildirərək avtomobilin yalnız Əlinin göstərişi ilə qaytarılmasının mümkün olduğunu izah etdiyini, saat 08:30 radələrində Cəmiyyətin inzibatı binasına yaxınlaşdığını, bu zaman Əlinin işə gəldiyini görüb ondan avtomobilin qaytarılmasını tələb etdiyini, Əlinin cavabında avtomaşının həqiqətən onun göstərişi ilə aparıldığını bildirdiyini, ünvanına nalayıq ifadələr işlətdiyini və iki dəfə fiziki güc tətbiq etmək istədiyini, şəhərə qayıdaraq Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, yaşadığı evin açarları da avtomobilin içərisində olduğundan saat 16:00 radələrində Cəmiyyətin inzibatı binasına yaxınlaşdığını, telefonla əvvəllərdən tanıdığı Xəyal adlı əməkdaşla əlaqə saxlayaraq maşınının geri qaytarılmasında köməklik istədiyini, Xəyalın isə onu təhqir etdiyini və kömək etməyə çalışacağını bildirdiyini” göstərmiş, məhz qeyd olunan şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq onun əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Həmin araşdırma materialından görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx xxxx 2020-ci il tarixli izahatında X3 ərizəsi ilə tanış olduğunu, adı çəkilən şəxsi təhqir etmədiyini və maşınını əlindən almadığını, onun maşınının alınmasından xəbəri olmadığını, iyun ayının ortalarında şəhərdə Elzamini öz maşınında gördüyünü, yaxınlaşıb "maşınını almışdılar?” soruşduğunu, Elzaminin “səs-küy salıb maşınını götürdüyünü” dediyini, Elzaminin ondan şikayət etməsinin səbəbini bilmədiyini qeyd etmişdir. Qeyd olunan araşdırma üzrə izahatı alınmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin avtodəstə mexaniki X12 cavabdeh təşkilatın baş direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşları Ələddin və Nicat qaraja “Mercedes Benz” markalı ** ME *** dövlət nömrə nişanlı avtomobili gətirmiş, sonra gəlib aparacaqlarını bildirərək avtomobilin açarlarını da götürüb getmiş, bundan sonra növbəni Məhiyyədin Şirinova təhvil verdiyindən həmin avtomobilin kim tərəfindən nə vaxt aparılmasını görməmişdir. X9 MMC-nin direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx xxxx 2020-ci il tarixli izahatında göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 09:30-da növbəni qəbul etmiş, növbəni qəbul edəndə DANX-ın gətirdiyi 1 ədəd **-ME-*** nömrəli nəqliyyat vasitəsi artıq qarajda olmuş, DANX-ın **-AX-*** nömrəli maşını gün ərzində 3 dəfə avtomobilə baxmağa gəlmiş, həmin avtomobillə gələn əməkdaş **-ME-*** nömrəli nəqliyyat vasitəsinin akkumlyatorunu ayırmışdır. "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsinin müdiri Əfqan Məmmədovun, X18 edilməsi şöbəsinin müdiri Vəfa Ələkbərovanın və Hüquqi təminat bölməsinin rəisi Hicran Şıxəliyevanın tərtib etdikləri xx xxxx 2020-ci il tarixli akta görə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin dispetçeri X4 və X6 izahatlarında onun barəsindəki qeyd etdikləri xüsusatlara aydınlıq gətirilməsi məqsədilə Cəmiyyətə dəvət olunmuş, lakin, o, bununla bağlı izahat verməkdən ötrü Cəmiyyətə gəlməkdən imtina etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin HTNİTŞ-nin müdiri Əfqan Məmmədovun Cəmiyyətin direktoruna ünvanladığı xidməti məruzəsində vətəndaş Elzamin İsmayılzadənin MMC-yə ünvanladığı xüsusatların araşdırılmasının nəticələri barədə ətraflı məlumat verilmiş və “Sərnişin daşımaların tənzimlənməsi” şöbəsinin əməkdaşları X14, X2, X11 və İddiaçı əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərin və hüquq pozuntularının nəticəsində MMC-nin qanuni manafeyinə ciddi xələl gətirdiklərinin təsdiqini tapdığı vurğulanaraq, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla onlarla bağlanmış əmək müqavilələrinə birtərəfli qaydada Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə baxılması xahiş olunmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 2020-ci il tarixli 5 nömrəli iclas protokolundan görünür ki, HİK-in sədri Mübariz Namazəliyev, HİK-in üzvləri H.Şıxəliyeva, Vüsal Bayramzadə, Mirzə Məmmədov və Nurlan Süleymanov tərəfindən aparılan müzakirələrdən sonra “X1” şöbəsinin bölmə rəisi X22, baş mütəxəssisi X15, böyük mütəxəssisi İddiaçı və mütəxəssisi X10 ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi əsasında xitam olunmasına razılıq verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən məhz işin yuxarıda göstərilən müəyyən olunmuş hallarına istinad etmiş, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X3 şikayəti əsasında aparılmış araşdırma ilə həmin şəxsin avtomobilinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saxlanılaraq qeyri-qanuni şəkildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qarajına yerləşdirildiyi, onun iddiaçıya zəng vuraraq avtomobilin qarajdan çıxarılması ilə bağlı köməklik də istədiyi, iddiaçının X5 məxsus avtomobilin qeyri-qanuni olaraq qaraja yerləşdirilməsindən xəbəri olduğu, lakin onun, rəhbərliyə bu barədə məlumat vermədiyi müəyyən olunmuş, beləliklə o, yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdiyi üçün əsaslı olaraq əmək müqaviləsinə xitam verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, işin hallarından iddiaçının əmək müqaviləsinə xitam verilməsinə onun, X5 məxsus avtomobilin qeyri-qanuni olaraq qaraja yerləşdirilməsindən xəbəri olduğu halda, rəhbərliyə bu barədə məlumat verməməsi arqumentinin əsas təşkil etdiyi aydın olur; hansı ki, bu arqument “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 2020-ci il tarixli iclas protokolunda da qeyd olunaraq “İddiaçı E. İsmayılzadəyə qarşı törədilmiş qanunazidd hərəkətlərdə birbaşa iştirakı olmasa da, o, bu hərəkətlərdən xəbərdar olmuş, avtonəqliyyat vasitəsinin “xxxxxxxxxxxxx” MMC-nin qarajında qeyri-qanuni saxlanılmasından məlumatı olduğu halda, bu barədə Cəmiyyətin rəhbərliyinə məlumat verməmiş, bununla da E. İsmayılzadəyə qarşı törədilmiş qanunsuzluqların daha uzun davam etməsinə şərait yaratmışdır” kimi ifadə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin, digər işçilər tərəfindən yol verilmiş qanun pozuntuları barədə işəgötürənə məlumat verməməsinin onun əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal (məlumat verməmə) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Kollegiya hesab edir ki, iddiaçıya istinad olunan pozuntu (məlumat verməmə halı) nəticəsində cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasından və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən bəhs etmək mümkün deyildir. Çünkü birincisi, MMC-nin əməkdaşları tərəfindən Elzamin İsmayılzadəyə qarşı törədilmiş qanunsuz hərəkətlər barədə İddiaçı xəbər tutmasından daha əvvəl adı çəkilən şəxs bilavasitə özü MMC-nin rəhbərliyinə (İddiaçı tabeçiliyində olduğu Əli adlı şəxsə) məlumat vermiş, beləliklə də müəssisə rəhbərliyinin həmin qanunsuz hərəkətlərin nəticələrini aradan qaldırması üçün şərait yaranmışdır; ikincisi isə iddiaçı, MMC-nin digər əməkdaşları tərəfindən Elzamin İsmayılzadəyə qarşı törədilmiş qanunsuz hərəkətlərin iştirakçısı olmamış, əksinə, adı çəkilən şəxs məruz qaldığı qeyri-qanuni hərəkət nəticəsində əlindən alınmış avtomobilin qaytarılması üçün ondan köməklik göstərməsini xahiş etdikdən sonra buna cəhd edərək hətta avtomobilin saxlanıldığı yerə gedib akkumlyatorunun yatmaması üçün onu sistemdən ayırmaqla (özünün deməsinə görə isə avtomobilin salonunun işıqlarını söndürməsini gözətçidən xahiş etməklə) Elzamin İsmayılzadəyə daha çox ziyanın dəyməsinin, bununla həm də müəssisənin mənafeyinin xələl görməsinin qarşısını almışdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X8 ifadəsində, sinif yoldaşı vasitəsilə uzun müddətdir tanıdığı Xəyala zəng edərək ondan kömək istədiyini, Xəyalın kömək edəcəyini bildirsə də etmədiyini, buna görə də Xəyalla telefonda xırda mübahisəsinin olduğunu və ona “kömək edə bilmirsənsə, orada niyə oturmusan” dediyini, bu mübahisə zamanı Xəyal tərəfindən hər hansı təhqiramiz ifadə işlədilmədiyini, Xəyaldan şikayət də etmədiyini, bunu MMC-nin Əfqan adlı hüquqşunasına da söylədiyini, lakin Əfqan müəllimin onu Xəyaldan da şikayət yazmağa məcbur etdiyini, Xəyalı ona görə deyil, başqa səbəbə görə işdən çıxaracaqlarını dediyini bildirmiş, lakin birinci instansiya məhkəməsi bu ifadəyə “tənqidi” yanaşmışdır. Elzamin İsmayılzadə apellyasiya baxışı zamanı təkrar dindirilərkən də bənzər məzmunda ifadə vermiş, İddiaçı ona qarşı heç bir qanunsuz hərəkətə yol vermədiyini, Xəyalın onu deyil, özünün Xəyalı təhqir etdiyini bildirmişdir. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Elzamin İsmayılzadəyə qarşı törədilmiş qanuna zidd hərəkətlərdə iştirak etməyən İddiaçı həmin hərəkətləri bilavasitə törədən şəxslərlə eyni dərəcədə cəzalandırılması ayrı-seçkiliyə səbəb olmaqla ədalətli balansın da pozulmasına gətirib çıxarmışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 40 ş/h saylı xx xxxx 2020-ci il tarixli əmri ona münasibətdə ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-nin “X1” şöbəsinin müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4211/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 40 ş/h saylı xx xxxx 2020-ci il tarixli əmri İddiaçı münasibətdə ləğv olunsun və o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-nin “X1” şöbəsinin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsinə bərpa edilsin. xx xxxx 2020-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7888/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7888/2020
05.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver