Məhkəmə qərarları › İş №2(103)-790/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-790/2021

16.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-790/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “xxxx”-ın etibarnamə əsasında nümayəndələri Nümayəndə və X1 iştirakları, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3894/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Açıq Səhmdar Cəmiyyəti “xxxx”a və Açıq Səhmdar Cəmiyyəti “xxxx”ın “Zaqatala” filialına qarşı “kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Açıq Səhmdar Cəmiyyəti “xxxx”dan və cavabdeh ASC “xxxx”ın “Zaqatala” filialından 898,70 ABŞ dolları məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ASC “xxxx”ın “Zaqatala” Filialı ilə kredit müqaviləsi bağlayaraq xarici valyuta ilə kredit götürmüşdür. Kredit borcunu ödədiyi vaxt dolların manata nisbətdə kursu yüksəlmişdir. Onun devalvasiya zamanı 1.738,0 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bundan sonra o, xx.xx.2016-cı il tarixdə 2.760,5 manat və xx.xx.2017-ci il tarixdə 1.734,00 manat ümumilikdə 4.494,5 manat kredit borcundan ödəniş etmişdir. Həmin məbləği cavabdeh ASC “xxxx”ın “Zaqatala” filialı ondan manatın dollara olan kursuna (1,705 dollar) müvafiq 2.636,7 ABŞ dolları məbləğində “xxxx”da dəyişdirməklə qəbul edərək onun borcundan çıxmışlar. Bunula da onun kredit borcu tam ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə fiziki şəxslərə devolvasiya baş verdiyi günə müvafiq kompensasiya nəzərdə tutlmuşdu. Həmin dövrdə onun qalıq kredit borcu var idi və devolvasiya dövründə xarici valyuta ilə ödəniş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3894/200 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3894/200 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, iş üçün zəruri olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə qeyri mötəbər, aidiyyatı olmayan sübutlarla qətnaməni əsaslandırmış, səhv nəticəyə gələrək qətnamə qəbul etmişdir. Hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğvi içün lazımı əsaslar var. Cavabdeh ondan ödənişləri xarici valyuta ilə almış, dəfələrlə cavabdehlərə Prezidentin Fərmanı əsasında ona ödənilməli olan kompensasiyanın ödənilməsi üçün müraciət etsədə ona kompensasiya müxtəlif bəhanələrlə ödənilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırır ki, ASC “xxxx”a və ASC “xxxx”ın “Zaqatala” filialı hazırki, iş üzrə cavabdeh ola bilməzlər, onlar onun qarşısında öhdəlik götürməmişlər və sair. Qeyd etmək istəyir ki, o, kredit götürərkən Prezidentin məlum xx.xx.2019-cu il tarixli fərmanı olmamışdır. Bu səbəbdəndə məhkəmənin əsas kimi qeyd etdiyi əsaslanma əsas ola bilməzdi. Digər tərəfdən əvəlki məhkəmə baxışında ona məlum olmuşdur ki, mərkəzi bankda cavabdehlər sırasına cəlb olunmalıdır. Göründüyü kimi məhkəmə heç bir araşdırma aparmadan, qanunun tələblərini; kobud surətdə pozmaqla, öz maraqları daxilində qanunsuz və əsasız qətnamə çıxartmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3894/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3894/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh Açıq Səhmdar Cəmiyyəti “xxxx”-ın etibarnamə əsasında nümayəndələri Nümayəndə və X3 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3894/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh ASC “xxxx”dan kompensasiyanın hesablanaraq ödənilməsini tələb etməsinə baxmayaraq, ASC “xxxx”ın həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımaması və bankın hazırki iş üzrə əsl cavabdeh olmaması qənaətinə gəlməkdə haqlı оlmuşdur. İş materiallarında olan, 29133 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərar-məktubun surətindən görünür ki, İddiaçı ünvanlanmış həmin məktubunda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklar və ya kredit təşkilatlarında 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə verilir. Həmçinin iddiaçının xarici valyutada kreditləri üzrə həmin tarixlərə qalıq borcu olmadığı üçün Fərmanın əhatə dairəsinə düşmədiyi bildirilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə X4 bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5.1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə X4 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Göründüyü kimi, kompensasiya ödənişi ediləcək şəxslərin siyahısı, kompensasiya məbləğinin hesablanması və fərmanın təsir dairəsinə düşdüyü təqdirdə müvafiq kompensasiyanın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Maliyyə X4 (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh ASC “xxxx”a qarşı iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində konpensasiyanın ona cavabdeh ASC “xxxx” tərəfindən ödənilməli olduğunu göstərsə də bunu əsaslandıran hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3894/200 saylı, xx xxxxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3894/200 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar