Məhkəmə qərarları › İş №2(103)-79/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-79/2025

18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-79/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X8 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin istifadəsinə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı «X8 Kompani S.A» Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı «X8 Kompani S.A» Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-104/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. “X8 Kompani S.A.” şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir.

2. xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, 1 saylı neft-qaz çıxarma sexin ərazisi olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evinin ikinci mərtəbəsinin tikilməsi aşkar olunmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/8461 saylı ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 720.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 720.0 kv torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Suraxanı Oil). Sahə Dövlət mülkiyyəti torpağıdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Resublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Suraxanı Oil). Sahə Dövlət mülkiyyəti torpağıdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “X8 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414709.00 m B 4477135.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, “X8 Kompani S.A.” şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X8 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişə əsasən ARDNŞ “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X8 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414709.00 m B 4477135.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-104/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin və onun ailə üzvlərinin yaşadıqları mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi uzun illər öncə istifadəyə qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəf həmin evin qanunsuz tikinti kimi sökülməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Bundan başqa iddiaçı tərəf İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlarının, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin (koordinatlar qeyd olunmaqla) mərkəzə təqdim olunması üçün məlumatlandırılsa da, bununla bağlı sübut təqdim etməmiş və ekspertizanın keçirilməsindən imtina edilmişdir.

9. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Bundan əlavə Cavabdeh yaşaması üçün başqa yaşayış sahəsinin mövcud olması ilə bağlı sübut təqdim olunmamışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1 və 152.2-ci maddələri; “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. İddiaçı “X8 Kompani S.A.” şirkəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-104/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamış, məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz qətnamə çıxarmışdır. “X8 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi də Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən (mübahisəli torpaq sahəsinin fəaliyyətdə olan neft quyularının mühafizə zonasında yerləşməsi barədə arayış, 1976-cı il tarixli xəritə və s.) və məhkəmə araşdırmasından tam aydın olsa da, Məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdən əlavə tikinti işlərinin aparıldığı da məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması məhkəməyə təqdim edilən sənədlərdən aydın olsa da, birinci instansiya məhkəməsi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «X8 Kompani S.A» Şirkətinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

28. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

29. 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,

30. rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

31. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

34. İş materiallarından göründüyü kimi iddiaçı tərəf cavabdehdən dövlət tərəfindən şirkətə ayrılan torpaq sahəsində inşa etdiyi qanunsuz tikilini sökməsi, istifadəsinə verilmiş torpaq sahəsini əvvəlki vəziyyətə qaytarması barədə tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414709.00 m B 4477135.00 m C koordinatlar üzrə sahə Şirkətə ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədən yaşayış yeri olaraq istifadə edir. Qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, inşa edilmiş tikililərin sökülməsi, həmin sahənin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdeh tərəf Şirkətin tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirir.

35. İddianın əsassız olduğunu təsbit edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş, iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş, əksinə susmaqla onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Cavabdeh də öz növbəsində özünə yaratdığı mənzil şəraitindən uzun illər ərzində maneəsiz və fasiləsiz istifadə etmişdir.

36. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir.

37. Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi).

38. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür.

39. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı-şirkətin əməkdaşları tərəfindən 1 saylı neft-qaz çıxarma sexin ərazisi olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ünvanında Cavabdeh sahibliyində olan, hasardaxili 720.0 kv.m təşkil edən torpaq sahəsinin üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikili aşkar olunmuş, habelə mövcud evin ikinci mərtəbəsinin tikilməsi faktı müəyyən edilmişdir. Cavabdeh tərəfindən tikiliyə və torpaq sahəsinə aid heç bir sənəd təqdim olunmamış, bununla bağlı vətəndaşa tikilinin qeyri-qanuni olması barədə xəbərdarlıq edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixdə müvafiq aktı tərtib etmişdir.

40. Bundan başqa cavabdehin istifadəsində olan torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə eyniyyət təşkil edib-etməməsini müəyyən etmək məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8461 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 720,0 kv.m təşkil etdiyi, torpaq sahəsinin üzərində ikimərtəbəli yaşayış evinin və köməkçi tikilinin mövcud olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin Dövlət mülkiyyəti torpağı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (“X8 Kompani S.A” şirkəti) olduğu müəyyən edilmişdir.

41. İstinad olunan bu ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyinə əsasən tərtib edilmişdir.

42. Göründüyü kimi, mübahisə predmeti olan tikili, dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində (Şirkətin saziş ərazisi hüdudları daxilində) cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidir. Həmin tikilinin cavabdeh tərəfindən müvafiq dövlət orqanları ilə razılaşdırılaraq tikildiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Belə olan halda kollegiya işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırkı halda cavabdeh tərəfindən özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasların mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir.

43. Belə ki, strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olan, işlək və istifadəsi gələcəkdə nəzərdə tutulan neft quyuları mühafizə zonası boyunca yerləşdiyindən, burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda da fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.

44. Buna baxmayaraq mübahisəyə baxan birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf, cavabdehin və onun ailə üzvlərinin yaşadıqları mübahisəli fərdi yaşayış evinin uzun illər öncə tikilməsinə və istifadəyə qəbul edilməsinə baxmayaraq qanunsuz tikinti kimi sökülməsini tələb edir. Həmin torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Belə ki, hazırda qanunsuz tikinti kimi sökülməsi tələb olunan köhnə tikili olmuş və sökülərək yenilənmişdir. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər.

45. Məhkəmə kollegiyası iddianın həllinə dair birinci instansiya məhkəməsinin mövqeyini haqlı saymayaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən yenidən tikinti işlərinin aparılmasına başlanarkən, aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar onun əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından məhkəmə tərəfindən lazımi şəkildə qiymətləndirilməmişdir.

46. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqalarıRusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

47. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

48. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.

49. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-cimaddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

50. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

51. Bundan başqa iddianın “torpaq sahəsinin boşaldılaraq qaytarılması” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi (qanuni sahib) özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi (titul sahibi) olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

52. Mübahisəli əmlakın iddiaçının qanuni sahibliyində olması, buna baxmayaraq onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam səlahiyyətlərinin həyata keçirə bilməməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına aiddir. Bu hallar iddiaçı tərəfindən təqdim edilmiş sübutlar, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8461 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən öz təsdiqini tapır. Cavabdeh də iddiaçının qanuni sahiblik hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

53. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir və belə olan halda cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415436.00 m B 4477817.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikilini öz hesabına sökərək, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin Şirkətin istifadəsinə qaytarmalıdır.

54. Beləliklə məhkəmə araşdırması zamanı mübahisəli tikilinin “X8 Kompani S.A” Şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılmasına, layihədə nəzərdə tutulan proqramın yerinə yetirilməsinə, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsinə, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsinə maneçilik törətdiyi, mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz etdiyi müəyyən edilmişdir.

55. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414709.00 m B 4477135.00 m C koordinatlar üzrə yerləşən tikili özbaşına tikili sayılaraq sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin “X8 Kompani S.A” Şirkətinin istifadəsinə qaytarılmalı və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq “X8 Kompani S.A” Şirkətinin AZ02AİİB******************** №-li hesabına köçürülməlidir.

56. Bununla yanaşı kollegiya qeyd edir ki, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı Avropa Məhkəməsinin müxtəlif qərarlarında qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.

57. Belə ki, vahid məhkəmə təcrübəsini formalaşdıran məhkəmə aktlarında sərgilənən mövqeyə görə bu kateqoriyadan olan işlərə baxan məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidir. Həmçinin, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu müəyyən edilərsə, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanları izah edilməlidir.

58. Belə olan halda kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, tikilinin sökülməsi və cavabdehin çıxarılması tələblərinin icrasının təcililiyi baxımından icra müddətinin göstərilməsinin zəruri olduğu qənaətinə gəlir və qətnamənin icra müddətini onun qanuni qüvvəsini alması ilə deyil, tikilinin yerlşdiyi ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlanması ilə əlaqələndirir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işin araşdırması zamanı “Azemis” elektron informasiya məhkəmə sistemində cavabdehə aid olan məlumatlara əsasən sonuncunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması müəyyən edilməmişdir. Qeyd edilənləri və beləliklə də cavabdehin yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğunu nəzərə alan kollegiya ona qətnamə icra edildiyi zaman, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanına malik olmasını izah edir.

60. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-104/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414709.00 m B 4477135.00 m C koordinatlar üzrə yerləşən tikili özbaşına tikili sayılaraq sökülsün. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414709.00 m B 4477135.00 m C koordinatlar üzrə mövcudluğu müəyyən edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi “X8 Kompani S.A” Şirkətinin istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq “X8 Kompani S.A” Şirkətinin AZ02AİİB******************** №-li hesabına köçürülsün. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar