Məhkəmə qərarları › İş №2(103)-7892/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7892/2021

03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7892/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “uşağın atanın himayəsində saxlanması və aliment” tələbinə dair ilkin, cavabdeh X2 İddiaçı qarşı “uşağın alınaraq anaya verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(008)-4776/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “uşağın atanın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin etmə tədbiri barədə 09.06.2021-ci il tarixində ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7856/2018 saylı qətnaməsi ilə 27 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında tutulan alimentin ödənilməsinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia təmin etmə tədbiri barədə ərizəsinin onunla əsaslandırmışdır ki, Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7856/2018 saylı qətnaməsi ilə 27 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment ödənilməsi qət edilmişdir. Hal-hazırda cavabdehlə birgə nikahdan olan övladı onun yanında yaşayır və cavabdehin qanunsuz əməlləri səbəbindən onun yanına qayıtmaq niyyətində deyildir. Bu səbəbdən də hesab edir ki, iş üzrə yekun qərar qəbul edilənədək alimentin ödənilməsi dayandırılmalıdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(008)- 4776/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh X2 İddiaçı qarşı “uşağın alınaraq anaya verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(008)- 4776/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda 27 avqust 2013-cü il təvəllüdlü X7 iddiaçının yanında yaşayır. Belə ki, iş üzrə cavabdeh X2 məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi ilə bu hal öz təsdiqini tapmışdır. Aliment uşaqların saxlanılması üçün tutulan pul məbləğidir. Hal-hazırda uşağın iddiaçının yanında yaşaması, lakin, hələdə aliment məbləğinin cavabdehə ödənməsi uşağın zəruri xərclərini ödəmək üçün iddiaçıya müəyyən çətinliklər yaradır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(008)- 4776/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iş üzrə çıxarılacaq yekun qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən hallar aşkar olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, ərizənin təmin edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, iddianı təmin etmə tədbirinin tədbiq edilməsinə dair ərizənin təmin edilməməsinin gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasının çətinləşdirilməsi iş materialları ilə müəyyən edilmir. Xüsusi ilə nəzərə alınmalıdır ki, X4 yaşayış yeri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ananın yanında müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(008)-4776/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(008)- 4776/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmasın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar