Məhkəmə qərarları › İş №2(103)-7891/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7891/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7891/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-926/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 8562,90 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8592,90 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 28.04.2020-ci il tarixində 04/1394 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00002 №-li abonent kodu verilmiş, ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********72 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2n pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 426,60 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 27.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 265,70 manat, Cəmi 1873,10 manat məbləğində İddiaçı İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 126 manat, əvvəlki illərdən isə 6563,80 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cuzi ödəniş edildikdən sonra İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi 8562,90 manattəşkil etməkdədir. Birliyin nümayəndələri tərəfindən cavabdehə 8562,90 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə müvafiq olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı İB-yə vurulmuş 1391 manat məbləğində zərərin, 4,80 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin yaranma əsasını, cavabdehin qaz sayğacı üzrə faktiki istehlak etdiyi təbii qaz üzrə dəyəri ödənilməmiş sərf məbləği və eləcə də qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı özbaşına talaması nəticəsində hesablanmış zərər məbləğləri təşkil edir. Cavabdeh şəxsin qaz xəttinə qanunsuz qoşulması səbəbindən təbii qazı özbaşına talaması nəticəsində tərtib edilmiş 6 akt üzrə hesablanmış zərər məbləği ümumilikdə 1873,10 manat təşkil etmiş və həmin aktlara məhkəmə tərəfindən ağlabatan şəkildə qiymət verilərək vurulmuş zərərin həcmi həmin hissədə 1265 manat qismində təmin edilmişdir. Tərəfimizdən məhkəməyə müraciət edilən günə kimi 2020-ci il tarixində cavabdehin mexanika tipli qaz sayğacı üzrə faktiki sərf borcu 126 manat olmuş və həmin hissədə iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Lakin, yuxarıda qeyd olunmuş 1999,10 manat (1873,10 + 126) borcdan əlavə olaraq cavabdehin əvvəlki illərdən 6563,80 manat məbləğində də borcu olmuşdur. Həmin borcun 2196 manat hissəsini cavabdehin 10/2017-ci il tarixindən 10/2018-ci il tarixinə kimi mexanika tipli qaz sayğacı üzrə faktiki istehlak etdiyi qaz sərfinə görə yaranmış borc məbləği təşkil edir. Sırf 2196 manat məbləğində borcun varlığı, mexanika tipli qaz sayğacı üzrə cavabdehin adına qeydiyyata alınmış abonent hesabından aydın görünür. Həmin borcun 4367,80 manat hissəsini isə, cavabdehin qeyri-qanuni və təqsirli hərəkətlərinə görə digər aktlar üzrə hesablanmış borc məbləğləri təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbələri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünkü, iddiaçı yalnız həmin hissədə qətnaməni mübahisələndirmiş, cavabdeh isə onu ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qeyd olunan kontekstdə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən, yəni sayğac üzrə qaz sərfiyyatına görə hesablanış 2196 manat borcun tutulmaması hissəsində ləğv olunaraq, həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 28.04.2020-ci il tarixində 04/1394 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00002 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, S.Mənsur küçəsində yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********72 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Cavabdeh tərəfndən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 426,60 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 27.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 265,70 manat. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olsa da, sayğac göstəricinə görə hesablanmış borcu cavabdehdən tutmamaqda səhvə yol vermiş, beləliklə də nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Buna görə də kollegiyanın qənaətinə görə qətnamə qismən ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, iddiaçıya əvvəlki illərdən hesablanmış borc baxımından cavabdeh bunu sübut edə bilməmiş və buna dair müfafiq mötəbər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə cavabdeh İddiaçı İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Bununla belə, iş materialalrına əlavə edilmiş Abonent Saldosundan görünür ki, 2017-ci ilin oktyabr ayından 2018-ci ilin oktyabr ayınadək sayğac göstəricinə görə cavabdehə 2196 manat borc hesablanmış və bu borc qaz sərfiyyatına görə hesablanmış olduğundan həmin borc da cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı İB-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-926/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən, yəni sayğac üzrə qaz sərfiyyatına görə hesablanış 2196 manat borcun tutulmaması hissəsində ləğv olunsun, həmin hissədə iddia təmin edilərək Cavabdeh İddiaçı İB-nin xeyrinə sayğac üzrə qaz sərfiyyatına hesablanış 2196 (iki min yüz doxsan altı) manat borc məbləği tutulsun və müvafiq olaraq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar